Seymur Verdizadə
Bu iddia ilə ilk dəfə hazırda AFFA-nın Hakimlər Komitəsinə rəhbərlik edən FİFA referisi Xəqani Məmmədov çıxış etmişdi. Təxminən 8-9 il əvvəl Xəqani müəllimdən "Bu gün" qəzeti üçün müsahibə götürəndə belə demişdi: "Mən Kollinadan da güclü hakiməm".
Təəccüblə ona baxdığımı görəndə İtaliya futbolunun yetirməsi olan bu dünya şöhrətli hakimlə eyni gündə imtahan verdiyini bildirmişdi. Söhbət əsnasında demişdi ki, Kollina imtahan zamanı finiş xəttinə hamıdan sonra çatıb. Hətta həmkarlarından fərqli olaraq, o, normativi yalnız üçüncü cəhddə yerinə yetirə bilib. Xəqani Məmmədov söhbətinə belə nöqtə qoymuşdu: "Kollina hər il "Milan"la "Yuventus"un oyununu idarə edir. Əgər azərbaycanlı hakimlərin də belə imkanı olsaydı, onlar yaşıl meydanlarda daha böyük uğur qazanardılar".
Yox, bugünkü söhbətimizin mövzusu futbol deyil. Bu dəfə kölgədə qalan azərbaycanlılardan danışacağıq. Müşahidələrim onu deməyə əsas verir ki, son vaxtlar azərbaycanlı olmağı ilə fəxr edənlərin sayı sürətlə azalır. Bəzi insanların dilindən isə tez-tez belə bir qınaq eşitmək mümkündür: "Torpaqlarının 20 faizi işğal altında olan bir xalqın sinəsinə döyməyə mənəvi haqqı yoxdur". Şimali Azərbaycanın ərazisi və bu torpaqda yaşayan insanların sayı da qürrələnməyə əsas vermir. Obrazlı desək, dünyanın siyasi xəritəsində Azərbaycanı tapmaq üçün mütləq iki nömrəli gözlükdən istifadə etmək lazımdır. Şimali Azərbaycanın təxminən 180 il Rusiyanın əsarətində qalması bu coğrafiyada yaşayan insanlarda aşağılıq kompleksinin yaranmasına səbəb olub. Təsadüfi deyil ki, 20 Yanvar faciəsindən sonra azərbaycanlılar arasında belə bir fikir çox populyar idi: "SSRİ-dən ayrılıb, Türkiyəyə birləşək". Azərbaycan öz dövlət müstəqilliyinə qovuşduqdan sonra da uzun müdədt "böyük qardaş" arayışları davam etdi.
Yuxarıda beynəlxalq dərəcəli hakim Xəqani Məmmədovun köhnə müsahibəsini yenidən xatırlamağımız təsadüfi deyil. Təəssüf ki, bir çox istedadlı həmvətənlərimiz məhz Azərbaycanda doğulduqları üçün dünya miqyasında tanına bilməyiblər. Yəqin siz də razılaşarsınız ki, Lütfi-Zadə Amerikada yaşamasaydı, onun varlığından bu gün dünyada çox az adamın xəbəri olacaqdı. Necə ki, dünya şöhrətli başqa bir azərbaycanlı alim - professor Rafiq Əliyev bu aqibəti yaşayır.
Bu yazıda rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında müəyyən paralellər aparmaq istəyirəm. Bəri başdan deyim ki, rus ədəbiyyatı olmasaydı, dünya ədəbiyyatı xeyli cılız görünərdi. Xüsusilə X1X əsr rus ədəbiyyatı öz əzəməti ilə bütün dünyanı heyrətə salmışdı. Azərbaycanda da rus ədəbiyyatının çoxlu sayda oxucusu var. Hətta ədəbi müxalifəti təmsil edən yazarlar arasında rus ədəbiyyatına səcdə edən gənclər də var. Seymur Baycan bir müddət öncə yazmışdı: "Şərq ədəbiyyatı Nizamisi, Füzulisi, Əlişir Nəvaisi, Hafizi, Sədisi, bütün meyxana deyənləri, aşıqları, ozanları ilə bir yerdə Çexovun "6 nömrəli palata" əsərinə dəyməz".
Mən isə bu fikirdəyəm ki, məhz "böyük qardaş"a məxsus olduğu üçün rus ədəbiyyatını bizə bu qədər çox sevdiriblər. Sözsüz ki, İvan Bunin gözəl yazıçıdır. Amma gəlin razılaşaq ki, siyasi amillər olmasaydı, Avropa ona Nobel mükafatı verməyəcəkdi. Bu fikirlə isə razılaşmaya da bilərsiniz: İsa Hüseynovun kənd həyatından yazdığı povestlər Buninin eyni mövzuda yazmış olduğu əsərlərdən daha maraqlıdır.
Rus əbədiyyatını Qoqolsuz təsəvvür etmək mümkün deyil. Bu yazıçının qələmindən gənc nəslin ədəbi zövqünü formalaşdırmağa layiq olan xeyli əsər çıxıb. Amma "Dikanka yaxınlığında xutor axşamları" bu sıraya aid deyil. Bu başlıq altında toplanan povest və hekayələri Qoqol 22-23 yaşlarında yazıb. Həmin povest və hekayələrdə yazıçının təcrübəsizliyi açıq-aşkar nəzərə çarpır. Buna baxmayaraq, bu əsərlər sovet dövründə böyük bəh-bəhlə dilimizə tərcümə edilərək, ən azı 20 dəfə çap olunub. Cəfər Cabbarlı isə "Solğun çiçəklər"i 18 yaşında yazıb. Az-çox ədəbi zövqü olan hər kəs razılaşar ki, "Dikanka yaxınlığında xutor axşamları" "Solğun çiçəklər"in yanında xeyli solğun görünür. Əgər Azərbaycan Demokratik Respublikası 1920-ci ildə deyil, Cəfər Cabbarlının vəfat etdiyi 1934-cü ildə süqut etsəydi, bu yazıçı həyatdan XX əsr dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi köçəcəkdi. Cəfər Cabbarlının hekayələri hətta Kafkanın hekayələrindən də maraqlıdır. Buna şübhəsi olan varsa, zəhmət çəkib "Dilarə"ni yenidən oxusun.
Hüseyn Cavid haqda isə yalnız iki kəlmə demək istəyirəm: sovet repressiya maşını Caividi əzməsəydi, onunla təkcə SSRİ xalqları deyil, bütün bəşəriyyət fəxr edəcəkdi.
Bəs, Mirzə Cəlil? Bəs, dahi Üzeyir bəy? Məişət qayğıları ilə yaşayan həmvətənlərinin cılız düşüncələri fonunda öz böyüklüklərini qorumağı bacaran dahi azərbaycanlıların siyahısını bir qədər də uzada bilərik. Amma təəssüf ki, bu adamların hamısı yeddi qazan aş yeməsi ilə fəxr edən Koroğlunun nəvələri olduqları üçün özlərindən qat-qat istedadsız olan müasirlərinin kölgəsində qalıblar.