
İqbal AĞAZADƏ
Millət vəkili, Ümid Partiyasının sədri
Biz bir yerdə güclüyük, hədəfimizə də bir yerdə çata bilərik
Bu gün Azərbaycan cəmiyyətində hər kəs dəyişiklik istəyir: bir qrup – hakimiyyət daxilində, bir qrup – bütövlükdə mövcud iqtidarı, bir qrup – sosial həyatını, yaşam tərzini, bir qrup – idarəetməni, hakim ideoloji idarəçilik sistemini. Bir sözlə, dəyişiklik istəməyən yoxdur. Ən azından dəyişiklik çoxluğun istəyidir. Bu isə həm də o deməkdir ki, əksəriyyət narazıdır, bugünkü yaşam tərzi çoxunu qane etmir.
Təbii ki, bu vaxta qədər həm siyasi və həm də sosial anlamda yeknəsək bir həyatı yaşamamışıq. Lakin uzun illərdir – müstəqillik əldə edəndən bu günə kimi – baş verən böyük və kiçik dəyişikliklər kimsəni qane etməyib.
Əlbəttə, həyat dayanmayıb. İnsan hər gün yenilik, dəyişiklik arzusunda ola bilər və bu normaldır. Lakin bizim istədiklərimiz adi qaydada hər bir insanın istədiyi dəyişiklikdən fərqlidir. Azərbaycan cəmiyyəti bir fərdin deyil, daha çox bir siyasi cameənin hədəflədiyi dəyişikliklərin arzusundadır. Demokratik, sosial güvənli, ərazisi bütöv bir ölkənin vətəndaşı olmaq istəyən Azərbaycan seçicisini gündəlik yaşamdan doğan istəklərlə bağlı dəyişikliklər sonrakı mərhələdə maraqlandırır.
Hər kəsin dəyişiklik istədiyi bir şəraitdə nədən cəmiyyət hələ də toparlana bilmir və uzun illərdən bəri sərgilənən mübarizə öz lazımi nəticəsini vermir?
İlk növbədə cəmiyyətin hansı formatda toparlana – təşkilatlana bilməsinə nəzər yetirməliyik. Təbii ki, insanların siyasi istəklərini ifadə ortaqlığı siyasi partiya və təşkilatların yaranışı ilə nəticələnir. Bu isə o deməkdir ki, dəyişiklik istəyən cəmiyyətin arzuları məhz siyasi partiyaların fəaliyyəti nəticəsində gerçəkləşir. Bu gün Azərbaycan cəmiyyətində siyasi partiyaların bir institut kimi yeri, rolu və mövqeyi xeyli dərəcədə zəifdir. Bunun da səbəbləri var. Nə etməli: keçilən yol təftiş olunmalı, siyasi partiyaların səhvləri analiz edilməli, yoxsa fərqli bir yanaşma sərgiləməklə vəziyyətin kökündən dəyişdirilməsinə cəhd olunmalıdır? Hər halda keçmişin tədqiq olunması tarixçilərin işidir və bunu onların öhdəsinə buraxaq. Keçmiş – sadəcə, nəticə çıxarmaq üçündür, üzərində köklənmək üçün deyil. Gələcəyə baxmaq, gələcəyi istədiyimiz şəkildə qurmağımız üçün isə bu gündən nə edəcəklərimizi düşünməliyik.
2009-cu il müxalif siyasi təşkilatlar üçün əslində bir fürsət ili idi. Keçirilməsi bu ilin dekabr ayının 23-nə nəzərdə tutulan bələdiyyə seçkiləri uzun müddətdən bəri birgə fəaliyyət, birgə müqavimət, mübarizə vərdişlərini yadırğadığımız müxalif cameənin təmərküzləşməsini və proseslərə təsir imkanları əldə edə bilməsini artıra biləcək bir proses idi. Təəssüf ki, bu fürsət də əldən verildi. Firqəçilik, fərdiyyətçilik ümumi plandakı hədəfləri kölgə altında qoydu. Yalnız ümumi məğlubiyyətə xidmət edən yersiz ittihamlar, heç bir mahiyyət kəsb etməyən və hansısa ideyaya xidmət etməyən anlamsız söz savaşları nəticə etibarilə seçkilər öncəsi yaranmış fürsəti heçə endirdi.
Yeri gəlmişkən, «fürsət» məfhumu ifadə olunanda əksəriyyət dərhal inqilablar, hakimiyyət dəyişikliyi nəzərdə tutur və cəmiyyətin aktiv kəsimini də yanlış olaraq məhz bu not üzərində kökləməyə çalışır. İnqilab və ya hakimiyyət dəyişikliyi olmayanda isə pessimizm, ümumi psixoloji məyusluq insanların uzun müddətə siyasi müstəvidən izolə edilməsinə səbəb olur.
İlk növbədə biz bunu qəbul et(dir)məliyik ki, demokratiya bir prosesdir, hadisə deyil! Azərbaycan müxalifətinin böyük hissəsi demokratiyanı hadisə kimi qəbul edir. Buna uyğun olaraq da fəaliyyət və strategiyasını hadisənin finalına yönəlik qurur. Lakin hadisə kimi yanaşdığı prosesi aparmadığı, prosesin yaradıcısına çevrilmədiyi üçün yalnızca iştirakçısı olduğu hadisədə məğlub duruma düşür.
Müxalifət düşərgəsinin prosesləri pis-yaxşı, bu günə qədər gətirib çıxarması kimsə tərəfindən hansısa formada uğur kimi təqdim oluna bilməz. Doğrudur, mən bu vaxta qədər aparılan mübarizəni və bu mübarizədə insanlarımızın fədakarlıqlarını, mərhumiyyətlərə duçar olmalarını bir kənara atmıram. Maraqlı olanı nəticədir. Əgər hazırki durumumuz bizi bir nəticə şəklində qane etmirsə, narazıyıqsa, deməli, hansısa formada məmnuniyyətdən danışmağına dəyməz. Məmnun deyiliksə, demək, yanlışlıqlarımız var.
2009-cu ilin yaratdığı fürsəti artıq qaçırmışıq. Həyat isə davam edir. Daha bir fürsət ilinin astanasındayıq. Demirəm ki, bu son şansımızdır. Amma bizlər - siyasi partiyalar, təşkilatlar məcburuq ki, 2010-cu ildə üzümüzə açılan fürsətləri layiqincə və uğurlu şəkildə dəyərləndirək. Bunun üçün nə etməliyik?
Nədən başlamalı?
İnsanların arzu və istəkləri fərqli olduğu kimi, partiyaların da prosesdən gözlədikləri sonuc eyni deyil. Bu müxtəlifliyin içərisində xəyanət, satqınçılıq elementləri axtarmağına dəyməz. Əgər partiyaların gücü, yaranma tarixləri, keçdikləri yol, liderlərinin cəmiyyətdəki yeri, üzvlərinin sayı eyni deyilsə, onlardan demokratikləşmə prosesinə eyni münasibəti gözləməyinə dəyərmi?! Və ya bir prosesi hərə bir cür qəbul edib, fərqli qiymət verirsə, onlar necə eyni düşünə bilər?! Bu bolşevik təfəkküründən əl çəkməyin vaxtıdır.
Biz ilk növbədə nəyi istədiyimizi müəyyən etməliyik və sonra bu istədiklərimizin hansı formada icrası barədə düşünməliyik. Qəbul etməliyik ki, bu gün bizim bir siyasi dayaq olaraq söykəndiyimiz narazı eloktorat, yəni xalqın böyük əksəriyyəti bu gün müxalif siyasi iradənin ifadəçisi kimi çıxış edən partiya funksioneri kimi düşünmür. Yəni böyük əksəriyyət dəyişiklik dedikdə heç də birbaşa olaraq hakimiyyət dəyişikliyini nəzərdə tutmur. İnsanlarımız belə yaşamaq istəmirlər və onlara bugünki yaşamlarının dəyişməsi lazımdır. İnsanlarımız proseslərə heç də siyasətçilərimizin cızdığı, müəyyən etdiyi rakursdan baxmırlar.
Biz siyasilər mövcud problemlərin (rüşvətxorluq, korrupsiya, məhkəmə ədalətsizliyi, təhlükə altında olan suverenlik və digər problemlər) həllini əgər hakimiyyət dəyişikliyində görürüksə, əksəriyyət hələ də bu problemlərin hakimiyyətin yuxarı instansiyalarına şikayət şəklində çatdırılması yoluyla çözülə biləcəyinə inanır və yaxud da bu problemlərin varlığını bir-iki məmurun görəv başında qalması ilə əlaqələndirir, hakim sistemi səbəb şəklində görmür. Belə düşününlərin əksəriyyət olmadığı da söylənilə bilər. Amma kifayət qədərdir və nəzərə alsaq ki, uzun illərdən bəri aparılan repressiv siyasət cəmiyyətin siyasi baxımdan aktiv kəsimini ciddi şəkildə zədələyib və hətta sıradan çıxarıb, o zaman ortada olan mənzərə bizə daha aydın olar.
Təbii ki, vəziyyətin məhz bu xarakterdə olması partiya funksionerlərinə və üzvlərinə də sirayət etməmiş deyil. Ona görə də ilk növbədə vəziyyəti düzgün qiymətləndirməliyik və hər kəsdən bacardığı qədər istəməliyik. Kimsənin prosesdən kənarda saxlanılması doğru deyil. Biz hakimiyyət dəyişikliyi məsələsində hamını bir çətir altına toplaya bilmərik, ən azından bu mərhələdə. Hər kəsi bir yerə yığa biləcək bir prosesin təşkilatçısına çevrilməliyik. Cəmiyyəti narahat edən problemlər sırasında hakimiyyət dəyişikliyi sıra etibarilə – obyektiv, ya subyektiv səbəbdən – heç də birinci deyil. Amma sosial problemlər, korrupsiya və rüşvətxorluq, hüquq-mühafizə, məhkəmə orqanlarındakı özbaşınalıq, söz-mətbuat azadlığının günü-gündən məhdudlaşdırılması və digər bu kimi problemlər az qala hər kəsi narahat edir. Əgər dəyişikliyini istədiyimiz hakimiyyət bizim olan eloktoratı – cəmiyyətin böyük kəsimini məhz sosial problemlər məngənəsinə salmaqla bizdən təcrid etməyə çalışırsa, biz nədən onları geri qaytarmaq haqqında düşünməyək, onları yenidən bizə qaytaracaq sosial problemləri ön sıraya keçirib əsas hədəflərimizə doğru təşkilatlanmış və toparlanmış şəkildə irəliləməyək?!
Siyasi partiyaların demək olar ki, hamısı - müxalifət hesab etmədiklərimiz belə – öz gündəlik fəaliyyətlərini, çıxış və bəyanatlarını məhz bu problemlər üzərində qurmurlarmı?! Gəlin, hər kəsə çəkə biləcəyi yükü verək, hər kəslə gedə biləcəyi qədər yol gedək – bir komanda çərçivəsində! Ailədə, cəmiyyətdə, hətta adi bir futbol komandasında hər kəsin yeri, rolu, funksiyası olduğu halda, nədən biz hamını böyük və ya hücumçu qismində görürük?!
Digər bir tərəfdən, cəmiyyətin özü də hələ məhz bizim nəzərdə tutduğumuz, arzuladığımız dəyişiklik üçün ciddi stimul görmür və elə bu səbəbdən də siyasi partiyaların ətrafında toparlanmır. Biz səmimi və ya qeyri-səmimi şəkildə vətəndaşın problemlərindən danışan siyasətçiləri nədən bir araya yığmamalıyıq? Bəlkə kiminsə bizi yarı yolda qoyacağı problemdir? Yuxarıda da qeyd etdim, biz hər kəsə çəkə biləcəyi yükü verməliyik və hər kəslə gedə biləcəyi yolu getməliyik. Burada ictimai qınaq faktorunu da ciddiyə almağımız lazımdır. Kimsə hansısa mərhələdə bizimlə birgə addımlayarsa və biz işimizi düzgün qurarıqsa, məhz ictimai qınaq səbəbindən daha uzun müddətə bizimlə yol gedənlər də olacaq.
Məsələn, söz və mətbuat azadlığını müdafiəsi, həbsdə saxlanılan qəzet redaktorlarının azadlığa buraxılması naminə qəbul edib-etmədiyimiz hər bir siyasi partiyanı bir araya yığıb beynəlxalq təşkilatlara, diplomatik korpuslara, ölkə prezidentinə, ictimaiyyətə bir müraciət ünvanlaya və yaxud da bu problemləri parlamentdə qabarda və bunu sistemli mübarizəyə çevirə bilmərikmi?! Bizə nə mane olur?! Kiminsə bizimlə keçmiş münasibəti, ya kimsənin iqtidarla hansı məsafədə dayanması, yoxsa nə? Əgər bizi narahat edən məsələ qəzet redaktorlarının və yaxud da bloqqerlərin azadlığıdırsa və bunun üçün tələb olunan siyasi partiyaların yekdil mövqeyidirsə, nədən bundan imtina etməliyik və yaxud da bunun üçün çalışmalı deyilik? Adam imzasını qoyur, müdafiə edir, imkanı çatan kürsüdən tələbləri səsləndirir – daha nə istəyirik?! Və ya korrupsiya və rüşvətxorluqla mübarizədə cəmiyyətin siyasi qüvvələrinin vahid mövqe nümayiş etdirməsi ümumi mübarizəmizə necə zərbə vura bilər ki?
Deməli, ilk növbədə siyasi liderlər bu ayrımçılıq siyasətindən əl çəkməli, cəmiyyətin problemlərini doğru-dürüst qəbul edib, bu problemlərin həllində hamının gücündən ustalıqla istifadə etməlidir.
Burada itgi yox, uğur daha çox gözləniləndir. Çünki belə olanda həmin partiya rəhbərləri də kurslarında iqtidarla məsafəsini bir qədər tənzimləmək məcburiyyətində qalacaq, yenə də qeyd edək ki, ictimai qınaq faktoru onları cəmiyyətə yaxınlaşdıracaq. Biz siyasi partiyaları bu şəkildə böldükcə həm özümüzdən və həm də cəmiyyətdən uzaq salırıq, əvəzində isə onlar hakimiyyətə yaxınlaşmış olurlar. Onu da nəzərə almalıyıq ki, elə hakimiyyət uzun müddətdir bizi meydanda daha az eloktoratla qoymağa çalışır. Biz daha geniş eloktorata açılmaq, hərəni bir cür görəvləndirməklə daha çox insan resursu toplamaq əvəzinə, sanki vəzifəyə adam təyin edirmiş kimi, az-çox söz deyə biləcək, iş bacaran şəxsləri də sortlara bölərək yanımızdan uzaqlaşdırmaqla məşğuluq.
Diqqət yetirin, adam açıq şəkildə söz azadlığını müdafiə edir, korrupsiya və rüşvətxorluğa qarşı olduğunu bəyan edir, insan haqqlarını müdafiə etdiyini mövqeyiylə ifadə edir, Qarabağ probleminin həllində güzəştlərin əleyhinə olduğunu bildirir, azad cəmiyyət barədə fikirlərini açıqlayır, biz isə onu dışlamaqla məşğuluq və iqtidarın yanında durmağa məcbur edirik. Çünki hakimiyyətin dəyişməsini istəmir. İstəməsin! Yuxarıda sadalanan problemlərin həllində bizimlə olmaları belə yetərlidir, hakimiyyəti onlarsız da dəyişərik! Yox, düşünürksə ki, hakimiyyətdə bağlı olduqları dairələr onları hətta bu problemləri bizimlə birgə səsləndirmələrinə imkan verməyəcəklər – bundan da narahat olmağa dəyməz. Əvvəla, onlar bu problemləri zaman-zaman səsləndirməkdədirlər. Digər tərəfdən, əgər hansısa bağlantıları onları birgə ifadədən çəkindirəcəksə, o zaman yenə də ictimai qınaq faktorunu diqqətə almağımız lazımdır. Məhz ictimai qınaq dünənə qədər bu problemləri qabardan həmin şəxsləri olduqları ünvana qədər yenidən götürəcək. Və beləliklə də hər kəsin siyasi palitrada yeri bəlli olacaq.
İddia etməyək ki, hər kəsin siyasi palitrada yeri bəlli və aydındır. 2000-ci ildən bu yana Azərbaycan siyasətində hamı satqın və ya qəhrəman olub. Əgər taktikamızı, proseslərə yanaşmamızı dəyişməsək, təbii ki, növbəti seçkilərdən sonra da yeni «satqın» və «qəhrəmanlar» ortaya çıxacaq.
Bu fikirlərimin arqumenti olaraq çox faktlar sadalamaq olar. Amma yetərlidir. Və bu mərhələyə yekun olaraq aşağıdakıları qeyd etməyi zəruri bildim:
- Demokratikləşməni bir proses kimi qəbul etmək və sistemli ardıcıl mübarizə sərgiləmək;
- Mövcud siyasi qüvvələrin mümkün olan hissəsini cəmiyyətin ayrı-ayrı problemlərinin həlli istiqamətində təmərküzləşdirmək;
- Cəmiyyəti narahat edən problemlərə kompleks deyil, hissə-hissə yanaşmaq;
- Fərdi və partiya münasibətlərini ictimai-siyasi hadisəyə, səbəbə çevirməmək;
- İqtidarın ən böyük silahı olan müxalifəti parçalamaq və siyasi partiyaları üz-üzə qoymaq imkanlarını minimuma endirmək;
- Narazı eloktoratın daha geniş çevrələrinə iddia etməklə daha çox insan resursu əldə etmək;
- Siyasi partiyaların proseslərə təsir imkanlarını bərpa etmək.
İctimai nəzarətdə əsas rol müxalifətin olmalıdır
Siyasi partiyaların proseslərə təsir imkanlarının minimuma endirilməsi barədə yuxarıda da qeyd etmişdik. Təbii ki, hakimiyyət müxalifətin proseslərdən kənarda saxlanılması və özünə qarşı təhlükə mənbəyinə çevrilməməsi üçün bütün resurslarından maksimum səviyyədə yararlanır. Bu əsnada hətta müxalifətə hakimiyyət üzərində ictimai nəzarətin təşkilində iştirak imkanı belə tanınmır (1993-cü ildən etibarən Azərbaycan müxalifəti hakimiyyət üzərində ictimai nəzarəti kütləvi aksiyalar və basqılar hesabına həyata keçirməyə çalışıb). Hakimiyyət bütün gücü ilə müxalifəti idarəçilikdə iştirakdan məhrum edib. Hətta orta məmur təbəqəsində belə müxalif təfəkkürlülərə qarşı mübarizə aparılıb. Özəl sektorda da durum eyni dərəcədə acınacaqlıdır. Burada müxaliflər ya yox dərəcəsindədir, ya da gizli simpatiya səviyyəsində.
Müxalifətin parlament təmsilçiliyi də ürəkaçan deyil. 1993-cü ildən etibarən Milli Məclisdə müxalifət parlament fraksiyası yarada bilmir. Halbuki 1991-ci ildə ali qanunverici orqan iki fraksiyadan – demblok və komblokdan təşkil olunmuşdu. Saxtalaşdırılan seçkilər nəticəsində müxalifət keçən 3 çağırışda parlamentdə fraksiya yaradacaq saya malik olmayıb. Deməli, iqtidar üzərində ictimai nəzarət, qeyd etdiyimiz kimi, yalnız kütləvi aksiyalar hesabına təşkil olunurdu. Artıq neçə illərdir ki, həm iqtidarın apardığı repressiv siyasət nəticəsində, həm də aparılan mübarizənin nəticəsizliyi ucbatından müxalifət dünənə qədər istifadə etdiyi metoddan da yararlana bilmir. Onu da qeyd edim ki, artıq demokratik dünyanın yanaşmasında da kütləvi aksiyalardan istifadəyə əvvəlki münasibət qalmayıb, yəni kütləvi aksiyalar demokratikləşmə prosesində əvvəlki statusunu, göstəriciklik mahiyyətini itirib.
Amma bunun qarşılığı olaraq dünyanın əksər ölkələrində ictimai institutların rolu xeyli artıb ki, bu institutlar vasitəsilə də iqtidarlar üzərində ictimai nəzarəti bütünlükdə və ya qismən təmin etmək mümkün olur.
Bir müxalifət partiyası kimi biz də problemlərin fundamental həllini mövcud iqtidarın dəyişməsində görürük. Hesab edirik ki, mövcud iqtidarın dəyişməsi həm ümummilli, həm də vətəndaş problemlərinin həlli istiqamətində çox böyük imkanlar açar. Təbii ki, iqtidarın tək dəyişmə mexanizmi də seçkidir. Lakin bu da sirr deyil ki, nə iqtidar demokratik seçki keçirmir və bu niyyətdə deyil, nə müxalifət, nə beynəlxalq təşkilatlar və nə də dəyişiklik istəyən xalq seçki saxtakarlıqlarını durdura bilmir. Nəticədə iqtidar dəyişmir, müxalifət zəifləyərək siyasi institut kimi sıradan çıxır, insanlarımız ümidsizləşir və müxalif eloktoratın sıraları seyrəlir.
Hətta müxalifətin parlamentdəki ötəri təmsilçiliyi belə məqsədli olaraq əhəmiyyətsizləşdirilir. Müxalifətdən olan millət vəkilləri öz çıxışlarında hansı məmuru tənqid edirlərsə, həmin məmur hakim komandanın ən sədaqətli üzvü kimi alqışlanır və mövqeyi möhkəmlənir. Müxalifətçi deputatlara etimadın azaldılması məqsədilə onlar tərəfindən ünvanlanan rəsmi müraciətlərə ya cavab verilmir, ya da verilən cavab qeyri-dəqiq olur. Bir sözlə, müxalif millət vəkili vətəndaşın hansısa probleminin həllində yardımçı ola bilmir ki, bununla da məqsədli olaraq cəmiyyətdə müxalifətin səmərəsizliyi haqda rəy yaradılmasına çalışılır. Əslində bu fakt daha çox iqtidar üzərində ictimai nəzarətin olmamasını sübut etməkdədir.
Nə edək?! Hakimiyyəti dəyişə bilmirik, seçki saxtakarlıqlarını durdurmağı bacarmırıq, söz və mətbuat azadlığının təmin olunmasında gördüyümüz işlər yetərli olmur. Nağıllardakı möcüzə yaradan sehirli çubuğa və ya xalqın bu problemlərdən cana doyaraq günlərin birində üsyan edəcəyinə, yoxsa beynəlxalq təşkilatlara ümid edək?!
Müxalifət siyasi institut kimi sıradan çıxmaq mərhələsində olduğu üçün, o cümlədən uzun illər ərzində aparılan mübarizə boyunca güclənmək əvəzinə, zəifləmə sindromu yaşadığından narazı eloktoratı bir araya gətirə biləcək mərkəzə çevrilə bilməyib. Bu vəziyyət iqtidarın sistemli şəkildə apardığı siyasətin nəticəsi kimi qəbul olunmalıdır. Vahid mərkəz olmadıqca xalq hansı vəziyyətdə olmağından asılı olmayaraq hüquqlarını tələb edə biləcək gücə çevrilməyəcək. Beynəlxalq təşkilatlar da ölkələrin demokratikləşdirilməsi prosesinə daha çox regionlar müstəvisində yanaşdıqlarından hazırkı durumda ciddi olaraq hansısa prosesdə maraqlı görünmürlər. Həyata keçirdikləri bəzi pilot layihələr də gözlənilən effekti vermədiyindən uzun vədəli proqramlar çərçivəsində regionların ümumi şəklinə təsir göstərə bilən siyasət yürütməkdə maraqlı olduqlarını ifadə edirlər (Məsələn, Yaxın Şərqdə Türkiyə və İrana yönəlik yeni siyasi kurs, keçmiş sovet respublikalarına münasibətdə konfliktlərin həlli və Yaxın Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Proqramı, iqtisadi layihələr vasitəsilə dünyaya inteqrasiya və s.).
Təbii ki, bu yol çox uzun olduğu üçün nə müxalifəti, nə də dəyişiklik istəyən narazı xalqı qane etmir. Bu səbəblər ucbatından haqlı olaraq bəzən müxalifət nümayəndələri ilə beynəlxalq təşkilat təmsilçilərinin görüşlərində də qarşılıqlı ittihamlar səslənir, narazılıqlar ifadə olunur. Həmin görüşlərdə müxalifətin əsas tələbləri demokratik seçkilərin keçirilməsi, bunun üçün qanunverici bazanın formalaşdırılmasına dəstək istəyi, həmçinin siyasi məhbusların azadlığı, sərbəst toplaşmaq azadlığının təminatı ilə bağlı konkret addımların atılması tələbi şəklində ifadə olunur. Və nə yazıq ki, bu haqlı mövqe də dəstək qazanmır.
Xalq demokratik seçki keçiriləcəyinə və ya müxalifətin ona verilən səsləri qoruya biləcəyinə inanmır, beynəlxalq təşkilatlar regional proqramlar çərçivəsindən çıxıb hansısa bir ölkədə yeni kataklizmaların yaranmasını arzulamır. Müxalifət isə günbəgün zəifləyir, resurslarını əldən verir, hakimiyyət qarşısındakı müqavimət gücünü itirir, hakimiyyətin qanunsuz addımlarını durdurmaq imkanlarından məhrum olur. Müxalifət düşərgəsi iqtidar üzərində kütləvi aksiyalar hesabına ictimai nəzarəti təşkil etməyi bacardığı dönəmlərdə siyasi partiyalar bir institut kimi çox güclü və insan resursu baxımından yetərincə qüvvətli idi. İndi isə bu kütləviliyi təmin etmək elə də asan deyil, hətta mümkünsüz belə görünür.
Müxalifət prosesləri yeni müstəviyə daşımağı bacarmalıdır. Nə təklif olunur, ictimai nəzarətdə iştirakı addım-addım təmin etmək üçün hansı addımlar atılmalıdır, beynəlxalq təşkilatlardan və iqtidardan nə istənilməlidir, siyasi təşkilatları bu proseslərə necə cəlb etməliyik?
Aşağıda adıçəkiləcək bütün ictimai institutlarda müxalif nümayəndələrin iştirakını təmin etmək, bununla da müxalifətin ictimai proseslərə təsir gücünü formalaşdırmaq, vətəndaşın güvəninin qazanılması naminə bütün müxalif təşkilatlarla sistemli və ardıcıl iş aparmalı, hər bir ictimai institutda təmsilçilik üçün gücləri səfərbər etməliyik.
- Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə Komitəsində;
- Əfv Komissiyasında;
- Orduya Nəzarət İctimai Şurasında;
- Penitensiar Sistemə Nəzarət İctimai Şurasında;
- Neft Fonduna Nəzarət İctimai Şurasında;
- İctimai Televiziya Yayım Şurasında;
- Milli Məclis yanında Hesablama Palatasında;
- Milli Teleradio Yayım Şurasında;
- Məhkəmə-Hüquq Şurasında;
- Milli Məclis rəhbərliyində.
2010-cu ildə müxalifət demokratik cəbhəni necə yaratmalı?
Azərbaycan müxalifətinin ən böyük problemi birlik modelinin müəyyən olunmaması ilə bağlıdır. Bu müddətə qədər çoxsaylı birliklər yaradılsa da, ömürləri uzun olmayıb. Qarşılıqlı ittihamlar təşkilatları bir-birindən uzaqlaşdırıb. Nəticədə nə demokratik cəmiyyət quruculuğuna layiqli töhvə verilməyib, nə də xalqın müxalif cameədən gözləntiləri özünü doğrultmayıb. Əksinə, birliklər yaranarkən ümid gözləyən demokratik kəsim, birliklər dağıldıqdan sonra xəyal qırıqlığına uğrayaraq tədricən proseslərdən uzaqlaşıb.
Bu baxımdan 2010-cu il də çox önəmli ildir. Yenə də birlik sədaları eşidilir. Ayrı-ayrı təşkilatların açıq və ya gizli şəkildə parlament seçkiləri üçün planlar cızdığı aydın olur.
Parlament seçkilərə cəmi bir il qalsa da, hələ ortada real birlik yox, hazırlıq mərhələsi olduqca aşağıdır. Təəssüflə qeyd etmək istərdim ki, yenə də birliyin və ya parlament seçkilərində uğurun ənənəvi motivləri axtarılır, daha məhdud çevrə cızılmaqla prosesdən daha çox hansı partiyanın uğur qazanması üzərində baş sındırılır. Təfərrüatlara varmaq istəmirik. Qısaca olaraq onu deyə bilərik ki, ənənəvi 2003-cü il, 2005-ci il modelləri parlamentdə təmsil olunan partiyaların adını dəyişə bilər. Nə deputat sayı, nə də keyfiyyət dəyişməyəcək. Əvvəlcədən bunu billə-bilə yenidən köhnə modellərə qayıtmaq nə dərəcədə məqsədə uyğundur?!
Biz hamımız anlaya-anlaya ki, siyasətin resursu insandır, daha çox insanı bu prosesə cəlb etmək əvəzinə, daha az namizədin seçkilərdə iştirakına çalışır, çevrəni çox məhdud cızır, insanları prosesdən uzaqlaşdırırıq. İqtidar uzun illərdir yanımızdan hətta ictimai nüfuzu çox zəif olan insanları öz düşərgəsinə almaq üçün nələr etmir?!
İqtidar hər bir insanı öz sırasına qatmaq üçün bütün mümkün olan və olmayan vasitələri dənəyir – kimini inandırır, kimini qorxudur, kiminə iş verir, kiminə yaxınları hesabına təzyiq edir – daha çox insanı yanına çəkir. Biz isə əksinə, hətta bizimlə bir sırada dayanmaq istəyənləri belə yanımızdan uzaqlaşdırırıq. Biz kimisə seçməyə bilərik, kiminləsə köhnədən ədavətimiz və maraqlarımızın üst-üstə düşməməsi halı ola bilər, bu təbiidir. Amma bu «təbiiliyin» cəmiyyətin demokratikləşməsini gözləyən vətəndaşla nə əlaqəsi var?! Onu niyə məyus etməli, faydasız mücadiləmiz və qarşıdurmalarımızla əzməli, sındırmalıyıq?! Kim verib bu haqqı bizə?! Çox təəssüf ki, Azərbaycan müxalifətində olanların əksəriyyəti özünü az qala müxalifətin «pasportstol»u obrazında göstərir. Sanki kiməsə müxalifətçilik vəsiqəsi verəcək. Bəylər, bu qüsurlu yanaşmadan imtina edib, ölkənin problemlərilə məşğul olmağın zamanıdır. Bu ölkənin vətəndaşının heç umrunda deyil ki, kim müxalifətdir, kim iqtidar?! Kiminsə prezident və ya deputat seçiləcəyi də onu düşündürmür. Ölkə vətəndaşının o qədər problemləri var ki, sosial baxımdan elə bir hala çatdırılıb ki, sabahını düşünməkdən başqa çarəsi qalmayıb. İqtidar «hakimiyyətin mənbəyi xalqdır» deyə-deyə bu qapını xalqın üzünə bağladığı kimi, müxalifət də xalqın sözünü deməyə iddia edənlərə, cəhd göstərənlərə - səmimi və ya qeyri-səmimi – «vəsiqə» verməyə çalışır.
Biz 2010-cu ilin parlament seçkilərinə də əvvəlki illərdən fərqli yanaşmasaq, istədiyimiz nəticə olmayacaq. Nəticə hakimiyyətin dəyişməsi deyil. Nəticə bugünki ağır ictimai-siyasi durumun aradan qaldırılması, yeni demokratik prosesin başlanması, siyasi partiyaların cəmiyyətdəki çəkisinin artması, mümkün qədər daha çox sayda, fraksiya yarada biləcək həddə deputat yerlərinin əldə olunması, vətəndaşların inamının qazanılması, iqtidar üzərində ictimai nəzarətə nail olunmasında əsaslı addımların atılması və digər bu səpgidə olan hadisələrdir. Bundan artıq nəticənin əldə olunması isə hazırkı şəraitdə və şərtlər altında qeyri-mümkündür. Kimsə nə özünü, nə də cəmiyyəti aldatmasın.
2010-cu ildə yeni demokratikləşmə prosesini başlamaq, bunun üçün daha çox insanı prosesə cəlb etmək lazımdır. Müxalifət illər uzunudur bağladığı qapıları hər kəsin üzünə açmalıdır. 125 seçki dairəsindən nə qədər çox demokratik düşüncəli namizəd iddialı olacaqsa, seçki prosesinə o qədər çox insan cəlb olunacaq. Bu vaxta qədərki təcrübəni tam kənara qoyub, yeni yanaşma sərgiləməyin zamanıdır. Kimsə unutmalı deyil ki, durum düşünüldüyündən də ağırdır. Partiyaların və fərdlərin qələbəsi üçün deyil, demokratikləşmənin, yəni demokratik prosesin qalib gəlməsinə çalışmalıyıq. Bizim o qədər resursumuz yoxdur ki, bir namizədlə müşahidə missiyasını təşkil edək, seçki saxtakarlığının qarşısını alaq və yekunda hakimiyyəti namizədlərimizin qələbəsini etiraf etməyə məcbur edək.
Biz 2010-cu ilin ilk ayından demokratik prosesə başladığımızı elan etməli, namizəd olmaq istəyən bütün müxalif təfəkkürlü insanları prosesin içinə almağı bacarmalıyıq. Mərkəzdə siyasi partiyalar dayanmaqla hər bir dairənin özündə demokratik seçki bloku yaradılmalıdır. Mərkəzdə və dairədə hər kəsin üzərinə yalnız bir öhdəlik qoyulmalıdır: DEMOKRATİK SEÇKİ!
«Vahid namizəd» ideyasından imtina olunmalıdır. Təcrübə də sübuta yetirdi ki, əslində bu ideya bizi birləşdirən yox, parçalayan şərt kimi çıxış etdi. Əgər bizlər praymeriz – ilkin seçkiləri keçirmək yolu ilə «vahid namizədləri» müəyyən etmiriksə, hansısa partiyanın və yaxud da partiya funksionerinin ambisiyaları ilə hərəkət etməli deyilik. Nəzərə alsaq ki, seçici özü də hələ ki demokratik seçki keçiriləcəyində və ya müxalifətin seçkilərin nəticələrini qoruyacağında ciddi tərəddüd edir, deməli, doğru olanı daha çox namizədlə seçkilərə nəzarəti təşkil etməyə üstünlük verməkdir.
Təbii ki, ayrı-ayrı partiyaların birləşərək müxtəlif dairələrdə namizədləri müdafiə etməsinə kimsə mane ola bilməz. Lakin bu demokratik seçki marafonuna zərər verməməklə gerçəkləşdirilməlidir. «Hər bir dairədə demokratik seçki» kampaniyası çərçivəsində namizəd olan şəxslər blok yaratmalı, bu blok da öz növbəsində müşahidə, seçkilərin nəticələrinin birgə tanınması, seçkiöncəsi mühitin demokratik olması üçün birgə mübarizənin təşkil etməli, seçicilərin daha çox hissəsinin proseslərə cəlb olunmasına nail olmalıdır. O cümlədən namizəd olan şəxslər ümumrespublika səviyyəli kütləvi aksiyaların keçirilməsində də öz tərəfdarları ilə birgə iştirak etməli, beləliklə də, uzun illərdən bəri prosesdən kənar qalan seçicini demokratikləşmə layihəsinə cəlb etməlidir.
Bizə bu gün kimin seçilməsindən çox, xalqın səsi ilə seçilmişlər lazımdır – o ya iqtidar, ya müxalifət, ya da bitərəf olsun – fərq etməz. Seçkini bir proses kimi bu hala gətirməyin tək yolu siyasi cəhətdən bizimlə bir yerdə olanın qələbəsinə çalışmaq yox, demokratik seçkinin baş tutmasına səy göstərmək hesabına namizədlərə münasibətdə tərəfsizlik nümayiş etdirməkdir. Təbii ki, hər bir siyasi təşkilat və ya hətta bitərəf namizəd daha çox özünün qazanması üçün çalışır, lakin keçən illərin təcrübəsi göstərir ki, bu müstəvidə aparılan mübarizədə qazanan yalnız iqtidar olur. Bizim partiya maraqlarını, bitərəf namizədin öz maraqlarını önə çəkməsi mahiyyət etibarilə demokratik seçki keçirilməsində ümumi işimizə zərbə vurur. Hədəf kiminsə qələbəsi yox, demokratiyanın bərqərar olmasıdır. Əgər biz demokratik seçkilər şəraitində qələbə qazanacağımıza inanırıqsa və qələbə qazanmağın yeganə yolu kimi demokratik seçkiləri görürüksə, nədən hədəf kimi DEMOKRATİK SEÇKİLƏRİ seçməli deyilik?!
Demokratik seçki anlayışı hakim prinsip olana qədər demokratikləşmə adına prosesə qoşulanların hər birinə bərabər münasibətin sərgilənməsi lazımdır ki, saxtalaşdırmanın qarşısının alınmasında qalib elan olunandan başqa, bütün yerdə qalan namizədlər də maraqlı olsunlar, mübarizə apardıqları dairədə seçkilərin nəticələrinə vahid yanaşma sərgiləsinlər və bununla da müşahidə sisteminin təkmil qurulması imkanı formalaşsın.
Bütün bu proseslərin həyata keçirilməsi üçün isə müxalifət cameəsinin əsas olaraq görməli olduğu bunlardır:
- 2010-cu ili «Demokratik Seçki İli» elan edərək bu prosesdə iştirak etmək istəyənlərin vahid mərkəzi elan olunmalıdır;
- Dairələr üzrə namizəd olmaq istəyən müxalif fikirli şəxslərin vahid mərkəzdə qeydiyyatları aparılmalıdır;
- Demokratik seçkilərin keçirilməsi istiqamətində qanunverici bazanın formalaşdırılması və seçki məcəlləsinin dəyişdirilməsilə bağlı vahid konsepsiya hazırlanmalıdır;
- Dairələr üzrə namizədlərin blokları formalaşdırılmalıdır;
- Demokratik seçkilərin keçirilməsini şərtləndirən təkmil müşahidə missiyası yaradılmalıdır;
- Siyasi partiyaların, namizədlərin gücü ilə (partiya bayraqlarını, şüarlarını qadağan edən) ÜMUMİ kütləvi aksiyalara start verilməlidir;
- Bakıda mərkəzi, rayonlarda isə dairə qərargahları yaradılmalıdır.
Yekun olaraq…
Azərbaycanda demokratikləşmə və siyasi partiyaların gələcəyi ciddi sual altındadır. Bu gün yaşadıqlarımız son olmasa da, sonu tezləşdirə bilər. Demokratik Azərbaycan arzusunda olanlar toparlanıb çıxış yolunu doğru müəyyən etməsələr, prosesin daha ağır mərhələyə qədəm qoyması istisna deyil. Bunun üçün fərdi və partiya maraqları arxa plana keçməli, cəmiyyətdəki yerindən və mövqeyindən, partiyalılığından asılı olmayaraq, hər kəsi demokratikləşmə prosesinə cəlb etməliyik.
Hədəf demokratikləşmə prosesinin yenidən bir xətt kimi yüksəlişidir. Proses başlayacaqsa, xalq kimi seçmək məsələsində səhv etməyəcək. Yuxarıda da qeyd etdim, bizim qələbəmizin yeganə açarı demokratiyadırsa, demokratik seçkilərdirsə, o zaman biz bu sistemin bərqərar olması uğrunda mübarizə aparmalıyıq. Hansısa partiyaların və siyasətçilərin yox. Kimsə müxalifətin 2010-cu il parlament seçkilərinə vahid namizəd müəyyənləşdirmədən gedəcəyini iqtidarın maraqlarına xidmət edən faktor kimi qabartmasın da. Buna heç ehtiyac yoxdur. Əgər «vahid namizəd» ideyası bizi parçalayırsa, sıralarımızı seyrəldirsə və əslində bizi, hakimiyyətdə olmanın yaratdığı rıçaqlar hesabına güclənmiş iqtidar namizədi qarşısında təkləyirsə, bundan da imtina etməliyik. Çünki biz bir yerdə güclüyük və hədəfimizə də yalnız bir yerdə çata bilərik.