Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Azərbaycan mənzərələri

  Sayta qoyulub: 16:20 13.12.2009 (770 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"525-ci qəzet" və Modern.az saytının birgə həyata keçirdiyi "Deputat vədi" layihəsi çərçivəsində son bir ayda dörd rayonda oldum. Şahidi olduğum hadisələrin qısa təhlilindən sonra bu qənaətə gəldim: Azərbaycan sürətlə 19-cu əsrə qayıdır.

Məscid abad, kitabxana bərbad

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin paytaxt kitabxanalarını bir-birinin ardınca kababxanaya çevirdiyi bir vaxtda ucqar dağ kəndində geniş və işıqlı salonları olan kitabxana görmək möcüzə olardı. Təbii ki, Qubanın Rostov kəndində olarkən hər hansı möcüzə baş vermədi. Qubalı dostum məni əvvəlcə öz əzəməti ilə nazirlərimizin villalarından geri qalmayan kənd məscidi ilə tanış etdi. Dərhal da izahat verdi: "Məscidin əsaslı təmir olunması üçün dövlət büdcəsindən təxminən 120 milyon manat vəsait ayrılıb".
Rayon rəhbərliyinin Allahın evinə göstərdiyi bu qayğı məni xeyli məmnun etdi. Ancaq sevincimin ömrü uzun olmadı. Çünki öz görkəmi ilə yastı-yapalaq kənd tövlələrini xatırladan tikili artıq diqqətimi cəlb etmişdi. Dostum bu dəfə utana-utana arayış verdi: "Kənd kitabxanasıdır". Kitabxananın ağzına iri bir qıfıl vurulmuşdu. Qıfılın paslı olması bu məkana uzun müddətdən bəri insan ayağının dəymədiyini göstərirdi. Bax, buna əməlli-başlı sevindim. Çünki qəzalı vəziyyətdə olan kitabxananın hər an uçmaq təhlükəsi var. Rostovluların bəxti onda gətirib ki, mütaliə ilə bir o qədər də araları yoxdur. Yoxsa, jurnalistlər Qubada insan ölümü ilə nəticələnən dağıntı barədə xəbəri tirajlamaq məcburiyyətində qalacaqdılar.

16 qəpiyə möhtac olanlar

Bir gecə Dəvəçidə qonaq qaldıq. Ev yiyəsi bizi xoş üzlə qarşıladı. Şam etdiyimiz üçün onlara əziyyət vermədik. Qonağı olduğumuz ailənin necə ağır güzəran keçirdiyini anlamaq o qədər də çətin deyildi. Evin kasıb görkəmi ən qanmaz adamı da qandırmağa qadir idi.
Axşam olduğu kimi, səhər də bir stəkan çay içib sağollaşdıq. Süfrənin boş olması ev sahiblərini əməlli-başlı utandırmışdı. Onların daxilən çox əzab çəkməmələri üçün mən də, dostum da əlimizdən gələni edirdik. Maşınımız Dəvəçinin palçıqlı küçələri ilə irəliləyəndə diqqətimi mağazaların birinin qarşısında üst-üstə qalaqlanmış yumurta qutuları cəlb etdi. Qutuların üzərində yumurtanın qiyməti yazılmışdı: 8 qəpik. Ürəyimdən keçənləri dostum dilə gətirdi: "Rayonlarda camaat o qədər kasıbdır ki, 16 qəpik verib, süfrəyə çıxarmağa iki yumurta ala bilmirlər". Heç nə demədim. Çünki deməyə söz qalmamışdı.

Çörək, yoxsa odun?

Xaçmazlılar da kasıb yaşayır. Kənd əhalisi qaza, işığa həsrətdir. Uşaqlar soyuqdan donmaq təhlükəsiylə üzləşsələr də, böyüklər odunu qənaətlə işlədirlər. Dörd-beş otaqlı evlərdə cəmi bir soba yanır. Gecələr ailənin bütün üzvləri bu sobanın ətrafında cəm olurlar. Meşə zolağından xeyli uzaqda yerləşən kəndlərdə insanlar ibtidai icma quruluşunda olduğu kimi, bir yerdə yatıb, bir yerdə qalxırlar.
Bizə qonaq otağında yer açdılar. Soyuq divarlar sanki adamın üstünə gəlirdi. Ev yiyəsindən sobaya bir-iki odun atmağı xahiş edəndə, belə dedi: "Odunun bir metrini 16 manata alırıq. Əgər gecə-gündüz soba yandırsaq, bir metr odun iki günə qurtarar. Bu minvalla oduna ayda 240 manat verməliyik. Arvadla mənim pensiyam isə 200 manatı ötmür. Bilmirəm, aldığımız pulu oduna verim, yoxsa çörəyə..."
Vəziyyətdən çıxış yolunu özümüz tapdıq. Bir gecə paltarlı yatmaqla dünya dağılmayacaqdı ki...

Şuşalılara Haramıda ev tikəcəklər

Klassiklərimizdən birinin indiki Ağsu şəhərilə bağlı iki məşhur misrası var. Bu darmacalda həmin misraları olduğu kimi xatırlamağa çətinlik çəkirəm. Amma bilirəm ki, şair Ağsuda yaşayış evlərinin tikilməsinə etiraz edib. Hətta Ağsunun ilan mələşən çöllərində insanların əziyyət çəkməsindənsə, gözlərinə qara su gəlməsinə razı olduğunu yazıb.
Sözümün canı var; köçkünlər üçün Haramının ilan mələşən çöllərində ev tikəcəklər. Bütün xərci isə deputat Əhəd Əhmədov öz üzərinə götürüb. Beyləqanda səfərdə olarkən bu xəbəri mənə Şuşa köçkünlərindən biri verdi. Zalım oğlu o qədər sevinirdi ki, elə bil Şərurlu İsfəndiyar ona Cıdır düzündə villa tikdirəcək...

Feodalizmə qayıdış

Haramıda olarkən Məmmədəli Kərimov adlı bir çobanla tanış oldum. Məmmədəli kişi əslən İmişli rayonunun Əliqulular kəndindəndir. Yaşadığı kənddə münasib iş tapa bilmədiyi üçün ailə üzvləri ilə birlikdə Haramı düzünə köçüb. İndi həyat yoldaşı və oğlanları ilə imkanlı adamların birinin fermasında yaşayır. Ailənin bütün üzvləri ferma sahibinin sürüsünü bəsləməyə cəlb olunub. Aylıq qazancları cəmi iki yüz manatdır. Amma Məmmədəli kişi taleyindən narazı deyil. Deyir, Haramıda elə ailələr var ki, ayda yüz manata həsrətdirlər. Onlar da həmin adamlara baxıb, təsəlli tapırlar.
Məmmədəli kişinin heç vaxt şəxsi mülkiyyəti olmayacaq. Çünki fermer ona qoyun saxlamağı qadağan edib. Orta əsrlərdə feodallar da təhkimçi kəndliləri bu şərtlərlə işlədirdilər...
(Ardı var)

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829