Və yaxud cənab nazirlə, onun müavini akademik Ramiz Mehdiyevə niyə irad bildirmir?
Üç teatr - Dövlət Gənclər, Gənc Tamaşaçılar və Dövlət Kamera teatrlarının birləşməsi barədə söz-söhbətlərin baş alıb getdiyi bir vaxtda xalq artisti Cənnət Səlimova Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edildi. O, baş rejissor kimi ilk müsahibəsini "Reytinq"ə verib, teatrla bağlı bir çox qaranlıq mətləblərə aydınlıq gətirdi:
- Bu gün teatrın çox böyük problemləri var. Tamaşaçılara nə lazımdır? Necə etmək lazımdır ki, dahi klassika yenidən gündəmə gəlsin? Bu problem deyilsə, bəs nədir? Hansı teatrın repertuarında kalssika var? Klassiklərin əsərlərindən elə bir səhnə əsəri yaratmaq lazımdır ki, tamaşaçılar böyük məmuniyyətlə razı qalsınlar. Könüllü şəkildə hamı teatra axışsın. Güclə, zorla tamaşalara getmək nə vaxta kimi davam edəcək? Əsgərləri güclə cərgəyə düzən kimi, tamaşaçıları da teatra gəlməyə məcbur edirlər. Amma mənə nə belə tamaşa, nə də tamaşaçı lazım deyil. Gənc Tamaşaçılar Teatrında isə vəziyyət başqadı. Bu teatrın repertuarındakı tamaşalar zəifdir. Onlar mənim estetik tələblərimə, rejissor baxışıma cavab vermir. Səhnə isə peşəkar, səviyyəli tamaşalar tələb edir. Ona görə də bundan sonra bu səhnədə "özfəaliyyət" qadağandır. Mən buna icazə verməyəcəm. Burda kimlərsə gün keçirib. Amma belə olmaz.
C.Səlimovanın məlum müsahibəsi teatr aləmini sanki bir-birinə vurdu. İstər teatrın yaradıcı heyəti, istərsə də Mədəniyyət və Turizm Nazirliyindəki bəzi şəxslər məyus oldular. Aktyorlar dəyənək götürüb rejissor xanımın hələ "bismillah" demədiyi kabinetinin qarşısını kəsdirdilər ki, "Sən kimsən ki, canımızı qoyduğumuz teatr barəsində bu cür danışırsan? Burdan ya o gedəcək, ya da biz". Amma əsəbləri tarıma çəkilən aktyorlar elə qapının ağzındaca "stop" əmri aldılar. Arxadan "dayanın, xanımı bayıra atmaq asandı. Sərt açıqlamaların qarşısında yalnız xanım rejissoru vəzifəyə təyin edənlər dayanmalıdır",- deyə dambaduram səsləri eşidildi.
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev tələm-tələsik kollegiya icası keçirdi. Hələ bu harasıdır. Teatrlara nəzarət edən nazir müavini Ədalət Vəliyevin teatrın yaradıcı heyəti qarşısında qadağalar qoyduğu deyildi: "O, qızın başı xarabdı (məni nəzərdə tutur.-B.R.). Ağzına gələni yazır. Bizim bircə yolumuz var: "Reytinq"ə müsahibə verməyi Sizə qadağan edirəm. "Reytinq" müxalifət qəzetidir. Bundan sonra bu teatrın aktyorlarından o qəzetin səhifəsinə çıxan şəxsin işdən kənarlaşdırılması əmri veriləcək. Biz demirik ki, Siz qəzet səhifələrinə çıxmayın. Kimin sözü varsa, "Azad Azərbaycan" və "Mədəniyyət" qəzetinə desin. Cənnətin yanvara kimi vaxtı var. Növbə ilə bu qəzetlərdə onun müsahibəsinin əleyhinə çıxın. İlin sonunda Sizin çıxışlarınız əsasında kollegiya iclası keçirib, onu yola salaraq. O zaman bilər ki, başından böyük danışmaq nə deməkdir".
Nazir müavininin pafoslu mesajını alar-almaz bilərəkdən teatrın aparıcı aktyorlarından, xalq artistlərindən bir neçəsinə zəng etdim. Hamısı müsahibə verməkdən boyun qaçırdı. Açıq şəkildə dedilər ki, nazirlikdən bizə göstəriş verilib, yalnız "Azad Azərbaycan" və "Mədəniyyət" qəzetinə müsahibə verəcəyik. Dedim, dərd Sizin, dərmanını da özünüz tapın.
Azərbaycan teatr sənətində hərci-mərcliyin baş alıb getdiyini görən Akademik Milli Dram Teatrının sevilən aktyoru, xalq artisti Yaşar Nuri dilə gəldi. Aktyorun dərdi Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq və rejissorluq kafedrasının müdiri, professor Ağakişi Kazımovun, sanki illərdir qaysaqlamış yarasını qopardı:
- Aktyorların özləri də teatrla maraqlanmır. Dövlət, prezident teatrın yaşamasını istəyir. Ölkə başçısı əlindən gələni edir. Teatr adamları isə bu diqqətin qarşılığını ödəmir. Dramaturgiyamız dəhşətdir, yazıçıların əksəriyyəti yazmır. Tamaşaçılar teatra gəlmir, güclə gətirirlər. Rejissor və dramaturgiyamız bir sinif kimi ölüb. Cavan aktyorlar isə tapılmır. Bu, teatrın ölməsi deməkdir.
Amma Ağakişi müəllimin dili başına bəla oldu. Nazir və müavini onun bu sərt açıqlaması ilə barışa bilməyib. "Reytinq"ə məlumat verən şəxsin sözlərinə görə, kafedra müdirinə zəng edən nazir müavini ona, hətta "Sənə verdiklərimiz burnundan gəlsin",- deyib.
Gərginlik içərisində yaşayan A.Kazımov bundan sonra bir həftə işə çıxa bilməyib. Qocaman rejissor-professorun söz-söhbətinə nöqtə qoyulmamış dramaturq Firuz Mustafa teatrın lazımi səviyyədə olmamasını qabartdı.
Belə, teatr adamlarından kim ağzını açdısa, ya cənab Qarayevin, ya da Ədalət Vəliyevin təzyiqinə və təhqirinə məruz qaldı. Bu səbəbdən də əksəriyyəti redaksiyamıza telefon açaraq "bizi bu vəziyyətdən çıxart. İşimizi itirmək istəmirik",- deyə dil-ağız etdilər. Ay Allah, bu boyda ədalətsizliyi, haqsızlığı öz üzərimə necə götürüm?
Bu suallara cavab axtardığım bir vaxtda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış",- sərlövhəli məqaləsi imdadıma çatdı. Azərbaycan elmi, sənəti, habelə ədəbiyyatı barədə tənqidi fikirlərin qeyd edildiyi məqalədə R.Mehdiyev teatrın düşdüyü duruma da diqqət yetirib.
Stat: Məni bir sual düşündürür: Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun?
Əhsən, cənab Mehdiyev! Ədalətin gec, ya tez qələbə çalmasına inanırdım. Amma bu qədər tez parlayacağına inanmırdım. Axır ki, səsimə səs verən, əlimdən tutub bərk-bərk sıxan bir şəxs tapıldı. Azərbaycan teatrında baş verən biabırçılığı daha başqa bir şəxs qələmində canlandırdı. Cənab MEHDİYEV! Səmimiyyətimə inanın, əgər yanınızda olsaydım məqalənizdə öz əksini tapan teatrla bağlı cümləyə görə əllərinizi iki əli sıxıb, Sizi bağrıma basardım.
Buna nə deyirsən, cənab Qarayev? Akademik R.Mehdiyevin bu açıqlamasını qəbul edirsinizmi? Teatrın biabırçılığını bu dəfə bəndəniz Bahar Rüstəmli deyil, ölkənin rəhbər şəxslərindən biri - cənab Mehdiyev dilə gətirdi.
Sənət adamlarının "Reytinq"ə müsahibələrdən sonra onlara zəng edib, həmin şəxsləri dediklərinə görə peşman edən Ədalət Vəliyevin nədənsə zənginin səsi gəlmədi. Görəsən, Ə.Vəliyev cənab Mehdiyevə telefon açıb, qəlbindən keçənləri ona niyə demədi? Niyə deyə bilmədi ki, "teatrlar inkişaf edir. Bu gün bütün teatrların repertuarında Hüseynbala Mirələmov kimi yazıçıların əsərləri deyil, pulları "səhnələşdirilir"? Niyə deyə bilmədi ki, teatrları İlyas və Elçin Əfəndiyevin əsərləri zəbt edib? Niyə demir ki, cənab Mehdiyev, teatr işçilərinin başı pul qazanmağa qarışıb? Dünən səhnəyə çıxan, bircə tamaşada iz qoymayan birisi "Xalq artisti" fəxri adını alırsa, hansı cəmiyyətin marağından danışırsan?
Niyə deyə bilmədiniz ki, cənab Mehdiyev, teatrlarda cəmiyyəti düşündürən tamaşalar hardan olsun? Ədalət Vəliyev! Niyə demədiniz ki, bizi məsum görün, bəs, cənab Qarayevin başı teatrlarda restoran biznesinə qarışıb, aktyorlar isə pul və saxta fəxri ad, mükafat arxasınca düşüb? Direktorlar isə işə kimin nə vaxt gəlib getdiyini belə bilmirlər. Çünki ayın sonu onların hər birindən hesab alınır. Yoxsa işinizi itirməkdən qorxdunuz?
Bunu demək hünər, cəsarət istər. O da ki Ədalət Vəliyevdə yox! Hamı Ağakişi Kazımov deyil ki, "Alo, danışan Əbülfəs Qarayevdi, yaxud da Ədalət Vəliyev",- deyə telefonu götürüb yerli-yersiz təhqir edələr.
Cənab Mehdiyevin teatrla bağlı qələmə aldığı məqaləyə görə tanınmış teatrların bir neçəsinə telefon açdım. Öyrənmək istədim ki, görüm, teatr rəhbərləri və rejissorlar akademikimizin fikiri ilə razıdırmı? Yazıqlar olsun! Bir kəs o cümlə ilə bağlı fikirini açıqlamadı: "Direktor yoxdur, yaxud da yanında adam var",- deyib, danışmaqdan yayındılar. Bir cümləsində "amma və lakin" sözünü dalbadal düzən demokratik fikirli Vaqif İbrahimoğlundan isə xəbər çıxmadı. Bu arada teatrlara rəhbərlik edən Ədalət Vəliyev yada düşdü. Onun isə telefonundan "əhatə dairəsindədir",- sözləri eşidildi.
Azərbaycan teatrının inkişafından ağız dolusu danışan sənət adamları, sualımız Sizədir. Siz akademik Ramiz Mehdiyevin teatrlar haqqında yazdığı fikirlərlə razısınızmı?