
Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki
Fizika, kimya, tibb və biologiya, ədəbiyyat və sülh sahəsindəki Nobel mükafatları 1901-ci ildən başlayaraq bu günə qədər konkret olaraq dünyadakı ən böyük kəşflərin müəlliflərinə, dövrünün ədəbi ideyasını daha mükəmməl ifadə edən ədəbi əsərlərə və sülhyaratma sahəsindəki uzunmüddətli və nəticəsi olan dünya miqyaslı böyük işlərə görə verilib.
ABŞ Prezidenti Barak Obama isə Nobel mükafatını konkret işə görə yox, sözə görə, verdiyi bəzi bəyanatlara görə alıb.
Nobel komitəsi qarşısında məruzə ilə çıxış edən Amerika Prezidenti Barak Obama özü bu gülməli hadisəni səmimi olaraq belə şərh edib: “Sizin bu xeyirxah qərarınız geniş miqyaslı mübahisələrə səbəb olub ki, mən bunu boynuma almasam zəiflik göstərmiş olaram. Bu mübahisələr müəyyən mənada ona görə baş verib ki, mən dünya miqyasında öz fəaliyyətimi tamamlamışam, mən öz işimə təzəcə başlayıram. Bu mükafatı alan Şveyser və Kinqlə, Marşall və Mandela ilə müqayisədə mənim nailiyyətlərim cüzidir”.
ABŞ-ın yüksək dövlət institutlarının böyük bir məharətlə seçdiyi Barak Hüseyn Obama öz adına görə diqqəti cəlb edir. Yəni bu adla ABŞ bütün dünyaya mesaj verib ki, biz İslam aləminin yaxın dostuyuq. Biz olsa-olsa Səddam kimi diktatorların düşməniyik. Biz bütün müsəlmanların, o cümlədən də hüseynlərin dostuyuq. Özünün andiçmə mərasimində, sonralar isə Misirdə Barak Obamanın müsəlman dünyasına səslənməsi də Barak Obamanın adının seciminə uyğun hərəkətlərinin məntiqi nəticəsi idi. Obamanın dərisinin qaralığı Amerikada yaşayan zəncilərin, bütün rəngli dərili Amerika vətəndaşlarının hakimiyyətə rəğbətini artırmağa yönəlib. Qara dərili Obamanın bir missiyası da ABŞ-ın bütöv Afrika qitəsi üzərində nüfuzunun yüksəldilməsindən ibarətdir. Müsəlman və xristian hibridi olmaqla xristian dinli ABŞ Prezidenti kimi meydana gətirilən Barak Obama açıq-aşkar şəkildə bir milyon azərbaycanlını öz yurd-yuvasından didərgin salan işğalçı Ermənistanı müdafiə edir. Halbuki Nobel sülh mükafatı həm də müharibələrdən əziyyət çəkən insanların hüquqlarının müdafiə edilməsi üçün vürilir. 1 milyon qaçqın və məcburi köçkün Azərbaycanlının hüquqlarını tapdalayan Obamanın Nobel mükafatı almasına Nobel komitəsinin gülməli hərəkəti kimi qiymət verilməlidir.
1 milyon azərbaycanlının hüquqlarını tapdalayan işğalçı Ermənistanı müdafiə edən Barak Obama administrasiyasının ikinci şəxsi Cozef Baydenin isə Türkiyə ilə Ermənistan arasındakı diplomatik və iqtisadi yaxınlaşmalara narazılığını bildirən Azərbaycanı Rumıniyadan hədələməsi də Obamanın və administrasiyanın iç üzünü açır. Yəni Türkiyə-Ermənistan sövdələşmələrinə qədər “demokratik ölkə” olan Azərbaycan özünün ərazi bütövlüyünü müdafiə edəndə, 1milyon qaçqın və məcburi köçkünlərin harayını dilə gətirəndə birdən-birə “anti- demokratik ölkə” olmuşdu.
Beləliklə də Barak Obama Nobel sülh mükafatı aldı. ABŞ isə Əfqanıstana əlavə 30 min nəfərlik qoşun göndərir. Həmid Kərzayi hökumətini yıxıb hakimiyyətə gəlmək istəyən Taliban dəstələri bombalanan zaman minlərlə dinc sakinlər, körpələr, qadınlar və qocalar məhv olacaq. Narkotrafik isə əvvəlki kimi çiçəklənəcək. Ona görə Əfqanıstandakı “sülhyaratma” prosesini də Obamanın Nobel aktivinə yazmaq lazımdır.
İraqda atom silahı istehsal edən zavodlar axtaran və bu zavodları tapmayan Buşun, dəyəri 100 milyardlarla ölçülən bomaları Bağdadın milyonlarla dinc sakinlərinin başına yağdırması və bu gün də İraqda terrorun və dini zəmində toqquşmaların tüğyan etməsi də Obamanın Nobel sülh mükafatına ləkə salır.
Nobel sülh mükafatı alan bəzi tarixi şəxsiyyətlərin adlarının və gördükləri işlərin açıqlanması Barak Obamanın Nobel mükafatının bir daha gülməli olduğunu sübut edir:
Teodor Ruzvelt-1906-cı ildə Nobel mükafatı alıb. Bir neçə sülh sazişlərinin, o cümlədən də Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin bağlanmasında vasitəçilik etmişdir.
Cimmi Karter-2002-ci ildə Nobel mükafatı alıb. İsraillə Misir arasında bağlanan Kemp-Devid müqaviləsinə görə.
Martti Axtisaari- 2008-ci ildə Nobel mükafatı alıb. 30 il müddətində bir neçə qitədə konfliktlərin həll edilməsi uğrunda apardığı mühüm səylərinə görə.
Siyahını uzatmaq da olar. Lakin bununla kifayətlənirəm. Bu yazımı və tarixdə ilk dəfə avans şəklində Nobel mükafatı almış Obamanın karikaturalarını Azərbaycanda nəşr olunan KİV-lərə göndərirəm. Bu karikaturaları mənə dünyanın böyük alimləri göndərib.
Amerika Prezidenti, Nobel mükafatı laureatı Barak Obamaya da arzu edirik:
Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü və 1 milyon qaçqının insan hüquqlarının təmin edilməsi prinsiplərinə əsasən həll edilməsinə yardımçı olsun.
Əfqanıstana əlavə qüvvələr göndərilməsin. ABŞ Əfqanıstandakı qoşunlarını da oradan çıxarsın. Əfqanlar özləri bir-biri ilə bir az vuruşandan sonra qalib tərəf ölkədə sabitliyi daha tez təmin edəck.
ABŞ qoşunları tez bir zamanda İraqdan çıxarılsın. ABŞ İraqdakı dağıntılara görə 100 milyardlarla təzminatı bu dəfə İraqın bərpa olunmasına versin. İraqlılar özləri bir-biri ilə ABŞ-sız daha tez anlaşa bilərlər.
Zənnimcə ABŞ bu işləri bir ilin içərisində həyata keçirə bilər. O zaman Obamanın Nobel sülh mükafatı da halal olar. Obamaya Nobel mükafatını avans verən Nobel Komitəsinin də, milyonların da arzusu yerinə yetər.



