
Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru,
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilməsini və müşavirədə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələnin müzakirəyə çıxarılmasını müsbət hal kimi dəyərləndirirəm.
Elmimiz inkişafımızın ən mühüm prioriteti olmalıdır. Dövlətimizin gələcək inkişafı elmimizin inkişafı ilə birbaşa bağlı olacaq. Ona görə də akademik Ramiz Mehdiyevin Azərbaycanda humanitar və ictimai elmlər sahəsində vəziyyəti obyektiv olaraq təhlil etməsi məni də bu yazını yazmağa vadar etdi. Əslində mənim yazıma akademik Ramiz Mehdiyevin çıxışına əlavə kimi də baxmaq olar. Yəni mən bu yazıda SCİmago Journal and Country Scientific Ranking saytının məlumatlarına istinad edərək dəqiq və humanitar elmlər sahəsində Azərbaycanın yerini göstərmişəm.
Dünyanın 233 ölkəsi arasında bütün elmlər üzrə Azərbaycan 86-cı yerdədir.
Fizika və astronomiya elmləri sahəsində Azərbaycan dünyanın 190 ölkəsi arasında 67-ci yerdədir.
Kimya elmi sahəsində Azərbaycan dünyanın 182 ölkəsi arasında 69-ci yerdədir.
Riyaziyyat elmi sahəsində Azərbaycan dünyanın 174 ölkəsi arasında 72-ci yerdədir. Yəni elmə ayrılan maliyyə vəsaitlərinin cüzi, elmin maddi texniki bazasının dağılması və əmək haqqlarının dözülməz həddə olduğu bir şəraitdə fizika, kimya, riyaziyyat elmləri sahəsində Azərbaycanın dünya elmindəki yeri heç də pis deyil və kafi qiymətləndirilə bilər.
Tibb elmi sahəsində Azərbaycan dünyanın 220 ölkəsi arasında 92-ci yerdədir. Yəni Azərbaycanın tibb elmi sahəsindəki vəziyyəti kafidən aşağıdır.
Farmakologiya, toksikologiya və farmasevtika sahəsində Azərbaycan dünyanın 185 ölkəsi arasında 126-cı yerdədir. Yəni göstərilən mühüm elmlər sahəsində Azərbaycanın yeri birbaşa qeyri-kafi qiymətləndirilməlidir.
Kənd təsərrüfatı və biologiya elmləri sahəsində Azərbaycan dünyanın 226 ölkəsi arasında 133-cü yerdədir. Bu yer qeyri-kafi qiymətləndirilməlidir.
İncəsənət və humanitar elmlər sahəsində Azərbaycan dünyanın 147 ölkəsi arasında 118-ci yerdədir. Bu yer qeyri-kafi qiymətləndirilməlidir.
Sosial elmlər sahəsində Azərbaycan dünyanın 204 ölkəsi arasında 161-ci yerdədir. Bu yer biabırçı dərəcədə qeyri-kafidir.
Sosiologiya və siyasi elmlər sahəsində Azərbaycan dünyanın 155 ölkəsi arasında 141-ci yerdədir. Bu yer də qeyri kafidir.
İqtisadiyyat və maliyyə elmləri sahəsində dünyanın 175 ölkəsi arasında Azərbaycanın adı yoxdur.
Hüquq elmi sahəsində dünyanın 139 ölkəsi arasında Azərbaycanın adı yoxdur.
Siyasi və beynəlxalq əlaqələrə aid elmlər sahəsində dünyanın 145 ölkəsi arasında Azərbaycanın adı yoxdur. Yəni Azərbaycanda iqtisadiyyat və maliyyə, hüquq elmi, siyasi və beynəlxalq əlaqələrə aid elm sahələrinə qiymət qoymaq mümkün deyil. Dünya elminin prizmasından baxanda Azərbaycanda bu sahələrə sıfır qiyməti qoyulmalıdır. Dövlət qulluğunda çox yüksək vəzifələrdə işləyən məmurların çoxu məhz bu sahələr üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər.
Hesab edirəm ki, Azərbaycan elminin yuxarıda sadaladığım elmlər siyahısındakı yeri akademik Ramiz Mehdiyevi daha da ciddi düşünməyə sövq edəcək.
Digər mühüm bir məsələni də qeyd etmək lazımdır ki, namizədlik və doktorluq dissertasiyalarının çoxu məhz Azərbaycanın dünya elmində yeri olmayan iqtisadiyyat və hüquq elmləri sahəsində müdafiə olunur. Parlamentimizdə məhz humanitar sahələrin və ya dünya elmində adımız olmayan sahələrin mütəxəssisləri üstünlük təşkil edir.
Hörmətli Ramiz müəllim idarəetmə sahəsinin bilicsi və akademikidir. Siyasi və elmi səviyyəsi olamayan deputatın və ya məmurun Ramiz Mehdiyevə hücumlar etməsi, Ramiz Mehdiyev haqqında hərzə və hədyan danışması gülüncdür.
Azərbaycan elminin savadsız və Biləcəridən o tərəfə tanınmayan akademik, Azərbaycan Parlamentinin savadsız deputat problemi var.
Parlamentdə çoban-çoluq, qoçu və quldur olmamalıdır.
Parlament intellektual səviyyəsi yüksək olan, təşəbbüskarlardan yaradılmalıdır.
Parlament analitik təfəkkürü olan, qanunları araşdırmağa və yaratmağa qadir olan kadrlardan ibarət olmalıdır.
Parlament siyasi mənsubiyyətindən və ya bitərəf olmasından asılı olmayaraq dövlətçiliyimizin qədrini bilən insanların məclisi olmalıdır.
Əminəm ki, akademik Ramiz Mehdiyev özünün gələcək çıxışlarından birini də parlament etikasına, parlamentarizm fəlsəfəsinə həsr edəcək. Buna dövlətimizin ehtiyacı var. Bunu bilsək v&;#601; bunu bilənləri qiymətləndirsək elmimiz də ölkəmiz də inkişaf edəcək.