İqtisadiyyatdan az-çox başı çıxan adamların hamısı 10 ildi deyirlər ki, büdcənin neftdən asılılığına son qoyulmalıdır. Hətta bu məqsədlə bir neçə vacib proqram da qəbul olunub. Amma aqrar sektorun inkişafı üçün ayrılan pul qəpik-quruşla ölçülür. Məzahir Pənahovun geniş və işıqlı kabinetdə əyləşməsi üçün 30 milyon manat xərcləyən hökumət aqrar sektorun inkişafı üçün bir ildə cəmi 80 milyon manat subsidiya ayırır. Bu vəsaitin təxminən yarısını isə bölgələrdəki acgöz məmurlar mənimsəyirlər.
Üç gün əvvəl yolum yenə Quba rayonuna düşmüşdü. Gənc bir fermerlə tanış oldum. Dedi ki, Bakı-Quba yolunun kənarında 1,5 hektar alma bağı var. Bir neçə ailə gözünü bu bağda becərilən məhsula dikib. İnsanlar dərdikləri məhsulu yeşiklərə yığıb, müştəri gözləyirlər. Beş-altı ailənin bir illik zəhmətinin bəhrəsi olan almalar isə yağışın altında çürüyür. Əli hər yerdən üzülmüş həmsöhbətim dedi ki, bir hektar bağdan təxminən 30 ton alma toplayırlar. Amma min bir əziyyətlə becərdikləri məhsulu sata bilmirlər. Gəlin, söhbətin davamını onun öz dilindən eşidək: "Yolun kənarında bir yeşik almanı güc-bəla ilə 6 manata satırıq. Bir yeşik 30 kiloqram meyvə tutur. Kilosu 20 qəpiyə alma olar? Yenə camaat insaflıdır. Xaçmaz Konserv Zavodu bir yeşik alma üçün 50 qəpik təklif edir. Almanın bir kiloqramı 2 qəpikdən də ucuz düşür. Bədbəxt fermer başına haranın daşını töksün? Belə getsə, gələn il alma ağaclarının hamısını kəsib, sobada yandıracağıq".
Problemin səbəbləri ilə maraqlananda məlum oldu ki, Qubada saxlama kameraları olmadığı üçün fermerlər çıxılmaz vəziyyətdə qalıblar. Deputat Vahid Əhmədov Milli Məclisin hər iclasında bu məsələni qaldırsa da, əlaqədar nazirliklərin rəhbərləri onun sözlərini qulaqardına vururlar. Yəni, isti kabinetlərdə mürgü vuran Şahin Mustafayevi və müavinlərini soyuq havada olmazın əzab-əziyyətə qatlaşan fermerlərin taleyi zərrə qədər maraqlandırmır.
Burda bir haşiyə çıxmaq istəyirəm. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs olunanda bəzi müxalifət fəalları dərhal onun müdafiəsinə qalxdılar. Bir dəfə yazmışam, yeri gəldiyi üçün yenə təkrarlamaq istəyirəm: bu cür iqtisadi inkişafın "mükafatı" elə həbsxana olmalıydı. Amma gərək Heydər Babayevi də Fərhad Əliyevin yanına göndərəydilər. Özlərini ağıllı iqtisadçı kimi göstərmək istəyən bu adamlar üst-üstə 10 ilə yaxın İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik ediblər. Azərbaycanda balaca uşaq da bilir ki, ölkənin şimal bölgəsi meyvəçilik üzrə ixtisaslaşıb. Amma 10 ilə yaxın nazir postu tutmuş bu adamların heç birinin ağlı kəsməyib ki, Qubada, Xaçmazda bir neçə saxlama kamerası tikdirsin. Bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycanda "iqtisadi tərəqqi" 2 qəpiklə ölçülür.
Vəziyyətdən çıxış yolu var: yerli fermerlərin Rusiyaya gedən yolunu açmaq lazımdır. Bunun üçün isə gömrük-keçid məntəqəsindəki rüşvətxorluq hallarını aradan qaldırmaq vacibdir. Şahin Mustafayev də bunu bilir. Amma problemi qaldırmağa cəsarəti çatmır.