Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Polad necə bərkiyir II Yazı

  Sayta qoyulub: 18:32 19.11.2009 (1074 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həyat ağır olsa da, bizim həyatımızdır.

R.O


II Yazı


Günlər keçdikcə ağrıları daha da şiddətlənən Ostrovski dostlarına yazdığı əksər məktublarda "satqın bədənin xəyanətləri" sözlərini işlədir. Raya əfsanəsi isə davam edir: "Baharda Nikolayın vəziyyəti daha da korlandı. Səhərlər onun şiş, didim-didim olmuş dodaqlarından bilərdik ki, bu, ağrıların izləridir. İndi biz nə edək? Onu hara müalicəyə göndərək? Maddi imkanlarımız son dərəcə məhdud idi. Nikolayın 35 manat 50 qəpik pensiyası və mənim maaşımdan ibarətdir. Bu da bizi çox qənaətlə dolanmağa məcbur edərdi". Buna baxmayaraq, dostların köməkliyi ilə Krasnodar yaxınlığında yerləşən sanatoriyalardan birinə putyovka tapılır. Raya işlədiyi üçün Ostrovskiylə sanatoriyaya gedə bilmir. Ostrovski sanatoriyaya anası və Rayanın bacısı Lölyayla gedir. Sanatoriya Krasnodardan 50 kilometr arasında yerləşir. Krasnodara qədər qatarla gedirlər. Orda Ostrovskini maşına uzadırlar. Rayanın bacısı Ostrovskinin başını, Olqa Osilovna isə ayaqlarını tutur. Ki, maşın atılıb-düşəndə xəstə əziyyət çəkməsin. Yolda Ostrovskinin vəziyyəti ağırlaşır. O, bir neçə dəfə huşunu itirir. Burda daha bir faktı qeyd etməliyəm. O zaman Rayanın bacısı Lölyanın iki yaşında oğlu vardı. Bunu sadəcə "ruslar xəstələnəndə adama baxmırlar" nağılı danışan tükəzbanların menyusunu zənginləşdirmək (dırnaqsız) üçün yazdım. Sanatoriyadan geri qayıdanda eyni hadisələr baş verir. Amma Raya müalicənin son günlərində sanatoriyaya gəlmişdi. O, Ostrovskiylə bir yerdə geri qayıdırdı: "Əzablarını heç olmasa bir qədər azaldımı deyə, bütün yolu Nikolayın başını əllərimlə tutdum. O, ağrıdan bir neçə dəfə huşunu itirdi. Arada özünə gələndə astadan dedi: - Məndən muğayat ol Rayacan, mən hələ çox iş görə bilərəm, məni tərk eləmə... Mən göz yaşlarımı saxlaya bilmədim".

Bir qədər günəş
Məşəqqətli günlər davam edir. Əlbəttə, bu yazıda Rayanın bütün xatirələrinə yer vermək çətindir. Həm də bir yazıda bütün xatirələri əlaqələndirmək mümkünsüzdür. Siz kitabı oxusanız daha yaxşı olardı. Hər şeydən əvvəl bu bir təqdimat yazısıdır. Ötən yazıda qeyd etmişdim. Bu Həcər, Nigar, Vəfa, Xədicə, Esmira söhbəti deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir... Məşəqqətli günlər davam edir. Ostrovskiyə cəbhə yoldaşları, komsomolçular yardım edirlər. Raya onlara yardım etmiş, cüzi yaxşılıq etmiş hər bir kəsin adını xatrilərində çəkir, onlara minnətdarlığını bildirir.
Xatirələrə qayıdaq: "Otağımıza heç bir vaxt günəş düşmürdü. Otağın pəncərəsi yoxdu, qapı isə tənəklərə bürünmüş eyvana açılırdı. Buna görə otaq qaranlıq, nəm və soyuq idi. Günəşli günlərin birində günəşi görmək istədik. Nikolayın təklifiylə onun çarpayısını qapıya tərəf çəkib, tənəkləri o yan - bu yana itələdim. Yatağa günəş düşdü. Nikolay sevinir, məni də ruhlandırırdı:
- Bir az da o tərəfə itələ, bir az da!
Bütün gücümü topladım, lakin ha əlləşib-vuruşdumsa tənəkləri bundan artıq kənara itələyə bilmədim. Gücüm çatmadı. Mən düşünürdüm ki, bu əhvalat yaddan çıxıb. Bir neçə il keçəndən sonra "Fırtınadan doğulmuşlar" romanında oxudum: "- Dədə, bir bura bax, günəş qonaq gəlib. Moşye çirkli döşəmədə əlləriylə oynaq, qızılı şüaları tuturdu.
- Dədə, sənə bir qədər günəş gətircəyəm"

Soyuq və yağışlı havalar başlayırdı. Otağı birtəhər qızdırmaq üçün mən çör-çöp, talaşa yığırdım. Lakin bunların istisi az olurdu. Nikolaya soyuq dəydi. O, sətəlcəm oldu.
Vəziyyəti ağırlaşan Ostrovskinin dadına yenə dostları çatır. Onu yenidən müalicəyə göndərirlər... Deyirlər, memuar nəyi yazmaq yox, nəyi yazmamaqdır. Başqası haqda xatirələr yazmaq isə daha çətindir. Raya bu çətin işi həqiqətən bacarıb. Çox gözəl təsvirlər var. Bu qadın Ostrovskinin özü qədər yazıçıdır. Cığallıq etmək istəmirəm... Nəsə. Lənət şeytana! Mövzudan kənara çıxmayaq:
- Bilirsən, Rayacan, çox istərdim ki, sanatoriyaya üstüaçıq minik maşınında gedim. Bəlkə dağları, dənizi görə bildim. Deyirlər, oraya gedən yol son dərəcə gözəldir...
Ostrovskinin xahişi yerinə yetirildi. Çox əziyyətlə Nikolaya yarıuzanmış vəziyyətdə yer düzəltdik. Özümü onun yanına verib daima göz qoyurdum ki, oturacaqdan sürüşməsin və ətrafı görə bilsin. Başıaçıqdı, külək qəşəng, dalğalı saçlarını yellədirdi. İndi lap pis görürdü, ətraf dumana bürünmüşdü. Axırki nəsə görə bilmişdi. Bu onun hələ nəsə görə bildiyi sonuncu səfəri idi.
Putyovka birnəfərlik idi. Raya sanatoriyada qalıb Ostrovskilə qulluq etmək üçün otaqları təmizləyib, digər xəstələrə baxmağa razı olur. Eyni vəziyyət Ostrovski klinikada yatanda da təkrarlanır. Bəzən klinikada gecələməyə icazə vermirdilər. Raya vağzalda gecələyirdi.
Pavel Korçaginə doğru
Roman yazmaq ideyası Ostrovskinin beynində qəfil yaranır. Cəbhə xatirlərini danışmağı sevən Ostrovski roman yazmaq fikrinə düşür. Raya həmin günü belə xatırlayır: "Aprel ayı idi, işdən qayıdarkən o, məni bu sözlərlə qarşıladı:
- Yır-yığışı tez qurtar! Yazdığım bir neçə səhifənin üzünü göçürəcəksən.
Düşündüm ki, söhbət dostlarına yazdığı məktublardan gedir. Bəhanə gətirdim, dedim vaxtım yoxdur. Həqiqətən də işim həddən artıqdır. 12 saat əvvəl evdən çıxmışdım.
- Yox, məktub deyil. Nə barədə yazacağımızı soruşma. Bircə xahişim var, bacardıqca sürətlə yaz.
Həmin gündən başlayaraq hər gün axşamlar işdən qayıdandan sonra, onun yazdıqlarının üzünü köçürərdim. Kağızımız yox idi. Fabrikdən gətirdiyim vərəqlərin arxa tərəfinə yazırdı. Hər gün işə getməzdən əvvəl Nikolaya karandaş hazırlayırdım. Stolu çarpayının yanına çəkirdim. Çarpayısının sağ tərəfinə kağız qoyardım. Ostrovski o vaxtlar hələ azca görürdü. Yoldaşları ona tərəf əyildikləri zaman üzlərini sezə bilirdi. Arxası üstə, hərəkətsiz uzanırdı. Qarasına necə gəldi yazırdı. Hər axşam yazılmış bir neçə vərəq görürdüm. Hər səhər yanına təmiz vərəqlər qoyurdum. Necə gəldi yazırdı. Sətir sətirin, hərf hərfin, söz sözün üstünə düşürdü. Yazdıqlarını başa düşmək çətindir. Bir müddət belə işlədik. Sonra qolu ağrımağa başladı və yaza bilmədi. Axşamlar işdən qayıtdığım zaman o diqtə edir, mən yazırdım. Kağız tapmağa çətinlik çəkirdik. Dostlarımızdan xahiş edirdik ki, bizə kağız göndərsinlər. İşlədiyim fabrikdə 14X25 santimetr ölçüsündə kağız kəsikləri qalırdı. Mən həmin kağızları götürməyə icazə aldım. Direktor yəqin ömrü boyu bilmədi ki, təzə yazmağa başlayan Ostrovskiyə onun nə kimi xidmətləri olmuşdur. Həmin kağız kəsiklərindən biz bloknotlar düzəldirdik. O, fədakarcasına işləyirdi. Bəzən bu və ya digər dialoqu daha yaxşı hiss eləmək üçün səsini, ahəngini dəyişərək sürətlərdən hər birinin əvəzinə danışırdı".

Ostrovski həmin günləri qəhrəmanı Pavel Korçaginin dilindən belə yazır: "Əgər mən kədər, romantika, sentimentallıq kimi insan haqqı olan hisslərdən birini lap azacıq yaxına buraxsaydım hər şey faciəylə bitəcəkdi". Yalnız dəhşətli dərəcədə mübarizə hissi, sona qədər vuruşmaq prinsipi Ostrovskini yazmağa məcbur edirdi. Ostrovski "Polad necə bərkidi" romanında yazır: "Hər şeyi gözəl xatırladığım halda yazdıqlarım niyə belə solğun alınır? Bəlkə də ona görə ki, mən başqa yazıçılar kimi öz yazdıqlarımı görə bilmirəm".

Balaca Nikolay

Ostrovski sürtlə diqtə edir, işdən yorğun gələn Raya onun dediklərini fabrikdən gətirdiyi kağızlara yazırdı. Rayanın qardaşı Volodya da yaradıcılıq prosesinə qoşulur. Raya çox yorğun olduğu günlərdə Ostrovskinin dediklərini Volodya kağıza köçürür. Daha bir köməkçi tapılır. Qonşuluqda yaşayan Qalya adlı qız Ostrovskiyə kömək edir. Romanın dörd fəslini Qalya yazır. Qonşuluqda yaşayan balaca uşaq, Nikolay Ostrovskiyə konfet gətirir. Raya həmin anları belə xatırlayır: "Ostrovski balaca dostuna maraqlı əhvalatlar danışardı, Nikolka isə həyətdə, küçədə baş verən hadisələri nəql edərdi. Balaca ovcunda bir-birinə yapışmış konfetləri gətirib, Kolya dayısını qonaq edərdi.
- Bunu özüm sənə almışam! Anam mənə beş qəpik vermişdi, gedib sənə aldım.
Ostrovski balaca dostuna çox öyrəşir. Hər axşam onun gəlişini gözləyir. Balaca Nikolay bir gün xəstələnir və ölür. Onun ölümü Ostrovskiyə çox ağır təsir edir. Raya yazır: "Axşam saat beş idi. Ostrovski diqtə eləməyə başladı. Çox sürətlə və dəqiq diqtə edirdi. Sürətlə yazmağıma baxmayaraq, söz selinin ardınca zorla çatırdım. Yorulmuşdum. Barmaqlarım qıc olmuşdu. Nəhayət Nikolay dilləndi:
- Hə bəsdir, Rayacan. Əhsən, bizə. Bu gün zor işlədik. Saat neçədir?
- Dörd
- Neçə səhifə oldu?
- Qırx yeddi.
- Bu rekorddur. Su ver, içim, sonra get uzan.

Nəticə
Raya Ostrovskinin vəziyyətini belə təsvir edir: "Ostrovskinin otağına ilk dəfə gələn adamlar onu görüb məəttəl qalırdılar. Bu adam doqquz ildi arxası üstə uzanırdı. O arıq və sapsarıydı, əzablı xəstəliklərdən qupquru olmuşdu. Səhərlər öskürəndə sinəsindən qan gəlirdi".
Ostrovski özü isə zarafatla özünə "sıfır dərəcəli əlil" adı vermişdi. Qələbə isə yaxında idi. Mübarizənin hər zaman nəticəsi var. Elə bu anda Trotskinin gözəl bir sözünü tirajlamağın yeri var: "Biz mütləq qələbə çalacayıq və biz qələbə sevincini yaşadığımız anlarda, bədbinlər bir vaxtlar bədbin olduqları üçün xəcalət çəkəcəklər".
Raya yazır: "Əlbəttə, bizim heç birimiz təsəvvür etməzdik "Polad necə bərkidi" romanının taleyi necə olacaq, düşünməzdik ki, kitab milyon-milyon tirajla nəşr olunacaq. O vaxt biz buna heç inanmazdıq. Kitablar əlüstü satılırdı. Kitabxanalarda aylarla növbə gözləyirdilər. Məktublar Ostrovskinin üstünə sel kimi gəlirdi, kitab göndərməyi xahiş edirdilər".

Ağır söhbət

1936-cı il dekabrın 22-də axşam saat 19:50 dəqiqədə "adamsız yaşaya bilməyən, həmişə yanında adam olmasını istəyən" Ostrovski vəfat etdi. Düşünürəm, görəsən, Rayanın yerinə Rəna, Rübabə, Rüxsarə, Ramilə, Vəfa, Esmira, Nigar, Xədicə, Bahar, Həcər olsaydı Ostrovskinin taleyi necə olardı? "Polad necə bərkidi" romanın yaza bilərdimi? Yəqin ki, Rayanın yerinə Esmira, Nigar, Vəfa, Rəna, Rübabə və digər "R"lər olsaydı Ostrovskini dərhal "Mərhəmət sorağında" verilişinə çıxarıb, diləndirərdilər...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829