Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Polad necə bərkiyir

  Sayta qoyulub: 16:44 13.11.2009 (1237 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat dözülməz olanda da yaşamağı bacar.

Nikolay Ostrovski

Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç "Leyli və Məcnun" söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı. Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. "Polad necə bərkidi" romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində "Polad necə bərkidi" romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi. Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm...

Görüş


1926-cı ildə Ostrovskinin anası öz köhnə rəfiqəsinə qəribə məktub yazır: "Oğlum Kolya Krım sanatoriyalarının birində müalicə olunur və müalicədən sonra həkimlər məsləhət görüblər ki, müalicənin nəticələrini möhkəmləndirmək üçün bir neçə ay cənubda yaşamalıdır". O vaxt Rayanın iyirmi yaşı vardı. Ostrovskinin anası məktubu Rayanın anasına yazmışdı. Onların anaları rəfiqə idilər. Çox keçmir ki, Rayagilin ailəsi ikinci məktubu Kolyanın özündən alır. O, hətta zərfə öz şəklini də qoymuşdu. Beləcə, Ostrovski cənuba gələrək anasının köhnə rəfiqəsinin ailəsində, yəni Rayanın yaşadığı evdə yaşamağa başlayır. Raya evdə qəfil peyda olmuş bu yad adamdan utanır. Görüşdən qaçır. Ona yovuşa bilmir. Ostrovski haqqında xatirələrində yazır: "Hamı süfrə başında əyləşmişdi. Mən gözə görünmədən öz otağıma keçməyə çalışdım. Lakin bacım məni dəhlizdə qarşılayıb zorla mətbəxə itələdi. Anam samovara baxırdı. Sifətinin ifadəsindən anlayırdım ki, hərəkətimdən son dərəcə narazıdır. Özümə yer tapa bilməyərək ayağa durdum və bilmədən sarı pişiyin quyruğunu tapdaladım. Pişik bərkdən çığırdı. Hamı qəh-qəhə çəkdi, gərginlik sovuşdu".
Ostrovski həmin günlər evə başqa hava gətirmişdi. O, sanatoriya yoldaşları haqqında əhvalatları, döyüş xatirələrini süfrə arxasında ailənin üzvlərinə danışır: "Köhnə əsgərlər arasında belə bir əhvalat var. Əgər cəbhədə üç adam papirosunu bir kibrit çöpündən yandırarsa, papirosunu üçüncü yandıranı mütləq öldürəcəklər. Cəbhədə isə biz kibrit sarıdan korluq çəkirdik. Mən əsgərlərə düşər-düşməzin boş şey olduğunu sübut etmək üçün döyüşdən lap azca qabaq bir neçə dəfə papirosumu üçüncü yandırmışdım".
Ostrovski bütün günü oxuyur. Komsomolun iclaslarında iştirak edir. Rayaya öz cəbhə xatirələrini danışır. Ağrıları isə yavaş-yavaş şiddətlənməyə başlayır. Gecələrin birində Ostrovski Rayanın əllərindən tutaraq "kim bilir, bəlkə mən fiziki cəhətdən tamamilə bərbad hala düşəcəyəm",- deyərək, ona dostluğunu, məhəbbətini təklif edir. Bu səhnə "Polad necə bərkidi" əsərində yazılıb. Ostrovski Pavel Korçagin obrazı ilə onun həyatını eyniləşdirənlərə etiraz edirdi. O, hətta romanın Pavel Korçagin adlanmasını istəyən redaktorlara da müqavimət göstərmişdi: "Bu, tək mənim yox, yüz minlərlə komsomolçunun həyatıdır. Biz komsomol bileti ilə bir yerdə tüfəng və iki yüz patron alırdıq. Əlbəttə, mən Pavel Korçagin obrazına bir az da öz həyatımdan əlavə etmişəm".
Ostrovskinin ağrıları get-gedə şiddətlənirdi. Oktyabr inqilabının doqquzuncu ildönümü münasibətilə şəhərdə parad təşkil olunur. Çətinliklə yeriyən Ostrovskini parada Raya faytonda gətirir. Komsomolçular oxuya-oxuya meydandan keçəndə Ostrovski Rayaya deyir: "Oxuyan həyatın özüdür. Hələ başı kəsilməmiş, nə qədər burjuy var".

Həyatın dibi

Əlbəttə, bir qələm adamının "baş kəsmək" söhbəti oxuculara qəribə gələ bilər. Ədəbiyyat bütün hallarda sevgini, mərhəməti, humanizmi təbliq etməlidir. İnsanların hər zaman təsəlliyə ehtiyacı var. Amma baxır təsəllini kimin dilindən eşidirsən. Oxucuların xahişi ilə Milan Kunderanın gözəl bir sözünü təkrar yazıram: "Kantın dilindən hətta "sabahınız xeyir" sözləri belə fəlsəfi səslənir". Əgər biz Ostrovskinin uşaqlıq illərinə səyahət etsək, onun "hələ başı kəsilməmiş nə qədər burjuy var",- sözlərinə haqqa qazandıra bilərik.
Raya Ostrovskinin uşaqlığını onun anası Olqa Osipovnanın xatirələri əsasında yazıb: "Olqa Osipovna keçmişləri xatırlayaraq, keçmişlərdən heç də yüngül olmayan bu gününü bir müddət unudurdu. Bu xatirələr məni naməlum keçmişə apararaq, sevdiyim bir insanın həyat səhifələrini mənimçün açırdı".
Ostrovski uşaqlıqda dəmiryol stansiyasında yerləşən bufetdə işləyib. Balaca bir uşaq həm odun doğramalı, həm bufeti təmizləməli, həm qazanları yumalı, həm də böyük samovarı daima qaynanmış vəziyyətdə saxlamalı idi. Üstəlik, bufetin sahibi ürəyi istədiyi zaman tutub onu istənilən bəhanəylə döyə bilərdi: "Zirzəmi pəncərəsindən görünən çirkli ayaqlar kimi, həyatı həmişə dibindən görmüşəm. Gözlərim qabağında ölən adamların sayı-hesabı yoxdur. Bu bufet uşağı insanı alçaldan çox dəhşətli mənzərələr görüb". Ostrovski uşaqlıq çağında stansiya bufetində gündə 12-15 saat işləyirdi. Buna baxmayaraq, yenə də kitab oxuyurdu. Stansiyadan keçən qatarların sərnişinlərindən, əsgərlərdən kitablar, jurnallar istəyərdi. Beləliklə, Ostrovski anasının dediyinə görə, evin çardağında özünə təxminən iki yüz kitabdan və jurnaldan ibarət kitabxana düzəltmişdi...

Bir daha baş kəsmək söhbətinə qayıdaq. Əlbəttə, iki böyük qruluşu müdrikcəsinə tarixin arxivinə göndərmiş bir toplum üçün "hələ başı kəsilməmiş nə qədər burjuy var",- sözləri qəribə görünə bilər. Orda isə qardaş qardaşın, ata oğulun başın kəsirdi. Ostrovski Şoloxova yazdığı məktubda "Sakit Don" əsərinin müəllifindən kazak romantikasına son qoymağı, əsərdə bütün ağvardiyaçıları, burjua tör-töküntülərini qırmağı xahiş edirdi. Təsəvvür edin. Lütfən, diqqətlə oxuyun. Bir yazıçı digər yazıçıya məktub yazaraq ondan romantikaya son qoymağı və əsərdə bütün ağvardiyaçıları qırmağı xahiş edir. Bu söhbətləri başa düşmək iki qruluşu müdrikcəsinə tarixin arxivinə göndərməyi bacarmış toplum üçün çətindir. Biz hələ ideya səviyyəsinə çatmamışıq. Ona görə sovet dövründə elmi ateizmdən dərs deyənlər müstəqillik dövründə hacı, məşədi oldular. Orxan Eypin təbirincə desəm, bizdə ideya davası olmayıb. Biz hələ də xeyir və şər səviyyəsində qalmışıq. Bu mənada Ostrovski "hələ başı kəsilməmiş nə qədər burjuy var",- deyəndə tam haqlı idi. Ostrovskinin sözləri Azərbaycan dilinə təxminən belə tərcümə oluna bilər: "Hələ nə qədər toyumuz var, qocalmışam demə ana".
Ana demişkən, Ostrovski əsgərlərdən, sərnişənlərdən aldığı kitablardan anasına hekayələr oxuyurmuş. Hekayətlərin birində avara bir qraf öz nökərinin burnuna çırtma vururmuş, bekarçılıqdan nökəri döyüb, onunla məzələnirmiş. Nökər isə yaltaqcasına gülümsəyərmiş. Ostrovski hekayənin sonunu olduğu kimi oxumur. Özündən sonluq quraşdırır. Guya bir gün hər şeydən bezən nökər qrafı möhkəm əzişdirir. Anası şübhələnir. Kitabı alıb baxanda görür ki, hekayənin sonu tam başqa cür yazılıb. Ostrovski sonralar bu hadisəni xatırlayanda deyir: "Mən hələ uşaqlıqdan qrafa cavab verən nökər arzulayırdım".

Ağrılar

Ostrovski "Polad necə bərkidi" romanında qəhrəmanı Pavel Korçaginin dilindən yazır: "Pavel qış fəslini məcburən sevməməyə başlamışdı. Çünki soyuqlar düşəndə ağrıları şiddətlənirdi". Özünün dediyi kimi, satqın bədənin xəyanətləri başlamışdı. Sonralar o tez-tez deyəcəkdi: "Ürəyimdən və beynimdən başqa bütün orqanlarım mənə xəyanət etdi". Ostrovski yataq xəstəsinə çevrilir. Və əsl Raya əfsanəsi başlayır. Raya xatirlərində yazır: "Axşamlar ona ağır olurdu. Uzun müddət bir vəziyyətdə uzanmaqdan bədənində ağrılar artırdı. Özü çevrilə bilmirdi. İş günündən sonra mən bərk yatdığıma və məni oyatmaq çətin olduğuna görə, Nikolayın təklifilə qoluma ip bağlayıb, o biri ucunu onun yanına qoydum. Ona lazım olanda ipi dartıb məni oyadırdı".
Ağrılara baxmayaraq, Ostrovski yenə də kitab oxuyur. O, xüsusən Qorkini çox sevirdi. Mübarizə aparmağı, yaşamağı isə Ostrovski "Ovod" əsərindən öyrənmişdi. "Ovod" əsəri bütün ömrü boyu Ostrovskinin dözüm, yaşamaq, mübarizə aparmaq məktəbi və mənbəyi olur. Ostrovski Mayakovskini də çox sevirdi. Lakin Mayakovskinin intiharı Ostrovskiyə həddindən artıq pis təsir edir. Uzun müddət Mayakovskini bağışlaya bilmir. Hər halda onu müayinə edən həkimə bu sözləri deyən adam Mayakovskinin intiharını çətin anlaya bilərdi: "Siz elə bilirsiniz biz günəşin istisini hiss eləmirdik, ya həyat bizə gözəl görünmürdü, yaxud cəbhədə başımız ora-bura qaçmağa qarışdığı və tufanlı döyüşlərdə həyacan keçirdiyimiz zaman gözəl qızlara məhəl qoymurduq? Həyat bizi səsləyirdi. Biz həyatın gözəlliyini bəlkə də hamıdan çox hiss edirdik, lakin qəti bilirdik ki, indi əsas məsələ sinfi düşməni məhv etmək və inqilabı qorumaq, onun keşiyində durmaqdır".
Ostrovski bütün günü beli üstə uzanmış vəziyyətdə kitab oxuyur. Bu zaman satqın bədənin daha bir orqanı Ostrovskiyə xəyanət edir. 1920-ci ildə döyüşdə yaralandığı sağ gözü şişməyə başlayır. İltihab sol gözünə də keçir. O, daha kitab da oxuya bilmir. Raya öz xatirələrində yazır: "Ostrovski çarpayısının yanındakı stolun üstünə yığılmış kitablara qəmli-qəmli baxırdı. Gözlərinin ağrısı bircə dəqiqə olsa da kəsmirdi. Bütün gününü pəncərələri bağlı otaqda keçirirdi. Çünki işıqda gözləri daha bərk ağrıyırdı. Həyat Ostrovskini yenə də sınaq qarşısında qoymuşdu. Elə bu vaxt gənclər ona köməyə gəldilər. Komsomolçular ona ucadan kitab, qəzet oxuyurdular".
(ardı var)

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829