İğdırlılar Türkiyə-Ermənistan sərhəddinin açılmasına etiraz edirlərBakı-Naxçıvan reysi ilə uçan təyyarə axırıncı dəfə dövrə vurub, aeroportun geniş meydançasına enəndə ilıq aprel günəşi sıra ilə düzülmüş dağların arxasından oğrun-oğrun boylanırdı. "Lider" televiziyasının əslən Naxçavandan olan müxbiri Aqşin Kamal qısa arayış verdi: "Naxçıvanla İğdırın havası eynidir. İndi sərhəd kəndləri yaşıllığa bürünüb, ağaclar çiçək açıb. İnsanı valeh edən bu mənzərələri iki-üç saat sonra öz gözlərimizlə görəcəyik".
İğdır - azərbaycanlıların şəhəri "İğdır-turizm"in qıvraq sürücüsü cəmi üç saat sonra bizi mənzil başına çatdırdı. İğdırda axırıncı dəfə 1998-ci ildə olmuşdum. Bu şəhər öz çirkin görkəmi ilə həmişə məndə mənfi təəssürat oyadıb. Buna görə də tələbəlik illərində yolum İğdıra tez-tez düşsə də, heç vaxt bu şəhərdə gecələməmişəm. Amma ötən 11 ildə İğdırın görkəmi xeyli dəyişib. Səfər əsnasında azərbaycanlı jurnalistləri müşayiət edən "Güvən" qəzetinin sahibi İsmayıl Araz bu dəyişikliyi belə izah etdi: "Nurəddin Araz 1999-cu ildə İğdırın bələdiyyə başqanı seçiləndən sonra şəhərimizin üzünə gün doğdu. Ötən 10 ildə İğdırda neçə-neçə böyük binalar, parklar, istirahət mərkəzləri inşa olunub. İndi İğdır bölgənin ən gözəl şəhərlərindən biridir".
İğdırın 184 min əhalisi var. Bunların 76 mini şəhərdə, qalanları isə kəndlərdə yaşayır. Şəhər əhalisinin yarısından çoxu azərbaycanlılardır. Sabiq bələdiyyə başqanı Nurəddin Araz Bakıdan gedən jurnalistlərlə söhbət zamanı dedi: "Mən, 1999-cu ildə bələdiyyə başqanı seçiləndə İğdırda cəmi 10 min azərbaycanlı seçici vardı. Amma indi təkcə şəhərdə səsvermə hüququna malik olan azərbaycanlıların sayı 27 mini ötüb".
İğdırda böyük ticarət mərkəzləri, səhiyyə və təhsil ocaqları fəaliyyət göstərir. Şəhərin mərkəzində salınmış Heydər Əliyev parkı İğdırın ən gözəl istirahət məkanlarından biri sayılır. İğdır valiliyinin və bələdiyyə binasının yaxınlığında yerləşdiyi üçün parkdakı səliqə-səhmana, təmizliyə xüsusi diqqət yetirilir. Buna görə də yaz və yay aylarında iğdırlılar istirahət etmək üçün daha çox Heydər Əliyev parkına üz tuturlar. İğdırda həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adını daşıyan bulvar da var. İğdır bələdiyyəsinin əməkdaşları bu istirahət məkanında da vaxtaşırı abadlıq işləri aparırlar.
Azərbaycanlıların böyük səhvi İğdırlılar siyasi proseslərlə yaxından maraqlanırlar. Türkiyədə fəaliyyət göstərən bütün aparıcı partiyaların bu şəhərdə yerli təşkilatları var. Sonuncu bələdiyyə seçkilərində başqan postunu tutmaq uğrunda 9 nəfər mübarizə aparıb. Namizədlərin 8-i azərbaycanlı, biri isə kürd əsilli olub. Əsas mübarizə AKP-nin namizədi Nurəddin Araz, MHP təmsilçisi Əkbər Yaşıl və DTP fəalı Mehmet Nuri Günəş arasında gedib. Azərbaycanlı seçicilərin səsinin Nurəddin Arazla Əkbər Yaşılın arasında bölünməsi DTP namizədinin qalib gəlməsi ilə nəticələnib. Mehmet Nuri Günəş səsvermədə iştirak edən 32 min 648 seçicinin cəmi 12 min 941-nin səsini alaraq, İğdırın yeni bələdiyyə başqanı olub. Amma PKK-ya simpatiyası ilə tanınan DTP təmsilçisinin bələdiyyə başqanı seçilməsi iğdırlıları qorxutmur. Bizimlə söhbət zamanı Türkiyənin demokratik, hüquqi dövlət olduğunu deyən sadə insanlar separatizm meyllərinə qarşı əzmlə mübarizə aparacaqlarını dedilər.
Yerli qəzetlər pulsuz paylanır Cəmi 76 min əhalisi olan şəhərdə 10 gündəlik qəzet işıq üzü görür. Bu qəzetlərin heç biri yerli hakimiyyət orqanlarına bağlı deyil. Buna baxmayaraq, 3 qəzeti dövlət maliyyələşdirir. "Güvən" qəzetinin sahibi İsmayıl Araz deyir ki, ayda 7-8 dəfə rəsmi elanları dərc edirlər. Bu elanların həcmi təxminən yarım səhifə olur. Bunun müqabilində isə hər ay dövlət büdcəsindən redaksiyaya 7-8 min dollar vəsait ayrılır. Müsahibimiz deyir ki, bu vəsait qəzetin bir aylıq xərcini ödəməyə bəs edir. Buna görə də onlar öz qəzetlərini pulsuz paylayırlar. Amma dövlət hər qəzetə maliyyə dəstəyi vermir. Maliyyə vəsaiti almaq istəyən qəzet ən azı 18 ay işıq üzü görməli, üstəlik, işçilərlə əmək müqaviləsi bağlamalıdır. İğdırda işıq üzü görən digər 7 qəzet bu tələblərə əml etmədikləri üçün onlar maliyyə dəstəyi ala bilmirlər.
"Qapını dosta açarlar" İğdırın 20-yə yaxın kəndi Ermənistanla həmsərhəddir. Bu kəndlərin ən böyüyü Zülfüqar, Göyçəli, Orta Əlican, Bayraqtutan, Nəcəfli və Kadıqışlaq kəndləridir. ABŞ prezidenti Barak Obamanın, Avropa Birliyinin, eləcə də Ermənistan hakimiyyətinin ciddi-cəhdlə açılmasını tələb etdiyi sərhəd qapısı Orta Əlican kəndində yerləşir. Sərhəddin o üzündəki erməni kədinin adı isə Markaradır. Bu kəndi İrəvanla cəmi 6-7 kilometrlik məsafə ayırır. Orta Əlicanda 40 ev var. Əhalinin sayı 250 nəfərdir. Orta əlicanlılar əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Kəndlilərə məxsus torpaq sahələri az olduğu üçün əhali kasıb yaşayır. Orta Əlicanda dəbdəbəli, xüsusi zövqlə tikilmiş bircə evə də rast gəlmədik. Digər sərhəd kəndlərində olduğu kimi, Orta Əlicanda da insanlar maddi cəhətdən korluq çəkir. Buna baxmayaraq, heç kim sərhəd qapılarının açılmasını istəmir. Həmsöhbət olduğum kənd sakinləri tez-tez deyirdilər: "Ermənilərdən gələn xeyiri Allah kəssin!"
Turqut Bağrıyarıq sürücüdür, çörəyini alnının təri ilə qazanır. Turqut bəy Ermənistanla sərhədlərin açılmasına qəti şəkildə etiraz edir. Deyir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməsələr, onlarla heç bir ticarət əlaqəsi qurula bilməz: "Azərbaycanda, Bakıda olmuşam. Ermənilərin Xocalıda, Qarabağın işğal altında olan kəndlərində törətdikləri vəhşiliklərdən xəbərim var. Türkün qanına susayan bu adamlara xoş üz göstərsək, şəhidlərimizin ruhu bizi bağışlamaz".
Kənd ağsaqqalı Səlahəddin Un da sərhəd qapısının açılmasını istəmir. Səlahəddin kişi deyir ki, İğdırın Ermənistanla sərhəddə yerləşən kəndlərində əsasən ötən əsrin əvvəllərində Qərbi Azərbaycandan qovulmuş insanların nəvə-nəticələri yaşayır: "Ata-babalarımız dünyadan yurd həsrəti, torpaq niskili ilə köçdülər. Onlar dünyalarını dəyişdikləri günə kimi ermənilərin zavallı insanların başına açdıqları müsibətlərdən danışdılar. Bizim bu zülmü unutmağa haqqımız yoxdur". Müsahibimiz deyir ki, hətta Dağlıq Qarabağ problemi həll olunandan sonra da Ermənistanla sərhədləri açmaq olmaz. Səlahəddin Un mətbuat vasitəsilə ermənilərə mesaj göndərməyi də unutmadı: "Erməni, qızdırma məni, əzərəm səni".
Kənd sakini Nihat Dəniz isə konkret danışdı: "Qapını dosta açarlar. Ermənilər isə bizim düşmənimizdir. Düşmən qapımızdan içəri keçə bilməz".
İş adımı Əsgər Çeçen də sərhədlərin açılmasını istəmir. Əsgər bəy deyir ki, sərhədlər açılacağı təqdirdə türkiyəli biznesmenlərin hansısa mənfəət əldə edəcəklərini düşünmür: "Ermənistan Türkiyə iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilməz. Sərhədlərin açılması ermənilər üçün "oksigen balışı" olardı. Onlara bu şansı verməməliyik. Bizi pul deyil, milli qürurumuz düşündürür. Ermənilər "soyqırım" iddiasından vaz keçməsələr, ən əsası isə işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməsələr, sərhədləri açmaq olmaz".
"Qəhr olsun ermənilər!" Azərbaycanlı jurnalistlər Orta Əlican kəndində fəaliyyət göstərən ibtidai məktəbdə də oldular. Bu sətirlərin müəllifi məktəblilər qarşısında çıxış edərək, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verdi. Bəndənizin çıxışını məktəblilərin bir ağızdan söylədikləri bu şüar müşayiət etdi: "Qəhr olsun ermənilər!"
İğdırın Ermənistanla sərhəddə yerləşən Göyçəli, Zülfüqar kəndlərində də olduq. Araz sahilində yerləşən bu kəndlərin əhalisi də Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmir. Kənd sakinləri deyirlər ki, Azərbaycanla Türkiyə çəkici eyni zindana vurmalı, eyni mövqedən çıxış etməlidirlər. Sadə insanlar arasında rəsmi Ankaranın yürütdüyü siyasətdən narazı qalanların sayı sürətlə artır. Müxtəlif adamların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: "İlham Əliyev təkcə Şimali Azərbaycanda deyil, dünyada yaşayan bütün azərbaycanlıların lideridir. Buna görə də iğdırlılar da Azərbaycan xalqının narahatlığını bölüşür".
Seymur VERDİZADƏ Bakı-İğdır-Bakı