Təxminən 3 il əvvəl biznes sektorundan əmək və əhalinin sosial müdafiəsi naziri postuna gətirilən Füzuli Ələkbərov özünü təsdiqləmək üçün imkanlar arayır. Nazir son 6 ayda fəallığı daha da artırıb. Doğrudur, bir müddət əvvəl paytaxtın Murtuza Muxtarov küçəsində inşa olunan 16 mərtəbəli bina uçanda da F.Ələkbərov belə bir cəhdə bulunmuşdu. Amma həmin vaxt ölkənin ən güclü məmuru sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qarşısında duruş gətirə bilmədi. O, hətta tikinti şirkətlərinin təhlükəsizlik qaydalarına əməl etməsinə də nail olmağı bacarmadı. K.Heydərov "fövqəlnazir" statusunu təsadüfən qazanmadığını sübut etdi. Amma ötən müddət ərzində mövqelərini möhkəmləndirən F.Ələkbərov yenidən yarımçıq qalmış planlarının icrasına start başlayıb.
F.Ələkbərov rəhbərlik etdiyi nazirliyin tabeliyindəki yerli qurumlarda yoxlamalara başlamaqla həm vaxtilə Əli Nağıyevin təyin etdiyi bəzi məmurları işdən kənarlaşdırdı, həm də bəzi rayonların icra başçılarına müəyyən iddialarının olduğunu xatırlatdı. Ötən ilin sonlarında Şamaxı, Laçın, Suraxanı və digər rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılan yoxlamalar da belə düşünməyə əsas verir. Yoxlamalar zamanı bir neçə icra başçısı nazirə güc göstərib, prosesi dayandırmaq istəsə də, F.Ələkbərov onlarla hesablaşmadı. Çünki nazir bu yoxlamalarla icra başçılarını özü ilə hesablaşmağa məcbur etmək və hakimiyyət dairələrində özü barədə "işləyən nazir" imici formalaşdırmağa çalışır. Hətta onun baş nazir olmaq uğrunda mübarizəyə qoşulduğu da bildirilir.
Bu barədə "Reytinq"ə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı verib. Onun sözlərinə görə, biznesmen-nazir həddən artıq iddialı şəxsdir: "O, kollegiya iclaslarında da bunu gizlətmir. Bəzən biznesdəki uğurlarını prinsipiallığı və iddialı olması ilə əlaqələndirib, dövlət işində də belə olacağını bəyan edir. Açığı, onun nazirlik sistemində elə bir ciddi uğuru yoxdur. Ən yaddaqalan addımı isə Ünvanlı Sosial Yardımla bağlı olub ki, onun da tətbiqi zamanı yol verilən korrupsiya faktları uğurlu təqdimata imkan vermir. Başqa sözlə, cənab Ələkbərovun idarəetmə sistemi Əli Nağıyevin idarəetmə sistemindən elə də fərqlənmir. O da sələfi kimi şəxsiyyətinə pərəstiş edilməsini tələb etməklə yanaşı, xoşuna gəlməyənləri sıxışdırmaq və işdən azad etməkdən sanki həzz alır. Hələlik qarşısına "kötük dığırlanmadığından" özünü rahat və iddialı hiss edir. Hətta ətrafındakılar, daha dəqiqi, nazirliyin mərkəzi aparatında çalışan biznesdəki sadiq adamları Füzuli Ələkbərovun yaxınlarda Azərbaycanın baş naziri olacağını da söyləməkdən çəkinmirlər. Görünür, o, baş nazir olmaq arzusu ilə yaşayır ki, ətrafı da bunu dilə gətirir. Hətta iddia edirlər ki, baş nazir olmaq istəyən bəzi şəxslərin şansları azalır. Onlar bu postu tutmağa ən iddialı namizəd sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətindəki problemlərlə əlaqədar tez-tez Almaniyaya müalicəyə getdiyini dilə gətirərək, Füzuli Ələkbərovu daha şanslı fiqur sayırlar".
Üç illik fəaliyyətinin bir hissəsini nazirliyin aparatındakı və rayon şöbələrindəki nağıyevçiləri "vurmağa" həsr edən Ələkbərovun indi-indi rahat nəfəs aldığını deyən müsahibimizin sözlərinə görə, son 6 ay ərzində rayonlarda yoxlamalara start verən nazir, bu yolla həm rəsmi, həm də qeyri-rəsmi qaydada külli miqdarda kapital toplamaq şansı qazanıb: "Nazirin tapşırığı ilə atılan bu addımlar ona həm də şəxsi zəmində uğur gətirir. Yəni yoxlama nəticəsində üzə çıxan nöqsanları "yüngülləşdirmək" səbəbkarlara asan başa gəlmir. Aşkarlanan mənimsəmələrin bir hissəsi ilə bağlı aktlar tərtib edilir və nəticədə dövlət büdcəsinə əlavə vəsait daxil olur. Füzuli Ələkbərov da bu faktı özünün təbliğat predmetinə çevirir. Amma "pərdənin arxasında" görülən işlərdən danışmır. Ara-sıra yoxlamaları aparan komissiyaların bir neçə üzvünü cəzalandırmaqla özünü gələcək təhlükələrdən sığortalamağa çalışır. Nazir rəqiblərinin əlinə hər hansı kompromat verməmək üçün gözdən "pərdə asmağı" da unutmur. Bir sözlə, getdikcə "püxtələşən" Ələkbərov sürətlə digər həmkarlarını ötməyə çalışır".
Məlumatlarda o da qeyd olunur ki, F.Ələkbərovun tapşırığı ilə paytaxtda, ölkənin şimal bölgəsində və köçkün rayonlarında aparılan yoxlamalar başa çatdıqdan sonra ƏƏSMN əməkdaşları Qərb rayonlarını da təftiş edəcəklər: "Hələlik Füzuli Ələkbərov Dövlət Əmək Müfəttişliyini önə verir. Müfəttişlik yaxın günlərdə Qərb bölgəsində fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət müəssisələrində yoxlamalara başlayacaq. Bu yoxlama bitər-bitməz həmin bölgələrdə fəaliyyət göstərən sosial müdafiə və məşğulluq mərkəzləri "nişangah"a çevriləcəklər. Bundan kimin nə qədər qazanclı çıxıb-çıxmayacağını indidən demək çətindir. Amma şübhəsiz ki, buna cəhdlər olacaq".
"Reytinq".