Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Taleh Şahsuvarlı : Hacı İlqar niyə pisikdi?

  Sayta qoyulub: 19:06 09.11.2009 (695 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim işimiz gerçəkdən ağırdır. Bir tərəfdə söz və ifadə azadlığını axıracan həzm etməyən hakimiyyətlə üz-göz olur, rejimin çağdaş dünya ilə ayaqlaşmayan idarəçilik üsullarını tənqid edirik; o biri yanda güvəndiyimiz dağlara qar yağır- əlimiz xalqdan da, Qərbdən də get-gedə üzülür. Əgər bir ölkədə falçıların sayı siyasətçilərdən, mollaların cəmi yazarlardan artıqdırsa, "meşə qardaşları" sayaq dinçi terror qruplaşmanın üzvləri kəmiyyətcə ən yaxşı təşkilatlanmış QHT-dəki könüllüləri üstələyirsə, "Dağıstan möcüzəsi"nə inananların sayı sonuncu nömrəsi təzəcə çapdan çıxmış "Xəzər" dünya ədəbiyyatı jurnalının tirajından (500 nüsxə) min dəfələrlə çoxdursa, üstəlik, beynəlxalq təşkilatlar da bir-bir aradan çıxırlarsa, deməli, bizim işimiz lap ağırlaşacaq.
Azadlıq uğrunda üsyana qalxan, işğalçılığa, coğrafiyanın böyük mədəniyyətini kor qoyan səhra mənşəli kabusa qarşı çıxan, "mən" mərkəzli xürrəmlik, insanın kosmosla uyumunu sağlayan odsevərlik, alt qatlarında qədim Romanın vətəndaşlıq kültürü yatan xristianlıq kimi yerli, yaxud qılınc gücünə yayılmamış gəlmə inancları Azərbaycana qara bayraqlarla soxulan yarıquldar, yarıquldurlardan qoruyan Babəkin xilafət paytaxtında doğranmasından bəri submissiyaya dönmüş AYDINLIĞın daşıyıcısı olanlar "qara azar"dan daha təhlükəli bir epidamayanı - qaragüruhçuluğu Azərbaycanın canından çıxarda bilmirlər. Bu dünyada "donuz qripi"nin də, xərcəng xəstəliyinin də, başqa mərəzlərin də təhəri tapılacaq. Təhərsiz olan Mirzə Ələkbərə yüz il bundan öncə "harda görsəm qorxuram",- dedizdirən müsəlmanların və günümüzdə Bin Laden əxiylə daha vahiməli hala düşən, düşüb də sıraları getdikcə genişlənən - belə getsə, Hollivudda öpüşmə səhnələrinə çəkilməyə aktrisa tapılmayacaq - müsəlmanlardan "sadəcə biri"nin Hacı İlqar İbrahimoğlunun işidir.
Həzərat, izn verin, əvvəl-əvvəl müsəlmanların işini müxtəsər deyim, sonra keçim Hacı İlqarın işinə - çünki, nədənki və hamısı zəmanədənki onun işi qalan cümleyi-müsəlmanların işindən daha qəlizdir; zira, onun özü də öz işini lap qəlizə salıbdır və bizim də işimiz lap əngələ düşübdür. And olsun Mirzə Fətəli Axundovun "Kamalüddövlə məktubları"nda adı çəkilən behişt əhlinin ən xırdasının pak əxlaqına ki, onun, yəni Hacı İlqarın kamali-dərrakəsi (pis göz Əbu-Bəkr məscidindəki qumbara kimi partlasın) "Molla Nəsrəddin" jurnalındakı tamam saqqalına həna yaxanların (heç biri qıl körpüsündən Mirzə Cəlilin qabağınca keçməz, inşallah) elmi-ürfanından çoxdur (bir əsgər qumqumasından Steynar Gilin hər gün nuş elədiyi mey badəsinin tutumu qədər), lakin az deyil. Yerdə qalan mətləblərdən hali olmaq şərəfini Allah-Təala sevimli qulları olaraq sizlərdən əsirgəməyib, yəni Sizin özünüzü də bilvasitə yox, bilavasitə işin içinə salıb. Amma yenə də qulluğunuza mən ərz edim ki, bu üləma ki var, - yəni həm ilahiyyatçıdır, həm də filosofdur, fəqət həm də filosof olmaq həm də ilahiyyatçı olmamaq deməkdir - təhsil alıb İranın Qum şəhərində. O şəhərdəki ora bir az ayrı cür yerdir, müxtəsər desək, "ilahiyyatçı-folosoflar" yetişdirən digər müsəlman şəhərləri təki əlləm-qəlləmdir. O əlləm-qəlləm yerdən qayıdandan bəri əhdinə-ilqarına düz İbrahimoğlu hər cümə axşamı əlinə qələm alıb mənim kimi xudavəndi-aləmin hidayətini əskik elədiyini şallaqlıq bəndələrinə və Steynar Gilin elçiliyini yapdığını Qərb dünyasında edilən min türlü elmi kəşflərin min dörd yüz il gecikməsinə qəşş edən cəmi möminlərə palaz-palaz moizələr yazır.
Bəli, müsəlmanların işi çətindir və müsəlmanların işinin çətin olduğunu özünüz məndən qat-qat yaxşı bilirsiniz: çünki, nədənki, hamısı zəmanədən ki, kosmonavt Amstronqun qulağına ayda azan səsi gəldiyini özünüz eşitmişcəsinə danışmısınız hamınız mənə. Kosmonavt, əlbəttə, müsəlman deyildi və mən xəyalat edirəm ki, müsəlman olsaydı, göyün birinci qatına yox, elə birdəfəlik yeddinci qatına uçar,- həmd olsun Allah-Təalaya ki, müsəlmanlara daha bərk getmək qüdrəti veribdir - bizim əsgərlikdən rus qızı gətirən qabaqkı cavanlarımız kimi, cənnətdən qayıdanbaş bir huri də qoltuqlayardı. Biz də yığışıb başına ağıl qoyaydıq ki, gərək heç geri gəlməzdin, oturardın behiştdə hovuzun qırağında, yelləncəkdə yellənən huriləri bir-bir salaydın yatağına- amma sən neylədin? Gəlib kələfi dolaşdırdın, ümmətin arasına nifaq saldın: indi heç kim bilmir aşura günü zəncir vurub, baş yarıb, yaxud saqqalını aylarla qırxmayıb, şalvarını qarış-qarış gödəldib cənnətə düşmək yaxşıdır, yoxsa kosmonavt olub göyə uçmaq?
Bəli, müsəlmanların işi ona görə çətindir ki, Amstronq ayda azan səsini eşitdiyini, hətta İslamı qəbul etdiyini heç yerdə demədiyi halda, ümmət o azanın sünni, yoxsa şiə məzhəbinin üsuluna uyğun verilib-verilmədiyini dartışdığı vaxt insan ayağının yerin təbii peykinə dəyməsi bəşəriyyətə yeni rabitə və informasiya texnologiyaları qazandırır. Həmin ümmət isə onunla rahatlıq tapır ki, pəs, bizim dinimiz qarşısında elm acizdir. Amma müsəlmanlar qarşısında aciz olan təkcə elm yox, həm də ədəbiyyatdır və etiraf edirəm ki, www.deyerler.org <http://www.deyerler.org>saytından oxuduğum bu xəbəri yazan möminənin ruh halını təsvir etməyə acizəm:
"Tolstoyun sözün əsl mənasında İslamı öyrənmək istədiyi və bu məqsədlə II Əbdülhəmid Xan dövründə İstanbula məktub yazdığı bir həqiqətdir. Fəqət ona cavab verilməyib və belə olan halda bir dahinin müsəlmanların cərgəsində öz yerini tutmağına mane olunmuşdur".
Görəsən, möminə heç düşünübmü ki, Tolstoy kimi ədiblər nədən müsəlmanlar arasından çıxmır? Səbəb nədir ki, müsəlmanlar yetişdirdiyi ədiblərlə, rəssamlarla, bəstəkarlarla yox, cərgələrindən çıxmayan dahilərin min il yarımın başında Hacı İlqarlar, Hacı Qamətlər, Hacı Əbdüllər ərsəyə gətirən dinlə maraqlanmasından sevincəyə düşür? "Molla Nəsrəddin" jurnalının saqqalı hənalı qəhrəmanlarının törəmələri fərqindədirlərmi ki, azanın səsgücləndirici vasitəsi ilə verilməsində israr etməklə özlərini necə gülməli vəziyyətdə qoyurlar? Nədən "əsri səadət"dəki kimi müəzzinin səsgücləndiricisiz, barmaqlarını qulaqlarının iki deşiyinə soxaraq azan verməsinə könlünüz razı olmur? Texnika inkişaf edib? Bunun Sizə nə dəxli?! Məgər elektrik, mikrafon, səsgücləndirici ərəb şeyxlərinin hərəmxanasında kəşf edilib? Düzünü deyin, haradan əmr gözləyirsiniz ki, o səsgücləndiricilərlə "Koroğlu" uverturasını birdəfəlik susdurmağa qalxasınız?
Mənim Allaha dua edən, peyğəmbərə salavat çevirən, dara düşəndə on iki imama and içən, əli hər yerdən üzüləndə pirə gedən sadə vətəndaşlarla işim yox - inanclarına sayğı duyaram. Onlar üç rəngli bayrağımızın yaşıl rəngidir. Fərd çapında və ənənə halında olan inanclara hörmətlə yanaşmaq hər kəsin borcudur. Amma bizim də öz dünyəvi baxışlarımızı yaymağa, Mirzə Fətəlinin, Mirzə Cəlilin, Mirzə Sabirin, Üzeyir bəyin öz obrazları - xəsis hacılar, şarlatan kərbalayilər, pedofil məşədilərlə çırpışa-çırpışa ölkəyə gətirdiyi Qərb mədəniyyətinin keşiyində durmağa haqqımız var.
Yetirəm Hacı İlqara və çatan kimi ona sadə bir sual verirəm: "Dövlət dindar İbrahimoğlu ilə dünyəvi Şahsuvarlının fəaliyyətini necə uzlaşdırmalıdır ki, onlardan heç birinin hüququ pozulmasın?"
Hacı İlqar bu suala Facebookda cavab verə bilmədi və pisikərək siyahımdan çıxdı. Qaragüruhçu ünsürləri hər yerdə pisikdirmək lazımdır və elə ona görədə mən, Hacı İlqara təklif etdiyim "ictimai müqavilə"ni xalqa əyan edirəm:
Cənab ilahiyyatçı-filosof, əgər Sizdə Steynar Gildə olan şüurdan bircə misqal varsa bilməlisiniz ki:
Dini baxımdan Sizin üçün ilahi dəvəti insanlara çatdıran, ÇAĞIRIŞ olan azan, mənim dünyəvi təsəvvürümcə, incəsənət nöqtəyi-nəzərindən heç bir məzmunu olmayan mənasız avaz, ÇIĞIRIŞ ola bilər və elə belədir də. Bu cür fərqli düşünmək və düşündüklərimizi ifadə etmək bizim hüququmuzdur. Elə həmin hüquqa - əsasında irqindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq bütün insanların hürr və bərabər olduğu ilkəsi dayanan, hər bir insanın azadlığını toxunulmaz sayan bəşəri normalara əsasən biz DÖVLƏT adlanan institutu qurmaq üçün ictimai müqavilə bağlamışıq. Gəlin, o müqaviləni "beyin həmləsi" olaraq şəxsən bağlayaq.
Sizi mənəvi rahatlığa səsləyən bir SƏS (Sizin "Çağırış", mənim "çığırış" kimi qəbul etdiyim, amma SƏS olduğunda razılaşdığımız) məni əsəbləşdirir və rahatlığımı pozur. Əgər Siz buna son qoymasanız, yəni bu səslə məni hər gün evimdə, iş yerimdə, istirahət etdiyim parkda, getdiyim yolda və s. narahat etsəniz mən azan verilən vaxt gətirib Sizin məscidin yaxınlığına daha artıq səs gücləndirmək imkanına malik cihaz qoyar və "KOROĞLU" UVERTURASINA SƏS VERƏRƏM. Bu isə bizim aramızda qana gətirib çıxardar ki, əslində, nə Sizin tapındığınız dinin, nə də mənim heyranı olduğum mədəniyyətin MƏQSƏDİ VƏ FƏLSƏFƏSİ BU DEYİL.
Ona görə bir məsələdə mütləq razılaşmalıyıq ki, Sizin O SƏSİ çıxartmaq, mənim isə eşitmək istəməmək hüququm var, necə mənim istədiyim səsi çıxartmaq və Sizin onu eşitmək istəməmək hüququnuz var.
Bunu nəzərə alaraq Sizə təklif edirəm:
SİZ İLAHİ MESAJ SAYDIĞINIZ SƏSİ ÇIXARIN, AMMA ELƏ ÇIXARIN Kİ, EŞİTMƏK İSTƏMƏDİYİM HALDA MƏNİM QULAĞIMA ÇATMASIN.
Hüquq və ictimai mədəniyyət (Şəxsən Sizdə olduğuna inanmasam da) tələb edir ki, SİZ HƏMİN SƏSİ O HƏDDƏ ÇIXARASINIZ Kİ, MƏSCİDİN MÜLKİYYƏTİNDƏ OLAN ƏRAZİDƏN KƏNARDA EŞİDİLMƏSİN.
Əgər eşidərəmsə, icmanı məhkəməyə verə və hürr olaraq seçdiyim həyat tərzinə basqı yaratdığı, mənə mənəvi-psixoloji rahatsızlıq verdiyi üçün təzminat tələb edə bilərəm.
Əgər fikir verirsinizsə, biz öz "ictimai müqavilə"mizin tənzimləyicisi kimi ÜÇÜNCÜ TƏRƏFƏ - MƏHKƏMƏYƏ EHTİYAC DUYURUQ.
Dövlətin - bizim 1991-ci ildə müstəqillik qazanarkən bağladığımız "ictimai müqavilə" ilə yaratdığımız institutun borcu məhz budur ki, vətəndaş münasibətlərini elə tənzimləsin ki, onlar konfliktə girməsinlər və məhkəmələrə mümkün qədər az müraciət etsinlər.
Odur ki, sırğa elə as qulağından:
1) Dövlət azana qadağan qoya bilməz və qoymayıb;
2) Dövlət insanların texniki vasitələrdən istifadə edərək öz fikirlərini yaymağı və ritullarını yerinə yetirməyi də qadağan edə bilməz və cənab Hidayət Orucovun açıqlamasından anladığım qədər etməyib;
3) DÖVLƏT AZAN SƏSİNİN MƏSCİDLƏRİN MÜLKİYYƏTİNDƏ OLAN ƏRAZİLƏRİNDƏN KƏNARA YAYILMAMASINI TƏLƏB EDİB.
4) AZƏRBAYCANDA MƏSCİDLƏRİN MÜLKİYYƏTİNDƏ OLAN TORPAQ SAHƏLƏRİNİN BÖYÜK OLMADIĞINI VƏ İNSANIN TƏBİİ SƏSİNİN BELƏ MƏSCİD ƏRAZİSİNDƏN KƏNARA ÇIXDIĞINI NƏZƏRƏ ALANDA DÖVLƏTİN SƏSGÜCLƏNDİRİCİ APARATLARLA AZAN VERİLMƏMƏSİ TƏLƏBİ QANUNİDİR.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Taleh Şahsuvarlı bölümünün son 20 xəbəri:



#Taleh Şahsuvarlı bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031