Türkiyədə əslən Azərbaycandan olan bir şair var, üstəlik, qardaş ölkənin adı it dəftərində olmayan hansısa qəzetinin köşə yazarıdır. Ara-sıra Bakıya da gəlib-gedir, Anar müəllimin dostu və qardaşıdır. Görüşəndə öpüşüb qucaqlaşırlar. Bir-birlərinin şəninə söylədikləri sağlıqları yığsan, Siyavuş Novruzovdan ağır gələr. Sizi çox intizarda saxlamayacam, adını bəlkə siz də eşitmisiniz, söhbət Yavuz Bülənd Bakilər deyə birindən gedir.
Təsadüfən internetdə avaralanarkən həmin bu Bakilərin ustad şair Nazim Hikmət haqqında iyrənc bir yazısını oxudum. Ürəyim bulandı. Görün həddini bilməz adam nə yazır: "Nazım Hikmet "Memet'e Son Mektubumdur" şiirinde diyor ki: Müşküldür
Babasız büyütmek erkek evladı
Ananı üzme oğlum
Ben güldürmedim yüzünü
Sen güldür
Anan
Anaların en iyisi, en akıllısı
Yüzyıl yaşar inşallah"
Münevver Hanım, çok iyi bir anaydı ama, anaların en akıllısı değildi. Çünkü Nazım'ın evvela çok kötü bir insan, kötünün kötüsü bir koca, çok kötü bir baba, çok kötü bir vatandaş olduğunu anlayamamıştı".
Bəli, bəli, bu üzqarası soydaşımız yazıb bunu. Həm də yaşından, başından utanmayaraq yazıb. Nazim Hikməti "kötünün kötüsü qoca", qoca - yəni ər adlandıran birindən soruşmaq lazımdır: bunu sən hardan bilirsən? Nazimlə yatan Münəvvər xanımmı olub, yoxsa sənmi olmusan? Bir insanın bütün ömrü təlatümlərdə, mübarizələrdə keçmiş böyük bir şəxsiyyət haqqında, həm də o artıq həyatda olmadığı bir halda belə iyrənc düşünməsinə ad vermək çətindir. Əslində çətin də deyil, amma nəzərə almaq lazımdır ki, bu yazını azyaşlılar da oxuya bilər.
Sonradan öyrənirəm ki, özünü dəhşətli dərəcədə millətçi, vətənpərvər göstərməyə çalışan Bakilər cənablarının Nazim Hikmətə sevgisi patoloji imiş, üstəlik, yuxarıda oxuduğunuz parça onun Nazim haqqında yazdıqlarının içində, allah qoymasa, ən abırlısı, ən toyagedəni imiş. Nə isə. Yel qayadan nə aparar? Bir Yavuz Bülənd yox, min Yavuz Bülənd gəlsin, Nazimin böyüklüyündən zərrəcə əskiltmək iqtidarında deyil. Ona görə də Türkiyədə yaşayan o üzqarası azərbaycanlının boşboğazlıqlarına əhəmiyyət vermədən keçmək lazımdır. Heç mən də əhəmiyyət verməzdim. Amma... Amma yuxarıda da xatırlatdığım kimi, Yavuz Bülənd Bakilər cənabları bizim Anar müəllimin dostu və qardaşıdır, obrazlı desək, "bir millət, iki dövlət"dirlər. Anar müəllimsə az qala hər yazısında, hər çıxışında Nazim Hikmətə sevgisindən, sayğısından bəhs edir. Nazimi Türkiyə vətəndaşlığına qaytaranda Ərdoğana təşəkkür məktubu belə, göndərmişdi. Hətta eşitmişəm, Nazim haqqında roman da yazır. İndi mən Anar müəllimdən soruşuram: cənab Rzayev, sən hansında səmimisən - Nazimə sevgində, yoxsa hər fürsətdə böyük ustadı alçaltmağa çalışan biri ilə dostluğunda, qardaşlığında? Bir dəfə də yazmışdım ki, Anarın Nazimə məhəbbəti səmimi ola bilməz, çünki Nazim həyatını mübarizələrə, Anarsa məddahlığa həsr etmiş biridir. Mübarizəni sevməyənlərin mübarizə adamına sevgisi necə səmimi ola bilər, allah eşqinə, biri durub mənə anlatsın. Ümumiyyətlə, bu Anarda niyə hər şey belə uğursuz alınır, ilahi? Ədəbiyyat da, məmurluq da, hətta sevgi də?