Qəzet səhifələrində onun şəklini görəndə, ürəyimin başı göynədi. Əlində "Atama azadlıq" sözləri yazılmış plakat tutan Naib altıncı sinif şagirdidir. O, bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun quldurları tərəfindən vəhşicəsinə döyüldükdən sonra həbs olunan atası Mehman Əmirquliyevə azadlıq tələb edir. Zavallı Naib elə bilir ki, özünə zülm etməklə atası barədə çıxarılmış ədalətsiz məhkəmə hökmünü ləğv etdirə biləcək.
Yəqin ki, diqqətli oxucularımız Mehman Əmirquliyevin həyat hekayəsi ilə tanışdırlar. Mehman "qara qızıl"ın ağ günə çıxarmadığı sıravi azərbaycanlılardan biridir. Bir neçə ay əvvəl Nəqliyyat Nazirliyinin müfəttişləri Dəvəçi rayonu ərazisində Mehman Əmirquliyevin idarə etdiyi maşını saxlatdıraraq, ona ağır bədən xəsarəti yetiriblər. Mən, Mehmanın Ziya Məmmədovun harınlamış müfəttişləri tərəfindən necə amansızcasına döyüldüyünə dair video-görüntüləri bir neçə dəfə seyr etmişəm. Əminliklə deyə bilərəm ki, Mehman Azərbaycan xalqının qanına susamış ən qəddar ermənilərin əlinə düşsəydi, ona elə bu qədər pislik edərdilər.
Mehmanı qanına qəltan edən müfəttişlər indi azadlıqda gəzirlər. Ziya Məmmədovun adı, "kölgəsi" bu adamları həbsdən xilas edib. Mehmanın isə kölgəsinə sığınacağı heç bir ad, titul yoxdur. Hazırda Dəvəçi rayon Məhkəməsində Mehman Əmirquliyevlə bağlı CM-nin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsilə proses gedir. Qardaşının verdiyi məlumata görə, Mehmanın səhhəti ağırdır, onun qolunda çürümə gedir.
Ziya Məmmədov balaca Naibin qayğısız uşaqlıq illərini əlindən alıb. Həmyaşıdlarından fərqli olaraq, Naib indi ölümlə çarpışır. O, ictimai diqqəti atasının probleminə yönəltmək üçün bu dünyanın bütün naz-nemətindən imtina edib. Heç şübhəsiz ki, bir neçə gün ac qalması Naibin səhhətinə öz "damğa"sını vuracaq. Amma Naibin aldığı mənəvi zərbə daha ağır olacaq. Təəssüf ki, balaca Naibin öz həmvətənlərilə bağlı qənaəti atasını həbs etdirən Ziya Məmmədov və onun amansız müfəttişlərinin timsalında formalaşacaq.
Naib bu vətənin gələcəyidir. Onu ölümün pəncəsinə atan adamlar bir neçə il sonra Naibə çağırış vərəqəsi göndərəcəklər. 18 yaşı tamam olanda əksər həmyaşıdları kimi Naib də vətəni qorumağa gedəcək. Bu ölkədə vətəni qorumaq ancaq yetim-yesirin alnına yazıldığı üçün Naibin hamıdan əvvəl ordu sıralarına çağırılacağına mənim zərrə qədər də şübhəm yoxdur. Naib onu ölümlə baş-başa qoyan vətən üçün ölməyə gedəcək. Hansı ki, bu vətən zavallı Naibin üzünü hələ bir dəfə güldürməyib...
Mehman Əmirquliyev övladlarını boya-başa çatdırmaq üçün gecə-gündüz çalışırdı. Amma Ziya Məmmədovun quldurları onun hər axşam evinə bir tikə çörək aparmasına da imkan vermədilər. Mən, məhkəmənin Mehmanla bağlı ədalətli hökm çıxaracağına inanmıram. Çünki bu ölkədə qanunlar ancaq varlı, imkanlı adamlara xidmət edir.
Naibin yeganə arzusunu - heç bir günahı olmadığı halda həbs edilən atasının azadlığa çıxmasını təmin etmək üçün elliklə mübarizə aparmalıyıq. Nəyin bahasına olursa-olsun, Naibi və ailəsini Ziya Məmmədovun müfəttişlərinin şərindən xilas etməliyik. Çünki sabah bu vətəni Ziya Məmmədovun nəvələri deyil, Naib və onun kimi taleyinə yoxsulluq yazılmış uşaqlar qoruyacaq...