HEKAYƏ
Bu əhvalat Muğanın Araz boyu kəndlərindən birində baş verib: deyilənlərə görə, Möhöbbət Cəmiləni çox, lap çox – Məcnun Leylini, Kərəm Əslini, nə bilim, Romeo Cülyettanı, Tristan İzoldanı sevən kimi sevirdi, onun yolunda hər şeyə, ölümə belə hazırdı. Ən böyük arzusu da el adətiylə toy eləyib Cəmiləni gərdəyə gətirmək, üç öpüb, bir dişləyib şad-xürrəm yaşamaq, oğul-uşaq sahibi olmaqdı. Ancaq ata-anası bu izdivaca kəs başımı razı deyildi: «Bircə o gəzənti Sürəyyanın qızını ocağımızın başına çıxarmağımız qalmışdı, – Möhöbbətin tatar qızı olan anası deyirdi, – ondan bizə gəlin olmaz, mənim aldığım qızın gərək yeddi arxa dönəni halal süd əmmiş olsun, adına bircə nalayiq söz deyilməsin, mən belə bir şeyə dünyada razı olmaram». Ancaq Möhöbbət də öz eşqindən, dəli kimi sevdiyi Cəmiləsindən elə-belə, asanlıqla əl çəkəsi deyildi; qıza olan məhəbbəti onu elə çıldırtmışdı ki, «ya onu alacam, ya da özümü də, onu da öldürəcəm» – deyirdi.
O vaxtlar televiziyaya buraxılmayan, haqq-ədalət zəfər çalandan sonra isə xalq artisti adına layiq görülən Ağadadaş Ağayevin cavanlar arasında əl-əl gəzən kassetində oxuduğu «ay məni bəyənib sevməyən gözəl, məndən yaxşısını sevəydin barı» misralarını dinləyib göz yaşı tökən tay-tuşlarından fərqli olaraq Möhöbbətin bəxti gətirmişdi. Çünki Cəmilə də onu sevirdi, sevirdi deyəndə ki, bəlkə də sevdiyini zənn edirdi. Yəni məsələ beləydi ki, Möhöbbətin Cəmiləni sevməsi barədə kənddə xəbər yayıldığından başqa birisinin onu istəmə ehtimalı ya yox idi, ya da olduqca aşağıydı. Çünki Möhöbbət onu da, həmin adamı da tikə-tikə doğrayardı. Bir də ki, kənddə hər qızın istəyəni də yox idi, qızların çoxu sevgili, ər üzünə həsrət qalıb ömürlərini ata evində alağa, pambığa getməklə çürüdürdülər. Ona görə də Möhöbbət kimi bir oğlanın onu sevməsi, buna görə hətta ata-anasının üzünə ağ olması Cəmilə üçün əsil qürur mənbəyiydi.
Möhöbbət tez-tez sevgi məktubları yazıb tay-tuşları vasitəsilə Cəmiləyə göndərir, Cəmilə də ona cavab yazırdı. O, əyri-üyrü xətti ilə şagird dəftərinə yazdığı beş-altı cümləlik savadsız mətnlərdə sevgi və nəvaziş dolu, «əttökən» sözlərdən qətiyyən istifadə etməzdi. Məktublar təxminən belə olurdu: «Cəmilə, dədəmnən anam göy yaylağa çıxsalar da, səni alacam. Elçiliyə gəlməyə razı olmasalar, səni qaçırdacam. O gəzəyən ananın böyrünə düşüb ora-bura getməyi də yığışdır, yoxsa qıçlarını qıraram». Müti və avam, Möhöbbəti yerin-göyün Allahı sayan Cəmilənin cavabı da, təbii ki, adekvat olurdu: «Möhü, qurban olum, özünü çox əsəbiləşdirmə, vallah, sən nə desən mən razıyam, sənin icazən olmasa, heç yerə getmərəm və s.» Əslində Cəmilə çox arzulayırdı ki, məktublarında hind filmlərindən eşitdiyi sevgi-məhəbbət dolu cümlələri təkrarlasın, və ya Əlibala Hacızadənin romanlarından oxuyub əzbərlədiyi şeirlərdən istifadə etsin, ancaq bundan sıxılır, utanırdı. «Yaşatsan – yaşaram, yaşatmasan – yox, İnan ki, ölərəm – «öl» desən mənə, Gözümdən qanlı yaş axıdan zaman – İnan ki, gülərəm «gül» desən mənə.» – Necə də təsirli sözlərdir, ilahi!
* * *
Nə isə, Möhöbbət dediyindən dönmədi, necə demişdisə, eləcə də elədi və günlərin birində ata-anasına məhəl qoymayıb qızı qaçırtdı. Valideynlərindən fərqli olaraq el-oba, kənd camaatı Möhöbbətlə Cəmiləni başa düşdü, onların halına yandı, onlara qucaq açdı. Müvəqqəti sığınacaq üçün kimin qapısına getdilərsə, anlayış və mərhəmətlə qarşılandılar və beləcə, dörd ay qohum-əqrəbanın, dost-tanışın evində qaldılar. Bu müddət ərzində qonum-qonşu, kəndin ağsaqqal-ağbirçəkləri Möhöbbətin valideynlərinə minnətçi düşüb cavanları bağışlamalarını xahiş etsələr də, xeyri olmadı. Ta o vaxta qədər ki, kənddə Cəmilənin hamilə olmasıyla bağlı söz-söhbət yayıldı. Bu xəbər Möhöbbətin anasının ürəyini bir qədər yumşaltdı və o, oğluyla gəlninə evə gəlmələrinə icazə verdi. Daha doğrusu, «boylu gəlinin orda-burda qalması eldən ayıbdır» – deyib, oğluna ismarış göndərdi ki, arvadını da götürüb evə gəlsin. Ancaq gəlin evə ayaq basandan ona göz verib, işıq vermədi; qayğıya, köməyə ehtiyacı olan hamilə qadına evin ən ağır işlərini gördürdü, bir qarın ac, bir qarın tox saxladı. Nəticəsi də bu oldu ki, Cəmilənin vaxtından qabaq dünyaya gətirdiyi oğlan uşağı üç gündən sonra tələf oldu və ertəsi gün Simuzər arvad Cəmiləyə qapını göstərdi: «mənə belə gəlin lazım deyil, – oğluna isə – apar bunu at dədəsinin xarabasına, bundan sənə arvad olan deyil» – dedi. Ancaq Cəmiləylə birlikdə evdən çıxan Möhöbbət onun «dədəsinin xarabasına» gedə bilməzdi, əvvəla qızı qaçırtdığı üçün barışıq olmadan qız evinin qapısından girmək el içində ayıb sayılırdı, ikincisi də, Möhöbbət Cəmiləni sevsə də, qayınanası haqqında gəzən söz-söhbət ona xroniki xəstəlik kimi əzab verirdi. «Kənddə ananın adına pis söz deyilir, dədən biqeyrət də heç bir şey olmamış kimi onu saxlayır, mən belə adamlarla qohumluq edə bilmərəm, sən də onlarla əlaqəni üzməlisən», – Möhöbbət gənc arvadına deyirdi. Cəmilə isə qorxusundan ağzını açıb bir kəlmə danışmasa da, gizlicə anasıyla görüşür, onun gətirdiyi pay-püşü qəbul edir, ərini aldadaraq qonşuların gətirdiyini söyləyirdi. Vay o gündən ki, Möhöbbət bundan xəbər tutaydı, elə həmin dəqiqə gənc arvadını qonşunun evindəcə (anası onları qovandan sonra qonşuya pənah aparmışdılar) kötəkləyir, gətirilən pay-püşü, xırda cer-cehizi hara gəldi tolazlayır, daşa-divara çırpırdı.
* * *
Bir gün evinə sığındığı qonşu Mahmud kişi Möhöbbəti həyətindəki yüz yaşlı çəkil ağacının altına çəkib ordan-burdan söhbət etdi, xeyli öyüd-nəsihət verəndən sonra sözünün mustafasını dedi:
– Oğul, mənim canım da, malım da, ev-eşiyim də sizə qurbandır. İstədiyin qədər qala bilərsən. Ancaq atalar el-elə sığar, ev-evə sığmaz deyiblər. Həm də ki, sənin də öz yurd-yuvan, ev-eşiyin olmalıdır. Bilirsən ki, rəhmətlik Minə arvad öz yurdunu bizim Həmdullaya vəsiyyət eləyib, ancaq Həmdulla Bakıda işləyir, hökumət ona orda ev də verib, odur ki, bir də çətin ki, kəndə qayıda. O yurd da elə beləcə boş qalasıdır. Mən o yurdun yarısını verirəm sənə, elə bizdə qala-qala orada özünə bir dam qaralt, bizim uşaqlar da sənə kömək edəcəklər.
– Çox sağ ol, Mahmud dayı, bəs Həmdulla buna nə deyər? – Möhöbbət dedi və qeyri-ixtiyari Minə nənəni, bir vaxtlar Həmdullayla birlikdə rəhmətlik arvadla məzələnmək üçün onu tələffüz edə bilməyəcəyi çətin sözləri təkrarlamağa məcbur etdiklərini xatırladı: «Nənə, de «avtokran». Ancaq az aşın duzu olmayan nənə də onlarla məzələnirdi: «Altagirən?».
– Həmdulladan narahat olma, bu fikri elə o özü mənim ağlıma salıb, – Mahmud kişi onun narahatlığına son qoydu.
Möhöbbət qonşu uşaqlarını, dost-aşnanı başına yığıb kərpic kəsdi, qısa zamanda bir daxma tikib, üstünü qarğı-qamışla örtdü, palçıqla suvadı. Yay olduğundan qapı-pəncərəsinə xaşa çəkib, torpaq döşəməsinə də qonşuların verdiyi palaz-kilimi, yorğan-döşəyi sərib ora köçdü. Bir müddət beləcə, çətinlik içində yaşadılar. Zirək və diribaş Möhöbbət atasının əlinə baxıb az-maz öyrəndiyi dülgərlik sənətinin ilkini çiy kərpicdən tikdiyi daxmasında sınaqdan keçirtdi. Ordan-burdan tapıb gətirdiyi taxta-tuxtadan daxmasına qapı-pəncərə qayırdı – insafən pis də alınmadı. Onun bu məharətini görən kəndçiləri də dülgərlik işlərini Möhöbbətə gördürməyə başladılar.
Tezliklə Möhöbbət Araz çayı sahilindəki qum-çınqıl karxanalarından birində işə düzəldi, gündüzləri karxanada işlədi, axşamları isə kənddə dülgərlik etdi; yorulmaq bilmədən çalışdı, əlləşib-vuruşdu, ev-eşiyini, həyət-bacasını sahmana saldı. Beş-altı ilin içində palçıq koma üçotaqlı, eyvanlı-aynabəndli gözəl bir evə çevrildi, həyətdə qızılgüllər, zanbaqlar, nərgizlər, sarmaşıqlar çiçək açdı, bağçasında nar, heyva, alma, armud, əzgil, xurma ağacları bardan başlarını yerə qoydular. Bu illər ərzində Cəmilə dünyaya üç gözəl qız gətirsə də, Möhöbbətə bir daha oğul bəxş edə bilmədi, Möhöbbət də ölənədək ata-anasıyla barışmayacağına and içdi.
* * *
İllər ötürdü. Qızlar da yavaş-yavaş böyüyürdülər. Sovet hökuməti yenicə dağıldığından artıq müəssisələrin də çoxu talan edilir, bağlanırdı. Möhöbbətin çalışdığı qum-çınqıl karxanasında da işlər yaxşı getmirdi; daha Rusiyadan yeni texnika və ehtiyat hissələri gəlmədiyindən hasilat azalmışdı, iş hər yerdə dayandığından heç sifariş də yoxdu. Ona görə aylarla məvacib almırdılar. Camaat müflisləşdiyindən kənddə dülgərlik işi gördürən də yoxdu. Ailəsini dolandırmaqda çətinlik çəkən Möhöbbət kəndin başqa cavanları kimi nicat yolunu Rusiyaya üz tutmaqda gördü. Ancaq buna qərar vermək o qədər də asan deyildi; Cəmiləni üç qız uşağıyla (böyüyünün on iki yaşı vardı) qoyub getmək ona ağır gəlirdi. Anasıgillə də danışmırdı ki, onlara tapşırsın. Ancaq böyük qardaşı və bacıları ilə münasibətləri vardı, onlar burada olmadığı müddətdə uşaqlardan muğayat ola bilərdilər. Əmisi oğlanları Moskva ətrafında meyvə-tərəvəz alveri ilə məşğul idilər, onlarla danışıb razılıqlarını alandan sonra yola düşməyə qərar verə bilərdi. Gedib onlara qoşulub işləyər, aybaay pul göndərərdi. Sonrası isə allah kərimdir.
Ancaq bütün bunları qaradinməz Möhöbbət öz-özlüyündə düşünür, götür-qoy edirdi. Bu barədə arvadına bircə kəlmə də demirdi. Təbiətcə azdanışan Möhöbbət arvadıyla, uşaqlarıyla, demək olar ki, danışmaz, ən zəruri hallarda onlara nəsə deyərdi ki, bu da əsasən hansısa buyuruqdan və ya əmrdən ibarət olardı. Səhər erkəndən qalxıb mal-qarayla birlikdə evdən çıxar, axşam da elə onlarla bir vaxtda geri qaydardı. Yeməyini lal-dinməz yeyib, işıqlar yansa, bir az televizora baxar, sonra gedib yatardı. Yalnız Cəmilə nəsə deyəndə bəzən qısaca cavab verər, bəzən də heç bir söz demədən gedib yatar, səhər tezdən işə gedəndə axşam deyilən sözə uyğun cavab, ya da nəsə bir tapşırıq verərdi. Bu dəfə də belə oldu; Cəmilənin «Möhü, nəsə gözümə birtəhər görünürsən?» – sualına yalnız onun üzünə baxmaqla reaksiya verən Möhöbbət tezdən çay-çörək yeyərkən dedi:
– Pal-paltarımı hazırla, Urusetə gedəcəm.
Nə deyəcəyini bilməyən Cəmilə ağzını açmağa macal tapmamış Möhöbbət ayaqqabılarını geyinib qapıdan çıxdı və axşam qayıdıb paltarını dəyişdi, çamadanını götürdü, qapıdan çıxarkən boyunlarını burub məzlum-məzlum ona baxan qızlarının üzündən (bəlkə də ilk dəfə) öpdü.
– Evdəki puldan lazım olduqca xərcləyəsən, – o, Cəmiləyə dedi. – Xasaygilə zəng vuracam, nə ehtiyacın olsa, onlara de. Mən qatarla Bakıya gedirəm, ordan da Moskvaya gedəcəm, Valehgilin yanına.
Vəssalam, o bunları dedi və getdi.
Xasay Möhöbbətin böyük qardaşıydı; vaxtilə kolxozda briqadir işləmişdi, kolxoz dağılandan sonra isə öz şəxsi təsərrüfatıyla məşğul olur, mal-qara saxlayır, bağ-bostan əkib becərirdi. Kənddə hər cür imkanı və telefonu olan beş-altı nəfərdən biriydi. Rabitəçilər kəndə telefon çəkməyə gələndə az-çox imkanı olan şəxslərdən biri kimi Möhöbbətin də qapısını döymüşdülər, ancaq o razı olmamışdı, rabitəçilərə bir söz deməsə də, onlar gedəndən sonra arvadının və qızlarının sual dolu baxışlarına cavab olaraq «kişinin evində telefonu olmaz» demişdi. Bu sözlərin mənasını tam anlamayan Cəmilə ilə qızları isə qorxularından cınqırlarını çıxarmayıb mənalı-mənalı susmuşdular.
***
Möhöbbət çıxıb getdi Rusiyaya, əmisi uşaqlarının yanına. Bir müddət bazarda piştaxta arxasında alver elədi, ancaq gördü ki, burada qazandığı pul nəinki ailəsinə göndərməyə, heç özünün gündəlik xərclərinə belə çatmır. Bazarda alver edənlərin əksəriyyəti malı elə aldıqları qiymətə də satır, tərəzidən qazanırdılar, yəni müştəriləri tərəzidə əlli-yüz qram aldatmaqla qazanc əldə edirdilər. Möhöbbət isə bu işi bacarmadığından aldığı malın üzərinə on-on beş faiz zəhmət haqqı qoyurdu ki, bu da alıcıları hürküdürdü. Ona görə də o, bazara gətirilən malların ilkin mənbəyi ilə maraqlanmağa başladı ki, malı birinci əldən daha ucuz qiymətə alıb satmaqla qazanc əldə etsin. Rusiya bazarlarında satılan meyvə-tərəvəzin çoxusu kənardan, yəni daha isti ölkələrdən gətirildiyindən onların ilkin mənbəyinə gedib çıxmaq təbii ki, Möhöbbətin və onun kimilərinin işi deyildi. Ancaq kartof, çuğundur, kələm, mal və donuz əti, süd, qatıq, pendir, yağ kimi məhsulları rus kəndlərindən də almaq mümkün idi. Odur ki, üz tutdu Volqaboyundakı rus kəndlərinə. Bir müddət kənddən şəhərə kartof daşımaqla məşğul oldu, kartof əkib-becərən rus kəndliləriylə tanış oldu. Onların içərisində Nastya adlı dul bir qadınla Möhöbbətinki daha yaxşı tuturdu. Əvvəlla, Nastyanın məhsulu daha keyfiyyətli olurdu, ikincisi isə o, qiymət məsələsində çox israr etmir və tez güzəştə gedirdi. Tezliklə, onlar dostlaşdılar – bəzən Möhöbbət Nastyanın evində nahar edir, kartofu qazıb çıxarmaqda və başqa işlərdə ona kömək edirdi. Möhöbbətin olduqca zirək və işlək adam olduğunu görən Nastya bir gün ona birlikdə işləməyi təklif etdi:
– Mənim torpağım çoxdur, ancaq tək olduğuma görə heç beşdə birini əkib-becərə bilmirəm, – o sözə başladı. – Fəhlə işlətmək isə sərfəli deyil, həm baha başa gəlir, həm onlar bütün günü piyanıskalıq edir, yaxşı işləmirlər. Sənsə içmirsən, zirəksən, həm də düz adamsan. Əgər sən mənə kömək etsən, biz beş dəfə artıq məhsul götürə bilərik, qazancı da yarı bölərik. Bu hər ikimizə boğazdan bəs edər.
Möhöbbət dərhal razılaşdı. O andan etibarən onlar birlikdə işləməyə və demək olar ki, ər-arvad kimi yaşamağa başladılar. Həmin axşamı Nastya ilə Möhöbbət birlikdə şam etdilər, bir çarpayıda uzanıb-yatdılar, səhəri birlikdə oyanıb işə başladılar. Əkdilər, becərdilər, topladılar, satdılar, yaxşı pul qazandılar. Möhöbbət bu pulun bir hissəsini arvad-uşağına göndərdi və beləcə, illər ötdü. Möhöbbət artıq beş il idi ki, ailəsinin üzünü görmürdü. Sonuncu telefon danışığında Cəmilə qızların böyüdüyünə, odur ki, onlara cehiz tədarükü görmək lazım olduğuna eyham vurmuş, Möhöbbətdən nə zaman gələcəyini soruşmuşdu. Möhöbbətsə onu elə telefondaca acılamış, «elə bilirsən burada kefə baxıram, səhərdən axşamacan eşşək kimi işləyirəm ki, orada acından ölməyəsiz» demiş və dəstəyi asmışdı. Ancaq birdən ağlına gəlmişdi ki, ey dadi-bidad, bu cehiz söhbətini Cəmilə elə-belə etmir, yadına düşdü ki, artıq böyük qızı Zülfiyyənin on yeddi yaşı var, demək… «Birdən kiməsə qoşulub-qaçar, ondan sonra gərək mən bir daha o kəndə qayıtmayam, elə burdaca boğazıma kəndir keçirib, özümü meşədəki hündür ağacların birindən asam». Bu fikir-xəyalla dəstəyi götürüb qardaşının nömrəsini yenidən yığmış və artıq qaynı evindən çıxıb qəmgin və qayğılı halda evə gedən Cəmiləni geri çağırtdırmışdı.
– Cəmilə, əgər qızlardan biri qoşulub-qaçsa, gəlib səni tikə-tikə doğrayaram, – o, telefonda arvadına bağırmışdı. – Bir aydan sonra gəlirəm, böyük qızı istəyən-filan varsa, verək getsin.
– Var, Möhü, var, – Cəmilə bu sözlərdən sonra ürəklənərək sevincək demişdi, – sənə deməyə qorxurdum, gəlsən yaxşı olar.
Möhöbbətin ən çox qorxduğu şey qızlarının anaları kimi elçiliksiz, toysuz-nişansız kiməsə qoşulub qaçmasıydı. Axı anası çıxan ağacı, balası budaq-budaq gəzər deyib atalar. Hələ üstəlik nənələri də gəzənti. Yox, o belə şeyə qətiyyən razı ola bilməzdi. Qızı qoşulub-qaçan bəzi biqeyrətlər kimi başına papaq qoyub kəndin ortasına, camaat arasına çıxa bilməzdi. «Nə olsun ki, vəziyyət ağırdır, toy eləmək, cehiz almaq çətinləşib, buna görə adam biqeyrətliyi boynuna götürər?! Şükür allaha, beş-on manat qazanıram, allah canıma dəyməsə, qızlarımın üçünə də el adətiylə toy eyləyib, dədə-baba qaydasıyla köçürəcəm.»
***
Möhöbbət beş-altı ilin içərisində qızlarının üçünə də el adətiylə toy-nişan eləyib ərə verdi. Üçünün də elçiliyində, nişanında, toyunda iştirak etdi, üçünə də yaxşı cehiz aldı. Kiçik qızını köçürəndən bir həftə sonra kürəkəninə və qızına köçüb onlarda qalmalarını təklif etdi ki, Cəmilə tək qalmasın. Özü isə yenə üz tutdu Volqaboyuna, Nastyanın yanına – işləyib, pul qazanmağa.
Volqa sahillərinin qara torpağı bərəkətli, iri gəmilərin üzdüyü nəhəng çayın suyu boldu. Bircə günəşi azdı buraların, ancaq kartofun yetişməsinə o da bəs edirdi. Möhöbbət bütün günü yorulmaq bilmədən əlləşib-vuruşur, daha çox məhsul götürməyə, daha çox pul qazanmağa çalışırdı. O hətta Nastyanın «özünü bu qədər üzmə, arada bir istirahət də elə, nəyimizə lazımdır çoxlu pul, qızlarını ərə vermisən, evinə pul göndərirsən, özümüz də, şükür tanrıya pis yaşamırıq» – yalvarışlarına da əhəmiyyət vermirdi. Ancaq Nastya Cəmilə kimi deyildi, hərdənbir Möhöbbətin qılığına girib onu yoldan çıxarır, Volqa sahilinə, meşəyə gəzməyə getməyə razı salırdı. Onlar meşədə göbələk, moruq, çiyələk yığar, çaydan balıq, xərçəng tutardılar. Nastya göbələk və balıq şorbası bişirir, Möhöbbətsə daha çox balıq kababı çəkməyə üstünlük verir və közdə qızartdığı balığı hər dəfə dişinə çəkəndə doğma dilində nəsə mızıldanırdı. Onun öz dilində dediyi sözlər Nastyanın marağına səbəb olduğundan hər dəfə «perevodi, pojaluysta» – deyə xahiş edirdi. Ancaq rusca o qədər də yaxşı danışmayan Möhöbbət balıq yeyərkən dodağının altında mızıldadığı o məşhur kəlmələri çevirməyə çətinlik çəkirdi: «Kopoyoğlunun Araz balığından başqası yoxdur». Buna baxmayaraq, Nastyanı başa salmağa birtəhər müvəffəq olurdu.
– Samıy luçşiy rıba mira, eto rıba iz Araksa, – o, dili topuq vura-vura deyirdi və doğrudan da hesab edirdi ki, Volqadan tutduğu xanı, siyənək, çapaq qətiyyən Araz mörgəsinin, çəkisinin, dişdisinin dadını verə bilməz.
– Da çto tı qovoriş, – Nastya onunla məzələnirdi, – seryozno?
– Koneçno, i qribı u nas vkusnıye.
Möhöbbət, əlbəttə, «vkusneye» demək istəyirdi, ancaq əksər həmvətənləri kimi o da uzun müddət Rusiyada yaşasa da, rus dilinin bu incəliklərini əxz edə bilməyəcəkdi. Amma bütün ruslar kimi Nastya da onun nə demək istədiyini anlayırdı.
– A kak bı nam syest etix vkusnıx rıb i qrib? – O hər dəfə soruşanda Möhöbbət:
– Skoro poyedem, skoro, – deyə cavab versə də, hər dəfə Azərbaycana yola düşəndə Nastyaya «sleduyuşiy raz» – deyib vədini yerinə yetirməyi təxirə salırdı. Hətta qızlarının toyuna gedərkən də Nastyanın xahişinə məhəl qoymayıb özüylə aparmadı.
Ancaq Möhöbbət nə vaxtsa Nastyanı Arazın sahilində yerləşən doğma kəndlərinə aparacaqdı və bunu Nastyanın arzuladığı zaman deyil, özü istəyəndə edəcəkdi. Çünki ona yaxşılıq etmiş, evində yer, iş vermiş qadına dünyanın ən ləzzətli balığından dadızdırmaq, ən dadlı göbələyini yedirtmək, əlnin zəhmətiylə tikib-qurduğu ev-eşiyini, həyət bacasını göstərməyi çox istəyirdi. İstəyirdi ki, onun hər dəfə Azərbaycandan Rusiyaya gələrkən sovqat gətirdiyi narı, heyvanı, əzgili, şaftalını, xurmanı görüb həyəcanlanan, ləzzətlə dişinə çəkən Nastya bu meyvələrin, bu sərvətin onun bağındakı ağacların budaqlarından necə sallandığını öz gözləriylə görsün, öz əlləriylə dərib ləzzətlə yesin və o da baxıb fərəhlənsin. Nastya isə Möhöbbətin doğma kəndinə qonaq getməyi nəinki ürəkdən arzulayırdı, bu arzu onu yaz günəşi Rusiya çöllərinin bəyaz qarını əridən tək əridib suya döndərirdi. Onun dərdi heç də balıq, göbələk, nə bilim, heyva-nar dərdi deyildi. Bəli, o Möhöbbətin bir zamanlar dəlicəsinə sevdiyi (Möhöbbət öz eşq hekayəsini Nastyaya danışmışdı) halalca arvadını görmək, özünü onunla müqayisə etmək, hansının daha gözəl, daha cazibədar olduğunu bilmək istəyirdi. Bunu dəfələrlə Möhöbbətdən soruşub özünün daha gözəl olduğunu ona söylətsə də, ürəyi təskinlik tapa bilmir, rəqibini öz gözləriylə görüb üzərində həlledici qələbə çalmaq istəyirdi. Çünki dünyanın işini bilmək olmazdı, bir də gördün Möhöbbət yığışıb getdi ilk məhəbbətinin yanına və bir daha geri dönmədi.
Həmin vaxt nəhayət gəlib yetişdi. Bu il kartofdan yaxşı qazanc götürən Möhöbbətlə Nastyanı pul əməlli-başlı dingildədirdi. Doğma yerlər üçün qəribsəyən Möhöbbət axır ki, vədinə əməl etdi və Cəmiləyə zəng edib bir həftəyə gələcəyini xəbər verdi.
– Qıza de, bir-iki həftəlik yığışıb getsinlər qaynatasıgilə, – o dedi. – Yanımda qonağım da olacaq, evdə darısqallıq olmasın.
– Yaxşı, – Cəmilə ərinin gələcəyini eşidib sevincək dedi, – deyərəm, onsuz da burda qalmaq istəmirlər.
***
Möhöbbətin zəngindən bir neçə gün sonra qızıyla kürəkəni yığışıb getdilər. Cəmilə tər-təmiz saxladığı ev-eşiyi, həyət-bacanı bir daha silib-süpürdü, yorğan-döşəyi günə verdi, bir sözlə, ərinin və qonağının gəlişinə hazırlıq görməyə başladı. Axşamlar erkəndən yatmağa vərdiş eləsə də, gec saatlaradək oturub gözləyirdi; çünki Bakıdan gələn qatar rayon mərkəzindən gecə saat 1-də keçirdi. Ancaq qatar gəlib keçəndən sonra da Cəmilənin gözünə yuxu getmir, xoruzlar banlayanadək yatağında eşələnirdi. Nəhayət, bir gün axşamçağı Cəmilə örüşdən qayıdan mal-qaranı yenicə həyətə salmışdı ki, Bakıya xaltura eləyən kəndçiləri Fəxrəddinin ağ «07»si darvazalarının qənşərində dayandı. Əlində çubuq dəmir darvazanı bağlamaq istəyən Cəmilə maşının qabaq oturacağında əyləşmiş ərini görər-görməz yaylığının ucuyla yaşmaqlanıb gülümsədi. Möhöbbət isə maşının pəncərəsindən əliylə arvadına işarə verdi ki, qapını örtməsin. Ağ «Jiquli» həyətə daxil oldu, qapıdan evin qarşısınadək olan on beş-iyirmi metrlik çayırlığı keçib dayandı və Möhöbbətlə Fəxrəddin ön qapıları eyni anda açaraq maşından çıxdılar. Sonra Fəxrəddin arxa oturacağın sağ qapısını açdı və darvazadan içəri girərkən Cəmiləni müştəri gözüylə süzən Nastya da maşından endi. Bu zaman Cəmilə hələ darvazanın arxasını bağlayırdı və maşın həyətə girərkən gözü ərində qaldığından Nastyanı görməmişdi, daha doğrusu, ötəri görsə də, qadın, yaxud kişi olduğunu ayırd edə bilməmişdi. Həm də Cəmilə nədənsə lap əvvəldən gələcək qonağın kişi olacağını güman edir, Möhöbbətin Rusiyadan özüylə qadın gətirəcəyini ağlına belə gətirmirdi. Ona görə də darvazadan evədək olan on beş-iyirmi metrlik məsafəni maşından düşən yad «kişilərdən» abır-həya edərək başıaşağı qət edən Cəmilə yalnız Fəxrəddinin «axşamın xeyir, Cəmilə bacı» sözlərinə başını qaldırıb «aqibətin xeyir» demək istəyəndə artırmanın qənşərində dayananlardan birinin qətiyyən kişi xeylağına bənzəmədiyini görüb karıxdı.
– A…a…aqibətin xe…xeyir…
– Buyur qonağını qəbul elə, – Fəxrəddin əliylə Nastyanı göstərdi, – Möhünün iş yoldaşı Nastya xanımdır.
Fəxrəddin Cəmilənin duruxduğunu görüb cəld maşının yük yerinə sarı cumdu, açdı, ordan beş-altı irili-xırdalı çantanı götürüb çayırın üzərinə qoydu və sükanın arxasına oturdu.
– Yaxşı, salamat qalın, mən getdim.
– Oldu Faxı, görüşərik, – Möhöbbət dedi.
Fəxrəddin mühərriki işə saldı, Cəmilə isə onu yola salmaq üçün yenidən darvazaya sarı getdi.
***
Cəmilə darvazanı bağlayıb qayıdana qədər Möhöbbət Nastyanı içəri dəvət edib qonaq otağına apardı. Onu divanda əyləşdirib üst-başını dəyişməsi üçün çamadanının dalınca çıxanda qapının kandarında arvadıyla rastlaşdı.
– Sizlərdə qonağı belə qarşılayırlar? – O, arvadını məzəmmət etdi.
Nə deyəcəyini, hətta nə edəcəyini bilməyən Cəmilə elə bil yuxudan ayıldı, bilmədi gülsün, yoxsa ərinin boynuna sarılıb ağlasın, onunçün çox darıxdığını desin, bir də onu tək qoyub heç yerə getməməsini yalvarıb xahiş etsin, qonağına «xoşgəldin» etmədiyi üçün ondan üzr istəsin… Yox, o bunları etməyə qadir deyildi, heç vaxt belə şeylər etməmişdi, bundan sonra da heç vaxt etməyəcəkdi, nə olursa-olsun etməycəkdi, çünki edə bilməzdi, bacarmazdı…
– Get qonağa xoşgəldin elə, – Möhöbbətin zəhmli səsi Cəmilənin bayaqdan bəri aşağı dikdiyi başını yuxarı qaldırıb ərinin üzünə baxmağa cürətləndirdi.
– O bizim dili başa düşür? – qorxa-qorxa soruşdu.
– Sən de, o başa düşər.
Cəmilə içəri keçib Nastyaya «xoş gəlmisən» dedi. O da öz növbəsində «spasibo» deyib gülümsədi və bununla da onların arasındakı dialoq başa çatdı. Sonra Cəmilə eşiyə çıxıb samovarı qaladı, həyətdəki üzüm çardağının altında stol açdı, təzə süfrə sərdi, çay dəmlədi, qənd, mürəbbə, konfet qoydu. Möhöbbətlə Nastya zarafatlaşa-zarafatlaşa gəlib masanın arxasında əyləşdilər, deyə-gülə çay içməyə başladılar. Ancaq Cəmilə onlarla oturmadı, həyətdəki toyuq damına girib bir çolpa tutdu, Möhöbbətə kəsdirib şam yeməyi hazırlamağa başladı. Bir saatdan sonra Cəmilə çay süfrəsini yığışdırıb yemək gətirdi, «nuş olsun» deyib qonağa yataq hazırlamaq üçün evə girdi. Qonaq otağındakı divanı açıb üzərinə yorğan-döşək sərdi, yastıq qoydu, hamısını ağappaq mələfəylə üzlədi. Sonra yataq otağına keçib öz yataqlarının da ağlarını dəyişdi və hamamda hər şeyin qaydasında olub-olmamasına baxmaq üçün həyətə çıxdı. Möhöbbətlə qonağı yeməyə girişdiklərindən səsləri çıxmırdı, görünür, xörək çox ləzzətliydi. Cəmilə onlara ötəri nəzər salıb hamama girdi; burada hər şey qaydasındaydı – isti su, sabun, şampun, kisə, lif və s. Cəmilə istədi onlar yeməklərini yeyib qurtaranadək soyunub duşun altına girsin, ancaq sonra fikirləşdi ki, yaxşı deyil, qonaq yatmağa getdikdən sonra arxayınca çimər.
– Ay Cəmilə! – Möhöbbətin səsi eşidildi.
– Gəldim, – deyə Cəmilə hövlnak hamamdan çıxıb onlara sarı yüyürdü.
– Bəs sən özün bir şey yemirsən?
– Yox, toxam, çay içəcəm.
– Onda buraları yığışdır, bizə də bir çay ver.
– Ya ne budu çaya, u vas duş est? – Nastya nazlanaraq Möhöbbətə baxdı. Nastyanın dediklərindən heç nə anlamayan Cəmilə də sual dolu baxışlarını ərinə zillədiyindən Nastyanın üzündəki ifadəni sezmədi.
– Koneçno, – Möhöbbət lovğalandı və üzünü arvadına tutub əmr etdi. – Ona hamamı göstər, mənə də çay gətir.
Cəmilə qonağın qabağına düşüb hamamı göstərdi, sonra qayıdıb ərinə və özünə çay süzdü. İndi onlar aylı-ulduzlu sərin payız axşamında, üzüm çardağının altında üzbəüz oturmuşdular. Cəmilə bu anı nə qədər arzulamış, xəyalında canlandırmışdı. O hərdən başını qaldırıb ürkək baxışlarla ərinə baxır, Möhöbbətsə ağzındakı qəndi xartaxurtla çeynəyərək büllur stəkandakı çayı qurtuldadırdı.
– Qızlardan nə xəbər var? – o, stəkanı nəlbəkiyə qoyub soruşdu.
– Duaları var, hamısı yaxşıdırlar, – Cəmilə cavab verdi, sonra ərinin üzünə baxıb bütün cəsarətini topladı. – Quban olum, Möhü, yaman arıqlamısan, özünü bu qədər üzmə, daha heç yerə getmə, qızları da köçürtmüşük, iki adamın dolanmasına nə var ki, birtəhər dolanarıq, şükür allaha, bağ-bağatımız, mal-qaramız var, bir az da artırarıq, lazım olsa mən də işləyərəm, alağa, pambığa gedərəm, indi camaatın da vəziyyəti bir az düzəlib, ev tikdirən, qapı-pəncərə…
– Yerləri salmısan? – Möhöbbət onun sözünü ağzında qoydu.
– Hə, qonaq otağındakı divanda qonağa yer saldım.
– Bəs mən harda yatacam? – Möhöbbət ona baxıb üzünü yana tutdu.
– Necə yəni harda, həmişə harda yatırdın? – Cəmilə utanaraq ərinə baxdı. O hələ də üzünü kənara tutmuşdu.
– Həmişə başqa, indi başqa.
– Niyə indi başqa olur ki? – Cəmilə ərinin bununla nə demək istədiyini anlamağa çalışaraq həyəcanla soruşdu.
– Az danış, – Möhöbbət çəmkirdi, – get mənə də qonaq otağında yer sal.
Dünya Cəmilənin başına fırlandı, gözlərinin önündə bir anda hər şey bir-birinə qarışdı, Möhöbbətin ağız-burnu əyilib durdu qulağının dibində, o, nəhəng bədheybətə çevrildi, yekə, uzun bir şeyi alışdırıb saldı qulağına, aləmi tüstü-duman bürüdü, tüstülər burula-burula uçan məxluqlara çevrildilər və havada uçuşaraq onun gözünə, burnuna doldular, sonra boğazından yapışıb boğmağa başladılar, Cəmilənin nəfəsi kəsilirdi, o boğulurdu, əlləriylə boğazından yapışıb öskürə-öskürə ayağa qalxdı, üz-gözünə su çırpmaq üçün həyətdəki su kranına doğru qaçdı, bu zaman hamamın qapısı açıldı və başına məhrəba dolamış Nastya hamam xələtində bayıra çıxdı, onun işım-işım işıldayan gülümsər çöhrəsi Cəmilənin gözlərini qamaşdırdı və o özünə gəlib evin giriş qapısına tərəf buruldu. Cəmilə evə girib yataq otağına getdi, yükdən bir dəst yorğan-döşək götürdü və gətirib yataq otağının tən ortasına atdı. Sonra yenidən yataq otağına qayıdıb bir daha oradan çıxmadı.
O gecə dünyanın ən böyük günahlarından biri baş verdi. Möhöbbətlə Nastyanın qonaq otağında nə etdiklərindən kimsənin xəbəri olmasa da, Cəmilə bütün gecəni yatmadı. Arxası üstə ikiyataqlı taxta uzanıb gözlərini tavana zillədi, sübhədək dağı-arana, aranı-dağa qatdı, ərinin öz evində ona qarşı etdiyi bu təhqiramiz hərəkəti, bu binamusluğu, bu oğraşlığı içinə sindirə bilmədi. İstədi qalxıb evə od vursun, ancaq bacarmadı, istədi evdəki qoşalüləni götürüb ikisini də cəhənnəmə vasil eləsin, cürəti çatmadı. Dan yeri ağaranda ayağa qalxdı, pəncərənin qarşısında diz çöküb əllərini göyə qaldırdı: «İlahi, sən özün mənə səbir ver».
***
Səhər tezdən artırmada qarşılaşdılar. Möhöbbət ağzında siqaret pilləkənlə aşağı düşəndə Cəmilə əlində süd sərinci yuxarı qalxırdı. Onlar bir-birinə baxmadan keçib getdilər, ancaq ikicə addım atmamış Cəmilə dözə bilmədi, ömründə ilk dəfə ərinin üzünə ağ oldu.
– Heç saç-saqqalından utanırsan, – o dönüb Möhöbbətə baxdı, – bu yaşında mənim üstümə lotu-potu gətirirsən. Camaat bizə nə deyəcək, qızlarının üzünə necə baxacaqsan?
– Kəs səsini, rədd ol gir evə, – Möhöbbət ona təpindi.
– Kəsməyəcəm, demək, bu neçə ildə bu sarı çiyana görə ilişib qalmısan Urusetin çöllərində hə, mənim də buna yazığım gəlir, deyirəm qayıt gəl evinə, bəsdir əziyyət çəkdiyin…
– Az, rədd ol gir evə, bu saat gəlib qol-qabırğanı qıracam, – deyə Möhöbbət iki addım irəli şığıdı. Bunu görən Cəmilə qorxusundan səsini kəsib geri çəkildi, ancaq ərinin dayandığını görüb o da dayandı.
– Heç nə demirəm, Möhöbbət, – o, yana-yana son sözünü dedi, – sən ki məni belə yandırdın, allah da səni yandırsın, mənə möhtac olasan.
Artıq Möhöbbəti saxlamaq mümkün deyildi, o, beş pilləni bir dəfəyə adlayaraq eyvana çıxdı, gözü qızmış pələng kimi arvadının üzərinə atıldı, onun boğazından tutub döşəməyə çırpdı, süd sərinci döşəməyə dağıldı, Cəmilə qışqıra-qışqıra qarğış etməyə və ağlamağa başladı, bunu görən Möhöbbət daha da qəzəbləndi, onun böyür-başını təpikləməyə başladı. Səs-küyə Nastya çıxdı, «çto tı delayeş, zaçem yeyo byoş» deyərək Möhöbbəti kənara itələdi, sonra Cəmilənin qolundan tutub ayağa qaldırdı və yataq otağına apardı.
Onlar bir həftə qaldılar. Bu bir həftəni Cəmilə dinib-danışmadı, küsülü kimi davrandı. Kənddə Möhöbbətin təzə arvad alması barədə xəbər yayıldı. Hərə bir söz dedi – kimi Möhöbbətin varlandığını, daha Cəmiləni bəyənmədiyini, kimi rus arvadın daha gözəl olduğunu və Möhöbbətin Rusiyada onun sayəsində dolandığını dedi, kimi də Möhöbbətin bu hərəkətinə görə onu qınadı: «Əşi ikinci arvad almısan, qoy otursun orda da, daha onu bura niyə gətirirsən?» Ancaq Möhöbbət bu söz-söhbətləri vecinə almırdı, Nastyanın yanına salıb bir gün balıq kababı, o biri gün quzu kababı yeməyə aparır, bir sözlə, ona dadızdırmağı və göstərməyi vəd etdiyi hər şeyi etmək üçün dəridən-qabıqdan çıxırdı. Nəhayət, Möhöbbətin beynində cızdığı ekskursiya planı başa çatdı və onlar bir gün səhər tezdən səssiz-səmirsiz şələ-külələrini yığışdırıb getdilər.
***
Aradan il yarım keçdi və günlərin bir günü kəndə xəbər yayıldı ki, bəs Möhöbbət möhkəm xəstələnib, Bakıda «respublikanski» xəstəxanada yatır, rus arvadı da yanındadır. Deyilənə görə, Möhöbbətin ayaqları iflic olduğundan kolyaskada gəzirmiş. Qardaşları və əmisi oğlanları bunu gizlətsələr də, bu günlərdə şəhərdən gələn Həmdulla Möhöbbətə baş çəkdiyini və kolyaskada gəzdiyini öz gözləriylə gördüyünü deyirmiş. Möhöbbət Həmdullaya «məni Cəmilənin qarğışı, ah-naləsi bu günə qoydu» deyib. Hadisənin necə baş verdiyinə gəlincə isə özünün dediyinə görə, kartof kislərini maşına yükləyəndə qəfildən beli sərpib, ancaq bərk ağrısa da, əhəmiyyət verməyərək kisələrin hamısını maşına yükləyib. Axşam daha da şiddətlənən ağrısını kəsmək üçün araq şüşəsinə sığınıb. Xeyli vurandan sonra möhkəm yatıb və səhər ayılanda, ayaqlarının bədənini saxlamadığını görüb. Yerli həkimlər ona Moskvaya getməyi məsləhət bilsələr də, o əvvəlcə qardaşlarına telefon açaraq onlardan kömək istəyib, qardaşlarının «Moskvada biz sənə necə kömək edək, yad ölkə, bahalıq, heç kəsi də tanımırıq, birtəhər gəl Bakıya, görək burada neynirik» cavabından sonra məcburən «kəndçi bolnisasına» gəlib.
Xəbər Cəmiləyə çatanda bilmədi orta məktəb məzunları kimi kədərlənsin, yoxsa sevinsin. Kədərlənmədi ona görə ki, artıq Möhöbbətdən qəlbi qırılmışdı, sevinmədi də ona görə ki, bu hissini, osmanlılar demiş, kayb etmişdi. Möhöbbət gedəndən sonra Cəmilə key kimi olmuşdu; heç kəslə danışmır, gülmür, ruh kimi gəzib-dolaşırdı. Söz deyəndə də ya anlamır, ya da yanlış başa düşürdü. Odur ki, qızları və qayınları ona gedib Möhöbbətə baş çəkməsini məsləhət biləndə Cəmilə elə bildi ki, Möhöbbətin xəstəxanada baxıma ehtiyacı var, ona görə də sevincək razı oldu. Ancaq gedib rus arvadı onun yanında görəndə gəldiyinə peşman oldu. Heç Möhöbbət də arvadını qəbul etmədi, görən kimi söyərək təhqir edib qovdu: «Rədd ol burdan, qancıq, sənin qarğışların məni bu kökə saldı!»
İndi Möhöbbət, Nastya və Cəmilə kənddə eyni evdə yaşayırlar. Cəmilənin onları zəhərləyə biləcəyindən qorxan Möhöbbət evi və həyəti böldürüb, giriş-çıxışı ayırıb. Nastya mal-qaraya baxır, bağ-bostana qulluq edir, Cəmilə alağa, pambığa gedir, Möhöbbət isə əl ağacına söykənə-söykənə darvazanın qarşısına çıxaraq oradakı taxta skamyada əyləşib gəlib-gedənə tamaşa edir.