Hindistanda hər iyirmi ailəyə bir televizor düşür. Hind filmlərinin təsiri altına düşən əksər insanlar qəflətən miras sahibi olacaqları arzusuyla yaşayırlar. Hind filmlərində xilas olan bir nəfərdir. Məsələn, hamımızın gözəl tanıdığı Cimini götürək. O, tanınır, məşhurlaşır, bir gün kefli vəziyyətdə, ağ kostyumda böyüdüyü məhəlləyə gəlir. Adamlara pul paylayıb, yenidən öz varlı həyatına qayıdır.
Uğur qazananlar həmişə bizi aldadıblar. Biz uğur qazananları görürük, uğur qazanmayanlara çox az halda roman, film həsr edirlər. İldə iyirmi min adamı ilan vurub öldürdüyü Hindistanda hər iyirmi ailədən birinə televizor düşür.
Hindlilər kinonu çox sevirlər. Ona görə də kasıb məhəllələrdə yaşayanlar qəribə bir yol tapıblar. Onlar öz aralarında pul yığıb danışmaq, nəql etmək qabiliyyətli bir adamı kinoteatra göndərirlər. Xüsusi tapşırıqla kinoteatra gəlmiş adam filmə baxıb məhəlləyə qayıdır və bütün gördüklərini məhəllə sakinlərinə danışır. Beləliklə, hər kəs özünü filmə baxmış kimi hiss edir. Bu, lətifə deyil. Lətifə quraşdırdığımı düşünənlər kinoşünas Aygün Aslanlıya müraciət etsinlər. O, heç zaman yalan danışmaz. Henrix Boll Fondunun çex koordinatoru ilə təxminən bu mövzuda kiçik bir mübahisəmiz oldu. Çexiyalı xanım rusların burda az iş gördüyünü deyirdi. Xatırladım ki, biz "Mən insanam" film festivalı çərçivəsində beş bölgədə film göstərməli idik. Əvvəl yazıdığım yazılarda da qeyd etmişəm, filmlərə baxmağa zorla, şəxsi əlaqələrlə 30-40 adamı güclə yığa bilirdik. Elə çexiyalı xanıma da bunu dedim: "Siz bir film göstərə bilmirsiz, amma sovet hökuməti hər rayonda bir kinoteatr tikmişdi. Hətta ucqar kəndlərdə belə, səyyar kinoteatr vasitəsilə adamlara kino göstərirdilər". Bu cümlələrdən sonra Məhəmməd Əmin Rəsulzadənin "Çağdaş Azərbaycan tarixi" əsərinə yüngülvari nəzər salmaq lap yerinə düşər.
Çağdaş Azərbaycan tarixi
(Azərbaycan Mədəniyyət Birliyinin təşəbbüsü ilə 1950-ci ildə, Ankara Xalq Evində oxunan məruzə)
Lütfən, diqqətlə oxuyun. Bu sözləri bir kommunist, bir bolşevik, bir sovet adamı yox, Məmməd Əmin Rəsulzadə deyir. Sovet hökumətini lənətləyənlər lap diqqətlə oxusunlar. Bu sözlər çox önəmlidir. Çünki Rəsulzadənin ağzından çıxıbdır. Əslində isə, Rəsulzadə birmənalı olaraq öz məruzəsində sovet hökumətini lənətləməli idi. Məhz buna görə, onun məruzəsi çox önəmli və qiymətlidir. Sözün kim tərəfindən deyilməsi çox vacib məsələdir. Milan Kunderanın bu haqda gözəl bir sözü var: "Kantın dilindən "sabahınız xeyir" sözləri də fəlsəfi səslənir".
Qayıdaq "Çağdaş Azərbaycan tarixi" əsərinə yüngülvari nəzər salmağa. Beləliklə, Məmməd Əmin Rəsulzadə 1950-ci ildə Ankara Xalq Evində oxuduğu məruzədə deyir: "Qısa da olsa Azərbaycan xalqının bir rejim altında belə, nə şəkildə olursa-olsun əldə etmiş olduğu bəzi mədəni nailiyyətləri nəzərdən keçirək. Hər şeydən əvvəl Azərbaycanda oxumağı-yazmağı bilməyənlərin sayı aşağı səviyyəyə enmişdir. Türkcə çap edilən qəzet və kitabların sayı xeyli artmışdır. Almaniyada rast gəldiyim azərbaycanlı hərbi əsirlər arasında oxuyub-yazmağı bilməyənlərə rast gəlmədik. Azərbaycanlılar arasında müxtəlif ixtisaslar sahəsində yetişmiş adamların sayı diqqətəlayiq bir vəziyyətdədir. Alimlik qadınlara da aiddir. Bakı universitetinin professorları arasında qadın professorlar da vardır. Ədəbiyyatda, teatrda, musiqidə böyük bir irəliləyiş müşahidə edilir. Elmi araşdırmalar sahəsində bəzi irəliləyişlər vardır. Bakıda Nizamiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə heykəllər ucaldılıb. Onların əsərləri yenidən çap edilmiş, küliyyatları nəşr edilmişdir. Adlarına muzeylər, məktəblər, kitabxanalar açılmışdır. Dünya ədəbiyyatından örnək tərcümələr var. Şərq və Qərb klassiklərinin bir qisminin əsərləri Azərbaycan dilinə çevrilmişdir. Azərbaycan teatrının repertuarı Avropa dramaturqlarının tərcümə edilmiş pyesləri ilə zənginləşdirilmişdir. Əlbəttə ki, ilk növbədə rus yazıçılarının əsərlərinə üstünlük verilmişdir. Yeni istedad sahibləri, artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdir. Bundan başqa, məşhur bəstəkar Üzeyir Hacıbəyli ilə başlayan Azərbaycan musiqili səhnəsi böyük addımalarla irəliləmişdir. Sovet ittifaqına daxil olan millətlər arasında Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdir. Elm, tarix, ədəbiyyat tarixi və incəsənətə dair bəzi ittifaqlar və jurnallar təsis olunmuş, tədqiqatlar və antalogiyalar nəşr edilmişdir. Yeni nəsil öz dilində yazıb oxuya bilir. Hamısı ibtidai məktəbi bitirmişdir. Əsirlər arasında (alman ordusuna əsir düşmüş azərbaycanlı əsirlər) orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlər, həkimlər daha çoxdurlar. Mənim "Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə yüz ali təhsil görmüş vardırmı?" sualıma müsahiblərim əsəbi halda "siz nə deyirsiz, yüzlərdən deyil, minlərdən danışın, biz öz-özümüzü idarə edəcək vəziyyətdəyik",- deyə cavab verdilər. Yeni nəsil deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Nə Ramazan, nə Qurban sovet gəncinə məlum deyildir". Şərhsiz. Sovet hökumətini lənətləyənlər, sovet hökumətinə ironiya edənlər zəhmət çəkib Rəsulzadənin göstərdiyi obyektivliyin heç olmasa 10 faizini göstərsinlər.
37 qurbanları
Repressiya qurbanları sovet hökumətini tənqid edənlərin ən güclü silahıdır. Qurbanların arasında ən ciddi adam Hüseyn Cavid idi. O da sürgün olunmalı idi. Şərait belə tələb edirdi. Mən qurbanlardan kimin Stalini, sovet hökumətini vəsf etdiyi haqda mənasız mövzuya girişmək istəmirəm. Əsas odur ki, repressiya həm sürgün olunanların, həm güllələnənlərin, həm də donos yazanların həyatına məna qatdı. Onların həyatını mənalandırdı. Yarısı satqın, donosbaz kimi, yarısı da qurban kimi mənalandı. Yoxsa danışmağa mövzu tapmazdıq. Bir şey də var. Ciddi, peşəkar adamı güllələmirdilər. Məsələn, "Çevenqur", "Kotlovan" romanlarının müəllifi A.Platonov sağ qalmışdı. Güllələnməyə qalsa, birinci Üzeyir bəy güllələnməli idi. Qardaşı xaricdə yaşayırdı. Özü isə Demokratik Respublikanın himnini yazmışdı. Mən bir daha burda D.Şostakoviçin xatirlərinin önəmini qeyd etməliyəm. Üzeyir bəy tək idi. Onu güllələsəydilər, musiqi məktəbinin inkişafı xeyli çətinləşəcəkdi. Şairlər isə vardı. Məsələn, o zamanlar Orta Asiyada bəstəkar deyilən bir adam yox idi. Şostakoviçin dediyi kimi, yəhudi, rus bəstəkarları özbək, qazax bəstəkarlarının əvəzinə mahnılar, şeirlər yazırdılar. Vaxt gələcəkdi özbəklər, qazaxlar və digər qəbilələr həmin bəstəkarlara dahi deyəcəkdilər. Orda hətta şair də yox idi. Ruslar səhrada yaşayan Cambul Cabayev adlı bir çobanı tutub şair etmişdilər. Qazaxlar indi Cambul Cabayevə "səhra oğlu" adı qoyublar. Yox, üzr istəyirəm "səhranın böyük oğlu". İndi Qazaxıstanda Cambul Cabayev adına Rus Dram Teatrı fəaliyyət göstərir. Nə qədər gülməlidir. Rus şairləri qoyun otaran Cambul Cabayevin adından şeirlər yazırdılar. Cambul hətta qol da çəkə bilmirdi. Qol əvəzinə quş qoyurdu sənədə. Onun kitabları nəşr olunur. Hər dəfə Cambul bir sənədə quş qoyanda ona pul verirdilər. Yəni qonorar. Bir gül həmin bu çoban-şairlə Leninqrad məktəblilərinin görüşü keçirilir. Sadəlövh, hər şeyə ciddi yanaşan, Puşkin, Blok, Yesenin, Mayakovski, Lermontov kimi şairləri oxuyan bir məktəbli Cambul Cabayevə yaxınlaşıb ondan avtoqraf istəyir. Çoban-şairi başa salırlar ki, o məktəblinin ona uzatdığı vərəqə quş qoymalıdır. Cambul vərəqə quş qoyur. Və bu zaman çox gülməli, həm də ağlamalı bir hadisə baş verir. Cambul Cabayev məktəblidən pul istəyir. O elə bilir ki, nə vaxt quş qoyursa, ona pul verməlidirlər. Kül başına ay rus, gör, kimlərə baş qoşmusan.
Forumlardan birində rus işğalı haqda müzakirə açılmışdı. Ağzından süd iyi gələn bir qazax gənci rusları lənətləyirdi. Mən həmən Şostakoviçin xatirələrini atdım ortaya. Gənc dəli oldu. Bu söhbətdən xəbərdar olan qazaxın yanında Cambul Cabayevin adını çəkmək o deməkdir ki, onun dirisi qala-qala ölüsünü söyürsən. Bir anlıq, xəyali olaraq, düşünək. Ki, həmin bu çoban-şairi avaranın biri güllələyib öldürəydi. O zaman qazaxlar nə əfsanələr qoşardılar. Əlbəttə, sovet hökumətinin Orta Asiyada işi həqiqətən ağır idi. Həm qəbilələr ciddi dirəniş göstərdilər, həm də şair-filan tapılmırdı. Bəstəkardan söhbət belə gedə bilməzdi. Bu mənada Azərbaycanda, Ermənistanda, Gürcüstanda vəziyyət nisbətən fərqli idi. Burda şair, yazıçı, dramaturq vardı. Azərbaycanda fəaliyyət göstərən rus dram teatrı Səməd Vurğun adınadır. Amma Səməd Vurğunu Cambul Cabayevlə müqayisə etmək bir qədər insafsızlıq olardı. Birincisi, Səməd Vurğun Qori Seminariyasını bitirmişdi. İkincisi, Puşkinin "Yevgeni Onegin" əsərini Azərbaycan dilinə çevirmişdi. Gəlin bu sürgün, güllələnmə söhbətinə Vaqif Bayatlı Ödərin misraları ilə yekun vuraq:
Şairlər ölürlər yaz yağışından Arvad qarğışından, qız baxışından Dünyanın tələsik yır-yığışından Günahlı-günahsız şairlər ölür.
P.S. 37 qurbanlarından danışan adamlar heç olmasa, müstəqillik dövründə güllələnmiş Ziya Bünyadovu da hərdən yada salsınlar.