Yaxud Üzeyir Hacıbəyov malına edilən hörmətsizlik
Bu yaxınlarda ATV-nin "El içində" süjet xətti əvvəlcədən hazırlanmış "təmtəraqlı" veiriliş düzənləndi. Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Ruhəngiz Qasımova, Nadir Əzimov və kaman ustası Ağacəbrayıl Abbasəliyev birləşərək əməkdar artist Baloğlan Əşrəfovu ittihamladılar. Hətta az qaldılar ki, onu dilinə gətirmədiyi sözlərə görə, Masallıya ömürlük depertasiya etsinlər. Bundan ürəyi soyumayanlar ona efir qadağası qoymaqdan belə çəkinmədilər. Özlərini də elə apardılar ki, guya bunlar Üzeyir musiqisinin "müəllif hüquqları agentliyinin rəhbərləri"dir.
B.Əşrəfovu ölkədən çıxaranlar! Sizin heç Musiqili Komediya Teatrının yeni mövsümdəki "komediyaları"ndan, səhnəsində baş verən biabırçılıqdan xəbəriniz varmı? Varsa, səsiniz niyə çıxmadı? Bəlkə, F.Sücəddinov məhz bu teatrla əməkdaşlıq etdiyi üçün boğula-boğula qalıb?
Dahi bəstəkar Üzeyir bəyə əsl hörmətsizlik Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbəri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (O, özünü həmişə Azərbaycanın əməkdar incəsənət xadimi kimi təqdim edir-B.R.) Əliqismət Lalayev tərəfindən edildi. Teatr bu mövsümünü guya ki, Üzeyir bəyə hörmət əlaməti olaraq, dahi bəstəkarın şah əsəri sayılan "Arşın mal alan"la açdı. Düz bir ilə yaxın bütün mətbuata bar-bar bağırdılar ki, MUSKOMEDİYA belə bir əsərə quruluş verir. Rejissor Elvin Mirzəyev teatrsevərlərə "Arşın mal alan"ı yeni mövüsdə, yeni quruluşda təqdim edəcək.
Təqdimata bir neçə gün qalmış Ə.Lalayev vay-şüvən qoparıb bütün Üzeyirsevənləri teatra topladı ki, ay həzarat, gəlin, görün, bizim məkanda dahi bəstəkara necə "hörmət" qoyurlar. Mesajı alar-almaz Üzeyir sənətinin davamçıları Əliqismət Lalayevin, məhz Lalayevin işığına yığışdı. Nəhayət, çoxdan bəri ürəyimizi didib-didişdirən intizara son qoyuldu. Üzeyir bəyin qəhrəmanı olan Tacir Əsgər səhnədə göründü. Özü də heç kəsin ağlına gəlməyən bir formada-qayıqda. Təsəvvür edin, Soltan bəyin evinin qarşısında su hövuzu, Tacir Əsgər də qayıqda üzür. Elvin Mirzəyev əsərin ikinci qəhrəmanı-Gülçöhrənin üzdüyü qayığa (bu epizod filmin son variantından götürülüb) "öz yeniliyində" Tacir Əsgəri otuzdurmuşdu.
Daha bir epizod: Operettada Üzeyir bəyin əsas qəhrəmanı Soltan bəydi. Düzdür, bəstəkarın qəhrəmanı var-dövlətini əlindən çıxarsada, öz qürurunu sona kimi saxlamağa çalışır. "Bir molla, bir manat pul, bir kəllə qənd",- deyə dili qübar olan və tamaşa boyu özünə ömür-gün yoldaşı axtarışında olan Soltan bəyi "yenilikçi" rejissor əsl küçə avarası kimi təqdim edib. Elvin Mirzəyev Üzeyir bəyin qəhrəmanının qürurunu tamaşaçı qarşısında ayaqlar altına atır. O boyda evə, mülkə sahib olan bu bəy Əliqismət Lalayevin layihəsində kəl arabasında yatır. Bundan ürəyi soyumayan layihə rəhbəri ilə rejissor əl-ələ verib Soltan bəyi bu kəl arabasına qoşur. Soltan bəy kəl arabasını özü ilə bazara qədər dartır. Tamaşaçılar gülmək əvəzinə hiddətdən bir-birinə baxırdı. Və öz-özlərinə deyirdilər ki, görəsən, rejissor Soltan bəyi niyə kəl arabasında yatırdıb?
Cənab Lalayev, bəlkə deyəsiniz, bu biabırçılıq Azərbaycan musiqisinin banisi sayılan Üzeyir bəyə hörmətsizlik deyilmi? Deyir, "utanmasan oynamağa nə var ki"... Hələ bir özünüzü fəxrlə layihə rəhbəri kimi də təqdim edirsiniz. Üzeyir sənətinə edilən hörmətsizlik bütövlükdə Azərbaycan musiqisinə qoyulan sayğısızlıqdır. Deyəsən, layihə rəhbəri bəstəkarın bəy olmasını unudub. Əgər Üzeyir bəy bilsəydi ki, qəhrəmanı Soltan bəyi MUSKOMEDİYAda arabaya qoşacaqlar özünü oda-közə vurub "Arşın mal alan"ı yazmazdı. O, yazıq hardan bilsin ki, zaman lalayevlər yetişdirəcək...
Əhsən Lalayev! Üzeyir bəyin görə, yaza bilmədiklərini sən gördün və yazdın. Sən demə, operettanın qəhrəmanı Gülçöhrə ilə Tacir Əsgər həm də sirk ustasıymış. Deyirəm, Bakı Dövlət Sirki şou göstərmək üçün əcnəbi ölkələrdən sirk ustaları çağırır. Hələ bir onlara yol xərci də ödəyir. Şəkililər demişkən, teatr ağızlarının içində Lalayevlə Elvin Mirzəyevin sirk ustası olmasını bilməyib. Onlara MUSKOMEDİYA deyil, sirk səhnəsi verilsəydi, görün nə fığanlar törədərdilər. Gülçöhrə ilə Tacir Əsgər əhd-peyman bağladıqları yerdə sirk şouları nümayiş etdirir. Ağlamalıdır. Dedilər ki, bu Elvin Mirzəyevin deyil, Lalayevin fantaziyasıdır. Özü də direktor bu sirk nömrələrini ərəb kliplərindən kaprofkalayıb. Zarafat deyil, direktor ərəb kliplərini çox bəyənir axı.
Səhnə dekorasiyaları, aktyor geyimlərindən danışmağa adam utanır. Dekorasiyalar dəyişdikcə səhnədən toz-torpaq duman kimi yayılırdı.
Tamaşada ən maraqlı səhnələrdən bir isə Tacir Əsgərin nökəri Vəlinin əyninə mavi kostyumun geyindirilməsidi. Vəlinin əynində mavi rəngli paltarı görənlər təcüblənirdilər. Nökər hara, mavi rəng hara!? Ə.Lalayevin fantaziyası bundan artıq ola bilməzdi. Deyirlər, məhz bu rəngi o, çox bəyənir. Vəlinin əyininə mavi rəngli paltarı geyindirən direktor bir şeyi yaddan çıxarıb. O, Tacir Əsgərin evinin və şəxsiyyətinin abı-havasına uyğunu nökər qiyafəsində olub. Görəsən, geyim üzrə rəssam Nabat Səmədova bu paltarın müqabilində Ə.Lalayev tərəfindən nə kimi mükafata layiq görülüb?
Nökər Vəlinin geyimindən hiddətə gələn xalq artisti, Musiqili Komediya Teatrının yaradıcılarından olan Səyavuş Aslan da hiddətə gəlib. Xalq artisti verdiyi müsahibələrinin birində deyib ki, "Arşın mal alan"ın quruluşu bərbaddır. Üzeyir bəyin operettası ilə bu cür eksperimet aparmaq olmaz. Bu, ən azı bəstəkara hörmətsizlikdi. Tamaşaya elə quruluş vermək lazımdı ki, əvvəlcədən uğursuzluqlara dücar olmayasan. MUSKOMEDİYAnın tamaşası isə uğursuzluqdu".
Nə yaxşı ki, S.Aslan kimi sənətkarlar var, yoxsa Ə.Lalayevin layihələrində bizi çox şeylər gözləyir. Sonra da deyirlər ki, biz Üzeyir musiqisini qoruyuruq, ona hörmətlə yanaşırıq. Hanı Üzeyir musiqisi üçün özünü efirdə "Hüqüq müdafiəsi" kimi təqdim edən Ruhəngiz Qasımova!? Hanı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, hanı prezident təqaüdlü, şöhrət və istiqlal ordenli musiqiçilər!? Hanı Üzeyir sənətinin təhqiqatçıları!? Hanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev!? Hanı təqdimatlarda nömrə 1 olan Ədalət Vəliyev!? Sizin gözünüz qarşısında Üzeyir yaradıcılığını ayaqlar altına salırlar, amma səsiniz çıxmır. Niyə?
Bəlkə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu məsələ ilə bağlı "Azərbaycan" qəzetində növbəti məqaləsini gözləyirsiniz? Gözləyin, o yazı nə vaxtasa yazılacaq...