Bütün firqə yazarları dostumuz Əfqan Muxtarlının aqibətindən ibrət götürməlidirlər. Azad mətbuata qarşı basqıların gücləndiyi bir dövrdə "Yeni Müsavat" qəzetində sıravi fotomüxbir kimi fəaliyyətə başlayan Əfqan qısa zaman kəsiyində kritik bölgələrdən hazırladığı reportajlarla imzasını tanıda bildi. O, "Yeni Müsavat"ı tərk edəndə ölkənin ən tirajlı qəzetində saysız-hesabsız köşə yazıları dərc olunmuşdu...
Əfqan Muxtarlının gedişinə hörmətli Rauf Arifoğlunun reaksiyası xeyli sərt oldu. Rauf bəy Əfqanı sıravi fotomüxbir kimi təqdim etməklə "Yeni Müsavat"ın bu itkisinin əhəmiyyətini azaltmağa çalışdı. Ortaya suallar çıxır: əgər Əfqanın əlindən ancaq şəkil çəkmək gəlirdisə, Rauf bəy niyə onun köşə yazıları yazmasına razı olurdu? Niyə 40-a yaxın adamın çalışdığı "Yeni Müsavat"da qaynar bölgələrdən reportaj hazırlamağa "təcrübəsiz" Əfqan göndərilirdi?
Əfqanın Müsavat Partiyasının təəssübkeşi olduğuna zərrə qədər də şübhəm yoxdur. Amma məsələ burasındadır ki, Əfqan təkcə Müsavatın deyil, həm də bu partiyanın daxilində mövcud olan ayrı-ayrı qruplaşmaların da təəssübünü çəkir. Bir neçə il əvvəl Müsavatda partiyadaxili ziddiyyətlər qabaranda Əfqanla aramızda kiçik bir insident baş vermişdi. Həmin vaxt rəhmətlik İbrahim Məmmədli və istedadlı həmkarım Etibar Seyidağa araya girib, bizi sakitləşdirmişdilər. Mən, həmin gün Əfqan başda olmaqla bütün firqə yazarlarının aqibətinin ürəkaçan olmayacağına yüz faiz əmin olmuşdum. Jurnalistin siyasi mənsubiyyəti peşə məsuliyyətini üstələyirsə, deməli, o, firqə yazarıdır. Firqənin pəncərəsindən isə dünya çox kiçik görünür...
Əfqan Muxtarlı kömək üçün "Yeni Müsavat" qəzetinin təsisçisi İsa Qəmbərə müraciət edib. Əgər Əfqan "Yeni Müsavat"ın stajlı əməkdaşlarından olsaydı, heç vaxt bu cəhddə bulunmazdı. Çünki İsa Qəmbər özü dəfələrlə deyib ki, onun təsisçiliyi formal xarakter daşıyır. Hətta o qədər formal ki, başqan 9 il birinci müavini olmuş Vurğun Əyyubun 50 illik yubileyi münasibətilə yazdığı təbriki bu qəzetdə dərc etdirə bilmədi. Hansı ki, Vurğun bəyin quruca adı da Müsavat Partiyasına siyasi divident gətirir.
Əgər Əfqan "Yeni Müsavat"ın stajlı əməkdaşlarından olsaydı, ondan əvvəl dostumuz Şeyda Nəsiblinin, deputat Aynur Camalqızının, təcrübəli redaktorlar Məğrur Əli Poladın, Şahin Cəfərlinin və digərlərinin də analoji problemlə üzləşdiyindən xəbər tutardı. Yuxarıda adlarını çəkdiyim bu jurnalistlərin hər biri ayrı-ayrı vaxtlarda "Yeni Müsavat" qəzetindən uzaqlaşmaq məcburiyyətində qalıblar. İsa Qəmbərin cavabı isə həmişə eyni olub: "Mən qəzetin işinə qarışmıram".
Mənim qəzetçilik anlayışım hansısa firqənin çərçivəsinə sığmır. Hesab edirəm ki, əsl jurnalist müstəqil olmalıdır. İsa Qəmbəri, Əli Kərimlini müdafiə etmək üçün Müsavatın, AXCP-nin üzvü olmaq şərt deyil. Cibində partiya bileti gəzdirmədən də demokratik qüvvələrin uğuru üçün çalışmaq mümkündür. Necə ki, illərdən bəri bunu bacaran xeyli jurnalist var...