Həmkarım Seymur Baycanla Milli Parkda gəzişəndə bir müddət əvvəl AXCP sıralarından istefa vermiş partiya sədrinin sabiq müavini Fuad Mustafayevi gördük. Fuad bəy bir neçə dostu ilə birlikdə ilıq payız günəşindən xoşhal olan qağayılara tamaşa edirdi. Hava gözəl olduğu üçün nazik gödəkçəsini çiyninə atmışdı. Allah bilir, həmin vaxt ürəyindən nələr keçirdi...
Şəxsi tanışlığımız olmadığı üçün ünsiyyət qurmağa lüzum görmədik. Yəqin ki, bu görüş siyasi proseslərin mərkəzindən təxminən bir ay əvvəl uzaqlaşmış Fuad bəy üçün də arzuolunan deyildi. Bilirsiniz, həmin gün ən çox diqqətimizi cəlb edən nə oldu? Seymur Baycanla mən Fuad Mustafayevi həmişəkindən xeyli gümrah və şən gördük. Ağır bir yükü çiynindən atmış adama oxşayırdı. Məni qınamayın, indiyə kimi qatıldığım saysız-hesabsız tədbirlərin heç birində Fuad bəyi bu qədər gümrah görməmişdim.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də müxalifət sıralarından istefa verəndə analoji qaydada davranmışdı. Keçmiş sədr müavinindən fərqli olaraq, Tahir bəy hətta sevincini dilə gətirməkdən də çəkinməmişdi. O, qəzetlərin birinə verdiyi müsahibəsində belə demişdi: "1993-cü ildən bəri ilk dəfə gecə qapını, pəncərəni açıq qoyub yatdım". Deyirlər ki, YAPmeylli olandan sonra Tahir bəyin gün-güzəranı, dolanışığı da yaxşılaşıb. Hətta taleyin ümidinə buraxdığı bir neçə vəhdətçiyə hər ay beş-on manat maaş da verir. Deyilənə görə, o, sadiq tərəfdaşları ilə söhbətlərin birində deyib ki, ən böyük qazancı müxalifətçi adının üstündən götürülməsi olub. Qınamalı deyil, müxalifətçi olduğuna görə bu ölkədə neçə insan taleyinin daşlara çırpıldığını öz gözlərimizlə görmüşük. Nahaq deməyiblər ki, göz gördüyündən qorxar.
AXCP-nin Ağdaş təşkilatının mərhum sədrinin də adı Fuad idi. Qəbri nurla dolsun, gözəl insan, mübariz cəbhəçiydi. Ömrünün sonuna kimi üzvü olduğu partiyanın ideyalarına sadiq qaldı. Fuad bəy əyalətdə müxalifətçi olmağın əzab-əziyyətini, ağrı-acısını dəyanətlə yaşadı. Ürəyi tab gətirmədi haqsızın haqlını üstələməsinə. Ömrü yarıda qırıldı. Cəmi bircə dəfə görüşmüşdük, amma onun işıqlı xatirəsi ömrümün axırına kimi yaddaşımdan silinməyəcək. Ondan bu dünyada quru bir ad qaldı. Bu adın qarşısında baş əyməyə dəyər!
Müxalifətin sıraları sürətlə seyrəlir. İnsanlar fiziki mövcudluqlarını davam etdirmək üçün siyasi mənsubiyyətlərindən imtina etməli olurlar. Liderlərin dönüklüyü təpki ilə qarşılansa da, heç kim sıravi insanlara irad tutmur, onları günahlandırmır. Çünki ağlı başında olan hər kəs müxalifətçi olmağın hansı əzablı yollardan keçdiyini yaxşı bilir. İnsanlar başa düşürlər ki, günah təkcə partiyasını, siyasi mənsubiyyətini dəyişən adamlarda deyil. Günah həm də müxalifətçi ömrünü partizan həyatı qədər dramatikləşdirən adamlardadır.
Dörd gün öncə ölkədə bələdiyyə seçkilərinə rəsmi şəkildə start verildi. Çox güman ki, seçki ərəfəsində daha bir neçə müxalifət fəalı uzun illərdən bəri təmsil olunduğu düşərgəni tərk edəcək. İnsanlar eyni əqidəyə qulluq etsələr də, ekstremal situasiyada eyni dözüm və iradəni nümayiş etdirə bilmirlər. Lap adları eyni olsa da...