«Azərbaycanlı nazirlərdən biri həyat yoldaşının yoxa çıxmasından narahat olaraq, müvafiq orqanlara müraciət edib. İlk olaraq, müvafiq orqanlar nazirin həyat yoldaşının oğurlanması ehtimalı üzərində duraraq ciddi araşdırmaya başlayıblar. Lakin az sonra məlum olub ki, nazirin həyat yoldaşı qanuni yolla ölkəni tərk edib və ölkə sərhəddini keçərkən müvafiq qeydiyyat aparılıb».
Bu məlumat Müstəqil İnformasiya Agentliyinə çox ciddi mənbədən daxıl olub. Nazirliyin və nazirin də adının hələlik məxfi saxlanılmasını xahiş edən şəxs deyib ki, baş vermiş hadisə naziri şoka salıb: «Nazirin xanımı həyat yoldaşına xəbər vermədən Azərbaycanı tərk edib. Nazir, ilk olaraq, hədisədən təlaşa düşüb və müvafiq orqanlara müraciət edərək səs-küy salıb. Lakin o, xanımının ölkəni tək tərk etmədiyini öyrəndikdən sonra, məlumatın ictimaiyyətdən gizli qalmasına çaılışır. Nazir, həyat yoldaşının tapılıb ölkəyə qaytarılmasını və onu ölkə xaricinə qaçıran şəxsin cəzalandırılmasını lazımi qurumların rəhbərlərindən xahiş edib».
Mənbənin iddiasına görə, sözügedən vəzifə sahibinin həyat yoldaşının ölkəni tərk etməsi iqtidar düşərgəsində müəyyən şayiələrin yayılmasına səbəb olub: «Bildirirlər ki, xeyli müddət əvvəl həmin nazirlə həyat yoldaşı arasında soyuq münasibətlər yaranıbmış. Hətta həmin xanımın ərindən boşanaraq öz məşqiçisi ilə ailə qurmaq niyyətində olduğu da bildirilir. Nazirin isə bu variantı qəti şəkildə rədd etdiyi deyilir. Nəticədə onun xanımı belə vəziyyətə dözməyərək öz məşqiçisi ilə ölkəni tərk edib. Qadının ölkəni tərk edərkən külli miqdarda pul və zinət əşyaları apardığı da yayılan məlumatlar arasındadır».
Ciddiliyinə şübhə etmədiyimiz mənbə həm də deyib ki, hakimiyyətin yuxarı dairələri artıq bu barədə tam məlumatlıdırlar.