"Cavad xan" filmi təqdim olunanda xalq artisti Nurəddin Mehdixanlı maraqlı açıqlama ilə çıxış etmişdi. Nurəddin bəy jurnalistlərlə söhbət zamanı demişdi ki, filmin çəkilişi əsnasında maliyyə problemi ilə üzləşiblər. Yaradıcı kollektiv çıxış yolunu yerli iş adamlarına müraciət etməkdə görüb.
Maliyyə yardımı üçün Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən iş adamlarına müraciət olunub. Səhv etmrəmsə, 10 gün ərzində cəmi 200 manat vəsait toplanıb. Əli milyonlarla oynayan, yüz min dollarlıq maşın sürən, orta əsr hökmdarlarına məxsus saraylarda yaşayan biznesmenlər Cavad xanın adını əbədiləşdirmək üçün pul xərcləməkdən imtina ediblər. Nə qədər ağır olsa da, ortaya çıxan nəticə budur: Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri olan Cavad xanın bic uşaq doğan hansısa müğənni qədər bu ölkədə hörməti yoxdur.
Ötən həftə "Bizim yol" qəzetində "Texnikabank"ın Bakı Filialının sabiq rəhbəri Zal Yusifovun istintaqa verdiyi ifadələrlə tanış oldum. Z.Yusifovun oğlu İslam Yusifovun istintaqa verdiyi ifadə isə xüsusi ictimai əhəmiyyət kəsb edir. İstintaq materiallarından aydın olur ki, İ.Yusifov dörd il ərzində atasının qazandığı milyonları şou-biznesin qalmaqallı müğənnilərindən olan Xatirə İslamın yolunda xərcləyib. Bu həmin Xatirədir ki, İslam təxəllüsünü mərhum muğam ustası İslam Rzayevin adını əbədiləşdirmək üçün götürdüyünü bəyan etməklə bir neçə il bizi avam yerinə qoyub. Amma bizdən fərqli olaraq, Zal Yusifovun ərköyün oğlunun avamlığı ona baha başa gəlib.
İslam Yusifov istintaqa verdiyi ifadəsində Xatirəyə 2 ev aldığını deyib. Dəmir barmaqlıqlar arxasına düşəndən sonra həyatın sərt üzünü görən İslamın sonrakı açıqlaması isə daha maraqlıdır: "Xatirə ilə görüşdüyüm müddət ərzində ona 30-40 min manat cibxərcliyi vermişəm". Bu, hələ hamısı deyil. İslam ifadəsində qeyd edib ki, Xatirəyə ofis almaq üçün 60 min manat xərcləyib. "Papanın gül balası"nın müğənninin kliplərinin çəkilməsi üçün xərclədiyi məbləğ isə 50 min dollardır. Nə başınızı ağrıdım, istintaq materiallarından o da aydın olur ki, İ.Yusifov Xatirə üçün "Audi Q7" markalı amtomaşın və "Range Rover" də alıb. Müğənnin bağının təmiri isə 50 min dollara başa gəlib.
Mən, İslamı tanımıram. Özümə əziyyət verib, onun hansı yaş qrupuna aid olduğunu da öyrənməyə lüzum görmədim. Hələlik bildiyim odur ki, İslam Misir Mərdanovun banisi olduğu yarıtmaz təhsil sisteminin yetirməsidir. Subay olması da onun gənc olduğundan xəbər verir. İslam müasir Azərbaycan gəncinin ümumiləşdirilmiş obrazıdır. Maşına, telefona, əyləncəyə kitabdan yüz dəfə çox maraq göstərən bu kateqoriyanın siması ancaq İslam Yusifov kimi atasının pulunu havaya sovuran müftəxorlar ola bilər. Tarixdə istisnalar həmişə olub. Sözsüz ki, bütün gəncləri İslamla eyni sıraya qoymaq fikrində deyilik. Amma yaxşı nümunələr barmaqla sayılacaq qədər azdır. İslam kimi düşünənlər isə mlyonlarladır.
İslamın meşşan həyat tərzi keçirməsi təkcə indi dəmir barmaqlıqlar arxasında layiq olduğu cəzanı çəkən atası Zal Yusifovun günahı deyil. Heç bir savadı, dünyagörüşü, səsi, sənəti olmadığı halda milyonçu bir oğlanı barmağına "sarıyıb" o tərəf-bu tərəfə fırladan "ulduz"lar bu məmləkətdə hələ İslam kimi çox gəncləri "yandıracaq". Bu "alov"un tüstüsündə isə hamımız boğulacağıq...