Rəsmi Ankara Qarabağın işğaldan azad edilməsi şərtindən imtina edibAvqustun 28-də Turkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsinin və iki yüksək rütbəlı türk diplomatını xüsusi missiya ilə Bakıya göndərməsinin səbəbi aydınlaşdı.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Türkiyə və Ermənistanın Xarici İşlər nazirlikləri ilə İşveçrə Konfederasiyasının Xarici Əlaqələr Departamentinin yaydığı bəyanatdan aydın olub ki, Türkiyə-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoyur. Belə ki, avqustun 31-də Türkiyə və Ermənistan ''Diplomatik Əlaqələrin Təsisi Protokolu'' ilə ''İkili Əlaqələrin İnkişaf etdirilməsi Protokolunu'' paraflamaqla bağlı razılığa gəliblər.
6 həftə sonra imzalanması nəzərdə tutulan 2 protokoldan birinin mətni Türkiyə mətbuatına verilib. Türkiyə və Ermənistan ''Diplomatik Əlaqələrin Təsisi Protokolu'' iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınması nəzərdə tutulur.
Razılaşdırılan protokola görə
- iki ölkə diplomatik əlaqələr qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçiliklər açmaq məsələsində yekdil rəyə gəliblər.
- sənəd qüvvəyə mindikdən 2 ay sonra sərhədlər açılacaq və hər iki ölkənin xarici işlər nazirlikləri işçi qrupları yaradacaqlar.
- 3 ay sonra hökumətlərarası komissiyanın və alt komissiyaların işləmə mexanizmləri, statusları nazirlər səviyyəsində təsdiqlənəcək.
- 7 alt komissiya qurulacaq. Bura Siyasi Əlaqələr, Enerji, Hüquq, Elm və Təhsil, Ticarət, Turizm və İqtisadi Əlaqələr, Ekologiya, Tarix komissiyaları daxildir.
İmzalanan protokol hər iki dövlətin parlamentində təsdiqlənindən sonra qüvvəyə minəcək.
Məhz Rəcəb Tayyib Ərdoğanın İlaham Əliyevə qəfil zənginin səbəbi bu razılıqla bağlı olub. Avropa Birliyi Türkiyənin bu addımını alqışlayıb. Ərdoğan isə bildirib ki, Türkyiə parlamentinin təsdiqindən sonra anlaşma qüvvəyə minəcək.
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Şimali Kiprə səfəri zamanı deyib ki, «hər şey gözlənilən kimi getsə, yeni ilə Türkiyə-Ermənistan sərhədləri açıla bilər».
Ermənistan prezidenti Sərkisyan isə bu protokolda Qarabağ məsələsinə toxunulmadığını və ölkəsinin bu sahədə müstəqil olduğunu bildirib. Yəni Türkiyə Qarabağın işğaldan azad edilməsi şərtindən imtina edib.
Qeyd edək ki, avqustun 29-da Türkiyənin xarici işlər nazirinin birinci müavini Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti prezident İlham Əliyevin qəbulunda olub. Böyük ehtimalla Türkiyə tərəfi bu addımının səbələrini izah edib. Lakin Azərbaycanın etirazına baxmayaraq, Türkiyə Ermənistanla razılığa gedib.