Mahal İsmayıloğlu "Xalq qəzeti"nin baş redaktoru işləyəndə qonşusunu şərləyib, həbs edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi azadlığa buraxmaq üçün o qədər rüşvət istəyirlər ki, zərərçəkənlər kömək üçün təkcə qohum-qardaşa deyil, hətta uzaq qonşulara da müraciət etməli olurlar. Amma yenə tələb olunan rüşvəti toplaya bilmirlər.
Əli hər yerdən üzülən valideynlər axırda əlacsız qalıb, tanımadıqları insanlardan da yardım istəyirlər. Kömək üçün müraciət etdikləri adamların arasında Mahal bəy də olur. El-obanın günahsız bir gəncin azadlığa çıxması üçün səfərbər olduğunu eşidən baş redaktor bu hadisəyə biganə qala bilmir. Qəzetin növbəti sayında Mahal İsmayıloğlunun "Elliklə rüşvət" adlı məqaləsi dərc olunur. Həmin vaxt bu hadisə böyük rezonans doğurur. Eşitdiyimə görə, hətta güc nazirliklərindən birinin rəhbəri Mahal bəyi yanına çağıraraq, onu əməlli-başlı məzəmmət edir.
Elliklə rüşvət verən bir cəmiyyətin mənəvi deqradasiyaya uğraması gözlənilən idi. Təəssüf ki, əclaflığın kütləvi xarakter alması üçün uzun müddət gözləməyə ehtiyac qalmadı. Yəqin ki, oxucularımız Qaradağ rayonunun Ümid qəsəbəsində baş vermiş rəzalətdən xəbərdardırlar. Bu mövzuda yazmaq mənim üçün nə qədər ağır olsa da, problemin kökünü araşdırmaqdan ötrü bəzi detallara müraciət etmək məcburiyyətindəyəm. Bu günlərdə polisə daxil olan şikayət nəticəsində məlum olub ki, Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 50 yaşlı müəllimi Şahin Yusifov 14 yaşlı şagirdini zorlayıb. İlkin araşdırma zamanı müəllim-şagird "münasibətlərinin" üç illik tarixə malik olduğu üzə çıxıb.
Əsəblərimi tarıma çəkən, qəlbimi göynədən təkcə Şahin Yusifovun iyrənc hərəkətləri deyil. Bilirəm ki, bütün millətlərin içərisindən belə alçaqlar çıxır. Məni yandıran müəllim adına ləkə olan Şahin Yusifovun həyat yoldaşının dediyi sözlərdir. Lütfən, aşağıdakı sitata diqqət yetirin: "Bu kənddə onun yanına yüzü gedib. Şahin yüz birincidir".
Qəsəbədə araşdırma aparan jurnalist həmkarımın sözlərinə görə, təcavüzə məruz qalmış qızcığazın anası iki övladını təkbaşına böyüdürmüş. Dul qadın olan İradə Şahin Yusifov həbs olunan günə kimi ona məxsus şadlıq sarayında qabyuyan işləyirmiş. Şahin Yusifov iki azyaşlı körpəsi ilə damın altda tək qalan İradənin ehtiyac içərisindən yaşamasından istifadə edərək, onun məktəbli qızını yoldan çıxarmağa müvəffəq olub. Ən dəhşətli isə odur ki, qəsəbə sakinlərinin hamısı bu rəzalətə göz yumub. Şahinin ağzının üstündən bircə şillə vurmağa, bu alçaq hərəkətinə görə ondan polisə şikayət etməyə heç kimin cəsarəti çatmayıb. Şahinin həyat yoldaşının açıqlamalarından məlum olur ki, hətta bəziləri zavallı qızcığazın durumundan istifadə edərək, onu öz "tor"una salıb.
Mən şübhə etmirəm ki, Mahal İsmayıloğlu bu mövzuda yazsaydı, məqaləsinə belə başlıq qoyardı: "Elliklə əclaflıq". Çünki bu hadisənin başqa adı yoxdur.