Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev növbəti dəfə öz aləmində çağdaş ədəbi prosesin diaqnozunu qoymağa çalışıb. "Azərbaycan ədəbi prosesində nə baş verir?" - Elçin müəllimin sonuncu yazısı belə adlanır. Yazı nə yazı? Başı ilə ayağı məlum olmayan söz yığını. Saxta intellektuallığın, yalançı akademizmin olmayan istedadla sintezindən yoğrulmuş sicilləmə. Bəli, məhz sicilləmə! Çünki yazı üç hissədən, 7 qəzet səhifəsindən ibarətdir.
Elçin Əfəndiyevin yazısının ana xəttini adını tənqidçi qoyub, ortada əlini-qolunu sallayaraq gəzən anti-ədəbiyyat ünsürlərinin ədəbi müxalifət qarşısında susqun dayanması təşkil edir. Baş nazirin müavini cavanşir yusifliləri, tehran əlişanoğluları, rüstəm kamalları-zadı "niyə bunların ağzının payını vermirsiniz?",- deyə qınayır. "Bunlar" - yəni azad və yenilikçi ruhlu gənc yazarlar, həşəmətli Əfəndiyevin leksikonundakı sevimli ifadəsi ilə desək, lümpenlər, küçə uşaqları.
Oysa mən Elçin Əfəndiyevdən soruşuram: adını çəkdiyim-çəkmədiyim "tənqidçiləri" qabağa verməyə çalışınca, onun özü niyə bizimlə açıq müharibəyə girməkdən çəkinir? 7 səhifəlik sicilləməni kimlərisə bizə qarşı qaldırmağa həsr edincə, elə ədəbi müxalifətin tənqidi üzərində qura bilməzdimi? Bu sualların cavabı çox sadədir: Elçin Əfəndiyev qorxur! Bilir ki, ədəbi müxalifətlə savaşa girmək onun yemi deyil. İki-üç cavab yazısından sonra darmadağın olacaq. Yenə Anarın, Əkrəmin ortada az-çox dişə dəyən əsərləri var, bəs Elçin Əfəndiyev nəyə güvənsin? Bu adam cümlə qurmağı belə bacarmır.
Yazıçılığa parodiya
Elçin Əfəndiyev bir neçə ay əvvəl müsahibə verib demişdi: "Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin ilk növbədə yazıçıdır". Sözün də çubuq kimi iki başı var. Bu məntiqdən çıxış etdikdə Elçin müəllimin dediklərini belə anlamaq lazımdır: "Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin məhz yazıçı deyil". əinki hansısa vəzifədə olanda, hətta yazı masası arxasına keçəndə, əlinə qələm alaraq, nəsə yazıb-pozanda belə, Elçin yazıçı deyil. O, yazıçılığa parodiyadır.
Bu adamın cild-cild kitabları var. Amma soruşsan, insanlar Elçin Əfəndiyevin bir dənə də qəhrəmanının adını bilmir. Yazdıqlarını üst-üstə yığsaq, Eyfel qülləsini də vurub keçər. Ancaq yaddaşlarda bircə cümləsi də yoxdur. Mənim onun külliyyatından yadımda qalan hansısa tamaşasındakı bu sözlərdir: "İnsan dəli olanda, özü də bilmir dəlidir".
O qatarın dalınca baxma!
Elçin müəllimin bəhs olunan yazısından bir sitat (əsəbi zəif olanların oxumaması məsləhətdir): "Bu gün ədəbiyyatımızın bir küll halında zəif yeri, çatışmazlığı, mənim fikrimcə, mövzu yeknəsəqliyidir və ən qəribəsi (bəlkə də əlamətdarı!) budur ki, həmin yeknəsəqlik, misal üçün, əgər poeziyamızı şərti olaraq iki yerə ayırsaq - istedadlı poeziya (ədəbiyyatın yaratdığı) və istedadsız poeziya (anti-ədəbiyyatın yaratdığı) - bu yeknəsəqlik hər ikisində özünü göstərir".
Əvvəlcə gəlin dərindən nəfəs alıb, bir stəkan su içək, özümüzə gələk. Sonra baxaq görək, bu cümlə hansı dildədir? Hansı təfəkkürün məhsuludur? Adını yazıçı qoymuş bir adam, belə cümlə yazmağı özünə necə sığışdırır? Deyək ki, özünə sığışdırır, bəs oxucuya necə rəva görür? A kişi, yazı yaza bilmirsən, yazma də, nə məcburdur? Dünyada mənə elə bir yazıçı cümləsi göstərin ki, orada bütün bağlayıcılara, durğu işarələrinə rast gəlmək mümkün olsun. Bəla orasındadır ki, bu cür uzun-uzadı, ayağını oxuyanda başını, başını oxuyanda ayağını unutduğumuz cümlələr Elçin Əfəndiyevin yaradıcılığı üçün adi haldır.
Əslində Elçin müəllim də yaxşı başa düşür ki, o, ədəbiyyat üçün yad fiqurdur. Digər yaşıdları ilə müqayisədə tamamilə uğursuzluğa uğrayıb. Son sicilləməsindən də bunun depressiyasını yaşadığı aydın hiss olunur. Onun çağdaş ədəbi prosesi yanlış yerlərə istiqamətləndirməkdə də bir məqsədi var: özünü xilas etmək. Elçin müəllim anti-ədəbiyyatı ikiəlli dəstəkləməklə uğursuzluğunu sığortalayacağını düşünür. Amma çifayda. Qatar artıq gedib. Ədəbi proses ölü nöqtədən tərpənib. Əfəndiyev isə bu qatarın sərnişinləri arasında yoxdur.
Zənnimcə, nə qədər ağır olsa da, Elçin müəllim artıq bu aqibəti ilə barışmalıdır. Ədəbiyyatdakı məğlubiyyətini qafaya taxmamalıdır. "ə etməli, məndə alınmadı",- deyib, üstündən keçməlidir. Əks halda "Elçin Əfəndiyevdə nə baş verir",- sualının cavabını axtarmaq tibb elminin boynuna düşə bilər.
Hüseynbala Mirələmov, kimdir əxlaqsız?
Dörd-beş ay əvvəlin söhbətidir. Hüseynbala Mirələmov hansısa qəzetə müsahibə verib, azad yazarları əxlaqsızlıqda suçlamışdı. Bunda təəccüblü heç nə yoxdur. Dostunu göstər, deyim kimsən. Bir adam ki, səhərdən axşama Anarla-zadla hərlənə, ondan daha nə gözləmək olar? ə isə, sözüm onda yox.
Vaxt vardı, Hüseynbala Mirələmov Qaz Emalı Zavodunun direktoru idi. Pulunu balta kəsmirdi. Fürsəti fövtə verməyən ədəbiyyat tüccarları Mirələmov haqqında hər gün palaz-palaz yazılar dərc edir, ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan bu cızmaqaraçının dahi obrazını yaradır, adamın roman, povest deməyə dili gəlməyən "əsər"lərini qaldırıb dağ başına qoyur, sonra da qapısının ağzını kəsdirib, beş-on manat çırpışdırır, işlərini aşırırdılar. Belələrinin arasında AYB-nin Elçin Hüseynbəyli, Vaqif Yusifli, canım sizə desin, Əsəd Cahangir, Elxan Zal Qaraxanlı, Qəşəm əcəfzadə kimi bərkgedənlərindən, hətta və hətta Anarın özündən tutmuş, adı it dəftərində olmayan qəzetciklərə, jurnalistciyəzlərə qədər ən müxtəlif növdən adamlar vardı.
Gün gəldi, Mirələmovu Qaz Emalı Zavodunun direktorluğundan uzaqlaşdırdılar. Həmin vaxtdan da Hüseynbala müəllim unudulmağa başladı. Haqqındakı bəh-bəhli yazılar sürətlə buxarlandı. Bir sözlə, bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salam-əleyk qurtardı. Həə, yoldaş Mirələmov, indi deyin görək, əsl əxlaqsız kimdir: ədəbiyyat naminə sizi səmimi-qəlbdən eninə-geninə tənqid edən bizlər, yoxsa yaxşı gününüzdə böyür-başınızda bəslənib, dar gününüzdə dabanına tüpürən ədəbiyyat dəllaları? Əsl ədəbiyyat budur e, Hüseynbala müəllim, istedadınız çatırsa, bunu yazın.
Anarın səsyazma "studiyası"
eçə vaxtdır Yazıçılar Birliyindən yazmıram. Əslində bizlər AYB-nin adını tutmasaq, Azərbaycanda belə bir qurum varmı, yoxmu, heç kimin vecinə olmaz. Amma Yazıçılar Birliyində son vaxtlar elə şeylər baş verir ki, üstündən sükutla keçmək çətindir. Bunları oxucularla paylaşmamaq ən azı qəzetçilik missiyası baxımından böyük eşşəklikdir.
Məsələ nədir? Yazıçılar Birliyində müxtəlif postları tutanların hər biri bu günlərdə cibində bir diktafon gəzdirir. Diktafon olmasa belə, bu vəzifəni cib telefonunun uyğun menyüsü yerinə yetirir. Birliyin istənilən otağında iki və daha çox adamın arasındakı söhbətin səs yazısı uzağı yarım saata AYB sədri Anar Rzayevin stolunun üstündədir. Hamı bir-birini satmağa, sədrə daha çox sadiq olduğunu sübut etmək üçün ən yaxın dostunun yaxasını ələ verməyə hazırdır. Anar müəllim isə yaranmış bu iyrənc situasiyadan çox məmnundur. Hətta deyilənə görə, o, prezident təqaüdü siyahısına daxil edilən adları da "kim daha yaxşı yazır?" meyarı ilə yox, "kim daha yaxşı işverənlik eləyir?" kriteriyası ilə müəyyənləşdirir.
Artıq AYB-nin gələn ilki büdcəsini ən müasir kompüterlərin, yoxsa, ən modern diktafonların alınmasına xərcləmək üstündə möhkəm mübahisə gedir. Yalnız Fikrət Qoca bu mübahisələrin heç birinə qarışmır. iyəsini yazmıram, Allahın məsləhətinə şükür.