Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Oliqarxların Azərbaycanı

  Sayta qoyulub: 17:28 25.08.2009 (1151 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, üç-dörd gün əvvəl Samir Sarı bu barədə yazmışdı. Bu cür hadisələr nadir hallarda baş verdiyi üçün təkrar yazmağın heç bir zərəri yoxdur.
Pyes yazarlarının təbirincə desək, hadisə Qəbələ rayonunda vaqe olur. Qəbələnin barlı-bəhərli torpaqlarını çoxdan özününküləşdirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov meşənin ətəyində nəhəng bir villa görür. Müasir üslubda inşa olunmuş bu gözəl tikili "fövqəlnazir"in xoşuna gəldiyi üçün mühafizəçilərini evi almağa göndərir. Qoca gözətçi nazirin adamlarına konkret cavab verir: "Bu evi almağa sizin pulunuz çatmaz". Tərəflər arasında mübahisə başlayır. Kəmaləddin müəllimin tutduğunu qopartmağa vərdiş etmiş mühafizəçiləri səslərini qaldıranda həyatı üçün real təhlükə yarandığını başa düşən qoca naçar qalıb villanın sahibinin adını açıqlayır: "Bu ev Kəmaləddin Heydərovundur". Deyirlər ki, gözətçinin sözlərini Kamal müəllimə çatdıranda "fövqəlnazir" bir müddət fikrə dalır. Handan-hana bir neçə il öncə Qəbələdə aldığı üç nəhəng villadan birinin də bu ev olduğunu yadına sala bilir.
Ötən həftə üç-dörd jurnalist həmkarımla bərabər Quba rayonuna səfər etmişdik. Məqsədimiz Bakının toz-torpağından, bürküsündən bir neçə günlüyə xilas olub, ana təbiətin qoynunda dincəlmək idi. Bakıda dənizi hasarlayan oliqarxlar Qubada da meşə zolağının yarısından çoxunu çəpərləyiblər. Üç-dörd oliqarx Tanrının Azərbaycan xalqına ən böyük hədiyyələrindən biri olan zümrüd libaslı meşələrimizi dədələrinin malı kimi öz aralarında bölüşdürüblər. Hansı ağaca əlini uzadırsansa, arxasından ya Ziya Məmmədovun, ya Etibar Pirverdiyevin, ya da digər bir oliqarxın adamları çıxır. Qubalıların min illərdən bəri yaşadığı bu torpaqlar ömrü boyu Qubaya ayağı dəyməyən beş-üç oğru məmurun arasında pay-püşk edilib. Hətta ən ucqar dağ kəndlərində belə tez-tez bu məzmunda elanlara rast gəlmək mümkündür: "Torpaq satılır". Rayonda işsizlik tüğyan etdiyi üçün kənd camaatı torpaq bölgüsündə onlara düşən ərazini də satışa çıxarıb. Kənddə mal-qara, toyuq-cücə saxlayanların sayı azalır. Oliqarxların əsirinə çevrilən əhali dədə-baba torpaqlarını dəyər-dəyməzinə imkanlı adamlara satıb, böyük şəhərlərə üz tutur. Belə davam etsə, bir neçə il sonra Qubanın əksər kəndlərində Ziya Məmmədovun, Kəmaləddin Heydərovun, Etibar Pirverdiyevin və digər korrupsioner məmurların villalarının keşiyini çəkən üç-dörd qoca gözətçidən başqa heç kim yaşamayacaq.
Eyni problem Qəbələ, Qax, Şəki və təbiətin səxavətindən yararlanan digər rayonlarımız üçün də xarakterikdir. Bu rayonlara yolu düşən həmkarlarımız danışırlar ki, oliqarxlar camaatın həyətində olan beş-altı meyvə ağacını da onların əlindən alıblar. Zavallı insanlar min bir əziyyətlə becərdikləri ağaclara indi kənardan tamaşa etməklə təsəlli tapırlar. Beş-on manat çörəkpulu müqabilində meyvələri dərmək şansı əldə edənlər isə özlərini xeyli xoşbəxt sayırlar.
Bədbəxtçilik odur ki, təkcə ölkənin səfalı guşələri deyil, Mil-Muğan düzü, Mərkəzi Aran rayonları da bu acgöz məmurların arasında bölüşdürülüb. Milli Məclisin ən əfəl deputatı olan Əhəd Əhmədovun Haramı düzündə 1000 hektardan artıq sahədə taxıl əkdiyini eşidəndə Azərbaycanın işıqlı gələcəyilə bağlı qəlbimin dərinliklərində baş qaldıran bütün arzuların üzərinə qatı duman çökdü. Azərbaycanın mövcud vəziyyəti onu öz aralarında bölüşdürülən rüşvətxor məmurların mənəvi-psixoloji durumuna tam adekvatdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829