Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Üç əsas məsələ

  Sayta qoyulub: 15:28 25.08.2009 (1386 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin məni məhbəsdə saxlamaq istəyiniz, mənim azad olmaq istəyimdən heç vaxt güclü ola bilməz.
A.D.

Ötən ay Azərbaycanda qəribə hadisə baş verdi. "Ekranas" futbol klubunun mətbuat katibini ölkədən qovdular. Gedas Saroçka Azərbaycana gəlməmişdən əvvəl Qarabağda olmuşdu. Jurnalistlərin hansısa futbol turnirində iştirak edibmiş Qarabağda. Bizim hüquq-mühafizə orqanlarının əməkdaşları bunu iki gün sonra hansısa sənədləşmə işi aparanda aşkara çıxarmışdılar. Məsələyə Gedas Saroçka orjinal münasibət bildirdi: "Ermənilər deyir ki, Qarabağ onların torpağıdır. Siz də deyirsiniz ki, sizindir. Mən bu haqda danışmaq, siyasi məsələlərə qarışmaq istəmirəm. Hər halda həqiqəti siz daha yaxşı bilirsiniz".
Gedasdan əvvəl Qarabağ mövzusunda daha bir orijinal söz deyilmişdi. Bu söz Asim Mollazadənin ağzından çıxmışdı. Ziyalıların Qarabağa məlum səfəri zamanı Xankəndində Asim müəllim jurnalistlərə belə bir açıqlama vermişdi: "Mənim burda olmağım onu göstərir ki, həm Azərbaycan iqtidarı, həm də Azərbaycan müxalifəti problemin sülh yolu ilə həllinə tərəfdardır".
Gerçəkdən insan bitməyən məxluqdur. Əks halda bu qədər romanlar yazılıb, bu qədər filmlər çəkilməzdi. İnsan daima mövzu verir, insan daima təəccübləndirir. Xüsusən, əgər insanın qabırğası bir az fərqli ölçüdədirsə, onun mövzu vermə əmsalı başqa insanlardan daha artıq olur. Bax, necə olur ki, Asim Mollazadə özünü müxalifət düşərgəsinin nümayəndəsi kimi təqdim edir? Görəsən, bu sözləri deyəndə o, heç sıxıntı-filan keçirməyib? Hərçənd nə bilmək olar, bəlkə də Asim müəllim Qarabağda iqtidar tərəfdən danışırmış. Köşə yazarları Asim Mollazadənin bu sözlərinə necə lazımdırsa, cavab verdilər. Mən isə bir haşiyə çıxmaq istəyirəm.
Adamlar vardı, mən Qarabağdan qayıdanda televizora çıxıb ağızlarına gələni danışırdılar. Gündəmdə qalmaq üçün erməniləri söymək, Ermənistana gedənləri lənətləmək gözəl vasitədir. Hətta onlardan biri orjinal təkliflə çıxış edərək, məni pişik kimi azdırmaq fikrinə düşmüşdü. Amma Qarabağa səfər edənlərə bizi söyənlərdən heç kim heç nə demədi. Deməzlər. Onlar bilirlər ki, Asim Mollazadə heç vaxt göstəriş olmadan Qarabağa getməz. Deməli, bu halda onun səfəri də şərh olunmamalıdır. Sərf etmir. Bu qədər. Söhbəti uzatmağa ehtiyac yoxdur.

Həqiqət və yarımhəqiqət
Trotski memuarındı yazır: "Reallığı dərk etmək, vəziyyəti tam anlamaq, qələbənin yarısı deməkdir". Vəziyyət həqiqətən müxalifət düşərgəsi üçün çox ağırdır. QHT-lər sıradan çıxıb. Hətta Novella Cəfəroğlu yorulmadan ordunun yüksək səviyyədə təchizatından danışır. Hakimiyyətə yarınmaq məqsədi ilə yaltaqlığın daha incə formaları ortaya çıxmaqdadır. Ümumilikdə cəmisi 30-40 adam iqtidara qarşı münasibətini açıq şəkildə bildirməkdədir. Xüsusən, referendum ərəfəsində müxalifətin ziyalı siyasətinin nə qədər yalnış olduğu ortaya çıxdı. Müxalifət düşərgəsinin "ziyalıları" ən yaxşı halda susmağa üstünlük verdilər. Bu haqda çox yazılıb. İllərlə biz onların tənqid edirdik və həmişə qınağa tuş gəlirdik. Guya bu ziyalılar hansısa həlledici məqamda kara gələ bilərdilər. Referendum hər şeyi aydına çıxartdı. Daha konyuktura üçün meydan da yox idi. Ya "hə" deməliydin, ya da "yox". İndi isə... Vəziyyət Elmir Mirzoyev demişkən, biz düşündüyümüzdən də ağırdır. Mühasirə getdikcə daralır. Adamlar tükənir. Kasıbçılıq onların belini bükür. Tribunalar isə çox azdır. Amma üç əsas məsələ var ki, bu üç əsas məsələ müxalifətin xeyrinədir. Bunları qeyd etmək istəyirəm:
1. Bütün çətinliklərə baxmayaraq, gənc yazarlar saray ədəbiyyatının nümayəndələri üzərində qələbə çaldılar. Bu, müstəqillik dövründə sonu qələbəylə bitmiş yeganə hərəkatdır. Gənc yazaralar sovet dönəmində tirajlanmış, istənilən məsələdən öz xeyrini götürməyi bacaran, pullu, titullu, vəzifəli, həssas mövzularla adamları yerindən oynadan bir qoşunun qarşısına demək olar ki, əliyalın çıxmışdılar. Gənc yazarlar bir-birilərini təbliğ, təqdim etməklə əvvəlcə özlərini mətbuatda tanıdıb, sonra saray ədəbiyyatının nümayəndələri üzərinə amansız hücuma keçdilər. Biz onları təhqir etməklə gözdən salmağı bacardıq. Kraxmallı, ütülü, ən böyük amacı qayğıkeş ata, mehriban ər kimi tanınmaq olan saray ədəbiyyatının nümayəndələri bizə cavab verməyi özlərinə rəva bilmədilər. Əks halda, daha ağır dozada təhqirlərə məruz qalacaqdılar. Prezident təqaüdü, şirnikləşdirici vədlər gənc yazarların sıralarını poza bilmədi. Əksinə, jurnallar, almanaxlar, kitablar ortaya qoyuldu. Mətbuatda şəbəkə yaradıldı. Saray nümayəndələrinin müsahibələri ən azı beş-altı adam tərəfindən lağa qoyuldu, müxtəlif formatlarda təftiş olundu. Vəziyyət o həddə çatıb ki, hətta saray ədəbiyyatının nümayəndələri müsahibə verməkdən qorxurlar. Mən onların adını belə çəkməkdən iyrənirəm. Onlardan biri, ən cığalı, guya cəsarətlisi ad günündə Prezident Aparatından təbrik almadığına görə hönkür-hönkür ağlayırdı. Onlar bitiblər. Sağlıqlarında bütün lazımı sözləri eşitdilər. Biz onları qəhrəman kimi ölməyə qoymadıq. Sorokinin təbirincə desək, onların yalnız bioloji ölümləri qalıb. Tarixi və bəşəri mövzuların arxasında gizlənib, gözünün qarşısında baş verənləri görmək istəməyənləri, guya ətrafında baş verən hadisələrin fövqündə dayananları Lenin "ədəbi gədalar" adlandırırdı. Bizim ədəbi gədalarımızı sovet dövründə qazandıqları tirajlar, titullar, vəzifələr, həssas mövzular (Yaralı Araz, Təbriz, Cavad xan, Qarabağ müharibəsi və s.) xilas edə bilmədi. Gənc yazarların zaman-zaman müxalifətlə problemi yaşansa da, onların əksəriyyəti kritik anlarda müxalifəti dəstəkləyib. Biz, sadəcə, müxalifətin ziyalı siyasətini tənqid etmişik. Və referendum günlərində baş verənlər bizim düz yolda olduğumuzu göstərdi.
2. Tam əminliklə demək olar ki, Azərbaycan mətbuatında oxunan, yazıları reaksiya doğuran adamların hamısı müxalifət düşərgəsinə yaxındır. İqtidar düşərgəsinə mənsub bir yazarın populyarlıq qazanması mümkünsüzdür. Düzdür, tribuna çox azdır. Amma yazı məsələsində müxalifət düşərgəsi tam üstünlüyə malikdir. Yaranmış böhran yazarların mövqeyini tam qətiləşdirib. Məğlub olmuş ordunun ən döyüşkən əsgərləri bütün çətinliklərə dözərək, vaxtından əvvəl döyüş meydanını tərk edənləri utandırmağı bacarırlar. Dözməyi bacaranlar indi daha çox yazır. Və öz mənəvi üstünlüklərindən açıq-aşkar zövq alırlar. Yazılarda hətta vaxtında kəsilmiş duz-çörək də unudularaq cəbhəsini dəyişmiş adamlara aman verilmir. Bir vaxtlar ümumi yazan yazarları, belə şərait, yazılarını konkretləşməyə məcbur edir. Saylarının azalması müxalifət yazarlarını daha da doğmalaşdırıb. Açığı, onların hər birinin sifətindən "kim yolunu azsa da, mən sona qədər dözəcəm" şüarı oxunur. Yazılar da bu ruhda yazılır.
3. İqtidar düşərgəsi nə qədər pul xərcləsə də, bütün imkanlardan istifadə etsə də, cib müxalifətinin hətta görüntüsünü yaratmağa belə müyəssər ola bilmir. Cəbhəsini dəyişmiş adamlar həmən gözdən düşür, mətbuatın oxunan köşə yazarları müxtəlif janrlarda, müxtəlif üslublarda onları gözdən salıb, gülüş obyektinə çevirirlər. Ən önəmlisi odur ki, cəbhəsini dəyişmiş adamı qarşı tərəfdə də gül-çiçəklə qarşılamırlar. Onalara inanmırlar. Çünki xəyanətkar hər yerdə xəyanətkardır. Cəbhəsini dəyişmiş adamlar mətbuatı qorxa-qorxa oxuyurlar. Əleyhlərinə yazılmış cümlələrin hər birini zəhər kimi içirlər.
Cib müxalifətinin hətta görüntüsünü belə yaratmaq mümkün deyil. Bu məsələdə oxunan, sözü keçən, hörmət sahibi olan köşə yazarları müstəsna rol oynayırlar. Məsələn, Asim Mollazadə Qarabağ səfərindən sonra növbəylə sərt tənqidə tuş gəldi. Hərə öz üslubuna uyğun Asim Mollazadənin cavabın verdi. Məsələ ondadır ki, Asim Mollazadə nə qədər istəsə də, özünə yaxın bir yazar yetişdirə bilməz. Hər cür təmin olunmuş Mollazadəni vicdanlı qələm müdafiə edə bilməz. Onun ətrafındakı adamlar maaş hesabına ətrafına yığışıblar.
Cib müxalifətinin görüntüsünü yaratmaq istəyənlər zaman-zaman müxalifəti tənqid edirlər. Yaltaqlığın bir neçə forması var. Birbaşa yaltaqlıq və dolayısı ilə yaltaqlıq yaltaqlığın ən geniş yayılmış formalarındandır. Müxalifəti tənqid edənlər dolayısıyla hakimiyyətə yaltaqlanırlar. Əsas niyyətdir. Niyyət hər bir məsələdə çox önəmlidir. Məsələn, Zərdüşt Əlizadə uzun illərdir klassik müxalifətin liderlərini aramsız tənqid edir, amma buna baxmayaraq, müxalifətə yaxın qəzetlər Zərdüşt bəydən müsahibələr alır, mütəmadi olaraq, onun hadisələrə münasibətini öyrənirlər. Müxalifət yazarları Zərdüşt bəyə hörmət bəsləyir, yazılarında ondan sitatlar gətirirlər. Çünki Zərdüşt bəy müxalifəti hakimiyyətə yarınmaq üçün tənqid etmir. Bəli, Zərdüşt bəy müxalifəti tənqid edir, amma hakimiyyəti müxalifətdən də sərt tənqid edir. Əsas məsələ də budur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829