Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Çinar həsrəti

  Sayta qoyulub: 20:01 21.08.2009 (1018 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xan Çinar Cəbrayılın simvolu sayılırdı. Cəbrayıla ayağı düşən hər kəs mütləq bu ağacın altındakı kəhrizin buz kimi soyuq suyundan bir ovuc içib sərinlərdi. Uşaqlar bu nəhəng ağacın kölgəsində böyüyərdilər. Xan Çinarın yaşını heç kim dəqiq bilməzdi. Hamı gözünü açıb bu ağacı əzəmətli, qollu-budaqlı görmüşdü.
Cəbrayıl işğal olunanda insanlar doğma yurd-yuvaları, isti ocaqları ilə birgə Xan Çinarı da yad əllərdə qoyub gəldilər. Cəbrayıllılar tez-tez həmin çinar ağacını yuxuda görürlər. Bu rayonun camaatı harda çinar ağacı görürsə, onun başına dolanır. Cəbrayıllılar neçə illərdi ki, közü çoxdan soyumuş ocaqları ilə birlikdə Xan Çinara da yas tuturlar. Əvvəllər bu nəhəng ağacın şəninə şerlər deyilirdisə, indi ağı, mərsiyə söylənilir. Cəbrayıl Allahın əsir mələyi, Xan Çinar isə bu mələyin çöhrəsindəki nur payı idi.
2006-cı ilin aprelində ermənilər Xan Çinarı kökündən kəsdilər. Görünür, bu nəhəng ağacın əzəməti düşməni o qədər vahimələndirib ki, yalnız 13 il sonra ona əl qaldırmağa cəsarət ediblər. Xan Çinarın kökünə balta çalındığı gün Cəbrayıl ikinci dəfə işğal olundu. Həmin gecə bütün cəbrayıllılar yuxusunu qarışdırdı. "Çinara əl vurmayın", - deyib hövlnak qalxanlar, diksinənlər də oldu. Bu ağır dərd, bu acı xəbər insanlara dərhal əyan oldu. İnsan ancaq ən yaxın adamının, əzizinin faciəsini əvvəlcədən belə duya bilir. İndi aprel ayı da cəbrayıllılar üçün avqust qədər kədərlidir. Bu ildən cəbrayıllılar Xan Çinarın kökündən kəsildiyi tarixi də matəm günü kimi qeyd edirlər.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarının işğalının 16-cı ili tamam olur. Bu bölgənin əhalisi mənim yaddaşımda hər şeydən əvvəl məsum çöhrələri ilə qalıblar. Bizim camaat çörəyini alın təri, halal zəhməti ilə qazanırdı. Haram yemək, qonşunun malına kəm gözlə baxmaq bizim tərəflərdə böyük günah sayılırdı. Buna görə də heç kim günaha batmaq istəmirdi.
Cəbrayıl kasıb rayon idi. Bu rayonun əhalisi halal zəhməti ilə becərdiyi meyvə-tərəvəzi bazara çıxarmağa utanırdı. Cəbrayıllılar alıb-verməyi bacarmırdılar. Bu proses həmişə birtərəfli gedirdi. Hər kəs əlindəki tikəni başqası ilə bölüşürdü. Yaxşılığı başa vurmaq, qarşılıq gözləmək bizim camaatın xarakterinə yad idi.
Bir neçə il əvvəl Biləsuvardakı çadır şəhərciyində məskunlaşan bir cəbrayıllı müəllimi həbs etmişdilər. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda həmin şəxsin marixuana alveri ilə məşğul olduğu bildirilirdi. Bu xəbər bütün cəbrayıllıları şoka salmışdı. İstintaq zamanı bəlli oldu ki, zavallı müəllimin tək suçu marixuana alverçisini öz maşınına mindirmək olub. Cəbrayılın işğalının ən ağır zərbəsi həmin müəllimə dəydi. Min bir əziyyətlə həyətində becərdiyi meyvəni bazara çıxarmağa utanan bu adam bir neçə günlüyə də olsa, cəmiyyətə "marixuana alverçisi" kimi təqdim olundu.
Beş il erməni əsirliyində qalan həmkəndlimiz geri qayıdanda hamı onun ziyarətinə getmişdi. İnsanlar doğma yurd-yuvalarını, odu çoxdan soyumuş ocaqlarını xəbər alır, əsirlikdən yenicə xilas olmuş həmyerlilərinin gözü ilə ev-eşiklərinə, həyət-bacalarına baxmaq istəyirdilər. Söhbət əsnasında həmkəndlim dəhşətli bir hadisə danışdı. Dedi ki, ermənilər bizim kəndlərə sahib çıxandan sonra ev itlərinin əksəriyyəti doğma yurdu tərk etdi. Düşmənin əlindən sümük almağı özlərinə rəva bilmədiklərindən onların çoxu acından öldü. Ölməmək üçün düşmən tikəsini qəbul edən çox az sayda köpək isə utandığından başını qalldırıb azərbaycanlı əsirlərin üzünə baxa bilmirdi.
Cəbrayılın 72 kəndindən yalnız birinə Azərbaycan Ordusu nəzarət edir. Bu kənddən Cəbrayılın o başına yarım saata getmək olar. Amma düz 16 ildi bu məsafəni qət edə bilmirik. Cəbrayılın yolu, cəbrayıllıların isə əl-qolu bağlıdı. Qorxuram, belə davam etsə, bir neçə il sonra Cəbrayıl üzümüzə baxmasın. 1993-cü ildən bəri biz onun üzünə baxmadığımız kimi...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829