Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilən "Cavad xan" filmi haqqında ətraflı danışmağa ehtiyac yoxdur. Ən optimist tamaşaçı belə, hələ çəkilişlərdən əvvəl ortaya babat filmin çıxacağına inanmırdı. Bunun da ciddi səbəbləri vardı. Birinci səbəb - bu, filmin mövzusudur. Tarixi mövzuda nəsə yazmaq, yaratmaq bizim yemimiz deyil. Azərbaycanda indiyədək tarixi mövzuda bir dənə də olsun, dişə dəyən roman yazılmayıb, film çəkilməyib. Çünki tarix bizə yalnız özümüzü şişirtmək, hamıdan böyük göstərmək, ən azı ermənilərdən qədim və qəhrəman xalq olduğumuzu sübut etmək üçün lazımdır. İkinci səbəb - filmin dövlət sifarişi ilə çəkilməsi. Azərbaycan kimi qeyri-demokratik, azad olmayan ölkələrdə mədəniyyəti dövlətin quyruğuna bağlamaq biabırçılıqla, fiaskoyla nəticələnir. Yaranan bütün əsərlər hakim ideologiyanın zərərli və zəhərli daşıyıcısına çevrilir. Çox rahatlıqla südə su qatılır. Sənət arxa plana keçir. Avtokrat rejimin maraqları önə çıxır.
Üçüncü, dördüncü, beşinci, onuncu səbəbləri də sadalaya bilərəm. Məsələn, elə "Cavad xan"ın ssenaristindən tutmuş rejissorunadək, yaradıcı heyətinin istedad və intellekt göstəricilərinin özü bu filmin səviyyəsi haqqında əvvəlcədən çox şeyi deyirdi. Azərbaycanda Hüseyn Cavidi gözdən salmaq üçün onun haqqında filmin ssenarisini yazmağı Anara tapşırmaq kifayət idi. Hakimiyyət elə belə də etdi. Bu gün "Cavid ömrü"nə baxan istənilən tamaşaçının alnına tapança da sıxsan, o gedib Hüseyn Cavidin bir kitabının üzünü açmaz. Filmdə bir o qalıb ki, Anar Cavid əfəndinin əlinə mikrafon verib, hansısa şadlıq sarayına tamadalığa göndərsin.
Cavad xan haqqında film çəkirsənsə, məqsədin də alt qatda Cavad xanı biabır eləməkdirsə, əlbəttə, ilk növbədə ssenarini yazmağı Sabir Rüstəmxanlıya tapşıracaqsan. Sabir bəy Cavad xan haqqında nə yaza bilər axı? Pis, ya yaxşı, dəxli yoxdur, öz idealları uğrunda sonadək döyüşmüş bir adam haqqında son 15 ildə ən azı 15 dəfə mövqeyini dəyişmiş adamın yazması həqiqətən çox gülməlidir. Mən hələ filmə baxmamışam. Yəqin ki, heç vaxt baxmayacam da. Ona görə də "Cavad xan"ın qüsurları haqqında konkret misallarla danışmağım məntiqsiz olardı. Sadəcə, iki məqama toxunmamaq mümkün deyil.
BİR: Filmdə Cavad xan rolunu Ќurəddin Mehdixanlıya tapşırıblar. Ќurəddin Mehdixanlı kimdir? Qeyri-rəsmi atmosferdə özünü qatı müxalifətçi kimi göstərsə də, telekanallarda, rəsmi dövlət tədbirlərində hakimiyyəti tərifləməkdə yalnız Zəlimxan Yaqubdan geri qalan biri. Dəhşətli dərəcədə sürüşkən adamdır. Cavad xan rolunu ona tapşırmaq Cavad xana ana-bacı söyüşü kimi bir şeydir. Ќurəddin Mehdixanlı kimilərinin tarixdə və həyatda xan, hökmdar olmaq şansı həmişə sıfıra bərabərdir. Belələrinin alnına yalnız saray böyüklərini əyləndirmək yazılıb. Kino olanda nə olar, realist düşünmək, rolları düzgün müəyyənləşdirmək lazımdır, yoldaşlar! Əks halda uğursuzluq, biabırçılıq qaçılmazdır.
İKİ: Sabir Rüstəmxanlının son illərdəki hər çıxışından, hər yazısından İrana qarşı qəzəb fışqırır. Azərbaycanda meydan sulayan YAPtokratiyaya qarşı bir dəfə də güldən ağır söz deməyən Sabir bəy İran mövzusundan söz düşəndə bülbülə dönür, dil-dil ötür. Fars irticasını asıb kəsir, yaş yuyub quru sərir. Və təsəvvür edin, özünü bu cür qatı İran düşməni kimi göstərən adamın ssenarisi ilə çəkilən filmin titrlərində elə beləcə də yazılıb: "Filmin çəkilişində göstərdiyi köməyə görə İran Mədəniyyət Ќazirliyinə təşəkkürümüzü bildiririk". Ќə deyəcəyimi, nə yazacağımı bilmirəm. Hirsim təpəmdədir. Təzyiqim oynayır. Hər an epilepsiya təhlükəsi var. Odur ki, bu absurdu şərh eləməyi hər kəsin öz vicdanına buraxıram. Elə Sabir Rüstəmxanlının da...