1924-cü ildə Əli Bayramov adına Qadın klubunda müsəlman qadınlarla görüşən Klara Setkin yazır: «Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, müsəlman qadınlarında insanlıq ləyaqəti oyanır». Nə qədər sadəlövh yanaşmadır. Klara Setkin çox tələsik qərar çıxarıb. Ola bilsin ötən əsrin əvvəlində ümumi canlanma Klara Setkini aldadıb. Tükəzbanın heç vaxt ləyaqəti olmayıb. Yoxdur. Yəqin ki, bu gedişlə olmayacaqdır. Ona görə, bu xalqın seçilmiş və ağıllı kişiləri başqa xalqın nümayəndələrinə üstünlük veriblər. Üzeyir Hacıbəyov, Zərdabi, Ordubadi, Qara Qarayev nə yaxşı ki, tükəzbanlardan uzaq düşməyi bacarıblar.
Heydər Əliyev həqiqətən dahi siyasətçi idi. «Xalq qəzeti»ndə 8 mart qadınlar günü ilə bağlı təbrik nitqində «Qadın insanın dostudur» sözlərini öz gözlərimlə oxumuşam. Özü də bu sözləri səhifənin yuxarısında böyük həriflərlə vermişdilər. Həmin qəzeti saxlamamağı hələ də özümə bağışlaya bilmirəm. O zaman yazı yazıb, «Xalq qəzeti»nin rəhbərliyini qadınlara həqarət etdiyinə görə bərk tənqid etmişdim. Uşaq idim. Hələ heç nəyi dərk etməmişdim. Haradan biləydim ki, dövlət qəzetlərinin başında ciddi, həyatı dərk etmiş, müdrik adamlar dururlar…
Əbülfəz Elçibəy ətrafındakı qadınları «xanım», Heydər Əliyev isə ətrafındakı qadınları «Azərbaycan qadını» adlandırırdı. «Azərbaycan qadını» - bir Allah bilir, bu sözün arxasında nələr yatırmış. Nə niyyətlə deyirmiş bu sözləri.
Tükəzbanın ümumi əlamətləri
Ciddidir. Kədərlidir. Yalanı sevmir. Xəyanəti bağışlamır. Guya romantikdir. Yağış yağanda pəncərədən bayıra baxmağı sevir. Ən pis xasiyyəti ürəyi açıq olması, insanlara tez inanmasıdır. Ən yaxın rəfiqəsi anasıdır.
Ana Tükəzban
Ötən yazıda qeyd etmişdim. Ola bilsin ki, hansısa Tükəzban gözünüzə mərhəmətli, bəlağətli, fərasətli kimi görünsün. Aldanmayın. Tükəzbandan qorunmağın müxtəlif formaları var. Məsələn, siz gözünüzə məlahətli, mərhəmtli görünən tükəzbanı arvadınız kimi təsəvvürünüzdə canladırın. Yaxud Tükəzbanın anasının necə ola biləcəyini düşünün. Əgər bir qram ağlınız varsa ya qorxacaqsınız, ya da iyrənəcəksiniz.
Kədərli Tükəzban
Tükəzbanlar nakam, kədərli sevgi hekayəti quraşdırmaqda mahirdilər. Onların hər birinin ehtiyatda dramatik sevgi hekayətləri var. Tükəzbanlar özlərinin quraşdırdıqları bu hekayətlərə inandırırlar. Əsl mərəkə də bundan sonra başlayır. Belə tükəzbanlar sanki bir qanadı sınmış quş kimi yaşayırlar. Zatən onlar özləri-özlərini belə də adlandırırlar. Tükəzbanın daha bir xüsusiyyəti var. Əgər Tükəzbanın hər hansı məkənla bağlı bir xatirəsi varsa, növbəti sevgilisin də həmin yerə aparıb, kədərli halda dayanır.
Ümumiyyətlə, Tükəzban çox maraqlı, çox qatlı, çox mərhələli bir məxluqatdır. Araşdırılmalıdır bu məxluqat. Onun qara enerjisinin «resepti» mütləq öyrənilməlidir.
Bəzi dostlar ötən yazımın konkret bir Tükəzbana həsr edildiyini sübut etməyə cəhdlər göstərirdilər. Ötən yazıda çox Tükəzbanın təsviri vardı. Sadəcə, dostlar onlardan birini - Azərbaycanda liberal, Türkiyədə solçu olmağı bacaran, hər zaman hadisələrin içində görünməyə can atan Tükəzbanı daha tez tanıdılar. Hərçənd, mən başqa tükəzbanların xarakterini açmaq üçün onu bir tip kimi seçmişdim. Gerçəkdən çox maraqlı araşdırmaya layiq, yazılarında bəzəkli quşlar «buraxan» Tükəzbandır. May ayında Türkiyəyə getmişdi. Rəfiqəsi onu evdən bayıra buraxmamışdı. Çünki, bayırda solçular mitinqə çıxmışdılar. Sən demə, bu Tükəzban da inqilabçıya oxşayırmış.
Nəsə, bu hadisə hələ çox danışılacaq, bu haqda çoxlu dastanlar qoşulacaq. Yox, əgər dostlarım konkret Tükəzban tipi axtarırlarsa, buyursunlar. Bir gombul Tükəzban var. Çox gombuldur. Kifayət qədər populyar kütləvi informasiya vasitələrindən birinin rəhbəridir. Bir dəfə ağılsız vaxtlarımda bu Tükəzbanla mübahisəyə girişdim. Əli Əkbər də həmçinin. Tükəzban mübahisəni uduzdu. Ən pis Tükəzban oxumuş, gəzmiş, xarici dil bilən Tükəzbandır. Nə isə, mübahisədə uduzmuş Tükəzban heç cürə məğlubiyyətini qəbul edə bilmirdi. Uduzmağını rüsvayçılıq kimi qəbul edirdi. Təsəvvüredilməz vəziyyətə düşmüşdür. Axı, bütün Tükəzbanlar kimi, onun da iddiası yorğanına görə deyil. Ümumiyyətlə, iki kitab oxuyan Tükəzban ən dözülməz Tükəzbandır. Bu, özünü bizimlə mübahisədə uduzmuş Tükəzbanın simasında da təsdiqlənib. Həmin vaxtı əsl simasını açan Tükəzban özünəməxsus çıxış yolu tapdı. Bizimlə ingilis dilində danışmağa başladı. Ayağa qalxdı. Və dedi: «Əgər siz ingilis dilini bilirsinizsə, mübahisəni davam etdirək, bilmirsinizsə, mən gedirəm». Tükəzban getdi. Hadisənin başqa şahidi var. Elmir Mirzoyev.
Həyat çox qəribədir. Az keçməmiş ingilis dilində danışmasıyla fəxr edən İlham Əliyev gombul Tükəzbanın rəhbərlik etdiyi radionu bağladı. Doğrusu, buna sevindim. Yaxşı, Tükəzban mübahisəni uduzanda ingilis dilində danışmasıyla guya çıxış yolu tapdı, bəs radio bağlananda bu ingilis dili niyə kara gəlmədi?
Son
Hansı iddiaya düşməsindən asılı olmayaraq, Tükəzban gəlir - çıxarını çox gözəl bilir. Biz qoca bir Tükəzbanı danışdırsaq, o, mütləq deyəcək. Ki, 16 yaşında məni bir oğlan istəyirdi, görəsən ona ərə getsəydim, necə olardı. Mən bunları yaxşı tanıyıram. Ona görə gənc dostlarıma Tükəzbanın necə iyrənc, necə ürəkbulandıran məxluqat olduqları haqda məruzılır söyləyirəm. Onları Tükəzbandan uzaq qaçmağa, əsla Tükəzbana baş qoşmamağa çağırıram. Müxtəlif əhvalatlar danışıram. Fikrimi əsaslandırmağa çalışıram. Bu, azdır. Paralel olaraq, evli dostlarıma Tükəzbanın neçə məxluqat olduğunu tez-tez xatırladıram. Tükəzbanla həyatın heç bir sahəsində rahatlıq tapmağın mümkün olmadığını tez-tez vurğulayıram. Zatən, onlar bunu gözəl anlayırlar. Sadəcə ağılsız vaxtlarında buraxdıqları səhvi düzəltməyə çalışırlar. Əlbəttə, onlar bilmirlər ki, Tükəzban istedadın düşmənidir. Tükəzban həyatı məhv etməkdən, mənasızlaşdırmaqdan savayı heç nəyə yaramır. Bunu bilirlər, üstəlik, mənim aramsız monoloqlarım öz təsirini göstərir. Məhz buna görə iki adam Tükəzbandan yaxa qurtarmağı bacarıb. Üçüncüsü isə tərəddüt edir. Tükəzbanın nifrətini qazanmaq çox böyük sevincdir.
Üç kitabın, yüzlərlə məqalənin müəllifiyəm. Müxtəlif müsabiqələrdə mükafatlar almışam. İki ailəni dağıtmaq bahasına olsa da, iki insanı iki Tükəzbanın cəngindən qurtarmaq, fikirimcə, həyatda qazandığım ən böyük uğrumdur…