Ağıllı liderlər başqalarını da öz arxalarınca apara bilər
Avqustun 6-da, Bakı vaxtilə səhər saat 05:40 dəqiqədə 2009-cu ilin beşinci astronomik hadisəsi - qövsvari Ay tutulması baş verəcək. Proses Avropadan start götürərək Afrikadan keçəcək və Cənubi Amerikada yekunlaşacaq. Ümumi hesablamalara əsaslansaq, tutulmanı Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. Bir məlumatı da nəzərinizə çatdıraq ki, Ayın tutulması həmişə Ay bədirlənəndə (bütöv olanda) baş verir və avqustun 6-da, tutulmadan təxminən 16 dəqiqə sonra (saat 05:56-da) bu hal baş verəcək. Bəs bu kosmik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsiri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.
Ənənəvi Şərq astrologiyasına görə, tutulma məqamında Ay Sutökən bürcündə olacaq. Ay bu bürcdə olarkən, insanlar ifrat dərəcədə nikbin və ya bədbin olurlar, reallıqdan çox uzaqlaşırlar. Karyerada və işgüzar fəaliyyətdə ciddi yanlışlıqlar baş verə bilər. Buna görə də, yanlış fikirlərə yox, yalnız real faktlara əsaslanmaq lazımdır. Əsasən dostluq münasibətlərinə çox yer ayırmaq lazımdır. İctimai işlər və novatorluq fəaliyyəti üçün çox əlverişli məqamdır. İntellektual və mənəvi fəaliyyət öz səmərəsini verir. Bu dövrdə texnika ilə məşğul olmaq və metal ticarətində çalışmaq çox uğurludur. Həmçinin yeni mənzil almaq və yeni mənzilə köçmək üçün münasib vaxtdır. Bu müddətdə rəhbərliklə ünsiyyətdə olmaq məsləhət deyil. Elektriklə, qazla və zəhərli kimyəvi maddələrlə davranarkən çox ehtiyatlı olun.
Bu müddətdə ayaqların, vegetativ əsəb sistemlərinin və hissiyyat orqanlarının həssaslığı artır. Bir çox şəxslər müşahidə edirlər ki, belə günlərdə adi günlərdəkindən piyada gəzmək daha çətin olur. Bu vaxt əsas yük xidməti işləriylə əlaqədar ayaq üstə qalanların - satıcıların, dirijorların, rəqqasların, yüngül atletlərin üzərinə düşür. Belə günlərdə bir çoxları həmişəkindən daha kəskin reaksiya verirlər. Buna görə də özünü və yaxınlarını sakit, komfortlu istirahətlə təmin etmək vacibdir. Ay Sutökən bürcündə olanda vena və hissiyyat orqanlarında cərrahiyyə əməliyyatından qaçmaq yaxşı olardı. Lakin ürək əməliyyatı üçün münasibdir. Çünki Ay bu bürcdə olanda belə əməliyyatlar daha uğurlu keçir, bu zaman ürək gücllənir və artıq gərginliyin öhdəsindən yaxşı gəlir.
Tutulma təqviminin numeroloji rəqəmi 7-dir (0+6+0+8+2+0+0+9=2+5=7). Şərqdə müqəddəs sayılan 7 numerologiyada da uğur, tale, ilahi himayədarlıq, xoşbəxt toy rəqəmi sayılır. Eyni vaxtda 7 həqiqət və sirlər rəqəmidir. Bu mistik rəqəm nadir hallarda sehirli xüsusiyyətlərə malik olur. O, doğrudan da çoxmənalıdır. Nahaq yerə həftədə 7 gün, musiqidə 7 not, spektrdə 7 rəng yoxdur. 7 həmçinin kifayət etmə, ağırlığı, vəhşiliyi, başa çatmanı bildirir. Məlum olduğu kimi Allah Dünyanı altı günə yaratmış, yeddinci gün isə yaratdığı dünyanın seyr edilməsindən istirahət etmişdi.
Avesta təqviminə görə, bu tutulma Şəgr ayına düşür (19 iyul-17 avqust). Bu ay əsasən yaradıcılıq amillərinə, aktivləşməyə, başlanan işlərin sonadək aparılmasına təkan verir. Müqəddəs Avestada bu qaynar ay haqqında deyilir: "Bu gün hər kəsə tam sərbəstlik lazımdır. Ağıllı liderlər başqalarını da öz arxalarınca apara bilər. Hər vaxt diqqət mərkəzində olmaq yaxşıdır".
Zərdüştilik astrologiyasına görə, avqustun 6-sı 9-cu Günəş təqviminə düşür. Yaradıcı ixtiralar və kəşflərin bol olduğu gündür. Əsasən od-alovla bağlıdır: evdəki lazımsız əşyaları tonqalda yandırmaq məsləhətdir. Od və xoşxassəli tüstü ilə müalicə çox effektli ola bilər. Ciddi və çətin işlərə başlamaq, canlanma və qabiliyyət üçün, külli miqdarda enerji almaq üçün böyük şanslar var. Uzaq səfərlərə çıxmaq düşərlidir. Ev şəraitində hazırlanmış yeməklərlə yaxşı qidalanmaq lazımdır. Lakin xəmir yoğurmaq, çörək bişirmək olmaz. Əgər bu gün ocaq sönürsə, yanğınlar, müxtəlif yanıqlar baş verirsə, bu, pis əlamət sayılır. Yeni tanışlıq, yerdəyişmə (xüsusən də əgər evinizin qapısını külək bağlayırsa) yaxşı əlamətdir. Yuxuda böyük kollektiv, insanlar toplumu görmək uğurlu hadisədən xəbər verir və belə yuxular adətən düz çıxır.
9-cu Günəş gününün himayədarı Odər (Müqəddəs Od) hesab olunur.
Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məram da hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.
Yolumuz nurlu olsun! Amin!