Deputat Vahid Əhmədov: "Hazırkı müdafiə naziri türk olduğuna görə onu çıxarıb yerinə kürd qoymaq istəyirlər"Son dövrlər orduda baş verən qanunsuzluqlar, əsgər ölümü, nizamnamədən kənar hərəkətlər narazılıqları müdafiə naziri Səfər Əbiyevə yönəldib. Bu səbəbdən də orduda baş verənlərdən narahatlıq keçirənlər S.Əbiyevin istefaya göndərilməsini tələb edirlər. Hətta bu tələb bir sıra millət vəkilləri tərəfindən də səsləndirilib. Bu zaman Səfər Əbiyevin türk olduğu üçün onun dəyişdirilərək yerinə kürdün gətirilməsi fikiri də xüsusi vurğulanıb.
Bu gün “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyalar və qeyri hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda elmi-praktiki konfransda çıxış edən deputat Vahid Əhmədovda gələcək perspektivdə Azərbaycan üçün ermənilərlə yanaşı kürd azlığının da ciddi problem yaradacağına işarə edib: «Mən vaxtilə demişəm ki, kürdlər Azərbaycan üçün ermənilərdən daha təhlükəlidirlər. Ola bilsin ki, bu indi hiss olunmur, ancaq vaxt gələcək, özünüz də bunun şahidi olacaqsınız. Hazırkı müdafiə naziri türk olduğuna görə onu çıxarıb yerinə kürd qoymaq istəyirlər».
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov müdafiə naziri Səfər Əbiyevin ünvanına səslənən tənqidi fikirlərin və onun vəzifədən kənarlaşdırılması ilə bağlı çağırışların kampaniya olduğunu deyib:
- Bildiyiniz kimi, son zamanlar belə fikirlər səslənir ki, müdafiə naziri vəzifədən kənarlaşdırılmalıdır, yerinə başqası gətirilməlidir. Mən deyərdim ki, Səfər Əbiyevə qarşı aparılan kampaniya müəyyən qurplaşmaların oyunlarıdır. Səfər Əbiyev türk olduğu üçün istəmirlər ki, Azərbaycan ordusunun başında türk dayansın. Ona görə də onu kənarlaşdırmaq istəyirlər.
- Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılmasını istəyənlər kimlərdir ki?- O şəxslərin adlarını çəkməyə ehtiyac yoxdur. Özünüz də mətbuatdan oxuyursunuz ki, onlar kimlərdir. Səfər Əbiyevin nazir postundan getməsinə maraqlı qüvvələr var.
- Bu adamlar hakimiyyətdə yüksək post tutanlardır, yoxsa?- Bu cür adamlar hər yerdə var. Konkret nə istəyirsən, mən sözümü dedim qurtardım.
- Belə bir kampaniyanın olduğunu deyirsiniz, sifarişçiləri də…- Nəyə görə deməliyəm? Mən bir millət vəkili kimi baş verənlərə öz fikrimi bildirmişəm.
- Bəlkə, Siz özünüz təzyiqlərdən çəkinib ad çəkmirsiniz?- Mənə heç bir təzyiq ola bilməz. Mən millət vəkiliyəm, özüm də heç vaxt təzyiqdən qorxmamışam. Amma sistematik olraq, son dövrlər ordu ilə əlaqədar anti-kampaniya aparılır. Halbuki bu dəqiqə orduda qüvvətlənmə gedir, cənab prezident lazımi diqqət yetirir. Bunu heç kim görmür və görmək istəmir. Bütün bunlar bəzi insanları qane etmir, ona görə də çıxış edirlər ki, ordu rəhbərliyi vəzifədən uzaqlaşdırılsın.
- Sizcə, Səfər Əbiyevin yerinə kimin gətirilməsini istəyirlər?- Onu siz araşdırın. Jurnalist sizsiniz, mən yox.
- Sizin informasiyanız daha çoxdur.- Mən informasiyanı verdim, araşdırın görün kimi gətirmək istəyirlər.