
Taleh Şahsuvarlı
Yayın bu qorabişirənində bütün dünya Barak Obamanın "Ağ ev"də verdiyi pivə qonaqlığından danışır.
Yüzlərlə ölkə kralının, sultanının, əmirinin əlini sıxmaqdan ötəri sinov getdiyi ABŞ prezidenti Harvarddan bir proffesorla polis çavuşunu dünyada işləri çevirən, iqtidarları devirən, qısası, tarixə təkan verən üzü ağ olmuş sarayının arxa bağçasına çağırıb könlünü alır.
Bəs bu pivə qonaqlığı söhbəti haradan çıxmışdı?
Olayların gəlişməsinə göz gəzdirək.
İstirahətdən qayıdan Harvard Universitetinin qaradərili professoru Henri Luis Qeyts açarını itirdiyindən öz evinin qapısını sındırır. Qonşular səs-küyü polisə xəbər verir. Hadisə yerinə ağdərili polis çavuşu Ceyms Krouli gəlir. Professor, bizim polislərin təbiri ilə desək, şöbəyə aparılır.
Məncə, hər bir azərbaycanlının diqqət etməsi gərəkən ilk nüans burada ortaya çıxır.
Şöbədə oğru yox, evin yiyəsi olduğunu sübut edən - əgər sağ-salamat sübut edə bilsə - Azərbaycan professoru Allahına şükür edə-edə evinə dönər, hətta hansısa pirə-ziyarətgaha nəzir də deyərdi.
Amma Harvard Universitetinin ədəbiyyat professoru belə etmədi. Çünki Henri Qeytsin fikrincə, polis şöbəsinə aparılması ONUN VƏTƏNDAŞ VƏ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI, AŞAĞILANMASI İDİ.
O, öz hüquqlarını qorumaq üçün ictimaiyyəti səfərbər etməyi qərara aldı və söhbət prezidentin qulağınacan çatdı.
Prezident POLİSİ DEYİL, VƏTƏNDAŞI MÜDAFİƏ ELƏDİ. Hətta onun hərəkətini "səfehlik" saydı.
Azərbaycanda prezidentin "səfeh" hesab etdiyi polis çavuşunun axırı necə olar, Sizcə?
Bax, diqqət ediləsi ikinci nüans budur.
Ceyms Kroulini nəinki işdən qovdular, o, hətta prezidentə etiraz etdi və öz vəzifə borcunu yerinə yetirdiyini söyləyərək bütün ölkəyə "Obama mənim işimə qarışa bilməz" mesajını verdi. Ceyms haqlı deyilmi? Haqlıydı!
Henri haqsızmıydı? Haqsız deyildi!
Bəs haqsız kim idi?
Haqsız prezident idi! Haqsız dünyanın super dövlətinin lideri idi!
Barak Obama onda haqsız idi ki, olayı isti başla "irqçilik" müstəvisində dəyərləndirmişdi.
Səhvini düzəltmək üçünsə vətəndaşa və məmura telefon açmışdı.
Azərbaycanda prezidentinin telefon açdığı vətəndaş, konkret müqayisə eləsək, professor nə edər?
Ev, maşın, deputat mandatı istəyər. İstəməzsə, ona "axmaq" deyərlər! "Əlinə gül kimi fürsət düşmüşdü, istifadə edə bilmədi gicbəsər",- deyə rüsvay edərlər.
Bəs, Azərbaycanda prezidentin telefon açdığı polis çavuşu neyləyər?
Yek kəlmə: qabağına çıxanın anasını ağladar və qısa zamanda rəis olar.
Amma ABŞ-da - Xudavəndi-aləmin şərab içdiklərinə görə tez-tez sunami, qasırğa, fırtına kimi bəlalar göndərdiyi kafirlər yuvasında vətəndaş-polis münaqişəsi prezidentin, professorun və çavuşun "Ağ ev"in arxa bağçasında adama bir-iki parç pivə içməsiylə yaddaşlara xoş xatirə kimi həkk olunur.
Diqqət ediləsi üçüncü məqam.
Ceyms və Henri prezidentin masasında da ürəkdən barışmadılar və Barak Obama bu situasiyanı "Cənablar müəyyən məsələlərdə həmfikir olmadıqlarında anlaşdılar",- dedi.
DEMOKRATİYA MÜƏYYƏN MƏSƏLƏLƏRDƏ HƏMFİKİR OLMAMAQDA ANLAŞMAQdır...
Əgər FİKİR verirsinizsə, tarixi pivə masasına yatırılan əslində FİKİRDİR, RƏYDİR, SÖZ AZADLIĞIDIR, İNSAN HAQLARIDIR, PEŞƏKARLIQDIR...
Məhz həmin konteksdə düşünərək, bir yazar olaraq öz-özümə sual edirəm, bu ölkədə heç prezidenti demirəm, bir nazir, deyək ki, Kamaləddin Heydərov mənimlə pivə içərmi?
Hamımızın ictimai-siyasi gələnəklərinə yaxından bələd olduğu və çox zaman örnək aldığımız Türkiyənin qəzetlərindən "dünən sayın bakanımız məni nahara dəvət etmişdi",- kimi cümlələrlə başlayan köşələri azmı oxumuşuq?
Mən jurnalist kodekslərini nəzərə alıb hörmətli fövqəladə hallar nazirindən təmtəraqlı ziyafət-filan istəmirəm, göydən od yağdığı günlərdə pivə içə-içə ondan medianın ürəyini deşən suallara cavab almaq nəyə desən dəyər...
Soruşa bilərsiniz ki, niyə məhz cənab Heydərovdan söhbət açıram, digər nazirlərdən yox?
Deyim: mən bu iqtidarın qalan nazirlərinin 99 faizi ilə, loru dillə desək, ehsan yeməyə də getmərəm. O nazirlər ki, bizi hədələyir, döydürür, şikəst edir, məhkəməyə verir, tutdurur onlarla halva yemək də günahdır.
Amma hələ görən olmayıb ki, Kamaləddin Heydərov əleyhinə yazılan bir yazıdan hiddətlənib hansısa jurnalistin yazan barmağını qapı arasında qoya.
Qəzetlərə qısaca göz gəzdirməklə İlham Əliyevin komandasında KİV-in ən çox fövqəladə hallar nazirini diqqət mərkəzində saxladığını, eyni zamanda, haqqında yazılanların çoxunun həm neqativ, həm də dəqiqləşdirilməmiş, dəqiqləşdirilməsi namümkün xəbərlər olduğunu müəyyən etmək mümkündür.
Gəlin görək, mətbuatın cənab Heydərova diqqətinin əsasında hansı faktorlar dayanır?
Kamaləddin müəllim, atası, millət vəkili Fəttah Heydərovun sözləri ilə desək, "o boyda nazirlik yaradıb". Fəttah Heydərovun oğlunun fəaliyyətinə verdiyi qiymət bir atanın nazir oğlu ilə öyünməsindən daha çox, sosial qiymətləndirmə indikatorlarına yerində istinad etməsidir. Dövlət idarəetməsindən xəbəri olanlar bilir ki, sıfırdan bir nazirlik yaratmaq və o nazirliyin prestijini formalaşdırmaq o qədər də asan deyil. Azərbaycanda yeni yaranan bakanlıqlardan biri də Hərbi Sənaye Nazirliyidir, lakin həmin qurumun varlığından və nazirinin kimliyindən çox adam xəbərsizdir. Fövqəladə hallar naziri isə az qala "ölkədə hər şeyi öz əlində cəmləşdirmiş" adam kimi təqdim olunur. Yadınızdadırsa o, gömrük komitəsinin sədrliyindən azad edilib nazir təyin olunduğu vaxt bəzi ekspertlər dövlət başçısının qərarını Kamaləddin Heydərovun "vurulması" kimi qələmə verirdilər. Amma qısa bir müddət keçəndən sonra elə həmin şərhçilər Heydərovu "fövqəlnazir" kimi təqdim etməyə başladılar. Heç şübhəsiz, yeni yaranan bir nazirliyin dövlət strukturları arasında önə çıxması administrativ konfliktlərə səbəb olur və əks maraqların təmsilçiləri mətbuata müxtəlif informasiyalar ötürürlər. Bu cür informasiyalar arasında fövqaladə hallar nazirinin maksimum prezidentlik, minimum isə baş nazirlik iddiasında olması, adətən, ağırlıq təşkil edir. Onun prezidentlik iddiasına düşməsi barədə informasiyalar açıqdan-açığa həm sözügedən nazirin özünə, həm də dövlət başçısı İlham Əliyevə psixoloji həmlədir - bu aydın məsələdir.
Bəs, Kamaləddin Heydərov baş nazir təyin edilə bilərmi?
Çoxdandır cavab axtarılan bu suala illər öncə "Yeni Müsavat"da yazdıqlarımdan bir parçanı olduğu kimi təqdim edirəm:
"Artur Rəsizadənin baş nazir kimi yerində olmaması K.Heydərovun qeyri-rəsmi ranqını "fövqəlnazir" kimi təsbit etməsini də, ona qarşı cəbhələrin açılmasını da təbii prosesə çevirir. Lakin hər bir prosesin konkret nəticəsi olmalıdır və gözlənilən məntiqi sonuc K.Heydərovun qeyri-rəsmi statusunu rəsmiləşdirməsi, başqa sözlə, baş nazir təyin edilməsi ola bilər. Çünki "Qurdlar Vadisi"nin məşhur kəlamlarından biri ilə desək, təbiət boşluğu sevmir. Artur Rəsizadənin baş nazir kimi qalması isə həmin postun vakant qalması kimi bir şeydir. Lakin hazırda K.Heydərovun baş nazir olması İlham Əliyevin "A" kateqoriyasına daxil olan planlarına uyğun görünmür. Çünki belə bir təyinat administrasiyanın bölüşdürülməsi ola bilər. Seçkilər ərəfəsində belə bir addımın atılması isə iqtidarı zəiflədər. Müxalifət də K.Heydərovun baş nazir təyin edilməsində maraqlı deyil. Çünki hakimiyyət dəyişikliyi baxımından mümkün situasiyalar üçün A.Rəsizadə daha sərfəli fiqurdur. Deməli, Heydərovun baş nazir təyin edilməsi hakimiyyətin ən ağır vəziyyətlərində mümkündür və bunu "B" planlarından biri hesab etmək olar. Zatən, Fərhad Əliyevin həbsindən sonra baş nazirlik postuna ondan daha şanslı fiqur yoxdur..."
Bəli, nə qədər ki bu ölkədə baş nazir Artur Rasizadədir Kamaləddin Heydərovla bağlı manipulyasiyalar davam edəcək. Baş nazir Artur Rasizadə yox, Kamaləddin Heydərov da yox, başqa bir adam təyin olunsa, manipulyasiyalar yenə davam edəcək. Çünki ictimai rəyin Kamaləddin Heydərov haqqında maksimum informasiya almaq istəməsi onun adını qəzetlərin marketinq maraqları ierarxiyasında ön plana çıxardır, ondan yazmaq qəzetlərə, müəlliflərə tiraj qazandırır. Bu amil nazirə ictimai rəylə işləmək üçün geniş imkanlar yaradır, ancaq məhz bu məqamda biz K.Heydərovu mətbuatla kontaktdan yayınan, bir növ, ictimai rəyə biganəlik sərgiləyən fiqur kimi görürük. O, öz PR-na o qədər laqeyddir ki, hətta adının qəzetlərdə düzgün yazılıb-yazılmamasına da fikir vermir. Odur ki, mən "fövqəlnazir"lə pivə içmək arzumu dilə gətirməklə sensasiya yaratmaqdan daha çox, ictimai maraqlar üçün mühim əhəmiyyət daşıyan bir suala cavab tapmaq istəyirəm: KAMALƏDDİN HEYDƏROV İCTİMAİ RƏYƏ BİGANƏ FİQURDUR, YOXSA GERÇƏKDƏN TƏNQİDƏ DÖZÜMLÜ VƏ TOLERANTDIR?
Əlbəttə, tənqidə dözümlülük və tolerantlıq ictimai rəyə laqeydlik formalaşdırmamalıdır.
İctimai rəyi nəzərə alan nazir isə hər halda bir köşə yazarı ilə pivə içməkdən boyun qaçırmaz. İstərsə, K.Heydərov ABŞ-ın vitse-prezidenti Coy Bayden kimi həmin görüşdə özünə spirtsiz pivə də sifariş edə bilər...