(Hekayə)
Qastritdən əztyyət çəkənlərə…– Alo, – yad ölkədə doğma səsə, özü də qadın səsinə diksindi. Evdən deyildi, evdəkilər alosuz-filansız birbaşa adını deyirdilər, həm də ki, onların səsini dərhal tanıyırdı, elə onlar da onun səsini. Kimdi görəsən səhər tezdən ona zəng edən və doğma, şirin ləhcədə «alo» deyən?
Bunları götür-qoy edirdi ki, dəstəkdən gələn doğma «alo» bir də təkrarlandı. Odur ki, karıxmış halda,
– Bəli, eşidirəm, – deyə cavab verdi, halbuki bu ölkənin qaydalarına uyğun olaraq dəstəkdən gələn «alo»ya ya «əfəndim», ya da «buyurun» cavabını verməliydi. Amma bu ölkənin insanları, xüsusilə də qadınları «alo» sözünü, elə başqa sözləri də tamamilə ayrı cür tələffüz etdiklərindən hal-hazırda telefonun dəstəyindən gələn səsin onlara məxsus olmadığı bəs-bəlliydi.
– Sənsən Fikrət? – adını düppədüz söyləyən doğma səsin sahibini hələ də tanıya bilməmişdi.
– Bəli, mənəm, – rəsmi cavab verdi, – ba…bağışlayın…
– Ayıb olsun sənə, – dəstəkdəki səs ərkyana onu məzəmmət etdi, – heç gözləməzdim səndən.
«İlahi, görəsən, kimdir bu qadın, axı buranın telefonunu evdəkilərdən savayı kimsə bilmir, qohumlardakı qadınların da səsinə bənzəmir».
– Ədə, Rəqsanədir də, tanımadın, sənə deməmişdim ki, üç-dörd aydan sonra konfransa gələcəm? Hə, gəlmişəm, burada, Ankaradayam, elə indicə otelə düşmüşəm, çatan kimi birinci sənə zəng vurdum. Mən sənin kimi etibarsız deyiləm ey…
Rəqsanə monoloqunu davam etdirirdi, Fikrətinsə yadına təxminən üç ay öncə Bakıdakı görüş düşdü. İsti yay günlərinin birində Azərnəşrin qarşısında qabaq-qənşər gələrək istər-istəməz gözlərinin taxıldığı ətli-əndamlı gözəgəlimli qadının Rəqsanə olduğuna əməlli-başlı şaşırmışdı. İnsan necə də dəyişərmiş – beş il bir kursda oxuduqları halda qətiyyən diqqətini çəkməyən bu arıq-ələngə qız ikicə ilin içərisində tamamilə dəyişərək kişiləri iştaha gətirən ətli-əndamlı gözəl bir qadına çevrilmişdi. Yanında bir cavan oğlan da vardı, dedi ki, həyat yoldaşıdır, iranlıdır, əlavə etdi ki, bir oğlu da var. «Allah saxlasın!» Həyat yoldaşı onlardan aralanıb yaxınlıqdakı «Jiquli»nin sükanı arxasında əyləşəndən sonra ondan evlənib-evlənmədiyini soruşdu. «Subayam». «Bəs nə işlə məşğulsan?» «Türkiyədəyəm, Ankarada elmi tədqiqat institutunda işləyirəm». Bundan sonra Rəqsanə onun telefon nömrəsini soruşmuş, üç-dörd aydan sonra Türkiyəyə gələcəyini və ona zəng edəcəyini vəd etmişdi. Söhbət zamanı Rəqsanə Fikrəti ehtiraslı və çılğın baxışlarla süzmüş, o isə bundan həyəcanlanmış, hətta bir az qızarmışdı da. Ancaq az sonra hər şeyi unutmuşdu.
– Həə, Rəqsanə, salam. Deyirsən Ankaradasan? – Rəqsanənin qabarıq, ağappaq ətli sinəsi, par-par yanan alovlu baxışları gözlərinin qabağına gəldi, istər-istəməz həyəcanlandı. – Nə yaxşı… heeç gözləmirdim. Hardasan?
– Oteldəyəm, bir gün burda qalıb Mersinə gedəcəyəm, – Rəqsanə dedi, – Orada qastrentoloji konfrans olacaq.
– Sən hara, qastrentoloji konfrans hara, olmaya ixtisasını dəyişmisən? – Rəqsanənin tək halda danışdığını görüb əlavə etdi: – Tək gəlmisən bəyəm?
– Yox, həkimlərdən və jurnalistlərdən ibarət nümayəndə heyəti ilə gəlmişəm. Onlar birbaşa Mersinə getdilər, mənsə Ankarada bir adamla görüşməliyəm, ona görə bura gəldim. O adamı tapmaqda mənə kömək edərsən? Mən buraları tanımıram.
– Əlbəttə, – o, sevincək cavab verdi və cavabından tezcə utanıb, – kimdir ki, o adam? – deyə özünü sığortalamaq üçün soruşdu.
– Adı Osman Şimşəkdir, məndə vizit kartı var, ona bir şey verməliyəm, ancaq tək görüşmək istəmirəm, özün bilirsən də, – Rəqsanə ağzını sürüyərək və nazlanaraq dedi.
– Hə, əlbəttə, – Fikrət ürəkləndi, – nə vaxt istəsən gedə bilərik, bu gün mən boşam. Hansı oteldəsən? Saat neçədə istəyirsən, gəlim, gedək.
– «Konrat» otelindəyəm, iki saata gələ bilərsən?
– Gələrəm, – Fikrət dedi və sevincək dəstəyi yerinə qoydu.
***
Niyə, yaxud nəyə sevinirdi? Axı tələbəlik illərində diqqətini elmi kommunizim fənni kimi zərrə qədər cəlb etməyən, üzünə belə baxmadığı, nəinki əks cins nümayəndəsi, hətta insan kimi xoşlanmadığı bu qızın, daha doğrusu, artıq ətli-əndamlı, ərli-uşaqlı bu qadının yad ölkədə qəfil peyda olub onu aramasına niyə belə sevinir, həyəcanlanırdı. Nədən belə şorgözləşmiş, düşkünləşmişdi?! «Yox, belə bir şey olmamalıdır, o artıq evlidir, əri, uşağı var, yaxşı deyil, gedib Osman Şimşəkdir, nədir, o adamı tapıb verəcəm, sonra da yola salacam getsin Mersinə, öz qastrentoloji konfransına, vəssalam».
– Nereye gideceğiz, abi, – taksi şoferinin səsinə sarı rəngli «Qartal»ın ön oturacağında xəyaldan ayrıldı.
– Kızılay tarafa, lütfən.
Dörd ulduzlu otelə daxil olanda Rəqsanə artıq vestibüldəki yumşaq divanda oturub onu gözləyirdi. Əl tutub görüşdülər. O, bədəninə kip oturmuş ağ rəngli idman geyimində çox cazibədar görünürdü. Kosmetikadan yerli-yerində və ustalıqla istifadə etməsi sifətinin cizgilərinə və gözlərinə xüsusi ifadə verirdi.
– Yaman qəşəngləşmisən, – Fikrət özünü saxlaya bilməyib kompliment dedi və divanda onun yanında əyləşdi.
– Heç sən də pis deyilsən, – Rəqsanə gözlərini süzdürərək bic-bic gülümsündü.
– Müstəqillik deyəsən sənə də düşüb, xeyli dəyişib inkişaf etmisən, – Fikrət tələbəlik illərində heç vaxt ciddi yanaşmadığı Rəqsanəyə ilişdi.
– Bu sözlərini sonraya saxla, danış görüm, nə var, nə yox, necəsən, işlərin necə gedir?
– Sağ ol, pis deyiləm, işlərim də pis getmir, – Fikrət dedi və saatına baxdı. – Hə, deyirdin bir adamla görüşməlisən, gəl əvvəlcə onun məsələsini həll edək, yoxsa sonra gec olar, artıq saat beşə qalıb.
Liftə minib Rəqsanənin nömrəsinə qalxdılar. İkiyataqlı çarpayısı, vanna otağı, balkonu, televizoru, soyuducu-barı, asılqanı olan xudmani otaqda iki nəfərin normal istirahəti üçün müasir standartlara uyğun bütün şərait vardı. Rəqsanə çantasını eşələyib bir vizit kartı çıxartdı və Fikrətə verdi. Fikrət üzərində «Uzmanlar Tıp Grubu, doktor Osman Şimşek» yazılmış kartdakı telefon nömrəsini yığdı. Dəstəyi qaldıran və özlərinin dediyi kimi «güzəl Istanbul Türkçesinde «Buyurun, kimi aramışdınız» – deyə cavb verən xanım «Osman beyin mesai saati şu anda bitmiştir, kendisini yarin öğleden sonra olucak» – bildirdi.
– Yox, sabah günortadan sonra mən Mersində olmalıyam, – Rəqsanə dəstəkdəki xanımın sözlərini ona «tərcümə edən» Fikrətə dedi. – Eybi yox, görüşmək o qədər də vacib deyildi, bir tanışım bir kilo qara kürü verib ki, ona çatdırım, dörd dənə 250 qramlıq bankadır. Götürmək istəmirdim, birdən yadıma düşdü ki, onsuz da səni görmək üçün Ankaraya gələcəm. – Son cümləni deyərkən səsinin tonunu aşağı salıb dırnaqlarını didişdirdi. Fikrət sanki Rəqsanənin elə indicə onun boynuna sarılacağını gözləyirmiş kimi zənnlə qızın gözlərinə baxdı. Bunu görən Rəqsanə tez üzünü döndərib aşağı əyildi və çarpayının yanına qoyulan çamadanın sürgüsünü çəkib, orada eşələnməyə başladı. Onun bu pozasına biganə qala bilməyən cavan oğlanın lap boğazı qurudu. Nəhayət, Rəqsanə oradan sellafon bir torba çıxartdı.
– Olar sənə verim çatdırasan, canım? Mən sabah günorta təyyarəylə Mersinə uçmalıyam, – o dedi və torbanı qabarıq sinəsi bərabərinə qaldıraraq gəlib düz Fikrətin qənşərində dayandı və işvəli baxışlarını altdan yuxarı ona tuşladı.
– Əlbəttə, çatdıraram, – alnını tər basmış Fikrət cavab verdi və tez torbanı alıb arxasında tutdu, – «canım».
«Yox, belə olmaz, o evli qadındır, əri, uşağı var, nə olsun ki, mənim yanıma gəlib, bəlkə elə dost, yoldaş kimi gəlib, burda nə var ki, məgər belə şeylər az olur, xətrimi istədiyi üçün köhnə tanış kimi, tələbə yoldaşı kimi gəlib mənə baş çəksin… Axı o mənim xətrimi niyə istəməlidir ki, biz nəinki dost, heç yoldaş da olmamışıq, sadəcə bir kursda oxumuşuq, vəssalam, mənim heç ondan xoşum da gəlmirdi, yəqin ki, onun da məndən, gəlsəydi, hiss edərdim, məsələn, elə filankəs, bəhmənkəs kimi…»
Amma Bakıdakı son görüşdə, deyəsən, onların hər ikisinin bir-birindən xoşu gəlmişdi. Fikrət bu görüşü az sonra unutsa da, Rəqsanə unutmamış, yaddaşına həkk elədiyi yeddi rəqəmli telefon nömrəsini evə çatan kimi bloknotuna köçürmiş və söz verdiyi kimi qos-qoca Türkiyədə gəlib onu tapmışdı.
– Şəhəri gəzmək istəyirsən? – düşüncələrdən ayrılan Fikrət sükutu pozdu, – burda yaxşı gəzməli-görməli yerlər var, buradakı ab-hava da Bakıdakından xeyli fərqlidir, özün görəcəksən. Axşama da bir şey qalmayıb, əvvəl şam edərik, sonra da gəzərik.
– İstəyirəm, səninlə hər şey istəyirəm. – Rəqsanə sevincək dedi. – Əlindəkini də qoy bir yerə, axşam qayıdanda götürərsən.
Fikrətin indi yadına düşdü ki, Rəqsanənin verdiyi sellofan torbanı tələb olunan şeyi vermək istəməyən uşaq kimi bərk-bərk tutaraq arxasında gizlədib. Torbanı çarpayının baş tərəfindəki tumbalardan birin üzərinə qoydu.
– Aşağıda gözləyirəm, paltarını dəyiş gəl, – dedi və otaqdan çıxdı.
Şam yeməyi zamanı Fikrət Türkiyədəki ümumi vəziyyətdən, Türkiyə ilə Azərbaycanın oxşar və fərqli cəhətlərindən hazırda üzərində işlədiyi elmi işindən danışdı, fikrini əsaslandırmaq üçün paralellər və təhlillər aparmağa çalışdı. Rəqsanə ilə kolleqa olduqlarından elmi işi ilə bağlı bəzi məsələlərin onunçün də maraqlı olacağını düşünüb ciddi-cəhdlə izah edərək diskussiya açmaq istədi. Ancaq həmsöhbətinin zərif cinsin bütün təmsilçiləri kimi bu cür mövzulardan əsnədiyini görüb söhbətin mövzusunu dəyişdi.
– Görürsən, burada qızlar necə sadə geyinirlər, – həssas məsələyə toxunmaqla Rəqsanənin yuxusunu qaçırmağa çalışan Fikrət dedi.
– Hə, – Rəqsanə dedi və doğrudan da elə bil yuxudan ayıldı, – burada hamı şalvar geyinir, məndən başqa yubka geyinən yoxdur.
– Dəhşət, – Fikrət ah çəkdi və Rəqsanəyə baxdı.
Gülüşdülər və şam yeməyi də beləcə başa çatdı.
***
Ayağa qalxıb Sakarya küçəsinə çıxdılar, gəzə-gəzə Sıhiyyə meydanına gəldilər, Rəqsanə mağazalara baxmaq istədi, odur ki, avtobusa minib Ulus meydanına gəldilər, bir az mağazaları dolaşdıqdan sonra Fikrətin darıxdığını görən Rəqsanə çay içməyi təklif etdi və Ulus parkında əyləşib samovar çayı içə-içə parkdakı hovuzda üzən kirli qu quşlarına tamaşa etdilər. Rəqsanə Ankara metro olub-olmadığını soruşdu, Fikrəti isə buradakı metronun Bakıdakından daha yeni və müasir olduğunu isbatlamaq üçün Rəqsanənin qolundan tutub metroya saldı. Qızılayda – mərkəzdə endilər və gəzə-gəzə «Qurtuluş» parkına gəldilər. Artıq hava toranlışırdı və park sakitlikdi. Skamyaların birində oturdular. Stansiyaların adları Rəqsanəyə çox maraqlı gəlmişdi: Ulus, Maltəpə, Dəmirtəpə, Tandoğan, Beşevlər, Qızılay və s.
– «Beşevlər» lap bizim beşmərtəbəyə oxşayır, bizim «Nizami» metrosu da «Beşmərtəbə» adlandırılsaydı, daha məntiqli olardı, – o dedi.
– Elə «Füzuli» meydanı da, – Fikrət onu dəstəklədi. – Axı Füzulinin o meydana, ümumiyyətlə o əraziyə nə dəxli var, özü də dram teatrının qarşısında. Sən Füzulinin heç olmasa bir dənə də olsun dram əsərini tanıyırsan?
– Sən də lap ağ elədin, – Rəqsanə etiraz etdi, – deyirsən yəni Bakıda Füzulinin heykəli olmamalıdır?
– Əlbəttə, olmalıdır, amma orda yox.
– Onda bəs harda?
Bu sualdan Fikrət bir az duruxdu, sağ əlinin baş və şəhadət barmağıyla çənəsini tutub ovuşdurdu.
– Misalçün, deyək ki, Mərkəzi Kitabxanın qarşısındakı 26-lar bağında.
– Orda niyə, – Rəqsanə maraqla ona baxdı.
– Ən azı ona görə ki, Füzuli təxminən son iki yüz ilin ən çox çap olunan və oxunan türk şairidir. Əlyazmalar saxlayan dünya kitabxanalarında təkcə onun türkcə divanını saysaq, bənzər nümunələrdən müqayisə edilməyəcək dərəcədə çox olduğunu görərik. Yalnız İstanbul kitabxanalarında onun türk divanının 60-dan çox müxtəlif nüsxəsi var. Füzulinin türkcə divanı Təbrizdə – 12 dəfə, Bulaqda – 2 dəfə, İstanbulda – 23 dəfə, Xivədə – 1 dəfə, Daşkənddə – 44 dəfə, Bakıda isə – 6 dəfə çap olunub. Hə, – o bir az ara verib fikrini davam etdirdi, – ona görə də mərkəzi kitabxanaya Füzulinin adını verib qarşısında heykəlini ucaltmaq daha məntiqlidir. Axundovun haqqı isə adı və heykəliylə birlikdə dram teatrına gəlməkdir, çünki dramaturgiyamızın banisi o kişidir.
Rəqsanə yenə əsnəməyə başlamışdı ki, birdən onlardan otuz-qırx metr aralıda polis maşını dayandı. Bir polis nəfəri maşından düşüb ətrafa boylandı, onları görüb bir müddət baxdı, sonra yavaş-yavaş onlara sarı addımlamağa başladı.
– Dur gedək, – Rəqsanə narahat oldu, – birdən gəlib bizə ilişər.
– Qorxma, burda belə şeylər olmur, indi çıxıb gedəcək.
Doğrudan da polis nəfəri bir az gəzişib sağa-sola baxdıqdan sonra maşina əyləşib getdi, hətta onların yanından keçərkən «iyi akşamlar» da dedi.
– Bizimkilər olsaydı, bu vaxt burda niyə oturmusuz, sənədlərinizi göstərin, nə bilim, şöbəyə gedək orda aydınlaşdıraq deyib zəhləmizi tökərdilər, – Rəqsanə ağzını əyə-əyə polisləri yamsıladı.
– Doğrudan da, – Fikrət ona baxıb qımışdı, – sənin, ailəsi-uşağı olan bir qadının gecənin bu aləmində yad bir kişiylə bu qaranlıq parkda nə işin var.
– Əcəb eləyirəm, – Rəqsanə eyni tonda dedi və eynilə Fikrətin ona baxdığı kimi baxdı, – mən azad insanam, nə istəyirəm, onu da edirəm, heç kəs mənim şəxsi işlərimə qarışa bilməz. Bir də burda nə var ki, oturub söhbət edirik də, aramızda da bir qarış məsafə var, – deyə o böyrünə baxıb Fikrətin ondan bir qarış olmasa da, bir-iki barmaq aralı oturmasına eyham vurdu.
Fikrət ürəyinin döyüntüsünü eşitdi, cəsarətini toplayıb aradakı iki barmaqlıq məsafəni adladı, bədənini Rəqsanənin isti və yumşaq bədəninə yapışdırıb çiynini qucaqladı.
– Birdən səni öpsəm, – Fikrət üzünü onun üzünə lap yaxınlaşdıraraq dedi.
– Bilirsən, – Rəqsanə lap astadan dedi, – Bakıda yanımda gördüyün o oğlan ərim deyildi, elə-belə tanış idi, maşınıyla ora-bura gedirdik. Ərimlə çoxdan ayrılmışıq, uşaq da indi anamın yanındadır.
– Onda niyə bəs həyat yoldaşın kimi təqdim etdin?
– Mənimlə evlənmək istəyirdi, ancaq sonra alınmadı…
– Demək, səni öpməyə tam ixtiyarım var.
– Tələbə vaxtı sən belə deyildin, çox ciddiydin, deyib-gülməzdin, qızlar ayağının altında qalsa da, heç kəsə fikir vermirdin.
– Öylemiydim? – Fikrət şabansayağı dedi və yenidən gülüşdülər.
«Qurtuluş» parkında ezoterik anlar.
Yarım saatdan sonra otelə daxil oldular, Rəqsanə liftə minib otağına qalxdı, Fikrətsə inzibatçıya yanaşıb boş otaq olub-olmadığını soruşdu. «İyi odalarımız var, əfəndim», – inzibatçı cavab verdi. Fikrət təkadamlıq otağın pulunu ödəyib, açarı aldı və yuxarı qalxdı, duş qəbul etdikdən sonra qapını bağlayıb Rəqsanənin otağına getdi…
Yuxudan oyanan kimi saata baxdı, on ikini keçmişdi. «Yaxşı ki, istirahət günüdür» – düşündü və tez qalxıb paltarlarını geyindi. Rəqsanə elə yatmışdı ki, elə bil gecə növbəsindən gəlmişdi, sifətində yorğunluq və məmnunluq vardı. Yorğanın altından çıxan biçimli baldırları əməlindən müttəhim kimi peşman olan Fikrətin vecinə deyildi, indi bu gənc qadının ağappaq biçimli bədəninin onun gözündə zərrə qədər dəyəri yoxdu, o, bir an öncə bu andıra qalmış otel nömrəsindən qurtulmaq istəyirdi. Ancaq Rəqsanəni oyatmadan getmək də düzgün olmazdı. Ona görə də səs-küy sala-sala vanna otağına keçdi, danqa-durunqla, boğazını arıtlayaraq və fınxıraraq yuyunmağa başladı.
– Ədə, nə səs-küy salmısan orda, – Rəqsanənin yuxulu səsi gəldi, – qoy yataq də, bütün gecəni yatmağa qoymamısan.
– Sənin təyyarən saat neçədə uçur? – Fikrət əl-üzünü qurulaya-qurulaya vanna otağından çıxdı.
– Elə yatmaq istəyirəm ki, – Rəqsanə yorğun səslə dedi, – ancaq bir saatdan sonra qeydiyyat başlanır, – deyə o divardakı yuvarlaq saata baxdı.
– Eybi yox, təyyarədə yatarsan, – Fikrət sanki əlinə, üzünə, bədəninə, gözünə, hətta nəfəsinə suvaşmış murdar bir şeydən canını qurtarmaq istəyirmiş kimi dedi.
Elə bil Rəqsanə də dünən baş verənlərin bir daha təkrarlanmasını istəmirdi, odur ki, sanki aralarında heç bir şey olmamış kimi Fikrətə baxıb tənbəl-tənbəl dedi:
– Sən açarları resepsiyona təhvil ver, bir fincan qəhvə içənə qədər mən də paltarlarımı geyinib, yığışıb gəlirəm.
– Yaxşı, – Fikrət dedi və dəhlizə çıxdı, liftin düyməsini basdı, aşağı enib açarları inzibatçıya təhvil verdi və Rəqsanənin dediyi kimi bir fincan qəhvə sifariş verdi.
Rəqsanənin gəlib çıxması yarım saatdan çox çəkdi, o tələm-tələsik Fikrətə yaxınlaşıb «yarım saata aeroporta çata bilərik?» – soruşdu.
– Çatarıq, – Fikrət cavab verdi və Rəqsanənin güzgünün qarşısında çox çalışmasına baxmayaraq, dünənki kimi gözəl görünmədiyi diqqətindən yayınmadı.
Otelin qarşısına çıxdılar, Fikrət qapıçıdan taksi çağırmağı xahiş etdi («Ey şveytsar, ordan bir taksi çağır. Mən şveytsar deyiləm, admiralam. Onda bir gəmi çağır»). Bu zaman Rəqsanə tez əl çantasından fotoaparatını çıxarıb qapıçıya uzatdı və ondan Fikrətlə birlikdə şəklini çəkməsini xahiş etdi. Fikrət «nə ehtiyac var» – deyib etiraz etmək istədisə də, Rəqsanə «qoy görüşümüzdən xatirə olsun» – deyə israr etdi. Onlar yanaşı durdular, Rəqsanə onun qoluna girib başını ona sarı əydi, qapıçı çəkdi və taksi yanaşdı. Qapıçı yaxınlaşıb fotoaparatı Rəqsanəyə verdi və taksinin arxa qapısını açdı. Rəqsanə romantik seriallardakı tək Fikrətin boynuna sarılıb taksiyə oturdu.
– Sənin gəlməyinə ehtiyac yoxdur, – o dedi, sonra gülümsəyərək, – itib-batma ha, Bakıya gələndə əlaqə saxla, – əlavə etdi və birdən nə fikirləşdisə çantasını açıb dünənki sellofan torbanı çıxartdı və Fikrətə uzatdı. – Bunu al, – Fikrət torbanı xatırlayıb aldı, – Kimsəyə verməyə ehtiyac yoxdur, özün ye, cana gəl, – Rəqsanə dedi və göz vurdu. Taksi tərpəndi. Fikrət asta-asta avtobus dayanacağına gəldi, avtobusu gözləyərkən marağını cilovlaya bilməyib torbanı açdı, torbada «Caspian Fish»in istehsalı olan dörd banka qara kürü və bir ədəd 100 dollarlıq əskinas vardı…
***
Rəqsanə o gedən getdi, daha ondan heç bir səs-soraq çıxmadı, nə telefon zəngi, nə də… Yayda Fikrət həm elmi işiylə bağlı, həm də valideynlərinə baş çəkmək üçün Bakıya gəlmişdi. Akademiyanın bağında keçmiş tələbə yoldaşlarına rast gəldi. Görüşüb hal-əhval tutdular və qızlar onun Ankaradakı işləriylə maraqlandılar.
– İşlərim pis deyil, – Fikrət cavab verdi, – elmi işimi tamamlamaq üzrəyəm, bəzi əskik yerləri var, o da müəyyən elmi ədəbiyyatın orada olmamasıyla bağlıdır, elə ona görə də gəl…
– Deyir Rəqsanə də oralara gəlib çıxıbmış, – qızlardan biri onun sözünü kəsərək bic-bic güldü.
Fikrət tutularaq bir anlıq duruxdu, qəbahət işləmiş fərsiz uşaq kimi özünə bəraət qazandırmaq üçün nəsə bir bəhanə uydurmağa çalışdı.
– Hə, konfransa gəlmişdi, – o, boğazı quruyaraq dedi. – Təsadüfən görüşdük, bir fincan qəhvə içib söhbət elədik.
– Aləmə düy vurub ki, restorana getmisiz, şəhəri gəzmisiz, nə bilim… şəkil çəkdirmisiz, amma şəkillər yanıb, çıxmayıb.
Şəkillərin yandığını eşidən Fikrətin halı özünə qayıtdı, ciyər dolusu nəfəs aldı, vaxt udmaq üçün dəsmalını çıxardaraq alnının tərini quruladı. «Demək, şəkillər çıxmayıb, əgər ortada fakt yoxdursa, onda şəkil çəkdirmədiklərini və dolayısıyla Rəqsanənin yalan danışdığını iddia etmək olar, burdan da belə bir məntiqi nəticə hasil olar ki, şəkil söhbəti yalandırsa, deməli, digər deyilənlər də onun kimi bir şeydir».
– Belə şeylərə inanmayın, qızlar, – Fikrət fikrini cəmləyib dedi, – şəkil çəkdirdiyini iddia edən kəs gərək o şəkli göstərsin, əgər göstərə bilmirsə, demək heç çəkdirməyib də.
– Biz də inanmadıq, – qızlar Fikrətin cavabından xeyli rahatlanaraq və kamança tarı təkrarlayan tək bir-birinin ardınca dedilər, – dedik, Fikrət belə bir iş tutmaz.
Fikrət gülümsədi və qızlarla sağollaşaraq metroya sarı addımladı.
16.06.2009