İqtisadi potensialına görə, Azərbaycan Ermənistanı bir neçə dəfə üstələyir. Dağlıq Qarabağa getmək istəyən azərbaycanlı jurnalistlərin söykəndikləri əsas arqumentlərdən biri də məhz budur. Ötən həftə bu məsələ Media Mərkəzində müzakirə olunanda tanınmış jurnalist Səbuhi Məmmədli dedi: "İrəvanda cəmi iki-üç "İnomarka" var. Amma Bakı küçələrində şütüyən hər üç maşından ikisi xarici firmaların istehsalıdır".
Mən, bu cür faktların sayını ən azı yüz dəfə artıra bilərəm. Məsələn, bizim nazirlərin Bakıda ucaltdıqları imarətlər Ermənistan prezident Serj Sərkisyanın İrəvanın mərkəzində yerləşən iqamətgahından daha əzəmətlidir. Azərbaycanın ən ölüvay prokurorunun Ermənistanın tanınmış iş adamından üç dəfə çox pulu var. Əgər sabah Rusiya Ermənistanı bazara çıxarsa, Kəmaləddin Heydərov bu ölkəni əhalisi ilə birlikdə satın ala bilər.
Dağlıq Qarabağ ermənilərini təəccübləndirmək üçün əlimizdə başqa arqumentlər də var. Məsələn, erməni əsgərləri yeməyə çörək tapmadıqları halda, azərbaycanlı nazirlər hətta saxladıqları heyvanları da quş südü ilə bəsləyirlər. Bir-iki il əvvəl qəzetdə oxumuşdum ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin göyərçinlərini yemləyən adam ayda 5 min dollar məvacib alır. Azərbaycanlı quşbazın aldığı bu pul Ermənistan prezidenti Serj Sərkisyanın aylıq maaşından iki dəfə çoxdur. Sadə ermənilər makarona möhtac olduğu halda, bizim nəqliyyat nazirimiz bağında delfin saxlayır. Deyirlər ki, Ziya Məmmədov həftədə iki dəfə xüsusi təyyarə ilə delfininə Qara dənizdən su gətirdir. Amma Ermənistanın nəqliyyat naziri Moskvaya gedəndə təyyarəsinə tökməyə benzin tapmır. Mən hələ xaricdən 41 min dollara aldığımız əcnəbi eşşəkləri demirəm! Bir ildə Azərbaycan büdcəsindən xarici eşşəklərin, ilan-tısbağanın, adı açıqlanmayan həşaratların alınması üçün ayrılan pul Ermənistan dövlətinin təhsilə ayırdığı vəsaitdən çoxdur.
Məncə, bu faktları olduğu kimi təkrarlasaq, hər səhər Cıdır düzünün təmiz havasını ciyərlərinə çəkdikdən sonra ünvanımıza biədəb söyüşlər yağdıran Haykanuş arvadı əməlli-başlı təəccübləndirə bilərik. Amma hər dəfə bu barədə düşünəndə içimdə bir nigarançılıq baş qaldırır. Yəqin bilməmiş olmazsınız, erməni qocaları bir qədər deyingən olurlar. Çox güman ki, Haykanuş arvad Azərbaycanın iqtisadi qüdrətindən bəhs edən jurnalistlərimizin boğazından yapışıb, onlardan soruşacaq: əgər Azərbaycanın varı-dövləti başından aşırsa, niyə ölkənizdə jurnalistlərin 85 faizi yataqxanalarda və rütubətli evlərdə kirayədə yaşayır? Niyə Hacıbala Abutalıbov 2004-cü ildə "Jurnalist" Mənzil Tikinti Kooperativini yaradan 60 jurnalistə özlərinə ev tikmək üçün 1 sot torpaq vermir? Qısası, adama deyərlər ki, Kəmaləddin Heydərovun var-dövlətindən, Heydər Babayevin bəxtəvər göyərçinlərindən, Ziya Məmmədovun ərköyün delfinindən sənə nə? Nə olsun ki, Heydər Babayev göyərçinlərini qızıl qəfəsdə saxlayır, amma sənin gecələməyə toyuq damın da yoxdur. Vallah, deyərlər! Ermənidir, hər nə desən gözləmək olar...