Rəsul Quliyevin ADP-yə rəhbərlik etdiyi dövrdə bu partiyanın keçirdiyi icazəsiz aksiyaların birində mən də iştirak etmişdim. Yox, yox, yanlış anlamayın, tərəfdarlarını polis dəyənəyinin qabağına verib, Amerikada kef edən bu adama azadlıq-filan tələb etmirdim. Peşə borcumu yerinə yetirmək üçün mitinqçilərin sırasına qoşulmuşdum.
Hazırda Avropada mühacirət həyatı yaşayan Natiq Cəbiyevin döyüldüyü səhnəni indiki kimi xatırlayıram. Həmin gün polis zorakılığından mən də öz nəsibimi almışdım. Ertəsi gün eşitdim ki, Rəsul Quliyev aksiyadan narazı qalıb. Eks-spiker telefonla qatıldığı müşavirədə tərəfdaralarını daha mübariz olmağa səsləyib. Həmin vaxt onun bu hərəkətinə qiymət verməyə söz tapa bilməmişdim. Elə indi də tərbiyəm qabağımı kəsir...
Yəqin ki, 2005-ci ilin payızında baş vermiş məşhur "şou"nu xatırlayırsınız. Keçmiş Parlament sədrini vətənə gətirən təyyarə Azərbaycanın hava sərhədlərinə yaxınlaşanda onun necə haldan-hala düşdüyünü sonradan kadrları seyr edəndə öz gözlərimlə gördüm. Taleyin ironiyasına bax, ha! Qorxudan ölkənin sərhədlərinə yaxınlaşa bilməyən siyasətçi zavalı tərəfdarlarını 100 minlik polis ordusu ilə qarşıdurmaya səsləyir. Adamda sifət yaxşı şeydir!
Mənimçün Rəsul Quliyev çoxdan oxunmuş kitabdır. Səhifələrindən yalan, qorxaqlıq, cəsarətsizlik süzülən bu kitabı yenidən vərəqləməyim səbəbsiz deyil. Ötən həftənin şənbə günü, cansıxıcı istilərlə mübarizə apara-apara qəzetin növbəti sayını hazırladığımız bir vaxtda xəbər məkanında bir "bomba" partladı. Siyasət müxbirlərimiz dedilər ki, Rəsul Quliyev dünənə kimi ən sadiq tərəfdarlarından sayılan Yaqub Abbasovla Fərəməz Cavadovu varlığı ilə yoxluğu beş-on jurnalistdən başqa heç kimə bəlli olmayan ACP adlı təşkilatdan uzaqlaşdırıb. Bilənlər bilir, bilməyənlərin isə yadına salmaq istəyirəm ki, eks-spikerin qəzəbinə tuş gələn Yaqub Abbasov məhz ona görə həyatının bir neçə ayını dəmir barmaqlıqlar arxasında keçirməli olub. Yaqub müəllimə "keçmiş olsun" deməkdən başqa əlimdən heç nə gəlmir. Amma Fərəməz Cavadov yaxasını əlimdən belə asanlıqla qurtara bilməyəcək. Ona deməyə çox, lap çox sözüm var.
Mən, Fərəməz müəllimin adını ilk dəfə 1998-ci ildə eşitmişəm. Həmin vaxt tələbə həyatına "əlvida" deyib, jurnalistika ilə yenicə məşğul olmağa başlamışdım. Ölkənin ən populyar mətbu orqanı olan "Bu gün" qəzetində informasiya şöbəsinin müdiri işləyirdim. Bir gün qoltuq ağaclarının köməyi ilə yeriyən cavan bir oğlan otağa daxil oldu. Salamsız-kəlamsız keçib başda əyləşdi. İlk sözü bu oldu: "Qoltuq ağaclarımı redaksiyada qoyub gedəcəyəm. Qəzetdə elan verərsiniz, kimin ehtiyacı olsa, gəlib aparsın". Söhbət əsnasında öyrəndim ki, qonağımızın adı Fehruzdur. Fehruz əslən Bərdə rayonundandır. Bir müddət əvvəl istehsalat qəzasında hər iki ayağını itirib. Fehruz gəlişinin səbəbini belə açıqladı: "Fərəməz Cavadov adlı xeyirxah bir iş adamı mənə protez ayaqlar düzəltdirib. İstəyirəm ki, qəzetiniz vasitəsilə ona təşəkkür edim".
Fehruzun xahişi ilə fotomüxbirimiz Eldənizlə birlikdə Fərəməz müəllimin indiki Fəhlə prospektində yerləşən ofisinə baş çəkdik. Orda öyrəndik ki, Fərəməz Cavadov adlı bu iş adamı hər ay Fehruz kimi neçə-neçə imkansız adama əl tutur. Onun xeyirxahlığından hətta şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə də pay düşür. Fərəməz müəllimə üç-dörd sual verib, şəklini fotoaparatın yaddaşına köçürəndən sonra sağollaşıb, ayrılmaq istədim. Bu vaxt o, əlini cibinə salıb, 200 dollar çıxardı. Fərəməz Cavadov barmaqlarının arasında saxladığı iki yüzlüyü mənə uzadanda özümü itirdim. Həyatda ilk dəfə idi, kimsə mənə rüşvət təklif edirdi. Bunu özümə qarşı təhqir hesab etdiyim üçün sifətimi turşudub, otaqdan çıxdım. Arxamca həyətə çıxan Fərəməz Cavadov nə qədər dil töksə də, pulu götürmədim. Peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğum ötən 11 il ərzində bu cür hadisələr ən azı əlli dəfə təkrarlanıb. Mənim həyat yolum, əxlaq anlayışım jurnalistin qələmini pula satmağına imkan vermir.
Əziz Fərəməz müəllim! Ötən 11 ildə biz yalnız bir dəfə, ən ağır məqamlarda dadına çatdığınız Fehruzun təşəbbüsü ilə görüşmüşük. Çox güman ki, Rəsul Quliyev sizi siyasətin girdabına itələyəndən sonra bütün sərvətiniz əlinizdən çıxıb. Yəqin ki, sahib olduğunuz obyektləri indi başqa adamlar işlədir. Hər halda mən son bir neçə ildə sizin hansısa yetimə bir cüt ayaqqabı aldığınızı eşitməmişəm. Son illər hansısa iş adamına təşəkkür etmək üçün heç redaksiyaya gələn də yoxdur. Əksər iş adamları indi səsi quyunun dibindən gələn əxlaqsız müğənnilərə maşın alıb, ev bağışlamaqla məşğuldurlar. Gözəl müəllim, o obyektlərdən qazanıb, vaxtilə yetim-yesir üçün xərclədiyiniz pulları indi hansısa düşük qızı "ulduza"a çevirmək üçün telekanal rəhbərlərinin ciblərinə dürtürlər. Sizə bu lazım idi? Ah, Fərəməz müəllim, adam da Rəsul Quliyevə arxayın olub, meydana atılar? Yaqub Abbasovdan fərqli olaraq, sizə "keçmiş olsun" deməyə də dilim gəlmir...