Məncə, Vaqif İbrahimoğlunun geniş təqdimata ehtiyacı yoxdur. Sadəcə, onu deyək ki, "Yuğ" Teatrının rəhbəridir, əməkdar mədəniyyət xadimidir. Doğrusu, "Yuğ"un bir dənə də tamaşasına baxmamışam. Amma dostların dediyinə, yazıb-pozduğuna görə orada ağır söhbətlər gedir. Fəlsəfənin biri bir qəpik. Realizm sıfır. Həyat yox. Bir sözlə, ədəbiyyatda göylər şairi Ramiz Rövşəni görən gözün teatrda Vaqif İbrahimoğlunu görsün.
Bu gün Azərbaycan teatrının sifətsiz və simasız olmasının bir səbəbi də məhz oynanılan tamaşaların ictimai yükünün olmaması ilə bağlıdır. Səhnədə baş verənlərin zalda əyləşən tamaşaçının güzəranına, əhval-ruhiyyəsinə heç bir dəxli yoxdur. Sonra da biriləri utanıb-eləmədən "insanlar teatrdan uzaq düşüb",- deyirlər. Əgər oynanılan heç bir tamaşada onu narahat edən, düşündürən problemlərin çılpaq əksi yoxdursa, axı insanlar niyə teatra getməlidir? Camaatın Bəhram Osmanovun, Vaqif İbrahimoğlunun, Mərahim Fərzəlibəyovun dədəsinə borcu var? Biz bu adamlardan çıxıb diktaturanın qabırğasına döşəməyi, mitinqlərdə döyülməyi tələb eləmirik ki? Sadəcə, zəhmət çəksinlər, quruluş verdikləri tamaşalarda günümüzün ən adi həqiqətlərinə işıq tutsunlar, sonra tamaşaçı qıtlığından şikayətlənsinlər.
Amma yox, nə danışırsınız, bunlar hamısı dahidi və yalnız ümumbəşəri problemlər haqqında düşünürlər. Əvvəl evin içi, sonra çölü. Öz ölkəsinin dərdlərinə biganə sənətkarın guya bütün bəşəriyyətin məhrumiyyətlərinə qatlaşmaq cəhdinin bir, pardon, iki adı var: qorxaqlıq və riyakarlıq! Sənət isə cəsurları sevir. Bir neçə ay əvvəl Türkiyənin teatr xadimləri Ərdoğanın irtica siyasətinə etiraz olaraq küçə yürüşü keçirdilər. Televiziyadan izlədim. "SNN-Türk"ün müxbiri yürüş iştirakçılarından birinə yaxınlaşıb soruşdu: "Sizin etiraz aksiyasına çıxmağınız nə qədər doğrudur? Axı teatr aktyorunun yeri səhnədir". Sual aktyoru bərk əsəbləşdirdi. O, qəzəbli tonda belə cavab verdi: "Mən teatr səhnəsində verilən hər rolu sevə-sevə oynayaram, fərqi yoxdur, istər lal-kar adam rolu olsun, istər məzlum, cahil. Amma bu gün Türkiyədə daha böyük tamaşa oynanılır və mən bu tamaşada öz rolumu özüm seçirəm, lal-kar, kölə, məzlum rolu oynamaq istəmirəm".
Siz Azərbaycanda beləsini heç təsəvvürünüzə gətirə bilməzsiniz. Bizdə səhnəyə Babək, Cavad xan rolunda çıxanlar səhnədən düşüb birbaş Prezidentin əlini öpməyə qaçır. Bundan sonra xalqın teatra biganəliyi, ögeyliyi haqqında gileylənmək üçün adamda həqiqətən üz olmalıdır.
Qayıdaq Vaqif İbrahimoğluna. Bu günlərdə bilmişəm ki, Vaqif müəllim təkcə üzücü, yorucu fəlsəfə-səfsəfədən ibarət tamaşalar quraşdırmaqla məşğul deyilmiş. Həm də "Üç nöqtə" qəzetinin köşə yazarı imiş. Ərinməyib bir neçə köşə yazısına baxdım. Eynən tamaşalarındakı qeyri-müəyyənlik, mücərrədlik, fəlsəfəçilik. Axı bu adam niyə belə eləyir? Vaqif müəllimə adi həqiqətləri, həm də adi dildə insanlara anlatmağa nə mane olur axı? Dünənki köşə yazısında kasıblıqdan yazıb. Ünvan yox, təyinat yox. İki-üç dəfə oxudum, bir şey başa düşmədim. Yazının son abzasında isə dahi rejissor və köşə yazarı əməlli-başlı gül vurmuşdu. Sitat: "Qazın bahalaşması şəxsən mənim ovqatımı bir az səxt etməkdə (yəqin "korlamaqda" demək istəyir - müəll. ), halbuki bunu deməyə də bilərdim". Yalnız bu cümlə Vaqif İbrahimoğlunun timsalında Azərbaycan ziyalısının iç üzünü açıb ortaya qoyur. Təsəvvür edin: qazın qiyməti iki dəfə bahalaşıb, amma bu, Vaqif müəllimin ovqatını bir az korlayıb. İndi belə çıxır ki, Vaqif müəllimin ovqatının tamam korlanması, beləliklə, öz ziyalı etirazını bildirməsi üçün qazın qiymətinin iki yüz dəfə bahalaşmasını gözləmək lazımdır. Dahi ziyalının məşum cümləsinin sonuncu hissəsi daha heyrətamizdir: "Halbuki bunu (yəni qazın bahalaşmasını - müəll.) deməyə də bilərdim". Oysa məhz bunu demək lazımdır! Reallığı demək lazımdır! Həyatdan qaçış yoxdur. Heç kim inciməsin, bunu bacaran artıq ziyalı deyil, fəraridir.