Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun son 10 gün ərzində görünməməsi bir sıra xəbərlərin yayılmasına səbəb olub. Bu barədə bir müddət öncə Müstəqil İnformasiya Agentliyinə məlumat verən nazirliyin işçilərindən biri K.Heydərovun ölkədə olmadığını bildirmişdi.
«Fövqəladə hallar naziri Kəmaləddin Heydərov işə çıxmır. Nazirin işə çıxmamasının səbəbi isə işçilərdən gizli saxlanılır. Bu isə FHN əməkdaşları arasında şayiələrin yayılmasına səbəb olub. Bəziləri nazirin məzuniyyətə çıxaraq xaricə müalicəyə getdiyini deyir. Digərləri isə onun xəsarət aldığını bildirir» deyən bilgili şəxsin sözlərinə görə, FHN rəhbəri hələ də ölkəyə qayıtmayıb. Həftə ərzində də nazirin hər hansı bir fəaliyyəti ilə bağlı məlumatın verilməməsi də onun həqiqətən də ölkədə olmadığını göstərir.
K.Heydərovun harda olması ilə bağlı məlumat almaq üçün dəfələrlə FHN-nə telefon açsaq da, suallarımızı cavablandıran bir kimsə tapılmadı. FHN-nin mətbuat xidmətinin bu şəkildə susması isə K.Heydərovun ətrafında müəmmaların artmasına səbəb olub. Əgər K.Heydərov məzuniyyətə çıxıbsa, bunu rəsmi şəkildə ictimaiyyətə bildirilməsi mümkün idi. Bu, həm də şaiyələrin yayılmasının qarşısını alardı. FHN sözçüləri K.Heydərovla bağlı sualları cavablandırmamaqla isə indiki situatsiyanın yaranmasına səbəb olublar. Son bir həftədə əməkdaşlarımızın da nazirin yerini öyrənə bilməməsi, K.Heydərovun ətrafında qaranlıq oyunların getməsi qənaətini yaradır.
Hələlik isə fakt ondan ibarətdir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeri bilinmir. Hətta son bir həftədə birbaşa FHN-lə bağlı tədbirlərdə də K.Heydərov görünməyib. Yəni fövqəladə hallar naziri kameralar qarşısına keçərək işinin başında olduğunu göstərmir. Həmçinin, FHN-in işçiləri də nazirlərinin harada olduğunu bilmədiklərini etiraf edirlər. Halbuki, əvvəllər K.Heydərov hər kiçik işini də reklam etdirməyi sevirdi...