Bu gün Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev 2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə 3 ixtisas qrupu üzrə qəbul imtahanları (5 iyul) ilə bağlı mətbuat konfransı keçirib.
N.Babayev bildirib ki, imtahanın keçirilməsi üçün Bakı şəhərində 49, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində 2430 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 242 imtahan rəhbəri cəlb edilib. İmtahana cəlb edilənlər sahə üzrə Tədqiqat İstitutunun müəllimləri, müxtəlif dövlət qurumlarının əməkdaşlarıdır. 2009-cu ildə 3 qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32535 nəfəri Azərbaycan bölməsinin, 3237 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9220 nəfərini oğlanlar, 26552 nəfərini isə qızlar təşkil edir. 19572 nəfəri orta məktəblərin builki məzunudur. 15700 nəfər əvvəlki illərin məzunlarıdır. 3 ixtisas qrupu üzrə təhsil almaq istəyən 155 abituriyent xarici ölkələrin vətəndaşıdır. 173 abituriyent ali təhsillidir və 3 ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzunda olanlardır. 1267 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1956-cı il, ən gənc isə 1994–cü il təvəllüdlüdür. Bakı şəhərində 29829 abituriyent, Naxçıvanda 1904 abituriyent, Sumqayıtda isə 4039 abituriyent imtahan verəcək. Bu ixtisas qrupunda 1708 ixtisas üzrə 27 dövlət və 14 özəl ali məktəbdə 29030 plan yeri ayrılıb.
TQDK sədrinin müavini onu da deyib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər 3-cü ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:30-da «Space» telekanalının canlı efirində TQDK-nin məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytına da yerləşdiriləcək.
3-cü ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdın dərhal sonra cavab kartlarının emalına başlanacaq və test istahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək.