Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



ARAŞDIRMALAR : Dahi Niyazinin həyat və yaradıcılığına fərqli baxış

  Sayta qoyulub: 16:41 28.06.2009 (1602 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi Niyazinin həyat və yaradıcılığına fərqli baxış







Əminə Abasova (Tuncay), Yazıçı, fəlsəfə elmləri namizədi

Bu yazımda Azərbaycanın opera sənətinin banisi Üzeyir Hacıbəylinin nə həyat və yaradıcılığını, nə də əsərlərini təhlil etmək fikrində deyiləm. Çünki istər xarici, istərsə də Azərbaycan musiqi xadimləri, musiqişünas və bəstəkarları Üzeyir Hacıbəyli haqqında geniş izahlı mülahizələrini ona layiq bir şəkildə kitab və jurnallarda, qəzetlərdə xalqımıza ərmağana ediblər. Mən də bu yaxınlarda çapa hazırladığım "Musiqi tövhələri" adlı kitabımda Üzeyir bəyə hörmət əlaməti olaraq, yer ayırmışam. Ancaq bu məqalədə Üzeyir ocağından və onun yetirmələrindən olan Niyazinin vəfatının 25 illiyi ilə əlaqədar yazmaq istərdim.
Vaxtilə Qori Seminariyasını bitirən, orta pedaqoji təhsil alan və kənd müəllimliyinə yollanan Üzeyir bəy, təbii ki, təsəvvürümə gətirdiyim Azərbaycan təbiətindən, onun rəngarəng, zəngin musiqi yaradıcılığından, xalqımızın musiqi zəkasından doğulubdur. O, pedaqoji təhsil aldığı zaman, həm də musiqi dərsi keçibdir. Bir musiqişünas kimi böyük musiqinin ilk əlifbasını öyrənibdir. Öz uşaqlığındanmı, yeniyetməliyindənmi, musiqi kaşənəsinin qapısını açmağa başlayan Üzeyir bəy elə orada kənd müəllimi olaraq qalmaqla kifayətlənə bilərdimi?..
Üzeyir musiqisi və musiqişünaslığı təbii olaraq, Üzeyir bəyin fitrətindən, özünü musiqi aləminə həsr etdiyindən, ardıcıl musiqi təlim-təhsilindən yarana-yarana yaranıbdır, böyüyə-böyüyə böyüyübdür. Üzeyir bəyin adı gələn yerdə onun doğma qardaşı Zülfüqar bəylə, bacanağı, ilk silahdaşı, müəllimlik şəhadətnaməsini birlikdə aldıqların Müslüm Maqomayev də gözümüzün qabağına gəlir. Başqa sözlə, Üzeyir bəyin varlığı bu iki bəstəkarın varlığını da doğurubdur.
Tariximizdə soykökü azəri türkü olan Azərbaycanın çox zəngin tarixə malik söz ustadları, sənətkarları, şeir dühaları olub. Lakin müasir opera sənətinə yiyələnən, opera bəstələyən ixtisaslı bəstəkarımız olmayıbdır. Amma fəxr edək ki, Azərbaycanın Üzeyiri və onun musiqi ocağı olubdur. Yoxsa musiqidə çox yoxsul olardıq. Əsrlər keçsə də, ruhu bizimlə olan Üzeyir bəyin dünyanı dolaşan musiqiləri böyük məftunluqla izlənilməkdədir. Azərbaycanda elə bir bəstəkar yoxdur ki, onun yaradıcılığına Üzeyir bəyin təsiri olmasın. "Bax, bu, Üzeyirdən gələn nəfəsdir",- deyirik.
İndisə Üzeyir ocağının bir nadir istedadından söz açmaq istəyirəm: Kimdir bu sənətkar?
O, əvəzedilməz istedada malik, Üzeyir əmisinə pərəstiş edən dahi bəstəkar, dirijor, fəal ictimai xadim, dünya şöhrətli və SSRİ xalq artisti Niyazidir. Mətləbə keçməzdən əvvəl onu da bildirim ki, mən, Niyazini M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1965-ci ildə direktor vəzifəsində çalışdığı vaxtdan tanıyıram. Həmin ildə məhz onun imzası ilə orada konsert proqramının aparıcısı idim. İki dəfə şəxsən özünün simfonik orkestrə rəhbərlik etdiyi konsertin aparıcısı olmuşam. Hər dəfə Niyazi dirijorluğuna tamaşa edərkən "bu mayestroluq haradandır?"- deyə, öz-özümə düşünürdüm. Yenə də gözlərim önünə iftixarımız Üzeyir bəyi gətirib "onun sənət ocağından Niyazi kimi qüdrətli bir dirijorun, bəstəkarın çıxıb, belə bir qol-qanadla dünya musiqi sənəti meydanına gəlməsi çox təbiidir",- deyirdim. Atalar demiş: "Su gələn arxa bir də gələr". Bu axarlıq Niyazi sənətkarlığına başdan, bünövrədən birinci ustadı Üzeyir bəydən gəlirdi. Deməli, Niyazi adi dirijor deyildi. O, dahi Üzeyir ocağının dahi bəstəkar oğlu idi. Niyazinin zərif vücudu, əsrarəngiz əzəməti, görkəmi, o illəri xatırladan bir səhnə kimi indi də gözlərimin önündə canlanır. Məgər biz Niyazinin dünya şöhrətli maestro-dirijor kimi Üzeyirin "Koroğlu"sunu səhnədə necə gözəl səsləndirdiyinin, operanın gedişinə məharətlə başçılıq etdiyinin şahidi deyilikmi?! Koroğlu üverturası! Bu dahiyanə əsəri Niyazi himn səviyyəsinə qaldırmışdı. Kim onu Niyazinin ifasında dinləməyibsə, demək, o, həmin əsərin bütün incəliklərini yaşamayıb. Əlbəttə, Üzeyir qələmindən kəşf olunan bu üverturanı dərindən başa düşmək, oradakı çılğın duyğuları, səslər arasındakı çalarları dinləyiciyə çatdırmaq üçün yalnız Niyazi ürəyi, Niyazi çubuğu lazım idi. Elə bil ki, Üzeyir bəy "Koroğlu" operasını böyük Niyazinin çubuğu üçün yaradıb. Niyazi bu operanı səsləndirərkən onun sədaları altında böyük bir xalqı ən böyük ideallar uğrunda mübarizəyə qaldırmaq olardı. Əgər Qırat Koroğlunun altında Qırat olmuşdusa, misri qılınc Koroğlunun əlində əfsanələşən qılınca dönmüşdüsə, Niyazi də əlinə götürdüyü o balaca dirijor çubuğunu Alı oğlu Rövşənin misri qılıncına çevirmişdi. Üvertura səslənərkən salonda elə bil qartal qanad çalıb, öz qanadları altına sığınırdı. Sanki barmaqlarının titrəməsindən, sifətindəki cizgilərdən, gözlərində yanan atəşdən səs telləri süzülən maestro səhnə arxasında hamını ecazkar dünyasına aparırdı. Çünki Niyazi dirijorluğunda özünəxas fərdi bacarıq, əql, zəka özünü göstərirdi. Orkestrin tərkibində nə qədər musiqiçi və musiqi aləti var idi, hamısı Niyazi dirijorluğunun nəzarətindəydi. Heç biri onun gözündən yayınıb, qıraqda qalmırdı. Başqa sözlə, dahi dirijor səhnədən aşağı musiqi meydançasında yerləşdirilən orkestri də, aktyorları da ecazkar çubuğundan kənarda qoymurdu.

...Üzeyir bəydə bəstəkar-dramaturqluq vəhdəti olan kimi Niyazidə də dirijorluq-bəstəkarlıq vəhdəti vardı. Elə buna görə də adlı-sanlı bəstəkarlarımız Niyazi dirijorluğuna can atırdılar. Çünki hər bir yeni əsərin ilk ifasında Niyazi dirijorluğunun dərin hikməti vardı. Elə bu baxımdan da, bu yaxınlarda 75 illik yubileyini təntənə ilə qeyd etdiyimiz, dünyanın hər yerində tanınan Arif Məlikovun vaxtı ilə "Məhəbbət əfsanəsi" baletinə, həmçinin mərhum Rəşid Behbudova da ifa zamanı dirijorluq etmişdir. Eyni zamanda Q.Qarayevin "Leyli və Məcnun", "İldırımlı yollarla" əsərinə, F.Əmirovun "Şur" simfonik muğamına, "Bayatı Şiraz", "Gülüstan", "Sevil" operasına, Sultan Hacıbəyovun "Karvan", "Gülşən" baletinə və s. əsərlərə və bu kimi dünya şöhrətli bəstəkarlarımızın bir sıra əsərlərinin şöhrət tapmasında Niyazi dirijorluğunun imzası vardır.

Niyazinin dirijorluq fəaliyyəti xarici bəstəkarların bir çoxunun əsərlərinin ifasından da yan keçməmişdir. Məsələn, Bethovenin, Motsartın, Çaykovskinin və bir çox musiqi xadimlərinin əsərləri Niyazi dirijorluğu ilə təkrar-təkrar öz parlaq ifalarını tapa bilmişdir. Cəsarətlə demək olar ki, Niyazi öz dirijorluğunda ictimai amal səviyyəsində fədaidir, mücahiddir. Çünki Niyazi də əmisi Üzeyir bəy kimi Azərbaycan torpağında özünə möhkəm zəmin tapmaqla, həm də dünya miqyasına çıxa bilmiş və xalqımıza dünya şöhrəti gətirmişdir. Təsadüfi deyil ki, əgər Niyazinin çıxış etdiyi ölkələrin - Türkiyə, İran, Macarıstan, Rumıniya, İngiltərənin mətbuatında görkəmli sənətşünasların onun barəsində dediklərini bir yerə toplasaq, bu yazılar qalın bir kitaba çevrilər. Eyni zamanda, Niyazinin dahiliyini görmək üçün Türkiyənin məhşur bəstəkarı Adnan Sayqonun "mənə təklif olunanda ki "Koroğlu" operası İstanbulda keçiriləcək musiqi festivalında nümayiş olunsun, birinci şərtim bu oldu ki, gərək Niyazi bu əsərin quruluşçusu kimi bizim ölkəyə dəvət edilsin. Mən nadir istedada malik olan bu ustadı yüksək qiymətləndirərək, onu müasir dirijorluğun zirvəsi hesab edirəm",- sözlərini yada salmaq olar.
Bəli, "Koroğlu" operası 1973-cü ildə Niyazinin başçılığı sayəsində öz layiqli ifalarını tapa bilmişdir. Niyazinin dirijor və maestroluğu ilə birlikdə onun bəstəkarlıq fəaliyyətini bütün yaradıcılıq vüsəti ilə yaratdığı "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası, "Arzu", "Vətən haqqında mahnı", "Mənim Təbrizim", "Dağlar gözəli" və sairə əsərləri onun bəstəkarlıq fondunu bəzəyən və çox əsərlərinin də xalq motivləri əsasında yarandığından xəbər verir. Niyazinin Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fondunda olan sənədlər onun milli mədəniyyətimizin inkişafındakı nailiyyətlərinə inandırıcı sübutdur.

Yeri gəlmişkən, onu da qeyd edim ki, İstanbuldakı "Bəyazid", "Səlimağa", Süleymaniyyə", "Xosrov Paşa" kitabxanalarını gəzərkən incəsənətimizlə bağlı xeyli faktlar əldə etməklə yanaşı, həm də orada "Tanıtım" Azərbaycan Musiqi Studiyasının yaradıldığını və burada da Üzeyir bəyin, Fikrət Əmirovun, Q.Qarayevin əsərləri ilə birlikdə, Niyazinin də əsərlərinin yerləşdirilməsi çox təqdirəlayiq haldır. Onu da demək lazımdır ki, Niyazi xalq musiqisinin əsasını təşkil edən muğamlarımızı simfonik musiqi ilə sintez etməklə də onları təbliğ edib, dünyaya yaymışdır. Çünki Niyazi xalqına, tarixinə, mənəviyyatına, dilinə, dininə bağlı, vətənpərvər, milli ruhlu bəstəkar idi. O, eyni zamanda qorxmaz və cəsarətli idi. Bu da onun nəticəsidir ki, onun təşəbbüsü ilə ilk dəfə filarmoniyada şeir gecəsi keçirmək, özü də birinci olaraq Bəxtiyar Vahabzadədən başlamağın vacibliyini deməsi bir tərəfdən qəribə səslənirdi. Səbəb isə aydın idi. "Ana dili" şeirinə görə kitabları satışdan çıxarılan bir şairi, özü də sovet ideologiyasının inam və sədaqət izlərinin beyinlərdə yaşadığı bir zamanda Bəxtiyar müəllimi görüşə dəvət etmək, etiraf etmək lazımdır ki, çox cəsarətli və gözlənilməz dəhşətli hadisələrlə nəticələnə bilərdi! Ancaq Niyazinin bu uzaqgörənliyi şeir, istərsə də qadağalara məruz qalan muğam gecələrinin keçirilməsində ona ruh verən, mənəvi dayaq olan, ürəyindəki qorxu hissini dəf edən xalq kütlələrinin axın-axın onun çağırışına səs verməsi ilə bərabər, konsertin bədii rəhbəri, azəri musiqi folkloruna, klassik ənənələrə yiyələnən bəstəkar Cahangir Cahangirovun, habelə muğamlarımızı o illərdən ta bu günə kimi təbliğ edən konsertin şöbə müdiri, musiqişünas alim, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov kimi şəxsiyyətlərin onunla həmrəy və həmfikir olmasının nəticələrindən irəli gəlirdi. Çünki sənətin zirvəyə gedən yolu milli ruhdan, milli ənənədən keçir. Dünyanın ən böyük sənət əsərləri də milli kök əsasında yarandığına görə onlarda vətəndaşlıq qeyrəti olur. Odur ki, tarixin bütün anlarında məddahlığı bacarmayan, zamanın fövqündə duran mərd sənətkarların həyatı həmişə təhlükə ilə üz-üzə durub. Demək sənətin, ədəbiyyatın idraka, mənəviyyata olan təsirini bir kimsə inkar edə bilməz. Bax, budur xalqın görən gözü, ağlı, etiraz etməyi bacaran dili, hünəri. Belə sənətkarlar xalqın mənən məhəbbətindən doğulanlardır. Niyazi də belə sənətkarlardan idi. Gəlin, o illərin iştirakçısı və yadigarı olan, dövlət tərəfindən 70 illiyi münasibətilə qiymətləndirilən əməkdar incəsənət xadimi, xalq artisti Ramiz Zöhrabova cansağlığı, Üzeyirə, onun sönməyən ocağına, Niyazi ilə birlikdə Cahangir Cahangirova və milli qeyrətli şairimiz Bəxtiyar Vahabzadəyə rəhmətlər diləyək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#ARAŞDIRMALAR bölümünün son 20 xəbəri:



#ARAŞDIRMALAR bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829