(hekayə)
Bütün vicdanlı və xeyirxah
insanlara həsr edirəm.Əgər «Azərbaycan gəncləri» qəzetindən oxuduğum elanda sənədlərin universitetin 22-ci korpusunda qəbul olunduğunu öyrənməsəydim və okyabrın biri səhər saat doqquzda sənəd qovluğu qoltuğumda ADU-nun qarşısına gəlib, 22-ci korpusun şüşə qapılarından içəri keçib, iki pillə aşağı düşüb hazırlığa qəbulun elə buradaca, vestibülün sağ tərəfindəki qarderoba bənzəyən (sonralar buranın doğrudan da qarderob olduğunu biləcəkdim) yerdə aparıldığını öyrənməsəydim, qarderob sürahisinin arxasında oturan qara lopabığ, yaxına gəldikdə isə masaya dirənən yekə qarnı nəzərə çarpan, qarasaç, qaraqaş, qaragöz, cantaraq, sağ gözünün altında Məşədi İbadın alnına qonan milçək boyda qara xalı olan adamı da görməyəcək və bu əhvalatı da sizə danışmayacaqdım. Sürahiyə yanaşıb onun dalında gizlənmiş masanın arxasında başıaşağı əlində qələm nəsə yazan bu adama üstdən aşağı müraciət etmək istəyirdim ki, sağ tərəfimdəki ensiz koridordan bir qızcığazın peyda olub cır səslə «Mamed müəllim dekan sizi çağırır», – deməsi sözümü ağzımda qoydu. Mamed müəllim deyilən zat başını yuxarı qaldıraraq əvvəlcə mənə, sonra qızcığaza, sonra yenə də qarşısındakı kağız-kuğuza baxıb dinməz-söyləməz, bilmirəm qarnınımı masadan, yoxsa masanımı qarnından xilas edərək ayağa qalxdı, ilk öncə belindən düşən şalvarının arxasını yuxarı çəkib, köynəyini göbəyindən bir qarış aşağıda bənd etdiyi qayışının altına sala-sala yarmqaranlıq koridorla üzərinə heç bir şey yazılmayan bozbulanıq qapıya doğru getdi.
Mamed müəllimin o üzərinə heç bir şey yazılmayan qapıdan çıxıb geri qayıtmasının bir aydan bəri çimməyən adamın hamam nömrəsindən çıxmasından da uzun çəkməsi vestibülün o biri tərəfindəki kafedən bir qutu siqaret alıb bayıra çıxmağıma və pəncərədən Mamed müəllimin boş qalmış yerinə baxa-baxa səhərin təmiz havasında özümü və havanı zəhərləməyimə səbəb oldu. Nəhayət, o qayıtdı və mən sevincək əlimdəki siqareti atmaqçün zibil qutusu axtarsam da, tapa bilməyib onu Bakı küləyinin pilətə döşəmənin üzəriylə o tərəf-bu tərəfə diyirlətdiyi tüləklərin arasına atdım və yanğın təhlükəsizliyi qaydalarını yadıma salaraq ayağımı üstünə basıb yenidən vestibülə daxil oldum.
Mamed müəllim sənədlərimi etinasızcasına nəzərdən keçirərək ilk öncə əsgərlikdən gətirdiyim zəmanətin (rekomendasiya) yaramadığını deyib onu qarderob məhəccərinin üzərinə qoydu. «Niyə?» sualıma Mamed müəllim qarşısındakı masanın siyirməsini səssiz-səmirsiz çəkərək oradan A-4 formatında bir kağız çıxarıb «yararsız» zəmanətimin üzərinə qoymaqla cavab verdi və əlavə etdi ki, «bundan olmalıdır». Kağızın baş tərəfində rus dilində böyük hərflərlə «Napravleniye», onun altında isə mötərizə içərisində nisbətən xırda hərflərlə «Göndəriş» yazılmışdı. Aşağısında da – Verilir, düz xətt, ondan ötrü ki, düz xətt, o həqiqətən də, düz xətt, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə müsahibədən kənar qəbul edilsin və s. və i.a. yazılmışdı…
– Mamed müəllim, axı bundan onlarda yoxdur.
– Kimdə? – Mamed müəllim qara qalın qaşlarını düyünləyib mənə baxdı.
– Qulluq etdiyim hərbi hissədə.
– Sən harada qulluq etmisən ki?
– Bunu deyə bilmərəm, hərbi sirdir.
Bunu eşidən Mamed müəllimi elə bil elektrik çarpdı, o yanağındakı xalını qaşıyaraq təəccüblə mənə baxdı.
– Demirsən, demə, ancaq sənə verdiyim bu napravlenini götürüb gedərsən qulluq elədiyin hərbi hissəyə, təsdiq elətdirib gətirərsən. Ondan sonra sənin sənədlərini qəbul edəcəm.
– Mamed müəllim, axı ora mülki vətəndaşların buraxılmadığı bir yerdir, mənim də dilimdən xidmət etdiyim hərbi hissə haqqında heç vaxt heç yerdə heç bir söz deməyəcəyim barədə yazılı iltizam alıblar. İndi özünüz fikirləşin, siz mənim yerimdə olsaydınız nə edərdiniz? Bir də ki nə fərqi var, napravlenie olmasın, rekomendasiya olsun. Əsas məsələ odur ki, mən hərbi qulluqda olmuşam və yaxşı xidmət etdiyimə görə hərbi hissə mənim universitetin hazırlıq şöbəsinə müsabiqədən kənar qəbul olunmağımı məsləhət bilib.
– Oğul, məni dağa-daşa salma, bu iş mənlik deyil, – Mamed müəllim başıyla yuxarıya işarə edərək yazıq görkəm aldı, – əgər ora getmək mümkün deyilsə, formanı məktubla göndər, təsdiq eləyib geri göndərsinlər. Hələ sənədlərin qəbulu bir ay davam edəcək.
Mamed müəllimin yazıq görkəmi mənə yaman tanış gəldi, ilk dəfə qarşılaşdığım bu adamı elə bil nə vaxtsa, haradasa elə beləcə bu yazıq, zavallı qılığında görmüşdüm. Ancaq harada – uşaqlıqda cəmisi bircə dəfə getdiyim kukla teatrı tamaşasındamı, milli istehsalımız olan hansısa cizgi filmindəmi, yoxsa Ramiz Həsənoğlunun «Ac həriflər» tamaşasındamı? Ona doğrudan da yazığım gəldiyindən daha çək-çevir eləməyib, göndəriş formasını da sənədlərimin arasına qoyub eşiyə çıxdım.
Əlimdə boş bir göndəriş forması, qarşımda bir ay möhlət, arada isə təxminən on min kilometr məsafə vardı; bu bir ayın ərzində bu kağız parçası on min kilometr məsafə qət edərək, doldurulmuş, imzalanmış, möhürlənmiş və ştamplanmış şəkildə Mamed müəllimin masasına qayıtmalıydı.
Poçta gəldim, «Salam, yoldaş kapitan! Mənə verdiyinz «Zəmanəti» Azərbaycan Dövlət Universiteti qəbul etmədi. Onlar yalnız xüsusi formalı göndəriş olmasını tələb edirlər, ona görə də həmin göndəriş formasını sizə göndərirəm. Çox xahiş edirəm, onu təsdiqləyib təcili geri göndərəsiniz. Vaxt olduqca məhduddur. Hörmətlə, Quliyev» məzmunlu məktub yazıb sifarişli poçtla yola saldım.
***
Şimal Buzlu Okeanının duzlu-buzlu sularının yuduğu «Yeni Torpaq» adası haqqında Sovet İttifaqında nəşr olunan ədəbiyyatlarda, ensiklopediyadalarda, demək olar ki, heç bir məlumata rast gəlinmir. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi zamanımızda da bu ada haqqında geniş məlumat əldə etmək o qədər asan olmasın gərək. Adanı Şimal Buzlu Okeanındakı Barents dəniziylə Kara dənizi əhatə edir. Relyef baxımından bura düzənlik-tundradır, adanın ərazisində bir dənə də olsun ağaca rast gəlmək mümkün deyil. İqlimi olduqca soyuq, qarlı-şaxtalı, güclü küləklərlə müşayiət olunan boranlı-çovğunludur. «Birinci dərəcəli boran»da (buna ruslar «Vyuqa-1» deyirlər) adanın sakinlərinə evdən bayıra çıxmaq qəti qadağandır. Ev demişkən, burada mülki əhali yaşamadığından bizim düşündüyümüz mənada evlər də yoxdur. Əhali yalnız hərbçilərdən, hərbi sənayedə qulluq edən vətəndaşlardan, onların ailələrindən və əsgər-matroslardan ibarət olduğundan, binalar da hərbi hissələrdən, onlara aid kazarmalardan, inzibati binalardan və hərbçi ailələrinə müvəqqəti verilmiş yataqxanalardan ibarətdir. Bəs niyə burada mülki əhali yaşamırdı? Bu suala «iqlimin sərt, həyat şəraitinin olduqca əlverişsiz olması» cavabını da vermək olardı, ancaq əsas səbəb bu deyildi. Məsələ burasındaydı ki, Sovet İttifaqı hərbi sənayesi istehsal etdiyi nüvə silahlarının, yəni atom bombalarının bir qismini burada, məhz bu adada sınaqdan keçirirdi. Sınaqlar «Beluşaya Quba» (qısaca: «Beluşka») qəsəbəsindən əlli kilometr şimalda yerləşən «Şimal» qəsəbəsində həyata keçirilirdi. Burada xidmət edən əsgər-matroslara «Yeni Torpaq»da xidmət etmələri, burada gördükləri, bildikləri və eşitdikləri haqqında məktublarında kiməsə, hətta valideynlərinə və yaxın qohumlarına belə yazmaq qadağan olunmuşdu. Deyilənə görə, məktubları oxuyurdular. Hərbi xidmət başa çatdıqdan sonra da bu barədə hes kəsə məlumat verə və beş il xarici ölkələrə gedə bilməzdilər. Ancaq artıq Sovet İttifaqı deyilən bir ölkə olmadığından bunları yazmaqda elə bir sakınca yoxdur və əgər Mamed müəllim haçansa bu məlumatı oxusa, gec də olsa, mənim sirrimdən agah olacaq. Ruslar demişkən, «luçşe pozdno, çem nikoqda», yəni, gec olsun, güc olsun.
***
Sidorova məktub göndərdiyim tarixdən iyirmi gün keçsə də, cavab yoxur; artıq, demək olar ki, ümidimi itirmişəm. Doğrudur, Bakıdan Beluşkaya məktubun gedib-gəlməsi bir ay da çəkə bilər, hələ bir aydan çox da. Əsgərlik vaxtı o qədər aylarla məktub üzünə həsrət qalmışıq ki. Bir yerə ki, təyyarə və gəmidən başqa heç bir nəqliyyat vasitəsi işləməyə, o da ki, təyyarələr yalnız hava açıq olanda. Sənəd qəbulunun bitməsinə hələ on gün var, bəlkə elə bir gün qalmış gəlib çıxdı, belə şeylər az olur, bəyəm. Bütün sənədlərim qaydasındadır, bircə göndəriş çatmır, Mamed müəllim də kişi kimi söz verdi ki, göndərişi gətir, vəssalam, qurtardı getdi. Ondan sonra heç bir problem-filan olmadan hazırlıq şöbəsinin tələbəsisən, oradan da universitetə qəbul olunmaq su asanıdır. Birdən Sidorov «göndərişə» əhəmiyyət verməz, ona nə var, deyər ki, qardaş, sən «rekomendasiya» istədin, mən də verdim, daha sənin zir-zibilli və küləkli şəhərin Bakıda (bir dəfə bu mövzuda Sidorovla mübahisəmiz olmuşdu) kimin nə deməyinin mənə nə dəxli var?! Belə baxanda onunla heç düz-əməlli münasibətim də yox idi, məni hər görəndə, «Kulyev, kulakami nelzya», – deyirdi. Nə var-nə var bir neçə dəfə yüngülvari dava-dalaş olmuşdu. Ancaq rusca alababat danışmağım, xəritədən az-çoz baş çıxarmağım, Siyasi Büro üzvlərinin hamısının adını əzbər bilməyim, deyəsən, arıq-uzun, kürən bığlı, xırda yaşıl gözlü və sifətində daim təbəssüm gəzdirməsinə rəğmən adamayovuşmaz «zampolit»imizin xoşuna gəlirdi. Hətta, bir dəfə məndən anamın rus olub-olmadığını soruşdu, cavab verdim ki, valideynlərimin hər ikisi azərbaycanlıdır. «U vas xoroşiy aksent, poetomu spraşivayu, toqda vı navernoe v russkoy şkole uçilis», – o, sualına aydınlıq gətirdi. «Net, – dedim, – v azerbaydjanskoy şkole uçilsya».
***
Oktyabrın 23-cü günü səhər yuxudan oyanan kimi iyirmi üç gündür bitməyən, ancaq son günlər bir qədər öləziyən ümidimlə yenidən poçt qutusuna cumdum. Heç bir bəzək-düzək vurmadan və lüzumsuz yerə uzunçuluq etmədən… Nə isə, məktub gəlmişdi! Qəzetləri qutudan götürəndə onların arasından düşdü, üzərində ağ ayıların şəkli olan sadə bir zərfdi. Arxangelsk-55, Sidorov A.G.-dən. Zərfin içərisində dörd bükülmüş bircə kağız vardı; açıb baxdım. Bu, Mamed müəllimin mənə verdiyi həmin göndərişdi, on min kilometr məsafə qət edəndən sonra cırılmadan, yanmadan, islanmadan, allah bilir, haralardan, nələrdən keçərək yenidən mənim yanıma qayıtmışdı. Lap Tanrının özü kimi, dar ayaqda köməyimə yetişmişdi. Sevindiyimdən…
Elə bilirdim ki, Mamed müəllim məni görən kimi tanıyacaq, salamımı gülər üzlə alıb (doğrusu, onun dodağının qaçdığını hələ görməmişdim), «hə, oğlum, deyəsən, göndərişi gətirmisən, gətir görək», – deyəcək və mən də möhürlü-imzalı göndərişi digər sənədlərlə birlikdə şəstlə onun qarşısına qoyub, «gətirdim, Mamed müəllim, necə demişdinizsə, elə də təsdiq elətdirdim», – deyəcəm. Sonra da universitetin qarşısına çıxıb Azərbaycanın birinci ali məktəbinin gələcək tələbəsi kimi lovğalanaraq Bakının küləkli və sərin havasını ləzzətlə ciyərlərimə çəkəcəm.
Ancaq belə olmadı; Mamed müəllim məni tanımaq belə istəmədi, bəlkə elə doğrudan da tanımadı, nə bilim, vallah! Qarderobun sürahisinə yaxınlaşıb şən səslə verdiyim salama başını belə qaldırmadı, «Mamed müəllim, verdiyiniz göndərişi təsdiqlətdirib gətirmişəm», – müraciətimə laqeydcəsinə «görürsən ki, işim var, indi baxaram», – deyə cavab verdi. Mamed müəllim əlindəki diyircəkli qələmlə qarşısındakı A4 formatlı kağıza nəsə yazırdı, kağızı yazıb dolduran kimi yenə masanın arxasından birtəhər çıxıb, şalvarını darta-darta yenə yarımqaranlıq ensiz koridordakı bozbulanıq qapıdan içəri girdi. Bu dəfə qapıya üzərinə «Dekan» yazılmış bir kağız yapışdırılmışdı. Mamed müəllim keçən dəfəkinə nisbətən tez qayıtdı, özünü yenidən stulla masanın arasına pərçimləyəndən sonra bir xeyli siyirmələri, stulunun arxasındakı dolabın rəflərini eşələyərək nəsə axtardı, heç bir şey tapmayıb bayaqdan bəri onun bütün hərəkətlərini nöqtəsinədək izləyən cavan oğlana baxdı.
– Ver görüm, nə gətirmisən, – bu dəfə mənə nədənsə çömçəquyruğunu xatırladan qara qaşlarını düyünləyərək dedi.
Göndərişi ona uzatdım, aldı və eynəyini burnunun ucuna endirib diqqətlə baxmağa başladı. Xeyli baxdıqdan sonra eynəyinin üstündən küt-küt üzümə baxdı.
– Əsgərlikdən nə vaxt tərxis (məncə, bu sözü normal bir sözlə əvəz etməyin vaxtı çatıb) olunmusan?
– Bu ilin may ayında, mayın iyirmi beşində, – həyəcanla cavab verdim.
– Amma bu sənədin tarixi oktyabrın on üçünədir.
– Nə olsun ki?
– Necə yəni nə olsun, – Mamed müəllim guya cavabımdan dəhşətə gələrək saxtakarlıq tökülən küt baxışlarını yenidən aşağı yönəldərək sərt tonda dedi. – O olsun ki, göndəriş sənə hərbi xidmətdən tərxis (yenə tərxis) olunandan dörd ay sonra verilib, necə ola bilər ki, sənə bir yerdə işləmədiyin, ya da xidmət etmədiyin tarixə sənəd versinlər. Mən belə sənədi necə qəbul edə bilərəm axı?
Mamed müəllim nəinki məni, heç on min kilometrlərlə uzaqdan köməyimə gələn Tanrının özünü də tanımaq istəmirdi. Onun bu allahsızlığı, riyakarlığı, qırmızılığı, daha nə bilim nəliyi… məni cin atına mindirdi, gözlərimin önündə bir anlıq hər şey qarışdı, alnıma soyuq tər gəldi. Əsəbimdən qarderob sürahisinin üstündən şir kimi Mamedin üzərinə atıldım, piyli sifətinə yaxşı bir kəllə ilişdirəndən sonra boğazından yapışıb var gücümlə boğmağa başladım… Yox, bunu etmədim, Sidorovun «kulakami nelzya» sözlərini qulaqlarımda cingildədi.
– Necə yəni qəbul edə bilməzsiniz, kişilər on min kilometr uzaqdan sənəd göndəriblər, bu nə deməkdir tarixi düz deyil, bu nə hoqqabazlıqdır, siz keçən dəfə də mənim sənədlərimi qəbul etməməkdə düzgün iş görmədiniz. Əsas olan sənədin mahiyyətidir, forma və tarix burda elə bir rol oynamır, mən sizdən şikayət…
Mamed müəllim bağırtımın vestübüldəki insanların diqqətini çəkəcəyindən əndişələnib ayağa qalxı.
– Əsəbiləşmə, oğlum, – o gözlərini o tərəf-bu tərəfə dolandıraraq dedi, qorxuya düşdüyü açıq-aşkar hiss olunurdu. – Mənlik burda bir iş yoxdur axı. Vallah mənlik olsa, bu dəqiqə qəbul edərəm. İstəyirsən səni dekanın yanına aparım, özün onunla danış, icazə versə, sənədlərini qəbul edərəm. Mənlik burda bir iş yoxdur axı.
Boz-bulanıq qapıdan içəri girdik. Masanın baş tərəfində kahı rəngində bahalı kostyum geymiş, üzü tərtəmiz qırxılmış, iri domba gözləri qan çəkmiş, dalğalı şabalıdı saçları uzun müddət yuyulmadığından yağlanan yekəqarın bir kişi əyləşmişdi. Diqqətlə baxanda hansısa Hollivud filmindəki şişman Roma senatorunu xatırladırdı. Mamed ona yaxınlaşıb göndərişi uzatdı və bayaqdan bəri aramızda gedən mübahisənin məzmunu barədə məruzə etdi.
– Fikrət müəllim, mən deyirəm olmaz, amma cavan oğlan, – Mamed müəllim əliylə mənə işarə etdi, – mənə inanmır, ona görə də dedim, bir siz də baxasınız.
Bayaqdan bəri mənə gözünün ucuyla da baxmay an dekan, Mamedin işarəsindən sonra yaşıl qurbağa kimi göz qapaqlarını qaldırıb üzümə baxdı və sifətinə elə bir ifadə verdi ki, sanki olduqca iyrənc bir şeyə baxır.
– Neca yanı, inanmır, bes biz süzi ora nöş qoymışuq, – deyə o, azərbaycan dilinin fonetik imkanlarını elə zorladı ki, təəssüflər olsun ki, orfoepiya da, bu tələffüzü ifadə etməkdə acizdir. – Bura universitetdır, yoxsa bazar, olmaz baja düjmirsən, sene ne diyirlar, get (qalın «t» səsi), onu da ela.
Bu adama heç nə deyə bilmədim, elə bil, dilim lal oldu, əməlli-başlı şokdaydım, nə edəcəyimi bilmədən bir də gördüm ki, otaqdan çıxmışam. Mamed müəllim məndən bir dəqiqə sonra çıxdı və üzünə qayğıkeş bir ifadə verib: «Vallah, səndən sonra mən də xahiş elədim, amma nəzərə almadı. Sən gör bir adamnan-zaddan tam, zəng elətdir, – Mamed barmağını şaquli istiqamətdə yuxarı tuşladı, – Fikrət müəllim elə də pis adam deyil, nəzərə alar, məncə, hə…»
– Mənim adamım-filanım yoxdur.
– Onda sənə bir göndəriş forması da verim, onu təsdiqlət gətir, bu dəfə söz verirəm ki, heç bir problem olmayacaq, ancaq tarixi uvolit (yaxşı ki, tərxis demədi) olduğun günədək olsun, – Mamed müəllim yamanca əl-ayağa düşmüşdü, görünür, düşdüyüm vəziyyət onu da həyəcanlandırmışdı.
– Mamed müəllim, keçən dəfə sizə dedim axı, mənim əsgərlikdə olduğum yerə adi vətəndaşları buraxmırlar, bu göndərişi də məktub vasitəsilə əldə etmişəm.
– Yenə də məktub yaz.
– Yazmağına yazaram, – dedim, – ancaq bilmirəm, onlar köhnə tarixə sənəd verərlərmi? Bir də ki, versələr də, məktub gəlib çıxana kimi qəbul vaxtı qurtaracaq axı, – Mamed müəllimin deyilən fikrə reaksiyasını yoxlamaq üçün sınayıcı tərzdə ona baxdım.
– Vallah mən neyniyim, – Mamed müəllim ah çəkərək lopa bığlarını üfürdü və başını buladı, guya yaman təəssüflənmişdi.
Qəbul müddətinin bitməsinə bircə həftə qalmışdı. Sidorovun yeni göndərişi təsdiqləyib-təsdiqləməyəcəyindən bədgümanlığım bir yana, bir həftənin içərisində mənim bildiyim, sahib olduğum heç bir qüvvə bu bir parça kağızı uzaq «Yeni Torpaq» adasındakı Beluşka adlı qəsəbəyə aparıb-gətirə bilməzdi. Bütün bu oyunların, hoqqabazlıqların mənim sənədlərimi qəbul etməməyin başında bir bəhanə olduğunu dərk etsəm də, məğlubiyyətlə barışmaq istəmir, bu bığlı-saqqallı, qalstuklu-kostyumlu fırıldaqçı-dəllalları son mənzilədək qovmaq istəyirdim.
– Mamed müəllim, – bayaqdan bəri beynimdə dolandırdığım, ancaq qəbul olunmayacağından əndişələndiyim fikri dilimə gətirdim, – Mamed müəllim, əgər birdən məktub gəlsə, ancaq bir az geciksə, qəbul edərsiniz?
– Vallah, nə bilim, bir az çətin məsələdir, hər halda sən məktubunu yaz, bəlkə gəlib çıxdı, nə bilmək olar.
Bu məsələnin real olmadığını özüm də hiss edirdim, ancaq nədənsə kapitan Sidorova ikinci məktubu da göndərmək istəyirdim. Bəlkə də möcüzə baş verdi, məktub bir həftənin içində gəlib çıxdı, havalar da yaxşı keçir, avia-poçtla yola salaram, xahiş edərəm onlar da bu cür göndərsinlər. Bir-iki gün geciksə, bəlkə Mamed müəllimi də yola gətirmək olar. Əgər sənədi əvvəlki tarixə almaq mümkündürsə, demək sonrakı tarixdə qəbul da etmək olar…
***
Sidorov Mamed müəllimin qara lopa bığlarından təkcə rənginə görə deyil, həm də formasına görə fərqlənən kürən bığlarıyla qımışaraq, eynəyinin üstündən baxıb demişdi: «Bəlkə burada qalasan, səni praporşik məktəbinə göndərərərik, altı ay oxuyub praporşik olarsan, yüksək maaş alarsan. İki il xidmət edəndən sonra ali hərbi məktəbə də qəbul olunarsan, ali təhsil alıb zabit olarsan. Ondan sonra da ki, hər şey özündən asılıdır, lap generala qədər yüksələ bilərsən, elə sizin Əliyev kimi», – və qeyri-ixtiyari divardakı «politbüro» üzvlərinin şəkillərinə baxmışdı.
– Yoldaş kapitan, – dedim, – etimadınıza görə təşəkkür edirəm, ancaq mən evə qayıtmaq istəyirəm. Bizim böyük ailəmiz var, mən ailənin ilk və yeganə oğluyam, atamı tək qoya bilmərəm, ona kömək etməliyəm. Ona görə də orada oxuyub-işləmək istəyirəm.
– Yaxşı, necə istəyirsən, – Sidorov daim gülümsəyən yaşıl gözləriylə mənalı-mənalı baxmışdı. – Zəmanəti hazırlayarıq, sənə yaxşı xasiyyətnamə də verərik. Ancaq orada səninçün çətin olacaq, yaxşı fikirləş…
Hər gün səhər saat altıda əsgərlər yuxudan qaldırılan vaxt kazarmaya gələn, bizi qurşaqdan yuxarı çılpaq şəkildə sıraya düzüb bədənimizdə göy, qançır olub-olmadığına baxan, bundan sonra bizimlə bərabər səhər idmanına çıxan, qırxdan yuxarı yaşı olmasına baxmayaraq, altı kilometrlik məsafəni əsgərlərlə birlikdə qaçan, sonra bizimlə bərabər soyuq suyla yuyunan, səhər yeməyini də əsgərlərlə birlikdə yeyən, yemək zamanı zabitlər üçün ayrılmış masada deyil, bizim aramızda oturan, bizim yediyimizdən və biz yeyən qədər yeyən, «qarınqulu adamın fikri daim yeməyin yanında olur, ona görə də başqa şeylər haqqında düşünə bilmir», – deyən, kazarmanın yığışdırılması zamanı da çox vaxt bizimlə bir yerdə olan, çoxdan qulluq edən əsgərlərin yeni gələnləri istisamar edərək öz əvəzlərinə işlətmələrinin qarşısını alan, hətta işin çətinini onlara gördürən, buna etiraz edən əsgərlərə isə öz ailəsini misal gətirərək «ailədə biz üç nəfərik: mən, arvadım və qızım, ən ağır işləri mən, orta işləri arvadım, yüngül işləri isə qızım görür, məsələn, döşəməni yuyarkən qızım süpürür, arvadım sabunlu suyla şotkalayır, mənsə əskiylə sabunlu suyu quruduram», – deyən, heç vaxt söyüş söyməyən kapitan Sidorovla axırıncı görüşümüz belə olmuşdu.
***
İkinci məktub noyabrın 7-də gəldi. Yenə qəzetləri qutudan götürəndə onların arasından düşdü, yenə də üzərində ağ ayıların şəkli olan sadə bir zərfdi. Avia-poçt markasıyla göndərilmişdi. Arxangelsk-55, Sidorov A.G.-dən. Zərfin içərisində dörd bükülmüş bircə kağız vardı; açıb baxdım. Bu, Mamed müəllimin mənə verdiyi ikinci göndərişdi, Sidorov onu köhnə tarixə rəsmiləşdirmişdi. Sənədlərin qəbulunun başa çatmasından bir həftə keçsə də, ümidsizlik içində bapbalaca, toz boyda bir ümidə sığınaraq universitetə yollandım, 22-ci korpusun şüşə qapılarından içəri keçib, iki pillə aşağı düşüb vestibülün sağ tərəfindəki qarderoba bənzəyən…
Mamed müəllimin yerində dayanan yaşlı bir qadın dərsə gələn tələbələrin plaşlarını alıb asılqanlara asır, əvəzində isə onlara nömrəli xırda plastik lövhəciklər verirdi.