Yaxud, Qarayev Lalayevi hansı əməllərinə görə Muskomediyaya direktor təyin edib?
İranda prezidentliyə namizədlərdən olan Mirhüseyn Musəvi barəsində həmin ölkənin mətbuatında belə bir fikir yazılmışdı: "Musəvi süddən çıxmış ağ qaşıq deyil". Necə də yerində deyilmiş bir fikirdir. Açığı, hələ mənə bu qədər ləzzət edən fikirə rast gəlməmişdim. Çünki Tanrının yaratdığı elə bir insan bəndəsi tapmazsan ki, nöqsansız olsun.
Cənab Musəvinin ünvanına deyilən bu fikri prezidentlik kürsüsündən ötrü çarpışanlar üçün deyil, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tuşlayardım. Cənab Qarayev də süddən çıxmış ağ qaşıq deyil. Onun da çatışmayan cəhətləri var. Amma bizi onun şəxsi cəhətləri, xasiyyətləri deyil, idarə etdiyi vəzifədəki işləri maraqlandırır. Çünki nazirin sərəncamlarının və əmrlərinin ağrı-acısına tuş gələnlər Musəvi yolunda küçələrə çıxaraq, ölən və əzilənlərdən az deyil.
Heç uzağa getməyək. Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı buna bariz nümunədir. Mərhum sənətkar Hacıbaba Bağırovun yaradıb, ərsəyə gətirdiyi Musiqili Komediya Teatrının səhnə arxasında "Uzaq sahillər"in əsl fırtınası yaşanır. Teatrın sözü-söhbəti, dedi-qodusu qarşısında o qalınlıqda divarlar da acizdir. H.Bağırovun yerinə təşrif buyuran Əliqismət Lalayev teatra ayaq basdığı gündən rəhmətliyin qoyduğu bütün ənənə və qaydların üstündən qara xətt çəkib. Əlləri hər yerdən üzülən və harayı heç kəsə yetişməyən teatr heyəti isə onları daxilən didib-parçalayan suallara cavab axtarırlar ki, görəsən, Qarayev Lalayevi hansı əməllərinə görə, məhz Muskomediyaya direktor təyin edib?
Ən qəribəsi də odur ki, Qarayev Lalayevi bu vəzifəyə təyin edəndə kollektiv bir yana, heç teatrda can qoyan xalq artistləri və müavinlərin də rəyini soruşmayıb. Elə pisi də budur. Yəqin düşünüb ki, nazirdir, öz dediyi olmalıdır. Amma Lalayev nazirin sifarişi ilə deyil, öz çaldığı havaya oynayır. Ona görə də vaxtiylə bir-birinə arxa-dayaq olan Musiqili Komediya Teatrında hamı bir-birinə dəyib. Deyilənə görə, süpürgəçidən tutmuş adi qapıçıya kimi hamı birləşib Mədəniyyət və Turizm Nazirliyinin qarşısında piket keçirməyə hazırlaşır. Piketin gözəl şüarı var: "Qarayev, səhvini düzəlt! Teatrı bu rüsvayçılıqdan xilas et!".
Rüsvayçılıq demişkən, bu günlərdə tanınmış və sözü yuxarılarda keçən teatr direktorlarının biri ilə küçədə qarşılaşdım. Söhbət əsnasında o da Muskomediyanın səhnə arxasında baş verənlərdən danışdı. Dedi ki, sözügedən teatrda ömrünü qoyanlardan biri ona zəng vurub, kömək istəyib: "Nazir gözəl bilirdi ki, Lalayev kimdir. Elə onu bu hərəkətinə görə başından elədi. Belə bir adamın Hacıbaba Bağırovun rəhbərlik etdiyi teatra gəlməsi hörmətsizlikdir".
Hələ bu harasıdır? Bəstəkar Nəriman Məmmədov "Reytinq"ə müsahibəsində dedi ki, prezidentin qəbuluna düşmək Lalayevin qəbuluna düşməkdən asandır. Düz, 4 ay bu bəstəkar Lalayevin üzünü görmək həvəsiyilə teatra gedib. Katibədən aldığı cavab isə belə olub: "Direktor yoxdur, yaxud da işi çoxdur". Səbr kasası daşan bəstəkar axırda qolunun altında cırılıb gedən sənədləri katibəyə verib ki, Lalayevin vaxtı olanda bir buna da baxsın. Nəriman müəllimin sənədlərini oxumayıb, yalnız vərəqləyən direktor katibə vasitəsilə ona belə mesaj göndərib: "Nəriman Məmmədovun operettaları köhnəliyin qalığıdır. Bizə müasirlikdən xəbər verən operettalar lazımdır". Bu adam deyən gərək,- yəni, sən bu qədər müasirsən? Müasir oğlan, müasir qanunlarla işləyər. Amma sən nazirlikdəki köhnə Sovet qanunları ilə işləyirsən.
Nəriman müəllimin dediklərinə aydınlıq gətirmək məqsədiylə Ə.Lalayevə telefon açdım. H.Bağırovla birbaşa danışdığım bu telefonda direktorun səsini eşitmək mənə əsəb bahasına başa gəldi. Açığı, "Reytinq"də gedən ANONS - "Əliqismət Lalayev işçilərlə necə yola gedir",- olmasaydı çətin ki, o mənimlə danışardı: "O nədir yazmısınız? İşçilərlə necə lazımdır, yola gedirəm. Birdə bunun sizə nə aidiyyatı? Məndən başqa adam tapmırsınız?". Dedim ki, haqqınızda deyilənlərə aydınlıq gətirmək istəmirsiniz? Qayıtdı ki, "başım Bakı-İslam mədəniyyəti paytaxtıdır",- adlı tədbirlər silsiləsinə qarışıb. Həftə sonu tədbirlər başa çatacaq. Vaxt tapan kimi xəbər göndərərəm",- deyib sağollaşdıq. Həftə dönüb aylar oldu, amma nədənsə Lalayevin səsi çıxmadı. Eybi yox...
Birdəki Lalayevin mədəniyyət və incəsənət sahəsindəki çəkisi səhnəyə təzəcə qədəm basan aktyorun çəkisindən çox-çox aşığıdır. Ə.Lalayev Naxçıvanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Nədənsə o, özünü Azərbaycanın fəxri ad daşıyıcısı kimi qələmə verir? Görəsən, direktor Naxçıvanın üstündən niyə xətt çəkib? Yoxsa, "müasir"liyi üstün tutan direktorun Naxçıvana qarşı allergiyası var?