Bir qrup QHT təmsilçisinin iyunun 19-da parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını izləyən müxbirimizin ilkin təəssüratı belə idi: "Polislər Qubad İbadoğlunu itələyib, Milli Məclisin qabağından uzaqlaşdırdılar. Mülki geyimli bir nəfər İlqar Məmmədovun qolunu burdu. Zaur Əkbəri isə döyülməkdən jurnalistlər xilas etdi. Asayiş keşikçiləri hətta hamilə qadınlara da güzəşt etmirdilər..."
İki gün əvvəl "QHT-lər haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklərə etiraz edən təşkilat rəhbərləri arasında bir neçə hüquq müdafiəçisi də olub. Lütfən, adlara diqqət edin: Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı və Səadət Bənənyarlı. Əlbəttə, bu siyahını bir qədər də uzatmaq olar. Qısası, kütləvi aksiyalarda həbs olunan sıravi müxalifətçiləri müdafiə edən QHT rəhbərlərinin hamısı həmin gün meydanda olub. Yox, onlar "Azadlıq!", "Azad seçki!" və digər siyasi çəkisi olan şüarlar səsləndirməyiblər. Ən böyük arzuları parlament binası qarşısında oturaq aksiya keçirmək olub. Amma polislər bu adamların ayaqlarını qatlayıb, bir-iki dəqiqə oturmasına da icazə verməyib. Deyəsən, yavaş-yavaş haqq-ədalət qalib gəlir. Bu adamlar bir vaxtlar müxalifət partiyalarını aksiya keçirə bilməməkdə günahlandırırdılar. Amma özləri meydanda iki dəqiqə duruş gətirə bilmədilər. Cənablar, aksiya keçirmək polis rəislərinin kabinetində sıravi müxalifətçiləri azarlamaq qədər bəsit deyil!
Hakimiyyət Milli Məclisin əli ilə QHT-lərin pulunu kəsmək istəyəndə aləm bir-binə dəydi. Tədbirlərdə, qəzet səhifələrində elə adamlar boy göstərdilər ki, adam mat-məəttəl qaldı. Əcəba, özlərini demokratik dəyərlərin müdafiəçisi kimi təqdim edən bu insanlar indiyə kimi harada idilər? Niyə hakimiyyət inzibati resurslar hesabına siyasi partiyaları, azad mətbuatı küncə sıxışdıranda bunların səsi-sorağı gəlmirdi?
Müsavatın rəhbər strukturlarında təmsil olunan ən azı 20 nəfərin QHT-si var. Bu adamlar indiyə kimi ən azı 20 dəfə qrant alıblar. Amma Füzuli meydanında İsa Qəmbər 50-yə yaxın polisin üstünə tək getdi.
AXCP fəallarının qrant almaqda zəngin təcrübəsi var. Təməli Asim Mollazadə tərəfindən qoyulan bu ənənə indi də davam edir. Amma sıravi cəbhəçilər uzun illərdən bəri ehtiyac içində çabalayırlar. Nədənsə, bu pullardan heç vaxt meydanlarda döyülən adamlara pay düşmür. Əksinə, kimlərsə, müxalifətçilərin döyüldüyünü bəhanə edib, yeni layihələr reallaşdırırlar. Amma demokratiya uğrunda meydanlara çıxmaq lazım gələndə qaçıb küncdə-bucaqda gizlənirlər. Məşhur 26 noyabr mitinqində "Qələbə" meydanında hansısa cəbhəçi QHT rəhbəri deyil, Əli Kərimli başını polis "dubinka"sının qabağına vermişdi.
Əvəz Temirxan heç vaxt qrantın "dadı"nı bilməyib. Amma mən Əvəz bəyin iştirak etmədiyi heç bir kütləvi aksiya xatırlamıram. İcazəli-icazəsiz bütün mitinqlərdə bayrağı Elman Türkoğlu qaldırsa da, bu günə kimi Sevil Nuriyevadan başqa heç kim onu öz layihəsinə cəlb etməyib. Yaşar Türkazərin üzünə isə heç vaxt "gün doğmayıb".
...Aqil Xəlil döyüləndə onu beş-altı zavallı jurnalistdən başqa heç kim müdafiə etmədi. Həmin vaxt əllərini qoynuna qoyub, kənardan bu mənzərəni seyr edən adamlara xitabən yazmışdım ki, darıxmayın, döyülmək növbəsi bir gün də sizə çatacaq.
Deyəsən, həmin gün gəlib. Bir azdan hamını döyəcəklər...