Povest
Uşaqlıq dostlarımdan birinin, daha doğrusu, uşaqlıqda bəzən birlikdə oynadığım qonşu uşağının irişə-irişə mənə sarı gəldiyini görəndə ilk ağlıma gələn bu oldu: «Görəsən kimdən eşidib burda işlədiyimi?» Sonra yadıma düşdü ki, deyəsən, haçansa özüm demişəm. «İndi gəl bununla çay iç, çörək ye, araq vur, nə bilim, dedi-qodu elə… İşim-gücüm tökülüb qalıb». Ürəyimdə bunları götür-qoy edirdim ki, gəlib çatdı. Görüşüb-öpüşdük, hal-əhval tutduq: təbii ki, nə var, nə yox, kef-əhval, iş-güc, evdə-eşikdə və s. «Yaxşı deyil, ordan bura durub gəlib, gərək bir yerə dəvət edəm».
– Fikirli görünürsən? – Veysəl altdan-yuxarı mənə baxaraq qımışdı. Məndən dörd yaş böyük olsa da, balacaboy, arıq və kosasaqqal olduğundan yeniyetmə uşaqları xatırladırdı.
– Hə, bir az dalğınam, qayğılarım çoxdur, – cavab verdim. – Səndən nə əcəb, xeyir ola?
Veysəl bic-bic gülümsünərək siqaret çıxartı, əvvəlcə mənə təklif edib birini də öz damağına qoydu, sonra alışqanla hər ikisini yandırdı.
– İşlərin necə gedir?
– İmkan verirlər ki, işləyək; biri gəlir, biri gedir, - cavab verdim, - gedək çaydan-zaddan içək.
– Yox, sağ ol, tək deyiləm, metronun yanında məni gözləyirlər, – Veysəl hırıldadı.
«Buna nə olub görəsən, dişlərinin üstü örtülmür, kim gözləyir, bura niyə gəlmədilər?» – sual dolu baxışlarımı Veysəlin bic-bic gülən gözlərinə zillədim. Bu an Veysəl mənə nədənsə uşaqkən cizgi filmlərində gördüyüm hiyləgər tülküləri xatırlatı. Yadıma Veysəlin yüz yaşında vəfat etmiş babası Tülkü Əhliman düşdü. O, rəhmətlik də həmişə eynilə belə baxardı, indi baxmasın…
Birdən Veysəl ciddiləşdi, tülkü gözlərini ətrafa dolandırıb səsinin tonunu azaltdı, qorxa-qorxa üzümə baxıb birnəfəsə dedi:
– İki dənə qız gətirmişəm, bomba şeylərdir, metronun yanında bizi gözləyirlər…
«Aydın oldu. Demək, Tülkü Əhlimanın nəvəsi mənim hesabıma «bazlıq» etmək istəyir. Allah bilir, gətirdiyi qızlar nə günün payıdır! Bunun özü nədir ki, gətirdiyi də nə ola?!»
– Veysəl, bilirsən ki, mənim elə şeylərlə aram yoxdur, təsadüfi qadınlarla əlaqəyə girməyi xoşlamıram, – könülsüz dedim.
– Bilirəm, ancaq bunlar sən fikirləşdiklərindən deyil, daha doğrusu, biri o qədər də gözəl deyil, xaladır, amma qorxma o sənlik deyil, amma o biri əsil sənin malındır, canımçün. Gedək bax, xoşuna gəlməsə, üzümə tüpür.
O, dil-boğaza qoymadan qızın gözəlliyindən, boy-buxunundan, gözlərinin və saçlarının rəngindən, gənc olmasından danışır, tərifləyirdi – zalım oğlu elə bil bazarda mal tərifləyirdi.
– Özüm ölüm, görsən, mənə sağ ol deyəcəksən, fıstıq kimi qızdır, gedək tanış eləyim, sonrasını özünüz bilərsiniz, xoşuna gəlməsə, qayıt gəl.
Veysəlin əl çəkmək fikri yox idi; elə ürəkdən danışırdı ki, doğrudan da adamı həvəsə gətirirdi. «Onsuz da bununla bir tikə çörək yeməliyəm, ordan bura yanıma gəlib, iki nəfər olmasın, olsun dörd nəfər, nahar eləyəndən sonra başımdan edərəm».
Metronun qarşısına gəldik. Tələbələrin dərsdən çıxan vaxtı olduğundan hər tərəf adamla doluydu. Həmişəki kimi, maşınların it hürüşü, xoruz banlaması, aslan nəriltisi, inək böyürtüsü, qoyun mələməsi – yox, bircə qoyun mələməsi yox idi – qarnı köp adamın güclü təzyiqlə çıxardığı səsin mikrofon variantını xatırladan qulaqbatırıcı və əcaib siqnallarından, marşrutlara müştəri səsləyən əyalət mənşəli konduktorların ölkənin bütün ləhcələrində «Əzəzbəyov», «Şəhidlər», «Baksovet», «SUM» haraylarından, özlərini tələbə qızlara göstərən cavan oğlanların şit bəzədilmiş avtomobillərinin enli şinlərinin insanın ətini çimçəşdirən, ən tərbiyəli adamın belə beynində isterik söyüşlə assosiasiya olunan cüyültüsündən qulaq tutulurdu.
Veysəl dayanacaqdakı ağacın altında dayanan ortayaşlı, balacaboy, vızbaş qadınla ucaboy gənc qızı uzaqdan göstərərək «onlardır» - dedi. Yaxınlaşdıq.
– Tanış olun, dostum Toğrul, – Veysəl dedi, sonra isə «qızları» təqdim etdi: – Tamilla və Oksana.
Tamilla haqqında az öncə Veysəlin dediklərinə heç bir şey əlavə etmədən yalnız onu deyə bilərəm ki, eybəcər deyildi, amma onda cəlbedici bir şey də yoxdu. Bu cür qadınlara şəhərdə gündə ən azı min dəfə rast gəlmək mümkündür. Oksana isə doğrudan da çox gözəl qızdı. Gözlərimə inana bilmirdim, istər-istəməz qızı başdan-ayağadək süzdüm: tünd şabalıdı şüy saçları çiyinlərinə və alnına tökülmüşdü. Azca dolu üzünün cizgiləri qüsursuzdu – alnı, qaşları, gözləri, yanaqları, burnu, ağzı, çənəsi, boynu bir-birinə o qədər mütənasibdi ki, deyirdin İntibah dövrü rəssamlarının fırçasından çıxıb. Payız ayı olduğundan əyninə dizlərinə çatmayan tünd zoğalı plaş geyinmiş, əllərini ciblərində gizlətmişdi. O, bir azca Leonardo da Vinçinin «Mona Liza»sını xatırladırdı, xüsusilə də çöhrəsindəki məsum təbəssümdən, ancaq ondan xeyli gəncdi…
«Afərin Veysələ, burda deyiblər ki, dəlidən doğru xəbər» düşündüm və bir anlıq karıxsam da, tezcə özümü toparladım.
- Çox şadam, oçenğ priətno!
Veysəlsə gah qızlara, gah da mənə baxıb qımışmağından, məmnun-məmnun irişməyindən qalmırdı. Yəni «görürsən də nə gözəl qızdır, mənə inanmırdın, gəlmək istəmirdin», bəlkə qıza da baxıb «sən də istəmirdin, gördün nə yaraşıqlı oğlandır» düşünürdü. Əslində Veysəlin leksikonunda «gözəl» və «yaraşıqlı» sözləri yox idi, o bu sözlərin hər ikisini yəqin ki, «bomba» sözüylə ifadə edirdi.
- Hə, nə deyirsən, qardaş, nə edək? – Veysəl dedi.
- Bəlkə gedək tanışlığımızı qeyd edək?!
II
Dayanacaqdan taksiyə oturub, dostlarla ara-sıra yeyib-içdiyimiz kafeyə gəldik. Bayırdan o qədər cəlbedici görünməsə də, beşmərtəbəli «xruşovkaların» həyətində yerləşən bu yeməkxananın içərisi olduqca rahat, təmiz və səliqəliydi. Zaldan başqa «kabinet» adlanan xeyli ayrıca otaqları da vardı. Yeməkləri də insafən həmişə təzə ərzaqdan və ləzzətli, qiymətləri münasibdi.
On beş dəqiqə sonra artıq «kabinet»də əyləşmişdik; Veysəllə Tamilla, Oksana ilə də mən yanaşı əyləşdik. Bayırda əllərimizi yuduğumuz müddətdə diribaş və dilli-dilavər ofisiant masanı cürbəcür məzələr və müxtəlif içki şüşələriylə doldurmuşdu. İlk tostu Veysəl dedi; o, məni qızlara təqdim edərək lap uşaqlıqdan tanıdığından, uşaqlığımızın bir yerdə keçidiyindən, olduqca ağıllı və savadlı olduğumdan, hətta universitetə «öz gücümə» qəbul olub rüşvətsiz oxumağımdan, gələcəkdə «böyük adam» olacağımdan fəxrlə danışdı. Sonra Tamillanı təqdim edib tibb bacısı olduğunu, onunla xəstəxanada tanış olduqlarını, artıq xeyli müddətdir ki, bir-birilərini tanıdıqlarını dedi. Növbə Oksanaya çatanda birdən Veysəl duruxdu.
- Oksana ilə, doğrusu, elə mən özüm də bu gün tanış olmuşam… Bəlkə, Tamilla, sən özün təqdim edəsən?
Tamilla əvvəlcə yanında oturan Veysələ, sonra çəkinə-çəkinə mənə və nəhayət, Oksanaya baxıb nəsə demək istəyirdi ki, gənc qız özü əlindəki şampan dolu badəni azacıq yuxarı qaldıraraq uşaq ədasıyla birnəfəsə və şən-şən rusca:
- Mənim adım Oksanadır, bakılıyam. Orta məktəbi keçən il bitirmişəm, sizinlə tanış olmağıma çox şadam, - dedi və bokalını mənimlə toqquşdurdu. İçdik.
«Demək, on doqquz yaşı var, aramızda cəmi…»
- Bəs sizin neçə yaşınız var? – Oksananın həlim səsi məni xəyaldan ayırdı, başımı döndərib gənc qıza baxdım. O, başını azacıq sağa əyərək mənə baxır və bic-bic gülümsəyirdi. Onun par-par yanan ala gözlərində əks olunan ehtiraslı baxışları qarşısında tab gətirə bilməyib gözlərimi yayındırdım.
- Mənə həmişə həqiqi yaşımdan çox verirlər, bəlkə özünüz tapasınız, görüm düzgün deyə biləcəksiniz? – Suala sualla cavab verdim və düşündüm ki, yəqin bu da başqaları kimi üç-dörd yaş çox deyəcək.
- İyirmi beş, - cavab verdi və başını sağdan sola doğru əyib yenidən gülümsədi.
O bu rəqəmi elə əminliklə dedi ki, bəlkə də bu sualı məni dünyaya gətirən anama versəydim, belə dəqiq cavab ala bilməzdim. Doğrudan da indiyədək tanış olduğum adamların, demək olar ki, hamısı, xüsusən də qızlar yaşımı həmişə artıq demişdilər. Daha doğrusu, mən hər tanış olduğum adama «tap görüm, mənim neçə yaşım var?» sualını vermirdim. Ancaq söhbət əsnasında söz yaşdan, məktəbi neçənci ildə qurtarmaqdan, nə bilim, əsgərliyə nə vaxt getməkdən düşəndə adətən həmsöhbətlərim söylədiyim rəqəmdən sonra gözlərini bərəldib matdım-matdım üzümə baxar, təəccüblənər, ya da guya təəccüblənərdilər. «Mən elə bildim, filan yaşdasan, yaxud da yaşlı görünürsən.» İyirmi yaşımadək bu, mənim xoşuma gəlirdi, ancaq son vaxtlar bundan xoşlanmır, hətta bəzən əsəbiləşirdim də. Yaşımı böyüdən adamların hərəkəti mənə saxta təsir bağışlayırdı. Mənə elə gəlirdi ki, bu adamlar nəyə görəsə riyakarlıq edirlər, amma bu riyakarlığın səbəbini heç cür anlaya bilmirdim. Hərdən də düşünürdüm ki, bəlkə də mənə elə gəlir. İndi bu balaca otaqda bu şıltaq və qəşəng qızın yaşımı düppədüz deməsi çox xoşuma gəldi, kefimi durultdu.
- Bəs Veysəlin neçə yaşı var, sizcə, məndən neçə yaş kiçik olar?
Boyca məndən xeyli balaca, bədəncə arıq, kosasaqqal, ancaq sıx saçları ensiz və kiçik alnına tökülən Veysəlin yaşını ortaya atmaqla öz aləmimdə on doqquz yaşlı gənc və təcrübəsiz qızla əylənmək istəyirdim. Doğrudan da yabanı bitki kimi cır Veysəli görənlərin əksəriyyəti ona az yaş verirdilər. Ancaq Oksananın cavabı məni şoka saldı.
- Onun iyirmi doqquz yaşı var.
- Yəqin, Tamilla sizə deyib, ya da elə özü deyib, - mən dedim.
Veysəllə Tamilla and-aman etdilər ki, bu barədə Oksanaya heç vaxt heç nə deməyiblər.
- Onda bu sirri bizə aç görək, adamların yaşlarını nədən bilirsən?
- Gözlərindən. – Oksana yenə də işvəli-işvəli gülərək cavab verdi.
Oksana demək olar ki, heç nə yemir, tez-tez siqaret çəkirdi. Veysəlin hər dəfə badəsini qaldırıb «sağlıq» deməsindən sonra o da bokalını yuxarı qaldırır, xəfifcə dodaqlarına toxundurub yerinə qoyurdu. Belə gənc və gözəl bir qızın bu qədər çox siqaret çəkməsi mənə qəribə görünürdü. Universitetdə oxuyarkən bəzi tələbə qızların ayaqyolunda siqaret çəkmələrini eşitsəm də, gözlərimlə görməmişdim. Ümumiyyətlə, qadının, xüsusilə gənc qızların siqaret çəkməsi təsadüf etdiyim nadir hadisələrdən idi. Belə şeyləri daha çox kinoda və televizorda görmüşdüm. Bir də uşaqkən nənəmin və qonşumuz Güləsər qarının filtrsiz «Avrora» papirosunu qarğıdan qayrılmış müştüyə salaraq samovar dudkeşi kimi tüstülətdiklərini görmüşdüm. Amma nə nənəm, nə də Güləsər arvad siqareti Oksana kimi acgözlüklə sümürüb ciyərlərinə çəkmir, qarğı müştüklərini hər dəfə dodaqları arasına alanda papirosun sönməsini önləməkçün tüstünü bir neçə dəfə dalbadal sümürüb dərhal da buraxır, elə bil matriarxat dövründə yaşamış ulu nənələrinin «odqoruma» ənənələrini bu yolla yaşatmağa çalışırdılar…
Masanın üzərində səliqə-sahman yaradan xidmətçidən dodaq boyasıyla boyanmış ağ siqaret kötükləriylə dolu külqabını dəyişdirməsini xahiş etdim. Xidmətçi otaqdan çıxdıqdan sonra üzümü Oksanaya tutub gülümsünərək dedim:
- Çox çəkmək ziyandır.
- Hər şey ziyandır, - Oksana şampanın və siqaretin təsirindən xumarlanmış gözlərini süzdürdü.
Nəhayət, Veysəl ayağa qalxıb artıq gec olduğundan sonuncu badələri qaldırmağın zamanı olduğunu və belə gözəl məclislərin axırıncı deyil, «axarıncı» olmasını ifadə edən şit və sürtülmüş tostu, bəlkə də, iyrmi doqquz illik həyatı boyu iki yüz doxsanıncı dəfə təkrar etdi.
III
Kafedən çıxanda artıq hava qaralmışdı. Göy üzündə bircə dənə də ulduz görünmürdü, deyəsən, yağış yağacaqdı. Pəncərələrində solğun işıqlar görünən «xruşovkaların» arasından geniş prospektə çıxdıq. O tərəf-bu tərəfə şütüyən maşınların işığı olmasaydı, prospekt də qaranlığa qərq olardı, çünki yolun kənarındakı elektrik dirəklərinin təpəsindəki boynubükük lampalar adda-budda yanaraq yalnız öz diblərini işıqlandırırdılar. Yarımqaranlıq küçəylə bir az irəliləyərək işığı yanan dirəklərdən birinin yanında dayandıq.
- Yaxşı, indi hara gedirik? - Veysəl sükutu pozdu.
Hamı bir-birinin üzünə baxdı, sanki heç kəs heç yana getmək istəmirdi. Əslində Veysəllə Tamilladan canımı qurtarıb Oksanayala birlikdə bir az şəhəri dolaşmaq, ikilikdə qəhvə içərək ordan-burdan söhbətləşmək, onunla ətraflı, əməlli-başlı tanış olmaq istəyirdim. Kafedə də elə bil iynə üstdə oturmuşdum. Ancaq bunu necə edəcəyimi bilmirdim. Bu arzumu yavaşcadan Oksanaya demək istəyirdim ki, Veysəl məni qabaqladı:
- Bizim Tamillayla bir az işimiz var, - o üzünü mənə tutdu, - sən Oksananı Tamillagilə gətirə bilərsən? Evi Oksana tanıyır, iki saatdan sonra biz də evdə olacağıq, orada görüşərik.
- Əlbəttə, - sevincək cavab verdim, - əgər Oksana etiraz etmirsə, bir az gəzişib gedərik.
- Etiraz etmirəm, - Oksana gülümsəyərək dedi və dizlərini azacıq büküb açdı.
- Elə isə işlər düzəldi, - Veysəl bic-bic güldü. – Səni bircə dəqiqə olar? – o, sözünə davam edərək qoluma girib məni səkinin kənarındakı ağacın altına apardı. – Qardaş, imkan varsa, mənə 100 dollar borc ver, bir həftəyə qaytaracağam. Üç-dörd günə Moskvadan malım gələcək, artıq danışmışam, hamısını nağd pula topdan verəcəyəm. Arxayın ol, bəlkə bir həftədən də tez oldu. Allah kasıbçılığın üzünü qara eləsin, son vaxtlar işlərim düz gətirmir…
Veysəl dayanmadan danışır, mənsə guya ona qulaq assam da, fikrim tamam ayrı yerdəydi. Tülkü Əhlimanın nəvəsinin qurduğu oyunun mahiyyəti mənə indi aydın olurdu. Ancaq Oksananın gözəlliyi nə Veysəlin qurduğu oyun, nə də maddi durumum barədə düşünməyimə imkan vermədi. Heç bir söz demədən cibimdəki iki yüz dolların yüzünü çıxarıb dinməz-söyləməz Veysələ verdim.
- Elə ver, görməsinlər, - Veysəl yanpörtü qızlara baxdı və pulu alıb tez-tələsik cibinə basdı. – Sağ ol, qardaş, mütləq qaytaracam. Qızı da ki, axşam gətirməyə də bilərsən, apar evinə, öz halal malın kimi istifadə et, - şit-şit hırıldayıb dedi.
«Ay səni, qurumsaq!»
Qızların yanına qayıtdıq. Veysəl dərhal əlini qaldırıb qarşıdan gələn taksini saxladı…
Araya bir anlıq sükut çökdü.
Nə edəcəyimi bilmirdim. İstədim ona dəniz kənarına gedib bir az gəzişməyi təklif edim, ancaq düşündüm ki, bu soyuqda nə dəniz kənarı. «Bəlkə yenə bir kafeyə gedib qəhvədən-zaddan içib söhbət edək?! Yox əşi, nə qədər kafedə oturmaq olar, kafedəki yerimiz heç soyumayıb. Bəlkə evə dəvət edim? Yox, yaxşı deyil, ayıbdır, birdən-birə evə dəvət eləmək yaxşı düşməz! Yaxşısı budur, bir az gəzişək, sonra kafedən-zaddan tapıb oturarıq».
- Elə burda dayanacağıq? – Oksananın yumşaq səsi məni xəyaldan ayırdı.
- Yox, niyə ki… İstəyirsən bulvara gedək, soyuq olsa, bir kafedən-zaddan tapıb kofe içərik.
- Bəlkə sənin mənzilinə gedək? – Oksana utana-utana dedi. – Hava da soyuqdur.
Gözlənilməz təklifdən diksindim.
- Hə, əlbəttə, bizə də gedə bilərik, mən tək qalıram, evim də rahatdır, xoşuna gələcək… Mən təklif etmədim ki, birdən inciyərsən, axı qızlar ilk görüşdən belə şeyləri xoşlamırlar…
Yarım saatdan sonra biz artıq kirayə qaldığım birotaqlı mənzildə üz-üzə oturub qəhvə içir, siqaret çəkir və söhbət edirdik. Mənə qonaq olan bütün qızlar kimi Oksananın da ilk diqqətini çəkən divardakı tablo oldu: bu, Leonardo da Vinçinin məşhur «Mona Liza» əsəriydi, o, həmişəki kimi yenə də mənə və növbəti qonağıma baxıb sirli-sirli gülümsəyirdi. İndiyədək məni ziyarət edən qızlardan fərqli olaraq Oksana onu tanıdı və tablonun önündə bir neçə dəqiqə dayanıb baxdıqdan sonra «gözəl qadındır» - dedi.
- Elədir, - dedim, - bir az sənə oxşayır.
- Bəlkə mən ona oxşayıram, - o, gözlərini süzdürərək lovğalandı və mənim «sən daha gözəlsən» - komplimentimdən nazlanaraq asta-asta pəncərəyə sarı getdi. Pərdəni aralayıb küçəyə baxmağa başladı. Həlledici məqamın çatdığını hiss edib həyəcanlandım. İstədim ona yaxınlaşam, amma ürək eləmədim. Onu quş kimi hürküdüb uçuracağımdan qorxurdum. Əlbəttə, Oksana mənimlə bu birotaqlı mənzilə gələn ilk qadın deyildi, ancaq o, əvvəlkilərə qətiyyən bənzəmirdi, buna görə də mənə elə gəlirdi ki, fərqli münasibətə layiqdir.
Sakitcə yerimdən qalxıb ona yaxınlaşdım, yanında dayanıb gözlərimi pəncərədən onun baxdığı səmtə zillədim. Qaranlığa qərq olmuş küçədə o tərəf-bu tərəfə şütüyən maşınların işıqlarından savayı heç nə görünmürdü. Hiss etdim ki, bədənim uçunur, nəfəsim tıncıxır. Başımı yavaş-yavaş ona tərəf döndərdim. Oksana sanki nə zülmətə qərq olmuş küçəni, nə də yorulub-usanmadan sağa-sola şütüyən maşınları görürdü. O, çox uzaqlara baxır və gördüyü mənzərədən xoşhal olaraq, məmnun-məmnun, için-için, xəfif-xəfif, həm də sirli-sirli gülümsəyirdi. Gözlərinin konkret nöqtəyə tuşlanmadığından fikrinin xəyallar aləmində dolaşdığı bəlli olurdu. Heç böyründə dayanıb heyranlıqla ona baxan məni də görmürdü. Bu mənə təsir etdi, odur ki, ürəklənərək ehmalca əlindən tutdum və bir daha:
- Siz çox gözəlsiniz, - dedim.
- Kak şkolğniki, - Oksana istehzayla gülümsəyərək dedi və başını aşağı saldı. Deyəsən, o da həyəcanlanmışdı, ancaq bunu gizlətməyə çalışırdı. Mən pərt oldum və tez əlini çəkdim.
- Hər şey birdən olmaz ki, - incik tərzdə dedim.
- Gəl divanda oturub söhbət eləyək, - Oksana könlümü almağa çalışdı.
Divanda yanaşı oturduq. Pərtliyim hələ də keçməmişdi, odur ki, bir qədər aralı oturdum.
- Mənə özündən danış, - gənc qız mənə sığınaraq nazlandı.
- Nə danışım?
- Öz həyatından, sevdiyin qızlardan, - Oksana aramızda cansız əşya tək sıxılıb qalmış sağ qolumu çıxararaq başı üzərindən hərləyib sağ çiyninə qoydu. Ürəklənib qızın yumşaq, ətli, isti qolundan tutdum və bu təmasda yumşaqlıqdan, istilikdən ötə olduqca şirin, bənzərsiz bir şey olduğunu ilk dəfə duydum.
- O qədər də maraqlı tərcümeyi-halım yoxdur.
- Ola bilməz ki, sənin kimi qəşəng oğlanın həyatı maraqsız olsun. Yəqin qızlar üstündə dava salırlar, hə?! – Oksana qımışdı.
- Əksinə, sənə qədər heç bir gözəl qızla yaxınlığım-filan olmayıb, bir-ikisi olub, elə-belə, vaxt keçirmək üçün.
- Bəs sevgilin necə, sevdiyin qız? – Oksana divanın söykənəcəyindən bir qədər aralanaraq düz gözlərimin içinə baxdı.
İstədim deyəm olmayıb, ancaq yalan danışmağı bacarmadığımdan onun odlu və sərrast baxışları qarşısında, sözsüz ki, tab gətirə bilmədim.
- Uşaqlıqda, orta məktəbdə oxuyanda biri vardı, sonra köçüb getdilər, - qızara-qızara dedim.
- Amma sən onu unutmadın?
- Hardan bilirsən?
- Bunu bilməyə nə var ki! Sənin kimi adamların nəyisə unutması asan deyil.
- Mən necə adamam ki?
- Nə isə, sonrasını danış.
- Nəyin sonrasını?
- Qızın daa! Onu axtardınmı, tapıb görüşə bildinmi?
- Yox əşi, işim-gücüm qurtarmışdı, - söhbətin mövzusunu dəyişməyə çalışaraq dedim. – Sənin necə, sevgilin olub?
- İndiyədək olmayıb, ancaq deyəsən bu yaxında olacaq, - Oksana mənalı-mənalı baxıb gülümsündü.
Onun bu eyhamını başa düşdüm və xəfifcə dodaqlarından öpdüm.
- Mən evə getmək istəyirəm, - o birdən ayağa qalxdı və gülümsəyərək dedi, sonra çantasını eşələyərək dodaq boyasını çıxarıb sözünə davam etdi: - Məni ötürərsən?
- Əlbəttə, bu nə sözdür, - cavab verdim, - bəlkə bir az da oturasan, adama bir fincan da qəhvə içib sonra gedərik.
- Yox, getsək yaxşıdır, - Oksana cavab verdi və güzgünün qarşısına keçdi.
IV
Küçəyə çıxdıq. Saat on biri keçdiyindən artıq əl-ayaq yığışmış, yuvasına azuqə daşıyan qarşqalar kimi daim hərəkətdə olan maşınlar seyrəlmişdi. Narın yağan yağış asfaltı təzəcə islatmağa başlayırdı. Yol kənarındakı dayanacaqda dayandıq. Taksi saxlamaq istədim, ancaq Oksana etiraz etdi.
- Gəl bir az gəzişək, sonra avtobusa minərik.
- Gəzişməyinə, gəzişək, ancaq indiyə avtobus qalmaz, sonra taksiyə minərik.
- Odur, bax 106 gəlir, - Oksana sevincək qışqıraraq, qarşı tərəfdən gələn sarı rəngli ortası rezin büzməli uzun «İkarus»u göstərdi, - gəl buna minək.
- Axı bu sizə getmir.
- Getməsə də, yəqin ki, bir az yaxınlaşdırar, çünki o səmtə gedir, - Oksana israr etdi, - bir az getdikdən sonra düşüb piyada gedərik.
Artıq avtobus gəlib çatmışdı. Orta qapıdan mindik.
Oturmaq üçün sağa-sola baxdıq. Salonda cəmisi altı-yeddi sərnişin olduğundan yerlərin əksəriyyəti boş idi. Salonun ortasındakı rahat oturacaqlardan birində yanaşı əyləşdik. Avtobus təzəcə yerindən tərpənmişdi ki, Oksana:
- Üşüyürəm, zəhmət olmasa, məni qucaqla, - dedi.
Karıxıb əvvəlcə arxaya, sonra isə önə baxdım; bizdən arxada iki nəfər orta yaşlı kişi, bir nəfər də cavan oğlan oturmuşdu, qabaqda isə iki yaşlı qadın və bir kişi vardı. Qadınlar arabir dönüb bizə baxmaqlarından qalmırdılar.
- Yaxşı deyil, camaat bizə baxır, - tərəddüdlə dedim.
Oksana heç bir söz demədən sol qolumu götürüb yaylıq kimi çiyninə saldı, öyrəşmədiyim bu vəziyyətlə barışmaqdan başqa çarəm qalmadı.
Tamillanın mikrorayonda yerləşən mənzilinə saat birin yarısında gəlib çatdıq. Gözünü ovxalaya-ovxalaya qapını açan ev sahibəsi heç kəsə baxmadan narazı və yuxulu halda «bu nə vaxtın gəlməyidir» dedi və cavab gözləmədən dəhlizin başındakı qapının arxasında yox oldu.
- Bəs Veysəl hanı? – Onun eşitməsi üçün səsimi bir qədər ucaldaraq soruşdum.
- Getdi. - Tamilla qapının arxasından cavab verdi.
V
Ertəsi gün telefon zənginin səsinə oyandım. Saat ona qalmışdı. Oksana idi.
- Sabahın xeyir! – Səsi şən, amma xırıltılıydı.
- Sabahın xeyir.
- Necə yatmısan?
- Yaxşı. Bəs sən?
- Mən pis.
- Niyə?
- Səni düşünmüşəm, deyəsən, sənə vurulmuşam.
- O-ho!
- Bu gün Tamillanın qızının ad günüdür, səni də dəvət edir.
- Böyük qız olsun.
- Axşam saat altıda gələrsən.
- Bəlkə günorta görüşək, bir az şəhəri gəzərik, uşağa da hədiyyə alıb altıda bir yerdə gedərik.
- Yox, Tamillaya kömək etməliyəm, şəhəri sonra gəzərik. Saat altıda gözləyəcəyik. Görüşənədək.
Deyilən vaxtda uşağa hədiyyə alıb Tamillanın mikrorayonda yerləşən mənzilinə yollandım. Pilləkənlərlə üçüncü mərtəbəyə qalxıb barmağımı zəngə basar-basmaz Tamilla qapını açdı, elə bil qapının dalında dayanıb gözləyirmiş.
- Xoş gəlmisiniz, buyurun keçin, - o məni gülərüzlə qarşıladı.
İçəri keçib paltomu soyundum və əlimdəki bükülünü Tamillanın xalatının ətəyindən yapışaraq altdan yuxarı matdım-matdım mənə baxan çəlimsiz qız uşağına uzatdım.
- Təbrik edirəm! Sənin adın nədir?
Uşaq ağzını sürüyə-sürüyə yavaşdan nəsə dedi, ancaq heç bir şey başa düşmədim, gülümsünüb onun saçını sığalladım.
- Buyurun bura keçin, - bir əliylə paltomu alan Tamilla o birisiylə koridorun sol tərəfindəki qapısı açıq otağı göstərdi.
Otağa daxil oldum, burada kimsə yoxdu. Otağın ortasına qoyulmuş masanın üzərinə bir neçə növ salat, şampan, araq, qazlı içkilər, boş nimçələr və çəngəl-bıçaq düzülmüşdü. Masanın tən ortasında zövqsüz hazırlandığı dərhal bəlli olan yuvarlaq formalı bir tort da qoyulmuşdu; üzərinə kiril əlifbasıyla «Ad günün mübarək, Əlvanə!» yazılmış, kənarlarına isə bir neçə kiçik şam sancılmışdı. «Son vaxtlar bu uşaqlara da qəribə adlar qoyurlar» - düşündüm və təklif gözləmədən divarın döşündən qoyulmuş divanda oturdum.
- Bəs Oksana hanı? – Qeyri-ixtiyari otağa göz gəzdirərək soruşdum.
- O biri otaqdadır, indi gələr. – Tamilla cavab verdi və əlavə etdi: - Məni bağışlayın, mətbəxə keçməliyəm.
Aradan bir neçə dəqiqə keçdi; Oksanadan səs-soraq yoxdu. «Yəqin özünə əl gəzdirir» - düşündüm və ayağa qalxıb otaqda var-gəl etməyə başladım. Tamillanın əlində plov sinisi otağa daxil olmasıyla xörəyin xoş qoxusu ətrafa yayıldı.
- Oksana gəlmədi, bəyəm, - Tamilla sinini masanın üzərində rahatlaya-rahatlaya soruşdu. Cavab vermədim: «Yəni görürsən ki, gəlməyib də».
- Bu saat gedib baxaram, - deyib qapının arxasında yox oldu və çox keçmədən qayıdıb gəldi.
- Bəlkə özün onun yanına gedəsən, o biri otaqdadır, - göz bəbəklərini üç yüz altmış dərəcə fırlatdı.
İstədim soruşum ki, «noolub», ancaq vaz keçdim və koridordan keçərək Tamillanın göstəriyi otağa girdim. Bura yataq otağıydı. İçəridə ikiyataqlı taxt, şifoner və güzgülü komod vardı. Oksana otağın baş tərəfində taxtla pəncərənin arasında yanakı dayanıb başını aşağı dikmişdi. Yaxınlaşıb əsil sevgililər kimi onun yanağından öpdüm, saçını oxşayaraq:
- Salam, - dedim. – Nə olub sənə, xəstələnməmisən ki? – qayğıkeşliklə xəbər aldım, sonra taxtın üzərinə oturdum və ehmalca Oksananın belindən yapışıb dizlərim üstündə oturtdum. Qız heç bir müqavimət göstərmədi.
- Yəqin axşam avtobusdan düşəndən sonra piyada gəldiyimiz üçün soyuqlamısan, hə? – Yarısual-yarıtəsdiq tonda soruşdum.
- Net, u menya menstruaüiə, - Oksana dedi və xəfifcə ağlamsınaraq nazlandı.
Heç bir şey başa düşmədim, ancaq qızın mimikasından anladım ki, elə də qorxulu bir şey deyil. Sözü yadımda saxlamağa çalışdım ki, evə gedəndə lüğətə baxım.
- Eybi yox, keçib gedər, de görüm mənimçün darıxmısan? – söhbətin mövzusunu dəyişdirmək üçün soruşdum.
Oksana başını yırğalayaraq təsdiqlədi.
- Yaxşı deyil, gedək o biri otağa, yoxsa Tamilla inciyər, sonra söhbət edərik, - Ayağa qalxmaq istədim.
- Mənə əlli dollar pul lazımdır, - Oksana başını qaldırmadan dedi.
Onun bu tezlikdə və belə açıq-saçıq şəkildə pul istəməsi, doğrusu, xoşuma gəlmədi. Bir anlıq mənə elə gəldi ki, Veysəlin yüz dollar alıb ortadan qeyb olması da, bu ad günü məsələsi də, nəhayət, Oksanaya əlli dollar lazım olması da məndən pul qoparmaq üçün qabaqcadan düşünülmüş və planlaşdırılmış şeylərdir. Ancaq bu iki günün ərzində qıza elə bağlanmışdım ki, bu fikrin üzərindən tez keçib, özümü aldatmağa çalışdım: «Əşi, mən də elə hər şeyə şübhə ilə yanaşıram». Amma fikrimdən onu da keçirtdim ki, imkan tapıb Oksana ilə müəyyən məsələlər barədə ciddi söhbət edim. «Axı o kimdir, niyə Tamillanın evində qalır, bunun ata-anası kimdir və s.» Ayağa qalxıb əlimi şalvarımın cibinə saldım, pullarının arasından götürdüyüm yaşıl əskinası qızın ovcuna basaraq dedim:
- Keçək o biri otağa.
Süfrə başında əyləşdik. Tamillanın mənzilində hökm sürən ab-hava, yeməklər, içkilər, ümumiyyətlə, buradakı hər şey nəsə ürəyimcə deyildi; Oksananın dilxorluğu, allah bilir, nəyə görə qəfildən pul istəməsi də əhvalımı pozmuşdu. Özümü birtəhər hiss edir, tezliklə mənə tamamilə yad olan bu mühitdən canımı qurtarmaq istəyirdim. Eyni zamanda Oksanayla bağlı narahatlıqlarıma son qoymaqçün onunla açıq danışmaq, münasibətləri aydınlaşdırmaq istəyirdim. Düzdür, Oksana gözəl qız idi, çox xoşuma gəlirdi, ancaq gənc bir qızın bu qədər çox siqaret çəkməsi, Tamilla kimi bir qadının evində yaşaması, özü, ata-anasıyla bağlı heç nə deməməsi, söhbətdən yayınması, üstəlik gözünü qırpmadan pul istəməsi məni üzürdü.
- Bir azdan bacım da yoldaşıyla gələcək, - Tamillanın səsi məni fikirdən ayırdı, - bacımın əri yeyib-içən oğlandır, sizi darıxmağa qoymaz.
- Yox, - qeyri-ixtiyari dilləndim, - çox sağ olun, mənim bir az işim var, - və ayağa qalxaraq, - bir daha təbrik edirəm, böyük qız olsun, - dedim.
Əslində heç bir işim-filan yoxdu, sadəcə olaraq ev sahibəsinin sözlərini özlüyümdə tərsinə yozmaqla bu cansıxıcı məclisdən yaxamı qurtarmaqçün əlimə yaxşı bəhanə düşdü. Məncə, Tamillanın «bacımın yoldaşı səni darıxmağa qoymaz» sözlərinin arxasında «bacımın əri gəlib səni burda görsə, yaxşı düşməz» fikri dayanırdı. Tamillanın dilucu: «Otursaydınız, yaxşı olardı», - deməsi yanılmadığımı bir daha sübut etdi və dəhlizə çıxıb paltomu geyindim. Qızlar da məni yola salmaq üçün koridora çıxdılar.
- Oksana, - dedim, - bəlkə sən də gələsən, bir az gəzərik, hava da yaxşıdır.
- Axı sənin işin var, - Oksana könülsüz cavab verdi.
- Eybi yox, elə bir şey deyil, birlikdə də gedə bilərik, sonra da gəzərik.
- Yox, özümü yaxşı hiss etmirəm, həm də Tamillaya kömək etməliyəm, - o, Tamillaya baxdı, - qalsın sabaha.
- Yaxşı, sabah görüşənədək, - dedim və çıxdım.
VI
Gecədən yağan yağış səhər kəssə də, hava indi-indi açılmağa başlayırdı. Şimaldan əsən xəzrinin cənuba doğru qovduğu buludların arxasından arabir yanıb-sönən günəşin zəif və ilıq şüaları küləklə köməkləşərək səkilərdəki gölməçələri qurutmaqla məşğul idi. Dünən gecənin qaranlığında yağışlı-küləkli havada kefikök-damiağıçağ çıxdığım qapıdan bir gün sonra günün günorta çağı günəşli havada pərt və dilxor halda çıxmışdım. Görəsən, niyə dünən gecə yağmurlu-çiskinli havada mənimlə bütün şəhəri payi-piyada dolaşmaq istəyən, səhər-səhər telefonda mənə vurulduğunu söyləyən Oksana indi özünü birtəhər aparır, xəstə olduğunu söyləyir, guya Tamillaya kömək edəcəyini bəhanə edərək gəzməyə çıxmaqdan imtina edir?! Görəsən nə baş verir? Yəni bütün bu oyunlar hansısa miskin qəpik-quruşun ətrafında baş verir?! Bir hədiyyə və əlli dollar pul üçün insana yalandan «sənə vurulmuşam» demək nə dərəcədə doğrudur. Axı mən bu sözləri hələ indiyədək heç kəsin dilindən eşitməmişəm! Bəlkə də oxuduğum məktəbdə, yaşadığım məhəllədə, universitetdə mənə aşıq olan qızlar olub, bəlkə də mən bunu bəzən hiss də etmişəm, ancaq bunu mənə etiraf edən, üzümə açıqca söyləyən bir günlük tanışlığın səhərisi günü məhz Oksana olub. Doğrudur, bu zarafat da ola bilərdi, çünki Oksana «sənə vurulmuşam» - deyərkən bu ifadənin önündə bir «deyəsən» sözü də işlətmişdi, buna baxmayaraq, bu sözlər qəlbimi titrətmişdi. Çünki mən özüm də «deyəsən, aşiq olmuşdum» və bu sevginin sonunun nəylə bitə biləcəyi fikrini özümə yaxın buraxmadan axıradək getməyə hazırdım. Həyatımda ilk dəfə sevə biləcəyim və məni sevə biləcək bir qadına rast gəlmiş, ancaq çox keçmədən şübhəli fikirlər beynimi gəmirməyə başlamış, məyus olmuşdum. Birdən yadıma düşdü ki, Veysəl məni qızlarla tanış olmağa aparanda bu tanışlığın xarakteri, mahiyyəti barədə heç bir söz deməsə də, ağlıma yalnız bircə şey gəlmişdi. Amma Oksananı görəndən sonra bu fikrimdən vaz keçmiş, daha doğrusu belə gözəl bir qızın bu cür işlə məşğul olduğuna inanmamışdım, inana bilməmişdim, yaxud inanmaq istəməmişdim. Bir də ki, buna inanmış olsaydım belə, Anarın sözü olmasın, özümdən asılı olmayaraq «fahişəni məlaikəyə çevirmək» kimi olduqca müşkül, bəlkə də mümkünsüz bir missiyasının altına girməyə qərar vermişdim. «Nə isə, boş ver, - öz-özünə dedim, - bəlkə qız doğrudan da xəstədir, həm də qonaqları gələcək, ondan sonra qab-qaşığı yumaq, evi yığışdırmaq… Xəstədir? Hə, yaxşı yadıma düşdü» - düşündüm və evə tələsdim.
Evə çatan kimi tez kitab rəfinə cumdum, «Rusca-Azərbaycanca lüğəti» vərəqləyib «menstruasiya» sözünün tərcüməsini tapdım. Ancaq sözün tərcüməsi xəstəliyin mahiyyəti haqqında kifayət qədər təəssürat oyatmadı: bu barədə haçansa kimdənsə nəsə eşitmişdim; yalnız onu bilirdim ki, qadınlarda ayda bir dəfə baş verən hansısa hormonal prosesdir, amma ətraflı məlumatım yoxudu. Kitab qucağımda divana oturdum. Birdən yadıma həkim tanışlarımdan biri düşdü, sevincək sorğu bloknotounu qamarlayıb, nömrəni tapdım. Həkim tayfası danışqan olmasa da, tanışım çənədən saz idi. Əvvəlcə mənə «utanım yerinə, bu yaşa gəlmisən, hələ aybaşının nə demək olduğunu bilmirsən» - desə də, sonradan xəstəliyin anatomiyası, fiziologiyası, psixonevroloji təsirləri, daha nə bilim nəyi haqqında o qədər geniş məlumat verdi ki, Oksanaya yazığım gəldi, özümə isə cəfəng fikirlərə düşdüyümə görə acığım tutdu. Həkimin çənəsindən birtəhər qurtulub Oksanaya zəng vurdum ki, əhvalını xəbər alım, amma telefon məşğul idi. Yenə yığdım, yenə də məşğul idi. On dəfə yığdım, ancaq hamısında məşğul göstərdi. Qərəz o gün bütün axşamı telefonun diyircəyini çevirməkdən barmaqlarımın başı döyənək olsa da, Tamillanın telefonu məşğul göstərdi. Ağlıma min cür fikir-xəyal gəldi, axırda düşündüm ki, yəqin telefon xarab olub, yoxsa başqa nə ola bilərdi ki?
VII
Bəzən insan yatmaqla dərd-qəmini unutmaq, düçar olduğu mənəvi əzabdan qurtulmaq, onunçün ağrılı və dözülməz olan zamanı adlamaq, geridə qoymaq istəyir. Mən də belə etdim; telefonun dəstəyini üstünə, ağlıma gələn bütün qara fikirləri isə kənara qoyub, sabahın gözəl müjdələrlə açılacağına ümidlə yatağıma uzanıb şirin xəyallara daldım…
Yuxudan oyanan kimi qeyri-ixtiyari saata baxdım; on tamamdı. Sevincək telefona cumdum. Yenə də məşğul idi. «Yüz faiz işləmir», - düşündüm. Vanna otağına keçib yuyundum. İstədim çay qoyub, səhər yeməyi yeyim, amma iştaham çəkmədi – fikirləşdim ki, Oksana ilə şəhərə çıxar, birlikdə yeyərik. Telefonun dəstəyini yenidən götürüb könülsüz işə zəng etdim, «nə var, nə yox» dan sonra bu gün gələ bilməycəyimi dedim və geyinib evdən çıxdım.
Bir azdan artıq Tamillanın üçüncü mərtəbədə yerləşən mənzilinin qapısı ağzındaydım. Saatıma baxdım; on birə on beş dəqiqə qalmışdı. «İndiyə oyanmış olarlar», - düşünərək barmağımı qapı zənginin düyməsinə basıb, gözlərimi qapının gözlüyünə zillədim. Heç bir səs-səmir çıxmadı. Başımı aşağı dikib bir müddət düşündüm, öz-özümə «deyəsən, tez gəlmişəm, yəqin hələ oyanmayıblar, düşüm aşağıda bir az gəzişim, sonra qalxaram», - dedim və pillələrlə aşağı enməzdən öncə başımı qaldırıb qapıya ani nəzər salanda gözlükdən bir az əvvəlki kimi işıq düşmədiyini gördüm. «Aha, deyəsən, gözlükdən kimsə baxır.» Dayanıb qapının açılacağını gözlədim. Ancaq qapı açılmadı, gözlüyün arxasındakı kölgə də çəkildi və oradan yenidən işıq düşməyə başladı. Heç bir şey düşünmədən bir az da gözlədim. Sonra yenidən qapının zəngini basdım – bu dəfə barmağımı düymədən daha gec ayırdım. Gözlükdən yenə kimsə baxıb çəkildi, qapının arxasından sanki xəfif pıçıltı da eşidildi. Odur ki, ürəklənib:
- Tamilla xanım, mənəm, Toğruldur, zəhmət olmasa, açın, - dedim.
Qapının arxasından uşaq səsi gəldi:
- Anam evdə yoxdur.
- Bəs anan hardadır? – soruşdum.
- İşə gedib, – uşaq cavab verdi.
- Bəs Oksana hardadır?
Cavab əvəzinə qapının arxasından xəfif pıçıltı eşidildi, sonra uşaq cavab verdi:
- Getdi evlərinə.
- Evlərinə? Nə vaxt? – Həyəcanlandım.
Cavab yenə ləngidi, pıçıltı isə daha aydın eşidilməyə başladı. Mən cavab gözləmədən:
- Oksana, bilirəm ki, evdəsən, xahiş edirəm qapını aç, sənə bir-iki kəlmə sözüm var, deyib gedəcəyəm, – dedim və gözlüyə baxmağa başladım.
Qapının açılmadığını görüb davam etdim:
- Oksana, nə olub axı? Niyə qapını açımırsan? Səbəbi nədir? Məni görmək istəmirsənsə, bunu açıq da deyə bilərsən, qapının dalında gizlənməyə nə lüzum var!
Bu sözlərin də heç bir təsiri olmadığını görüb əsəbiləşməyə başladım.
– Oksana, əgər qapını açmamaqla məndən canını qurtaracağını düşünürsənsə, çox böyük səhv edirsən, - dedim. - Qapını aç adam kimi söhbət edək, sonra çıxıb gedərəm. Yoxsa heç bir yerə gedən deyiləm, axşam Tamilla gələnə qədər burda durub gözləyəcəm.
Son cümlə, deyəsən, öz təsirini göstərdi; qapının arxasından, nəhayət, Oksananın zəif səsi eşidildi.
– Toğrul, mən özümü çox pis hiss edirəm, - o dedi, - xahiş edirəm indi get, mənə sənə sonra zəng edərəm, görüşüb söhbət edərik.
– Oksana, xahiş edirəm, qapını aç, - cavab verdim, - biz elə indi danışmalıyıq, vaxtını çox almayacağam.
Aramızdakı dialoq bir neçə dəqiqə davam etdi; O məndən çıxıb getməmi, mənsə əksinə, onun qapını açmasını təkid edirdim. Nəhayət, «Oksana, çox xahiş edirəm, iki dəqiqəlik aç, səni görüb gedirəm», - deməm gənc qızı yumşaldıb inadından döndərdi və qapı açıldı. İçəri keçdim. Oksananın üzünə baxanda gözlərimə inana bilmədim. Onun sol gözünün altı göyərmişdi. Bunu kosmetik vasitələrlə gizlətməyə çalışsa da, o qədər də müvəffəq ola bilməmişdi.
Oksana tez qonaq otağına keçib kresloda oturdu, balaca qız da onun dalınca qaçdı və Oksana onu qucağına alıb, bərk-bərk bağrına basdı, elə bil kimsə ona təcavüz etməyə hazırlaşırdı. Onların ardınca gedib üzbəüz – stulda əyləşdim və ətrafa baxındım, sonra qıza tərəf dönərək soruşdum:
- Gözünün altına nə olub? – Əsəblərimi güclə boğurdum.
- Heç, yıxılmışam, - Oksana cavab verdi, - hamamda ayağım sürüşdü, yıxıldım.
- Bəs əlinə nə olub? - Ayağa qalxıb ona yaxınlaşdım və balaca qızı bərk-bərk qucaqlamış sağ əlini əlimə alıb baxdım, bu zaman uşaq qucağından sürüşüb düşdü və koridora qaçdı.
- Hə, bu da mətbəxdə olub, - Oksana əlini geri çəkib gizlətməyə çalışdı, - səhər qayğanaq bişirəndə yağ çıtradı, yandırdı.
Onun əlini buraxdım və qayıdıb əvvəlki yerimdə oturdum.
- Əzizim, bu yanıq yeri yox, diş yeridir, - təmkinimi qorumağa çalışaraq dedim, - sənin əlini dişləyiblər.
- Deyirəm ki, yanıb də, inanmırsan, özün bilərsən, - Oksana guya hirsləndiyini göstərmək üçün səsini ucaltı. Ancaq səsinin tonundakı və sifətinin ifadəsindəki sünilik açıq-aydın sezilirdi. Ondakı bu süniliyi ilk dəfə eşidir və görürdüm. Hiss etdim ki, artıq ona qarşı münasibətim də dəyişir, onunla bağlı qurduğum xəyallar yavaş-yavaş şüurumu tərk edir, buxarlanıb havaya qarışır. – Elə bunları deyəcəkdin? – Oksana sözünə davam etdi, - sözünü qurtardınsa, xahiş edirəm get, axşam gələrsən söhbət edərik, indi özümü yaxşı hiss etmirəm.
- Oksana, - qızın məni açıq-aşkar qovduğunu görüb bir qədər yumşaldım, - biz açıq danışmalıyıq. Sən mənim həyatımda xoşuma gələn ilk qızsan. Dünən telefonda zarafatla da olsa mənə deyəndə ki, «deyəsən, mənə vurulmusan», ürəyim titrədi, özümü dünyanın ən xoşbəxt adamı hiss etdim. Ancaq bəzi məsələlər məni narahat edir. Mən hələ də sənin kim olduğunu, niyə burada qaldığını bilmirəm…
- Siqaretin var? – o, sözümü kəsdi.
Siqaret qutusunu və alışqanı cibimdən çıxarıb masanın üzərinə, Oksananın qarşısına qoydum. Oksana bir siqaret götürdü və alışdırıb əli əsə-əsə çəkməyə başladı.
- Sənin bu qədər çox siqaret çəkməyin də, açığı, yaxşı iş deyil, - davam etdim. - Sənin kimi gözəl bir qıza bu heç yaraşmır da. Bir də ki, bunlar… – Onun üzünə və əlinə işarə etdim, – əgər səni kimsə incidibsə, mənə doğrusunu de, gör onun başına nə oyun açıram.
Sözünə bir az ara verib susdum və ondan cavab gözlədim, ancaq heç bir söz demədiyini görüb yenidən ona yanaşdım və saçını oxşamağa başladım.
- Mən bizim münasibətlərimizin müvəqqəti yox, daimi olmasını istəyirəm, - dedim, - sən doğrudan da çox gözəlsən, mən istəyirəm ki, biz həmişə bir yerdə olaq.
- Təəssüf ki, bu mümkün deyil, - Oksana başını qaldırıb altan-yuxarı mənalı-mənalı məni süzdü.
- Niyə?
- Çünki mən xəstəyəm.
- Eybi yox, bir-iki günə sağalacaqsan, – onun dünənki söhbətə eyham vuraraq zarafat etdiyini düşünərək dedim.
- Mən ciddi deyirəm, - Oksana doğrudan da sifətinə ciddi ifadə verməyə çalışdı.
- Elə mən də, - bic-bic güldüm.
– Mənim qanımda xərcəng var, - qız bir az da ciddi görünməyə cəhd edərək reaksiyamı yoxlamağa çalışdı.
Əvvəlcə karıxdım, bir anlığa beynim dumanlandı, fikirlərim bir-birinə qarışdı, nə deyəcəyimi bilmədən gözlərimi bərəldib qıza baxmağa başladım. Handan-hana fikrimi cəmləyib sınayıcı baxışlarla qıza baxdım; o, qətiyyən xəstəyə oxşamırdı, bunu onun rəng-ruhundan da hiss etmək olurdu. Sözlərinin doğruluğunu isbatlamaq üçün mümkün qədər qəmgin görünməyə çalışsa da, gözlərindəki parıltı, üzündəki qurama mimika tamamilə ayrı mətləbdən xəbər verirdi.
– Yalan deyirsən, – bütün nəzakət qaydalarını unudaraq qəfildən dedim. – Əgər mənimlə əlaqəni üzmək istəyirsənsə, bunu açıq da deyə bilərsən, yalan uydurmağa ehtiyac yoxdur.
– Toğrul, mənə inan, bu doğrudan da belədir, – Oksana ağlamsındı, – mənim cəmisi üç ay ömrüm qalıb.
Yenə inanmadım, ancaq onun bahənəsini kəsmək üçün rola girdim.
– Onda gəl səni həkimə aparım, yenidən analiz ver, bəlkə əvvəlki analizlərin cavabı heç doğru deyil. Əgər doğru olarsa, müalicə olunarsan. Mən həmişə sənin yanında olacağam. Səni bəlkə də sağlam vəziyyətdə buraxıb gedə bilərdim, amma xəstə halda heç cür ata bilmərəm, - deyə hansı filmdənsə eşitdiyim sözləri təkrar etdim.
Bir müddət ikimiz də susduq; o, düşünür, mənsə gözlərimi onun üzündən ayırmırdım. Nəhayət, Oksana dedi:
– Yaxşı, necə istəyirsən, sabah gedərik. – Sonra sifətinə xoş bir ifadə verərək soruşdu: – Qəhvə istəyirsən?
– İstəyirəm!
VIII
Şərtləşdiyimiz vaxtda yenə də Tamillanın mənzilinin qarşısındaydım. Qapını Tamilla özü açdı. Xoş-beşdən sonra dedi ki, Oksana yoxdur, evlərinə gedib.
– Necə yəni evlərinə gedib, – dəvət gözləmədən içəri soxuldum və dəli kimi otaqlara, mətbəxə, vanna otağına, balkona – hər yerə baxdım, lakin Oksana doğrudan da yox idi. – Mənə demişdi ki, burda olacaq, məni gözləyəcək.
– Vallah, mənə heç nə demədi, – Tamilla qorxudan rəngi ağarmış halda dedi. – Dünən axşamüstü əşyalarını da toplayıb getdi.
– Onun telefonunu, ünvanını mənə ver! – bağırdım.
– Bi-bilmirəm, – Tamilla qorxudan kəkələdi.
– Yalan deyirsən, – qəzəblə qadının üzərinə şığıdım, – onu tapıb mənə verməsən…
Tamilla qorxub dala çəkildi, əlimdən xəta çıxa biləcəyini düşünüb sözünü dəyişdi.
– Bir yer var, – o dedi, – bəlkə də orda olar, istəyirsən gedək baxaq.
– Gedək.
Yarım saat sonra taksi Biləcəridəki doqquzmərtəbəli binalardan birinin qarşısında dayandı. Tamilla cəld maşından enib qarşıdakı bloka girdi. Heç on dəqiqə keçməmiş Oksananın qolundan yapışıb darta-darta gətirdi, taksinin qapısını açıb arxa oturacağa oturtdu və başını maşının içinə soxaraq:
– Bir də əlindən buraxsan, mənlik deyil, – dedi, – və qapını çırpıb getdi.
Başımı döndərib arxa oturacaqda oturan Oksanaya baxdım. Onun əynində nimdaş xalat, ayaqlarında isə şap-şap vardı. Saçları daranmamış, üzü bomboz, solğundu, ağzından pis iy vururdu. Bütün halından Tamillanın onu yuxudan durğuzub gətirdiyi bəlliydi. «Bura haradır, görəsən, bu qız burda nə gəzir?» – bir anlıq fikrimdən keçdi. Oksana heç bir söz demədən, lal-dinməz, başını aşağı dikib oturmuşdu. Nə deyəcəyimi bilmirdim.
- Şəhərə sür, – sürücüyə dedim.
Yol boyu heç nə danışmadıq. Taksi «İnşaatçılar» prospektindəki həyətə daxil olub «stalinkalardan» birinin qarşısında dayandı. Sürücünün pulunu verib maşından endim və arxa qapını açıb Oksananı düşürdüm. Qız dinməz-söyləməz itaət göstərdi. Bloka girib ikinci mərtəbəyə qalxdıq, açarla qapını açdım və içəri daxil olduq. Bura üç gün öncə axşam Oksanayla birlikdə gəldiyimiz həminki kirayə mənzildi. Cəld plaşımı soyunub asdım, o isə başıaşağı koridorun ortasında dayanmışdı.
– Nə durmusan, keçsənə, – heç bir şey olmamış kimi özümü şən göstərməyə çalışaraq dedim, – birinci dəfə gəlmirsən ki…
Onun yerindən tərpənmədiyini görüb çiyinlərini qucaqlayaraq otağa apardım. Divanda yanaşı əyləşdik. Oksana hələ də dinib-danışmır, gözlərini naməlum nöqtəyə zilləyib susurdu. Bir müddət beləcə oturduq. Sükutu yenə mən pozdum.
– İstəyirsən, duş qəbul elə, – dedim və ayağa qalxıb servantdan təzə bir diş fırçası çıxarıb Oksanaya uzatdım. – Hamamda diş pastası, sabun, hər şey var. İndi sənə dəsmal da verərəm.
Oksana diş fırçasını alıb ayağa qalxdı, vanna otağına keçib dişlərini və əl-üzünü yudu, dəsmalı alıb qurulandı və gəlib divanda həminki yerində oturdu.
– Duş qəbul etsəydin, daha yaxşı olardı, – dedim, – bir az gümrahlaşardın. – dinmədiyini görüb əlavə etdim. – Eybi yox, səhər yeməyi yeyək, sonra istəsən çimərsən. Hərçəndi, gün günorta olub, - saatıma baxdım.
Mətbəxə keçib çay qoydum, yemək tədarükü görməyə başladım. Bir azdan hər şey hazır idi. Masanın üzərində yağ, pendir, çörək, hətta yumurta da vardı. Çayları da süzmüşdüm. Ancaq Oksana hərəkətsiz halda divanda oturmaqdaydı, elə bil onu daşa döndərmişdilər. Ondan bir şey yeməyi, heç olmasa çay içməyi nə qədər xahiş etsəm də, yerindən tərpənmədi ki, tərpənmədi.
– Elə belə də oturacaqsan? – əsəbi tonda dedim. – Heç olmasa bir söz de. De görüm noolub, niyə məni gözləmədin, Tamillanın səni götürdüyü o yer haradır, niyə bu vəziyyətdəsən? – Özümdən asılı olmadan bağırmağa başladım: – Hamısını mənə de!
Bağırtıma Oksana sanki yuxudan ayıldı; gözləriylə nəyisə axtararaq otağın künc-bucağına baxmağa başladı. Baxışları çarpayının baş tərəfindəki balaca tumbanın üzərində bayaqdan bəri lal-mat dayanmış telefona sataşanda bir anlıq duruxdu. Sifətinin donu birdən-birə açılmağa başladı.
– Mənə zəng vurmaq lazımdır, – o, gözlərini telefondan ayırmadan dedi.
Heç bir şey düşünmədən telefona tərəf getdim, aparatı gətirib onun qucağına qoydum:
– Vur!
O, əlləri titrəyə-titrəyə sol əliylə - nömrəni görməməm üçün - telefon aparatının üzərindəki nömrəyığan diyircəyin önünü qapatdı, sağ əlinin şəhadət barmağıyla nömrəni yığmağa başladı. Onun bu hərəkətini görüb acıqla üzümü yana çevirdim. Yəni «sənin nömrəni bilməkdən ötrü ürəyim getmir». Oksana altırəqəmli nömrəni yığıb qurtardıqdan ikicə saniyə keçməmiş xəttin o başında dəstəyi qaldırdılar. Sakitlik olduğundan dəstəkdən gələn səs aydın eşidilirdi; qadın səsiydi. Oksana bu səsi eşidən kimi «mama» deyərək zar-zar ağlamağa başladı. Xəttin o başında dil-boğaza qoymadan rusca tez-tez nəsə üyüdüb-tökən qadının əsəbi səsi eşidilsə də, nə dediyi anlaşılmırdı. Oksana isə ancaq «mama» deyir, sözünün dalını gətirə bilməyərək hönkürürdü. Təxminən beş dəqiqə belə davam etdi, sonra isə, görünür, anasının verdiyi öyüd-nəsihətə uyğun başını irəli-geri yırğalayaraq qısa pauzalarla bir neçə dəfə «xoroşo» dedi və dəstəyi yerinə qoydu.
– Mən evimizə getmək istəyirəm, – o mənə baxaraq yalvarıcı tonda dedi, – xahiş edirəm, burax gedim. – O hələ də ağlayırdı. Bir az öncə heç bir şey ifadə etməyən donuq gözləri qıpqırmızı qızarıb-şişmiş, sifəti zavallı görkəmə düşmüşdü. – Nə olar, burax gedim, xahiş edirəm, lütfən… – o, oyuncaq mağazasında atasına yalvaran uşaq kimi durmadan yalvarır, cavab verməyimə belə imkan vermirdi.
Nə cavab verəcəyimi, nə edəcəyimi bilmədən yerimdə donub qalmışdım. Birdən özümə gəldim və mənə doğrudan da elə gəldi ki, Oksananı bura zorla gətirmişəm. Bəlkə belə olmayıb? «Yox, belə olmayıb, mən onu bura zorla gətirməmişəm, o istəsəydi, maşina minməzdi, o halda mən onu qətiyyən məcbur etməzdim, yox, yox, belə şeylər mənlik deyil. Onu Tamilla gətirib maşına oturtdu, mən ona güldən ağır söz də deməmişəm, istəsəydi, düşüb gedərdi və mən onu heç saxlamazdım da!»
- Mən səni burada zorla saxlamıram, Oksana, - handan-hana dedim, - mən sadəcə olaraq səninlə danışmaq istəyirdim. Ancaq indi görürəm ki, artıq bizim danışmağımıza ehtiyac yoxdur. Deyəsən, mən hər şeyi başa düşməyə başlayıram, - qapıya tərəf gedib onu açdım və əlimin işarəsiylə bayırı göstərdim. – Qapı açıqdır, gedə bilərsən.
Oksana bunu gözləmirmiş kimi karıxdı; əvvəlcə açıq qapıya, sonra isə qapının dəstəyindən tutub onun çıxmasını gözləyən mənə baxdı. Mən də ona baxırdım. Bir müddət yerindən tərpənmədi; bəlkə də ona mane olacağımı, getməsini əngəlləməyə çalışacağımı düşünürmüş, fəqət yanıldığını anlayınca şaşırmışdı. Bayaqdan bəri buraxılmasını yalvarıb-yaxaran Oksananın getməyə tərəddüd etdiyini görüb birdən ağlıma gəldi ki, yolpulu yoxdur, ona görə də cibimdən pul çıxarıb masanın üzərinə atdım: «Bu da taksipulu».
Oksana havalanmış kimi əvvəlcə pula, sonra mənə, daha sonra isə hələ də açıq qalan qapıya baxdı və birdən-birə yerindən sıçrayaraq pula əl vurmadan sürətlə qapıya cumdu, bloka çıxaraq qaça-qaça pilləkənlə aşağı endi.
IX
Qapını örtüb ağır yükdən qurtulduğum üçün dərindən nəfəs aldım: «Hər şey qurtardı, vəssalam, bu da axırı» - düşündüm. Hiss etdim ki, başım bərk ağrıyır; gecəni yaxşı yatmamağım və səhərdən bəri baş verənlər əsəblərimi tarıma çəkmişdi. İstədim duş qəbul edəm, amma ərindim. «Yaxşısı budur, yatım, qalxandan sonra çimərəm». Bayaqdan bəri masanın üzərində qalıb soyumuş çayı birnəfəsə başıma çəkib, özünü çarpayıya atdım və hər şeyi unudub yuxuya getməyə çalışdım. Bir müddət çətinlik çəksəm də, yuxusuzluq və yorğunluq qalib gəldi.
Yuxudan oyananda artıq qaş qaralmaq üzərəydi. Ayağa qalxıb gərnəşdim; yorğunluğum çıxmışdı, özümü gümrah hiss edirdim. Oksananı xatırlayıb başımı buladım. «Mən bilirdim ki, Tülkü Əhlimanın nəvəsindən adama xeyir gəlməz. Nə isə, hər şey geridə qaldı, bir də belə şeylərə uymamaq şərtilə yeni həyata başlamaq lazımdır» - düşünüb vanna otağına keçdim.
Duş qəbul etdikdən sonra istədim çay qoyam, ancaq fikirləşdim ki, çayxanada uşaqlarla içərəm. Bu fikirlə üst-başımı geyindim, qalstukumu bağladım, saçlarımı səliqəylə darayıb, çəkmələrimi geyindim. İşığı söndürmək istəyirdim ki, qapı döyüldü. «Kimdir, görəsən?», - düşündüm və açdım. Qapının ağzında qarayağız, ortaboy bir adam dayanmışdı. Əynində qara rəngdə şalvar və eyni rəngdə dəri gödəkçə vardı. Görkəmindən taksi sürücülərinə oxşayırdı.
- Salaməleyküm, - gödəkçəli adam dedi. – İlqar burda yaşayır, - o, qapıdan içəri boylandı.
- Əleyküməssalam, - cavab verdim, - Yox, burada yaşamır.
- Bəlkə qonşuluqda yaşayır? - O öncə sağa-sola, sonra isə bir addım geri çəkilib yuxarı mərtəbənin meydançasına boylandı, elə bil kiminsə onu eşidəcəyindən ehtiyatlanırdı.
- Qonşuları tanımıram, - qısa və konkret cavab verib qapını örtmək istədim.
- Mən cinayət-axtarış şöbəsinin müstəntiqiyəm, - gödəkçəli adam cibindən vəsiqəsini çıxarıb göstərdi, - qapını bağlama, yuxarı baxıb gəlirəm, - sonra pilləkənlə yuxarı qalxdı.
Qapını örtüb otaqda var-gəl edərək düşünməyə başladım. Ha düşündümsə də, müstəntiqin qapımı döyməsini bir yerə yoza bilmədim. «Yəqin kimisə axtarırlar, səhvən bura gəliblər, amma heç müstəntiqə-zada oxşamır, yox, vəsiqəsini göstərdi axı, heç düz-əməlli baxmadım da». Elə bu çək-çevirdəykən qapı açıldı. Otaqda olduğumdan qapını açanın kim olduğunu görməsəm də, onun müstəntiq olduğunu təxmin edib yəqinlik hasil etmək üçün koridora tərəf bir neçə addım atdım və gözlərimə inanmadım. Koridorda müstəntiqdən başqa üzü təmiz qırxılmış, saçları və bığları səliqəyələ kəsilmiş, kostyumlu-qalstuklu, bəstəboy bir kişi və ucaboylu, zövqlə geyinmiş gözəl bir qız vardı. Bu qız - Oksana idi.
Bəli, bu qız doğrudan da Oksana idi. Bu gün səhər, daha doğrusu günortaya yaxın Biləcəridəki doqquzmərtəbəli binanın qarşısından taksiyə oturdub buraya gətirdiyim nimdaş geyimli, rəngi bomboz, ağzı qoxulu Oksana üç-dörd saatın içində dəyişib ilk dəfə gördüyüm dünya gözəlinə çevrilmişdi. Ogünkü halından yalnız sol gözünün altındakı xəfif bənövşəyi kölgə ilə fərqlənirdi. «Bəs bu bəstəboy kişi kimdir, bunlar niyə bura gəliblər, özü də müstəntiqlə?» Bunları düşünməyə macal tapmamış taksi şoferinə oxşayan müstəntiq üzünü Oksanaya tutaraq:
- Gto on, Oksana? – rusca soruşdu.
- Da, - Oksana cavab verdi.
- Nə olub ki, Oksana? – Mən təşviş içində soruşdum, amma Oksana mənə cavab verməyib, üzünü ədayla yana çevirdi və yerində xəfifcə dingildəməyə başladı.
- Siz çıxa bilərsiz, - şofer-müstəntiq ortaboy kişiyə və Oksanaya müraciətlə dedi.
Onlar çıxdılar, müstəntiq isə dərhal cibindən bir qandal çıxarıb:
- Əllərini bura gətir, - dedi.
- Axı nə olub? – həyəcanlanaraq soruşdum.
- Gedək, orda bilərsən, - sol qolumdan tutub dartdı və cəld hərəkətlə qandalın bir halqasını biləyimə keçirtdi.
- Buna nə ehtiyac var, - etiraz etdim, - hara lazımdırsa, özüm gedərəm.
- Belə lazımdır, - o dedi və qandalın o biri halqasını da öz sağ biləyinə keçirib məni qapıya tərəf dartdı.
Mənzildən çıxdıqdan sonra qapını bağlamaq istəsəm də, müstəntiq:
- Narahat olma, özümüz bağlarıq, - dedi və qaba hərəkətlə məni pilləkənlə aşağı dartdı.
- Xahiş edirəm, bir az mədəni olun, - yenə etiraz etdim və yenə hansısa filmi xatırlayıb əlavə etdim: - Mən mədəni adamam.
- Biz mədəniyyətdən uzaq adamlarıq, - şofer-müstəntiq dedi və blokun düz qənşərində saxladığı mülki minik maşınının ön qapısını açdı, sol əli ilə başımdan basaraq ön oturacağa oturtdu və qandalın öz biləyindəki halqasını açıb maşının qapısının dəstəyinə keçirdi. Qapını örtüb tez sükan arxasına keçdi.
Müstəntiq doğrudan da yaxşı sürücü idi, onun məharətlə idarə etdiyi tünd yaşıl rəngli inomarka şəhərin küçələriylə sürətlə şütüyərkən heç bir yol hərəkət qaydasına, qırmıza işığa məhəl qoymadı və 9-cu mikrorayondakı yoxuşla üzüyuxarı qalxaraq sağ tərəfdəki yaşayış binalarından birinin həyətinə girib, qarşısında dayandı.
X
Bura polis bölməsiydi – beşmərtəbəli binanın birinci qatında yerləşirdi. Müstəntiq motoru söndürüb aşağı endi və cəld hərəkətlə maşının ətrafında dövrə vuraraq sağ qapını açdı, məni qapı dəstəyindən xilas edib yenidən öz biləyinə zəncirlədi. Polis bölməsinə daxil olub, bir otağa keçdik. Kiçik bir otaqdı. Burada «T» şəkilli bir masa, «T» -nın baş tərəfində yumşaq kreslo, böyürlərində isə ucuz mebeldən stullar vardı. Həmin stullardan bir neçəsi də divar boyu düzülmüşdü. Müstəntiq əlindəki açarla qollarımdakı qandalı açdı və mən lap filmlərdəki kimi, dərhal biləklərimi ovuşdurub, divarın döşündəki stullardan birinə oturdum. Müstəntiq də öz yumşaq kreslosunda əyləşdi, siyirməni çəkib kağız-qələm çıxardı, masanın üzərinə qoyub dedi:
- Hə, gəl burda otur, yaz.
- Nə yazım? – Yerimdən tərpənmədən soruşdum.
- Qızla nə vaxt tanış olmusan, hansı şəraitdə, aranızda nə olub, hamısını ətraflı yaz, - müstəntiq sınayıcı nəzərlə baxıb dedi.
- Polis nə vaxtdan intim münasibətlər haqda məlumat toplamağa başlayıb, - kinayə ilə dedim. - Bəlkə Milli Məclis bu barədə təzə qanun qəbul edib, bizim xəbərimiz yoxdur!
Sonuncu cümləni deyərkən gözlərim istər-istəməz müstəntiqin başı üzərindən asılmış general uniformalı portretə sataşdı. Bu şəkli ilk dəfə dördüncü sinifdə oxuyarkən tarix kabinəsinin divarında görmüş və çox təəccüblənmişdim. Çünki onu televizorda və şəkillərdə həmişə mülki geyimdə görmüşdüm. O zaman yazı taxtası üzərindən məğrur baxışlarla qarşı divardan asılmış oraq-çəkicli qırmızı SSRİ bayrağına baxan portretin baxışları bu dəfə, yəni aradan on dörd il keçəndən sonra Azərbaycanın aylı-ulduzlu üçrəngli bayrağına baxırdı.
- Təlxəklik eləmə, nə deyirəmsə, onu da yaz, - müstəntiq səsini ucaltdı, guya əsəbiləşmişdi.
- Təlxək özünsən, - müstəntiqin qəfil təhqirə keçməsindən hirsləndim, - danışığını bil. – Əsəbimdən dodaqlarım titrədi.
Müstəntiq hövsələdən çıxıb ayağa qalxdı, şəhadət barmağını mənə tuşlayaraq bağırmağa başladı:
- Ə, utanmırsan, on dörd yaşında həddi-büluğa çatmamış qızı aldadıb, aparıb zorlayırsan, hələ bir dilin də var danışmağa.
Müstəntiqin sözləri tapança kimi açılaraq məni şoka saldı, elə bil mənə tuşladığı şəhadət barmağıyla üzərimə bir daraq güllə boşaltmışdı.
- Nə?! – dəli kimi qışqırdım. – Siz nə danışırsız, nə zorlama, biz onunla cəmi üç gündür ki, tanış olmuşuq, aramızda da heç bir şey olmayıb.
- Heç bilirsən həddi-büluğa çatmamış qızla cinsi əlaqəyə girmək, həm də zorla, nə deməkdir? Bilirsən bunun cəzası nədir, hələ içəridə səni nələr gözləyir? – müstəntiq qımışdı.
- Mən ona heç barmağımın ucuyla da toxunmamışam, - müstəntiqin məni qıcıqlandırmaq istədiyini görüb özümü ələ almağa çalışdım və Oksana ilə öpüşdüyümüzü xatırlayıb əlavə etdim: - Bir də ki, onun on dörd yox, on doqquz yaşı var, özü mənə deyib.
- Sənə nə dediyini bilmirəm, bizə belə deyib. Ona görə də aranızda nə olub, sənə nə deyib, sən ona nə demisən, nə eləmisən hamısını bax bu kağıza yaz, - müstəntiq tapança şəklinə saldığı əlini aşağı əyərək kağız-qələmi masanın cilalanmış parlaq səthiylə bir az da mənə sarı sürüşdürdü və təkrarən yerində oturdu.
Əlacsız qalıb masanın arxasına keçdim və özümü günahsız hesab etdiyimdən heç bir şeyi gizlətmədən yuxarıda sizə danışdıqlarımı həyəcandan əlim titrəyə-titrəyə kağıza köçürməyə başladım. Yalnız Veysəli ələ verməmək üçün ona yüz dollar verdiyimi yazmadım – bu kişilikdən deyildi. Yazdım ki, guya nahar edəndən sonra Veysəl dərhal rayona yola düşüb. İzahatı yazarkən müstəntiq telefonla bir neçə yerə zəng etdi, kimlərləsə danışdı, hər dəfəsində də dedi ki, «zorlama hadisəsidir, bir nəfər cavan oğlandır, burda, yanımdadır, hələlik boynuna almır». Müstəntiq hər dəfə tutuquşu kimi bu sözləri təkrarlayanda mən diksinir, bir anlıq əl saxlayır, əsəbi tonda müstəntiqə «rəis, allahınız olsun, niyə şər atırsınız, axı belə şey olmayıb, ortada heç bir dəlil-sübut olmadan necə diliniz gəlir belə danışmağa» və s. bunabənzər sözlər söyləyirdim. Bu əsəbi və əzablı səhnə nəhayət başa çatdı: izahatı yazıb qurtardım, müstəntiqsə telefonun dəstəyini qulağından ayırıb dedi:
- Altından yaz ki, izahatı özüm yazdım və imzamla təsdiq edirəm.
Deyilənləri də yazıb altından qol çəkdim və kağızı müstəntiqə uzadaraq:
- İzahatımı oxumadan, məni sorğu-sual etmədən, heç bir araşdırma-filan aparmadan, heç bir şeyi sübuta yetirmədən bütün Azərbaycana cinayətkar olduğumu car çəkdiniz, - dedim və təəssüflə başımı buladım. – Əhsən vallah sizə, əla işləyirsiniz!
Müstəntiq yenidən yerindən qalxıb əllərini bu dəfə ciblərinə soxdu və masanın arxasından çıxıb özündənrazı və arxayın addımlarla divardan asılmış üçrəngli bayrağa sarı addımlamağa başladı, bayrağa çatanda dayanıb dabanı üstdə fırldandı, əvvəlcə ölkə başçısının hərbi geyimdə olan cavanlıq şəklinə, sonra isə mənə baxıb vüqarla dilləndi:
- Səni elə sorğu-sual edəcəyəm ki, heç bir istintaqa, dəlil-sübuta ehtiyac qalmayacaq, - o irişdi, sifətindəki vüqar əclaflıq cizgiləriylə əvəz olundu. – Hər şeyi quzu kimi boynuna alacaqsan.
Onun bu sözlərlə nəyə eyham vurduğunu dərhal anladım, odur ki, dedim:
- Mən hər şeyi olduğu kimi izahatımda yazmışam, ona görə də xahiş edirəm, məni vəkillə təmin edəsiniz. – Birdən bir filmindəki fraqmenti xatırlayıb əlavə etdim: - Siz məni prokurorun sanksiyası olmadan həbs etmisiniz, mən prokurora ərizə yazıb sizdən şikayət edəcəyəm.
Bunu eşidən müstəntiqi elə bil tok vurdu. Qəfildən dəli kimi şığıyıb əliylə çənəmdən tutdu:
- Buranın vəkili də, prokuroru da, hakimi də mənəm, bildi-i-i-n, - o bağırdı, - çoxbilmiş çıxıb mənə, sən öləsən, sənin başına bir oyun açaram ki, adın yadından çıxar, küçük!
- Küçük özünsən, əlini yığışdır, - onun biləyindən yapışıb kənara itələdim.
Gözlənilməz hərəkət müstəntiqi çaşdırdı, otaqda başqa heç kəsin olmaması və əllərimin açıq olması deyəsən onu qorxutdu, karıxmış halda dal-dalı çəkilə-çəkilə:
- Yaxşı, qoluqüvvətli dəyyus, dayan, mən sənə göstərərəm, - dedi.
- Dəyyus da özünsən, - əsəbi hallar istisna olmaqla söyüş söyməklə aram olmadığından ağzı, demək olar ki, söyüşlə açılıb-yumulan müstəntiqə könülsüz cavab qaytardım.
Bu zaman qapı açıldı, içəri boyca biri o birindən azca hündür olan iki cavan oğlan daxil oldu. Onların ikisi də mülki paltardaydı; hər ikisi qara palto, tünd rəngdə kostyum, ağ köynək geyinmiş, qalstuk bağlamışdılar. Saçları, qaşları, gözləri də qaraydı. Hər ikisinin üzü tərtəmiz qırxılmışdı, ikisinin də nazik və qara bığları vardı. Qara çəkmələri işıldaböcək kimi işım-işım işıldayırdı. Onları bir-birindən fərqləndirən yalnız ölçüləriydi; boylarının, başlarının, gözlərinin, əllərinin və çəkmələrinin ölçüsü. Əgər ölçüləri bərabər olsaydı, deyərdin bir almadı yarı bölübsən. Boyca hündür olanın başı xeyli yekə olsa da, çəkmələrinin ölçüsü kiçik idi. İlk dəfəydi ki, ayaqları başına və bədəninə qeyri-mütənasib adam görürdüm. İstər-istəməz onun əllərinə də baxdım; gördüm ki, əlləri də balaca, barmaqları qısadır. Baxışlarım qeyri-ixtiyari ikinci cavanın ayaqqabılarına dikildi. İlahi, boyca və başca yoldaşından xeyli kiçik olan bu oğlanın çəkmələrinin ölçüsü heyrətamiz dərəcədə iriydi. Bir anlıq mənə elə gəldi ki, cavan oğlanlar çəkmələrini dəyişik salıblar, ancaq diqqətlə baxıb gördüm ki, xeyr, xeyli bahalı olan çəkmələr cavanların ayağına yaxşı oturub və az öncə qeyd olunan qeyri-mütənasiblikləri nəzərə almasaq, çox qəşəng görünürlər. Mənə elə gəldi ki, təxminən mənimlə tay-tuş olan bu cavanları haradasa görmüşəm, özü də lap çox görmüşəm, demək olar ki, hər gün, sadəcə olaraq əhəmiyyət verməmişəm. Birdən xatırladım ki, hə, bunları, deyəsən, universitetdə görmüşəm. Hə, bunlar hüquq fakültəsinin mənimlə eyni vaxtda oxuyan keçmiş tələbələrindəndirlər. Oxuyan deyəndə ki, elə-belə gəlib-gediblər də… Papalarının onlara aldığı maşınları universitetin qarşısındakı biristiqamətli Patris Lumumba küçəsində sağa-sola cüyüldədərək dərsə gəlib-gediblər, koridorlarda, bufetlərdə siqaret tüsdülədib, təsbeh çeviriblər, saqqız çeynəyiblər, şit-şit söhbətlər, əttökən zarafatlar ediblər, axırda da ali təhsilli hüquqşünas olublar.
Müstəntiq onları görən kimi ürəklənərək:
- Hə, gəlin, gəlin, - dedi, - siz də tanış olun bizim bu qəhrəmanla.
- Budur? – boyca hündür olan cavan oğlan soruşdu.
- Hə, özüdür ki, var, - müstəntiq cavab verdi. – Azyaşlı qızı zorlayıb, hələ bir utanmadan cavab da qaytarır, əl-qol da atır.
- Əl-qol atan sizsiniz, - dedim. – Sizin zor tətbiq etməyə ixtiyarınız yoxdur. Mən vəkil tələb edirəm.
- Ə, oğraş, utanmırsan, 16 yaqında qızı zorlayırsan! - hündürboy oğlan qəfil hücuma keçərək qışqırdı. – Sənin ananı, bacını zorlasalar xoşuna gələr? – O, üzünə elə bir ifadə verdi ki, sanki namus-qeyrət mücəssəməsinin özüydü ki, qarşımda dayanıb həytımda ilk dəfə məni binamusluqda suçlayır, təhqir edirdi.
Bu sözlərdən dəhşətə gəldim, qəzəbimdən dişlərimi bir-birinə sıxıb, yumruqlarımı düyünlədim, gözlərim az qala pırtlayıb yerə düşəcəkdi. Ayağa qalxıb ona cumdum, ikiəlli boğazından yapışaraq boğmağa başladım.
- Oğraşa da, anası-bacısı qəhbəyə də sən oxşayırsan, vələdüzna köpəyoğlu, - var gücümlə elə bağırdım ki, səsə koridordakı növbətçilər də tökülüşüb gəldilər. Onlar nəfəsi kəsilməkdə olan cavan oğlanın xirtdəyini çətinliklə xilas etdikdən sonra məni əzişdirməyə cəhd etdilər. Müstəntiq «vurun ə, bu dəyyusu, orqan işçisinə hücum edənə bax» - deyərək növbətçilərə əmr verdi və özü də mənə cumdu. Amma elə bil mənə fövqəladə güc gəlmişdi. Müstəntiqin və növbətçilərin zərbələrini dəfə edərək hərəsini bir tərəfə itələdim. Cavan oğlanlar isə öz haylarındaydılar; onlardan biri ikiəlli boyun-boğazını ovuşdurur, o biri isə gah yoldaşının üst-başını düzəldir, gah da məni döyməyə çalışan paqonlulara baxırdı. Belə hallarda mənə doğrudan da fil gücü gəlir; sonradan xatırlayanda özüm də məəttəl qalıram. Bunu görən müstəntiq:
- Bunda şir gücü var ə, - dedi, - bağlayın bunun qollarını.
Növbətçilər hərəsi bir qolumdan yapışıb arxaya burdular, müstəntiq bir az öncə otağa girəndən sonra mənim sağ, özünün isə sol biləyindən açdığı qandalı bu dəfə arxaya burulmuş hər iki biləyimə keçirdi. Özüm də anlamadan heç bir müqavimət göstərmədim.
- İndi mən sənə göstərərəm azyaşlı qızı zorlamaq necə olur, dəyyus, - o, qarnıma möhkəm bir yumruq vurdu. Aşağı əyildim və bunu görən müstəntiq diziylə sifətimə təpik vurdu. Burnumun qanadığını hiss etdim. Çılğına dönmüş müstəntiq bununla da kifayətlənməyərək saçlarımdan yapışdı və var gücüylə başımı divara vurmağa başladı.
Mən ağrı hiss etmir və müqavimət göstərmirdim; artıq heç bir şey eşitmirdim də, gözlərimi də yummuşdum. Bircə onu bilirdim ki, kimsə saçlarımdan yapışıb başımı divara çırpır, üç-dörd nəfər isə harama gəldi təpiklə döşəyir. Mən sadəcə zərbələrin dəydiyini bilir, amma heç bir ağrı hiss etmirdim. Bu hal on-on beş dəqiqə davam etdi. Məndən heç bir səs-səmir çıxmadığını, zarıltı, ah-nalə, yalvarış eşidilmədiyini görən müstəntiq qəfil özünə gəldi.
- Dayanın ə, - o hələ də məni təpikləməkdə olan polislərə bağırdı, - ölüb-eləyər, poxa düşərik.
Polislər batareyası qurtarmış oyuncaq kimi dayandılar. Müstəntiq sanki saçlarıma yapışmış əliylə başımı yuxarı qaldırıb şişmiş və qanamış sifətimə baxdı. Göz qapaqlarımı yavaş-yavaş qaldırdım. Bunu görən müstəntiq sevincək:
- Ölməyib ə, - dedi, - canı bərkdir. Aparın salın «kepezeyə» (rusca: KVZ – kamera vremenneqo zaderjaniə ), özünə gəlsin sabah təzədən dindirərik.
Məni müstəntiqin otağından çıxardılar. Növbətçi polisin oturduğu otaqda toqqamı, saatımı və qalstukumu - guya bunlarla özümə qəsd edə bilərdim - aldıqdan sonra «kepeze» deyilən müvəqqəti saxlama kamerasına apardılar.
XI
Növbətçi ensiz və yarımqaranlıq dəhlizlə dörd-beş addım atıb sağa döndü, əlindəki açar topasından birini seçib üzərində qoz boyda dəliyi olan dəmir qapının kilidinə soxdu. Qapı «şarrak» eləyib açıldı. Sonra başıyla mənə işarə etdi, yəni «gəl gir». Heç bir söz demədən ağır-ağır dəmir qapıya tərəf getdim, başımı azca aşağı əyib içəri girdim. Qapı möhkəm danqıldayaraq örtüldü və yenidən «şarrak» eləyib bağlandı. Ətraf zülmətə qərq oldu - bir anlıq gözlərim heç nə sezmədi. Qeyri-ixtiyari başımı döndərib arxayaa baxdım. Dəmir qapının üzərindəki qoz boyda dəlikdən zəif işıq düşürdü. Əyilib sol gözümü dəliyə yapışdırdım. Ancaq yarmqaranlıq dəhlizin nə vaxtsa, it ilində açıq yaşıl rəngdə zövqsüz boyanmış kirli və həndirhamar divarından başqa heç nə görmədim. Naəlac göz-gözü görməyən bu qaranlıq otaqda bir yer tapıb oturmaq məqsədilə üzümü döndərib gözlərimi qaranlığa alışdırmaq üçün bir müddət gözlədim. Gözlərim yavaş-yavaş seçməyə başlayanda dəhşətə gəldim. Kepeze deyilən bu qaranlıq otaq təxminən kənd yerlərindəki ayaqyolular boyda idi – eni-uzunu vur-tut metr yarım ancaq olardı. İçəridə iki nəfər də vardı. Onların hərəsi qarşı tərəfdəki divarın bir küncündə daş döşəmənin üstündə dizlərini qucaqlayıb oturmuş, gözlərini altdan yuxarı mənə tuşlamışdılar. Onları görən kimi:
- Salaməleyküm, - dedim.
Adamlardan səs-səmir çıxmadığını görüb azca pərt oldum, əlimi cibimə salıb siqaret qutusunu və alışqanı - siqaretimi və alışqanımı almamışdılar - çıxardım, siqareti dodaqlarım arasına qoyub yandırmaq istəyəndə gözlərim yenidən dizlərini qucaqlayaraq oturmuş iki nəfərə sataşdı. Onlar hələ də altdan yuxarı matdım-matdım baxmaqdaydılar. Siqaret qutusunun qapağını açıb onlara uzatdım, məhbuslar azca dikəlib sağ əllərini qutuya doğru uzatdılar, əllərinin böyrü ilə qutunu uzadan əlimin biləyinə xaç çəkirlərmiş kimi çarpaz şəkildə ehmalca toxunduqdan sonra adama bir siqaret götürdülər. Bu hərəkəti hər ikisi eyni şəkildə elə etdilər ki, sanki səhnəyə çıxacaq artistlər kimi dəfələrlə məşq etmişdilər. Azadlıqda da bir neçə dəfə müşahidə etdiyim bu hərəkətin mənasını bu dəfə də anlaya bilməsəm də, bu barədə düşünmədən (guya elə belə də olmalıymış) alışqanla öncə məhbus yoldaşlarımın sonra isə öz siqaretimi alışdırdım. Günə bir-iki siqaret çəkdiyim, bəzən də heç çəkmədiyim halda, əsəbiləşəndə, ya da həyəcanlı olanda çox çəkir, bəzən siqareti siqaretin oduna yandıraraq, üç-dördünü dalbadal çəkirdim.
Bu dəfə də dalbadal bir neçə siqaret çəkib sakitləşəndən sonra başıma gələn hadisə və buradan qurtulmağın yolları barədə ayıq başla düşünməyə başladım. Məni çox ciddi bir cinayətdə – həddi-büluğa çatmamaış azyaşlı qızı zorlamaqda ittiham edirdilər. Ancaq heç bir günahım olmadığından daxilən rahat idim. Mən saxta, qondarma ittihamlarla bir çoxlarının şərlənərək «içəri» atıldığı haqda çox şeylər eşitsəm də, bunları ciddi qəbul etmirdim. Ümumiyyətlə, eşitdiklərimə deyil, gördüklərimə inanmağa üstünlük verirəm və indiyədək şərlənərək tutulan adama şəxsən rast gəlməmişəm. Müstəntiqin məni qorxudaraq «bilirsən azyaşlı qızı zorlamaq nə deməkdir, orada, içəridə sənin başına min oyun açacaqlar» kimi hədələri də məni qorxutmurdu, çünki etmədiyim bir əmələ görə həbsxanaya atıla biləcəyimi, həbsxanada müstəntiqin dediyi kimi, dustaqların başıma «min oyun açacağını» da boşboğazlıq sayır, bu cür söhbətləri heç bir əsası olmayan, sadəcə, ağızdan-ağıza dolaşan gəvəzəlik hesab edirəm. Məncə, bu məsələləri ciddi şəkildə araşdıran olsa, bircə dənə də dişədəyən ciddi fakt tapıb ortaya qoya bilməz. Ona görə də günahsızlığım, həqiqətin mənim tərəfimdə olması mənə hədsiz güc-qüvvət verir, heç kəsin məni həbsə ata bilməyəcəyi və «başıma min oyun gətirə bilməyəcəyinə» sarsılmaz inam yaradırdı. Mən qanun-qaydalara da az-çox bələdəm, bilirdim ki, boynuma qoymaq istədikləri cinaytin sübuta yetirilməsi o qədər də asan iş deyil; bununçün tibbi ekspertizaya, hadisə yerinin təhqiq olunmasına, üzləşdirməyə, şahidlərin ifadələrinə və hələlik bilmədiyim, lakin öyrənmək əzmində olduğum məsələlər ehtiyac var. Bununçün universitetdə oxuyarkən dostlaşdığım və hazırda vəkilliklə məşğul olan dost-tanışıma müraciət edə bilərdim, ancaq hələlik günahsız olduğum bu işdən məni tanıyan kimsənin xəbər tutmasını istəmirdim. «Necə olsa da, zorlama məsələsidir, beşi inanmasa da, biri inanacaq, söz gedib valideynlərimin, qohum-əqrəbanın, tanış-bilişin qulağına çata bilər, biabır olaram. Yox, hələlik buna ehtiyac yoxdur, başqa variant tapmaq lazımdır». Elə bu çək-çevirdəykən dəhlizdə tappatarap düşdü, deyəsən, kimisə itələyə-itələyə qapıdan içəri salmaq istəyirdilər, o isə «qardaş, vallah mənim günahım yoxdur, məni niyə bura gətirmisiniz» - deyirdi. Bu vaxt müstəntiqin səsi eşidildi:
- İndi baxarıq günahın var, ya yoxdur, - o dedi və sakitlikdə asta addım səsləri eşdildi, görünür, otaqda o baş-bu başa var-gəl edirdi. Birdən addım səsləri kəsildi. - Gecə saat on birdə xalxın evində nə gəzirdin, ə, - müstəntiq kinayəylə astadan soruşdu.
- İynə vurdurmağa gəlmişdim, rəis, - gətirilən adam qorxa-qorxa cavab verdi.
- Ə, gecə saat on birdə iynə vurdururlar? – müstəntiq səsinin tonunu bir az qaldırdı.
- Rəis, allah haqqı düz deyirəm, inanmırsan göstərim.
- Ə, utanmırsan, - bu dəfə müstəntiq bağırdı, - indi götünü açıb qoyacaqsan bizim qabağı¬¬mız¬¬a?
- Vallah, düz deyirəm, rəis.
Sonra müstəntiqlə polis şöbəsinə gətirilən adam arasında belə bir dialoq oldu:
- Harda işləy1irsən, ə?
- Restoranda.
- Hansı restoranda?
- Sədərək restoranında.
- Nə işləyirsən orda?
- Muzıkantam.
- Nə çalırsan?
- Nağara.
- Darıxma, indi sənə nağara çaldıracam, - müstəntiq dedi və qısa pauzadan sonra nəsə möhkəm «şapp» elədi - belə səs adətən kiməsə möhkəm şapalaq ilişdirəndə çıxır.
Şappıltıdan həmən sonra nağaçalan əzizi ölmüş kimi hönkürdü:
- Rəis, vallah mənim günahım yoxdur, - o ağlaya-ağlaya yalvarmağa başladı, - başına dönüm, bir də belə qələt eləmərəm.
- Noolub ə, bir şapalağa arvad kimi ağlayırsan, - müstəntiq nağaraçalanı məzəmmət etdi, - heç olmasa boy-buxunundan utan. Bunu salın kepezeyə, o birini gətirin görək.
«O biri» dedikdə məni nəzərdə tuturmuş – heç bir dəqiqə keçməmiş kameranın qapısı «şarrak» eləyib açıldı. Növbətçi üzünü mənə tutub:
- Gəl, rəis səni çağırır, - dedi.
Kameradan çıxıb növbətçiylə yanaşı müstəntiqin otağına sarı gedərkən yarıqaranlıq və ensiz dəhlizdə başqa bir növbətçinin yanına salıb apardığı yekəpər, eşməbığ, kürən bir adamla qarşılaşdım. Onun yerkökü rəngdə olan üzünün sol tərəfi çuğundur kimi qızarmışdı. Görünür, müstəntiqin şapalağı yaxşı tutmuşdu.
Müstəntiqin qapısı açıq idi, ayağımı kandara basar-basmaz Tamillanın divar boyu düzülmüş stullardan birində başıaşağı oturduğunu gördüm. Bayaq dəhlizdə tappatarap düşəndə qarmaqarışıq səslər arasından zəif qadın səsi gəldiyini, ancaq buna diqqət etmədyimi xatırladım. «Aha, demək, bu zırpını Tamillanın evində yaxalayıblar, belə də bilirdim». Tamilla başını qaldırıb günahkar-günahkar mənə baxdı və tez də baxışlarını yayındırdı. Onun bu hərəkətini təcrübəli müstəntiq göydə tutdu.
- Tanıyırsan bunu? - müstəntiq xüsusi intonasiya ilə soruşdu və eyni anda qaşlarını yuxarı dartaraq başının ağır hərəkətiylə mənə işarə etdi.
- Mənim xalxın kişiləriylə nə işim var, yoldaş rəis, - Tamilla başını qaldırmadan cavab verdi, - o yazıq da qaynımın dostudur, iynə vurdurmağa gəlmişdi, gündüzlər işləyir, vaxtı olmur, ona görə də mənə zəng eləyib yalvardı ki, sən allah gəlim iynəmi vur, mən də çörəyimin xətrinə razı oldum. Neyləyim, iki uşağım var, saxlamaq olmur, yoldaşım da beş ildir ki, Urusetdədir, bir qəpik də göndərmir.
- İynəni sən ona vururdun, yoxsa o sənə, - müstəntiq şit-şit hırıldayıb mənə və növbətçiyə baxdı.
Onun güldüyünü görən növbətçi də dodaqları ilə üstünü güclə örtdüyü və uzun zamandan bəri sürtmədiyindən yerli tualet çanağı kimi sapsarı saralan dişlərini göstərdi. Dövlət məmurunun tərbiyəsiz zarafatından əsəbiləşib xəcalətdənmi, yoxsa qorxudanmı rəngi gah qızaran, gah da ağaran qadına baxdım və bu mənasız hırıltını durdurmaq, Tamillaya istiqamət vermək üçün dedim:
- Tamilla xanım, bizim bir-birmizi tanımağımızda heç bir qəbahət və cinayət yoxdur, mən izahatımda sizinlə olan qısa tanışlığımız barədə yazmışam. Siz də qorxmayın, nə olubsa, danışın.
Birnəfəsə dediyimdən sözümü kəsməyə müvəfəq ola bilməyən müstəntiq yumruğunu masaya çırpıb ayağa qalxdı.
- Dayan görüm, ə, bir, - o bağırdı, - sənə söz verən oldu burda, bülbül kimi ötürsən? Sarsağın biri sarsaq, apar ə, bunu, apar sal qoduqluğa. «Sizinlə olan qısa tanışlığımız barədə yazmışam» - deyə o, ağzını əyərək məni yamsıladı. – Dayan bir, mən sənə göstərəcəm, savadını nümayiş etdirir mənə, çaqqalın biri.
Daha heç bir söz demədim. Növbətçi məni gətirib yenidən kameraya saldı və qapını arxadan kilidlədi: «Şarrak».
XII
Kameradakı iki nəfər bu dəfə ayaq üstdəydi. Elə bildim ki, indi məni bayırda nə baş verdiyi barədə sorğu-suala tutacaqlar. Siqaret qutusunu çıxarıb yenə əvvəlcə onlara təklif etdim, birini də özüm alışdırıb ciyərlərimə çəkdim və qaranlıqda közərən odlara baxa-baxa mətbuat konfransındaymış kimi sualları gözləməyə başladım. Ancaq hələ də susqunluqlarını qoruyan məhbuslar lal-dinməz siqaretlərini sümürürdülər. Odur ki, kamera yoldaşlarımın sükutundan məyus olub bir az əvvəlki düşüncələrimə qayıtdım və buradan necə qurtulmağın yollarını aramağa başladım: «Bəlkə Əkrəmə zəng edim, onun bacısı nazirlər kabinetində işləyir, köməyi dəyə bilər, yox əşi, belə məsələni qadın xeylağına demək olmaz, aləmə düy vuracaq!» Siqaretimi çəkib qurtardım, əlimi cibimə salıb qutunu çıxardım, amma orda artıq bir dənə də siqaret qalmamışdı. Dilxor halda qutunu ovcumun içində əzişdirib plaşımın yan cibinə basdım. Hərəkətlərimi diqqətlə izləyən kamera yoldaşlarımdan biri cibindən qırmızı rəngli əzik «Prima» qutusunu çıxarıb mənə uzatdı.
- Qərdeş, bundan çəkə bilərsən? Filtrsizdir.
- Əlbəttə, çox sağ olun, - əlimi uzadıb bir siqaret götürmək istədim və təvazökarlıq edərək, - nə fərqi var ki, - dedim.
- Götür hamısını, bizdə var, - məhbus dedi, - ən azı sabahacan burdasan.
Mən bir daha təşəkkür edib siqaret qutusunu aldım, birini alışdırıb yenidən qurtuluş yolları barədə düşüncələrə daldım. Siqaretləri uc-uca calayaraq iki-üç saat düşündüm və nəhayət, qərara gəldim ki, yenicə iqtidara gəlmiş «Bizim Azərbaycan» partiyasının mətbuat orqanında işləyən keçmiş qrup yoldaşım Aldosta zəng vurum. Çünki iqtidara gələndən sonra Aldost özünü «yaxşı oğlan» kimi təsdiqləməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Buradan hay-küysüz, səssiz-səmirsiz çıxmağıma ancaq Aldost kömək edə bilər və həm də bunu can-başla yerinə yetirərdi. Fikrimi qətiləşdirdim və səhər açılan kimi imkan tapıb Aldosta zəng vurmağı yəqinləşdirdim.
Bunları düşünərkən arabir dəhlizdə gurultu qopduğunu, tappatarap düşdüyünü, qapıların zərblə açılıb-örtüldüyünü, telefonların zingildəyərək fəryad qopardığını, maşınların motorlarının uğultusunu, həyacan siqnallarının səsini, adamların bir-birinə nəsə dediyini eşidir, lakin bunların heç birinə əhəmiyyət vermirdim. Bütün gecəni koridorda o tərəf-bu tərəfə qaçışan adamlar doğrudan da bir-birinə tələm-tələsik nəsə deyirdilər. Ancaq onların dedikləri sözlərin içrisində eşidib anladığım bircə kəlmə vardı: «Ehtiyat». Bəlkə də bu söz tez-tez təkrarlanmasaydı, dərin düşüncələrə daldığımdan heç ona da əhəmiyyət verməzdim. Heç vermədim də. Ağlımdan bir anlıq «görəsən, bu adamlar niyə elə hey «ehtiyat, ehtiyat» deyə təkrar edirlər» fikri keçsə də, dərhal cavabı tapıldı: «Polis şöbəsidir də, yəqin ki, əməliyyata gedən polislər bir-birinə ehtiyatlı olmağı məsləhət görürlər, burda nə var ki?!» düşündüm, ancaq bu da ağlıma batmadı, odur ki, bu barədə düşünməkdən vaz keçdim.
Artıq yuxum gəlirdi. Gözüm qaranlığa öyrəşdiyindən və kamera qapısının qoz boyda dəliyindən düşən işıq sayəsində kepezenin hər tərəfini aydınca görürdüm. Məhbus yoldaşlarım qarşı divarın döşündə böyür-böyürə arxası üstə uzanmışdılar, ayaqlarını uzatmağa yer çatmadığından qaldırıb divara dirəmişdilər. İkisi də arıq olduğundan cəmi yarımca metr yer tuturdular. Sağ olsunlar, mənə qapının ağzında olsa da, bir metr enində geniş yer saxlamışdılar. Kvadrat yarım yerdə necə rahatlana biləcəyimi düşündüm. Plaşımı soyundum, astarını çevirib iki qatladım və beton döşəməyə sərdim. Sonra onun üzərinə oturdum, ayaqlarımı irəli uzadıb, arxamı divara söykədim və başımı divara dayayıb mürgüləməyə çalışdım. Soyuq idi, ancaq yuxu güc gəlirdi…
XIII
Nə qədər keçdiyini bilmədim, ancaq yuxuya getmişdim, hətta yuxu da görürdüm. Dəhlizdə qopan səs-küyə gözlərimi açdım və bir anlıq harada olduğumu xatırlamağa çalışdım. Yadıma düşdü. Sonra gördüyüm yuxunu yadıma salmağa çalışdım, amma çox zaman olduğu kimi bu dəfə də müvəffəq ola bilmədim. Koridorda möhkəm qaçaqaç vardı; yenə həmin tappatap, uğultu, guppultu və «ehtiyat» nidaları. Ayağa qalxıb qapının dəliyindən dəhlizə baxdım; deyəsən, işıqlaşırdı, çünki açıq qapıdan dəhlizə sısqa gün işığının düşdüyü nəzərə çarpırdı. Yoldaşlarım hələ yatırdılar. Axşamdan düşündüyüm planı bir daha beynimdən keçirdim. Saatıma baxmaq istədim, ancaq qolumun boş olduğunu görüb yadıma düşdü ki, alıblar. Aranın sakitləşməsini gözlədim və çox keçmədən yumruqla qapını döyəclədim. Növbətçi asta-asta yaxınlaşdı:
- Nə istəyirsən?
- Ayaqyoluna getmək, istəyirəm, - cavab verdim.
- Bir dəqiqə gözlə, - dedi və asta-asta uzaqlaşdı.
Bir dəqiqə keçməmiş açar topasını əlində oynada-oynada geri döndü və qapını açıb dedi:
- Tualet sağ tərəfdədir, bir az tez elə.
Dəhlizə çıxıb sağa döndüm və ayaqoluna baş çəkib tez də geri döndüm. Növbətçi kameranın qapısı ağzında məni gözləyirdi, məni görən kimi əliylə tutduğu qapını araladı. Ona yaxınlaşıb soruşdum:
- Saat neçədir?
Növbətçi saatına baxıb dedi:
- Yeddinin yarısıdır.
- Mümkünsə evə zəng etmək istəyirəm, yəqin ki, nigaran qalıblar, - xahiş etdim və qısa pauzadan sonra əlavə etdim: - Xəcalətindən çıxaram.
Buradakıların çoxundan fərqli olaraq üzündəki xoş ifadədən o qədər də pis adam təsiri bağışlamayan orta yaşlı növbətçi başıyla arxaya işarə edərək:
- Ehtiyat burdadır, - dedi, - indi gedəcək, gedən kimi gəlib mənim otağımdan zəng vurarsan.
Gözlərimi küt-küt döyüb növbətçinin üzünə baxdım – «necə yəni, ehtiyat burdadır, indi gedəcək, bu nə danışır»?! Növbətçi duruxduğumu görüb başıyla kameranın qapısına işarə etdi və dedi:
- Keç içəri, gedən kimi gəlib səni çağıracam.
Deyəsən, işin nə yerdə olduğu mənəa indi çatdı, amma tam əmin olmaq üçün marağımı gizlədə bilmədim:
- Ehti-yat?… - qırıq-qırıq dedim, - Ehti-yat kimdir?
Müstəntiq deyəsən niyə gözlərimi döyərək qapının önündə yerə mıxlandığımın səbəbini indi anlamışdı, odur ki, xısıltıyla gülə-gülə:
- Bizim rəisi deyirəm də, - dedi, - Ehtiyat müəllimi.
- Müstəntiqi? – heyrətimi gizlədə bilmədim.
- Hə, Ehtiyat müəllim bizim baş müstəntiqdir.
Müstəntiqin adının Ehtiyat olması məni yamanca təəccübləndirmişdi – mənsub olduğum millətin nümayəndələri arasında Etibar, Ehtiram, hətta Etiqad, Etimad kimi adlara rast gəlsəm də, Ehtiyat adıyla ilk dəfə qarşılaşırdım; özü də polis şöbəsi cinayət-axtarış şöbəsinin rəisi ola. İlahi, insanın adı peşəsinə nə qədər uyğun gələrmiş. Lap Milli Dram teatrının direktorunun adı Maqbet olan kimi. Elə bil bu adam anadan olanda valideynləri gələcəkdə onun cinayətkarlara qarşı mübarizə aparacığını proqnozlaşdırmış və mümkün təhlükələrdən sığortalamaq üçün belə bir ad qoymuşdular. Əhsən, vallah! Heç Mişel Nostradamusun özü də belə bir şeyi öncədən görə bilməzdi!
Yarım saat keçməmiş növbətçi kameranın qapısını açıb heç bir söz demədən məni ön tərəfi şüşəbənd olan otağa apardı və telefonu göstərərək:
- Zəng vur, - dedi, - ancaq qısa danış, telefonu çox məşğul eləmək olmaz.
Cəld Aldostun nömrəsini yığdım, xoşbəxtlikdən iki zummerdən sonra dəstəyi qaldırdılar:
- Aha.
Telefona cavab verərkən «alo» və ya «bəli» əvəzinə şirin ləhcəylə «aha» deyən bu səsi dərhal tanıdım – Aldostin atası Hüseyn kişi idi.
- Sabahınız xeyir, Hüseyn dayı, - bərkdən dedim, - danışan Toğruldur, səhər-səhər narahat etdiyimə görə bağışlayın, Aldost durmayıb ki?
- Əlbəttə durub, - Hüseyn kişi də məni tanıyıb məhrəmanə cavab verdi. – Bu vaxta adammı qalar?!
Aldostgil erməni-azərbaycanlı münaqişəsinə qədər kənd yerində yaşadıqlarından əsil kənd adamları kimi həmişə səhər erkəndən qalxırdılar. Onların ailəsinə yaxından bələd olduğumdan bunu yaxşı bilirdim, odur ki, səhər saat yeddi olmasına baxmayaraq, hamısının ayaq üstə olduğuna əmindim.
- Zəhmət olmasa, çağırardınız, - həmişə kimi nəzakətlə xahiş etdim.
Kişi heç bir söz demədən elə dəstək qulağındaca Aldosta səsləndi:
- Aldost, gəl, səni çağırırlar.
- Kimdir, - dəstəyə Aldostun səsi gəldi.
- Deyəsən, Toğruldur, - Hüseyn kişi cavab verdi və «deyəsən» deməsindən belə çıxdı ki, Toğrul olması dəqiq deyil.
Dəstək Aldostin əlinə keçdi.
- Alo.
- Salam, Aldost, mənəm, Toğruldur.
- Salam ə, - Aldost özünəməxsus tərzdə salam verdi, - xeyir ola, sabah-sabah?
- Polis şöbəsindəyəm, dünən axşamdan məni burada saxlayırlar, tez bura gəl.
- Nə olub ki, - Aldost təəccüblə soruşdu, - sən hara, polis şöbəsi hara?
- Sonra deyərəm, sən tez 9-cu mikrorayona gəl, - və növbətçiyə müraciətlə, - bura hansı şöbədir? - soruşdum.
- İyirmi yeddinci.
- 9-cu mikrorayona 27-ci polis şöbəsinə gəl, gözləyirəm. - tələsik dedim və dəstəyi yerinə qoydum.
XIV
Saatım olmadığından aradan nə qədər keçdiyini bilmədim, ancaq kamera qapısının qoz boyda dəliyindən baxanda dəhlizin əməlli-başlı işıqlandığı görünürdü. İndi koridor nə hay-küylü, nə də sakit idi. Oradan arabir addım, hərdənbir də normal danışıq səsləri gəlirdi. Birdən qapı açıldı, koridorun bol işığından kameraya da pay düşdü və hər üçümüzün gözlərimizi qamaşdırdı.
- Toğrul kimdir? – qırımından növbəyə indicə gəldiyi hiss olunan yeni növbətçi amiranə tərzdə soruşdu.
Ürəyim atlandı.
- Mənəm.
- Gəl, rəis səni çağırır.
Həmişəkindən fərqli olaraq Ehtiyatın - bundan sonra onu öz adıyla anacağıq - qapısı bu dəfə örtülüydü. Qapının üzərindəki kiçik lövhəyə «cinayət-axtarış şöbəsinin rəisi Seyfullayev E.F.» yazılmışdı. İçəridən Aldostun səsi gəlirdi.
- Biz bir yerdə oxumuşuq, neçə illərdir dostuq, o belə şey etməz, mümkün deyil, mən buna qətiyyən inana bilmərəm.
- Amma şikayət var, Aldost müəllim, biz araşdırırıq, günahı olmasa, elə bu gün buraxaram gedər.
Növbətçi qapını döydü, sonra qorxa-qorxa aralayıb başını içəri soxdu və içəridən Ehtiyatın səsi gəldi:
- Gətir.
İçəri keçdim, Aldostla Ehtiyat üz-üzə oturmuşdular. Aldost məni görən kimi cəld ayağa qalxdı və yaxınlaşıb səmimi görüşdü. Bunu görən Ehtiyat da ayağa qalxıb dedi:
- Ə, qardaş, adam bəs kim olduğunu deməz, bizi salmısan dağa-daşa. Başqa şey lazım deyildi, elə bircə kəlmə kişinin partiyasının üzvü olduğunu desəydin, bəs idi. Mən o kişinin yolunda can qoymuşam, bilsəydim, onun partiyasının fəal üzvünü heç kepezeyə salardım?! Məsələ aydınlaşana qədər elə oturardın mənim kabinetimdə, çaydan-zaddan içərdin. – Üzünü Aldosta tərəf döndərdi. – Vallah, anası həyasızın biridir, elə tutdurub ki, qızımı iznosilovat eləyib, özünü də Sabir saxlayır, Azpizdesbankın müdiri, yəqin ki, tanıyarsız.
- Yox tanımıram, amma bankın adı nəsə tanış gəlir, - Aldost bic-bic gülümsündü və mənə göz vurdu.
Ehtiyatın dediklərindən mənədək otaqda baş verən söhbətin hansı məzmunda olduğunu dərhal başa düşdüm. Təbii ki, konkret ad çəkilməsə də, söhbətin hansı kişidən və hansı partiyadan getdiyi hər üçümüzə gün kimi aydın idi, ancaq məsələ burasındaydı ki, mənim nə o kişiyə, nə də onun partiyasına nəinki birbaşa, heç dolayısıyla da dəxlim yox idi. Bu, olsa-olsa Aldostin şair fantaziyasının məhsuluydu, ancaq ürəyimcə olmasa da, hazırkı məqamda işimə yarayırdı.
- Zarafat eləyirəm, əşi, - deyəsən, Aldostın vurduğu göz Ehtiyatın silistçi gözündən yayınmamışdı, - bankın adı Azbiznesbankdır, indi gələcək bura, özünüz görəcəksiz.
- Bank? – Aldost artıq müstəntiqlə məzələnməyə başlamışdı.
- Yox, Sabir, - Ehtiyat pərt halda cavab verdi və komik duruma düşəcəyindən qorxub ciddi tərzdə davam etdi: - Hə, indi qızın anası, qız, bir də Sabir gələcəklər, üzləşdirmə aparacağıq. – Sonra masanın üzərindəki telefonun dəstiəyini qulağına qoydu. – Şükürov, postovoyu göndər bura.
İkicə saniyə keçməmiş «postovoy» qapıda göründü.
- Ə, Toğrul müəllimə əl-üzyuyanı göstər, üst-başını qaydaya salsın, sonra bir çay təşkil edin, ordan dönərdən-zaddan da alıb gətirin, bir tikə çörək yeyək, acından öldüm.
- Baş üstə, - növbətçi dedi və bərabər çıxdıq.
Ehtiyatın qorxmağa başladığı aydınca görünürdü – hakim partiyanın «fəal üzvünə» zor tətbiq etməsi və həmin partiyanın mətbuat orqanının şöbə müdirinin buna şahid olması ona baha başa gələ bilərdi. Polis idarələrinə tutulub gətirilən vətəndaşlara işgəncə vermək adi hal olsa da, arxalı adamlara münasibətdə vəziyyət bir qədər başqaydı. Ona görə də Ehtiyat ilan dili çıxarmağa da hazır idi, təki bu iki cavan oğlanın könlünü alsın.
Çox keçmədi ki, çaylar və dönərlər gəldi. Ehtiyat çox israr etsə də, onunla çörək kəsmədik, nəzakət xətrinə bir-iki qurtum çay içdik.
XV
Elə də zəngin həyat təcrübəm olmadığından canlı insanın qısa müddət ərzində bir neçə dona girə biləcəyini heç vaxt görmədiyimdən bu haqda dərindən düşünməmişdim də. Belə şeyləri kitablarda oxusam da, filmlərdə və tamaşalarda görsəm də, bəlkə də oxuduğum və baxdığmı əsərlər bu səhnələri yetərincə təbii və inandırıcı əks etdirə bilmədiyindən o qədər də ciddiyə almamışdım. Bəlkə də… Demək, həyat daha yaxşı müəllimmiş – məktəbin, universitetin, qalın-qalın cildlərin, kinonun, teatrın, XX əsrin ən böyük möcüzələrindən sayılan televizorun illər boyu öyrədə bilmədiyini şəhərin ucqar mikrorayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kiçik polis şöbəsinin Ehtiyat adlı müstəntiqi ikicə günün içində öyrətmişdi. Girdiyi rolları məharətlə oynamasına görə onu, yalan olmasın, yalnız Hollivud artistləri ilə müqayisə etmək olardı, ancaq təəssüflər olsun ki, o, Amerikada yox, onun sərhədlərindən çox-çox uzaqlarda yerləşən və ona heç bir şeyi ilə bənzəməyən, buna baxmayaraq, strateji müttəfiqi olan bir ölkədə anadan olmuşdu. Lakin Ehtiyat buna qətiyyən təəssüflənmirdi, çünki o boyda Hollivud ulduzunun o boyda Amerikada edə bilmədiklərini baş müstəntiq burada çox asanlıqla edirdi. Nəyin sayəsində? Əlbəttə ki, tanrının ona bəxş etdiyi fitri istedadının! Birdən ağlıma bir fikir gəldi: «Bəlkə valideynləri buna ad qoyarkən gələcəkdə ehtiyatlı olmasını arzulamayıblar, sadəcə insanları onunla ehtiyatlı olmağa çağırıblar, bəlkə də heç bunun adını ata-anası deyil, başqa biri qoyub, məgər belə şeylər az olur!»
- İstəyirsiniz, həyətdə bir az gəzişin, onlar gələndə sizi çağıraram, - Ehtiyat bizi çörək yeməyə məcbur edə bilmədiyini görüb dedi. Deyəsən, yamanca acmışdı, ancaq bizim yanımızda tək yeməyə arlanırdı.
Bunu eşidib müstəntiqin üzünə baxdım, yəni «dediyiniz mənə də aiddir?»
- Hə, hə, sən də get, havanı dəyiş, yaxşı oğlanlara hər şey olar, - Ehtiyat utanmadan bir gün öncə sir-sifətini göm-göy etdiyi adamın gözlərinin içinə baxıb hırıldadı.
«Bu adamla doğrudan da ehtiyatlı olmaq lazımdır» düşündüm və qapını açıb koridora çıxdım.
XVI
Artıq Oksana ilə anası gəlmişdilər, dünən Ehtiyat və Oksana ilə birlikdə bizə gələn kostyumlu-qalstuklu, tumgöz kişi də yanlarındaydı. Bu, yəqin ki, bir az öncə Ehtiyatın barəsində bəhs etdiyi bank müdiri Sabirdi. Onlar beş-on dəqiqə əvvəl – Aldostla mən polis şöbəsinin qarşısındakı gövdəli tut ağacının kölgəsində siqaret çəkə-çəkə söhbət etdiyimiz zaman Sabirin idarə etdiyi ağ rəngli «QAZ-31»-dən düşüb təşəxxüslə şöbənin qapısından içəri girdilər. Oksananın anası təxminən 35-40 yaşlarında, saçlarını qapqara boyamış, üz-gözü boyalı, ucaboy, biçimli bir qadındı, dikdaban çəkmə geyindiyindən daha da hündür görünürdü. Ana-bala ikisi də xeyli ucaboy olduqlarından zavallı Sabir onların yanında səliqəylə geyindirilmiş ütülü liliputa oxşayırdı.
Bir azdan növbətçi həyətə çıxıb məni içəri çağırdı. Ürəyim bayaq Oksananı görəndən bəri guphagupla döyünməyə başlamışdı, indi isə bu guppultu daha da şiddətlənərək az qalırdı qəlbimi köksümdən qoparıb sudan zorla çıxarılan və çırpınan balıq kimi torpağın üstünə atsın. Öz-özümə «niyə həyəcanlanıram, mənim ki günahım yoxdur» deyərək təsəlli verməyə çalışsam da, şoğərib guppultu nəinki azalmır, hətta getdikcə daha da artır, gicgahlarıma, təpəmə qalxırdı. «Bəlkə ona vurulmuşam?! Yox, əşi, ola bilməz, o buna layiq deyil, o kim, mən kim».
Koridoru Oksananın anasının kinayəli baxışları altında keçdim, o, Sabiri sözün əsil mənasında çənəsinin altına salıb rusca nəsə üyüdüb-tökürdü. Zavallı Sabirin isə altan yuxarı ona baxaraq marionet kimi başını tərpətməkdən başqa çarəsi qalmamışdı. Arabir əlindəki siqareti ağır-ağır dodaqlarına yaxınlaşıdırıb dərin bir qullab vurur, tüstüsünü sinəsinə çəkərək gah sağa-sola, gah aşağı-yuxarı buraxır, bununla da düşdüyü situasiyadan məmnun qalmadığını açıq-aydın bəlli edirdi.
Nəhayət, Ehtiyatın otağına daxil oldum. Müstəntiq öz kürsüsündə, Oksana isə dünən mənim oturub izahat yazdığım yerdə əyləşmişdi. Məni görən kimi cəld başını aşağı dikdi, masanın üzərindəki naməlum nöqtəyə zillənərək göz qapaqlarını tez-tez qaldırıb-endirməyə başladı. Otaqdan gələn xoş ətir qoxusu, onun olduqca şıq geyinib-süslənməsi bu görüşə xüsusi hazırlaşmasından xəbər verirdi. Ehtiyatın da sifətindən məmnunluq yağırdı, görünür, hazırda kəndisinə bu qədər yaxın olan gənc və gözəl əks cins nümayəndəsi ilə başqa bir məkanda və şəraitdə bulunmağın xəyalını qururdu. Məni görcək üz-gözünü yığışdırmağa çalışaraq qızla üzbəüz kürsüdə əyləşməyi təklif etdi.
- İndi biz üzləşdirmə aparmalıyıq, - o dedi və qısa pauzadan sonra üzünü qıza tutaraq əlavə etdi:
- Oksana xanım, zəhmət olmasa, aranızda baş verənlər barədə danışın.
- Mən bunları sizə danışmışam, - Oksana başını qaldırmadan narazı halda dilləndi.
- Onda suallarıma cavab verin.
O heç bir söz demədi. Bunu razılıq əlaməti kimi qəbul edən müstəntiq qarşısındakı diktofonun düyməsini basaraq suallara başladı:
- Siz bu cavan oğlanın, - o əliylə məni göstərdi, - namusunuza təcavüz etdiyini təsdiq edirsiniz?
- Bəli
- Bu, harda və nə vaxt baş verib?
- Bazar günü Tamillanın evində.
- Hadisəni ətraflı şəkildə təsvir edə bilərsiniz?
Oksana dinmədi və əsəbi şəkildə laklı dırnaqlarını gəmirməyə başladı. Bu zaman əsəblərim tab gətirmədi.
- Oksana, axı belə şey olmayıb, - başını hələ də aşağı dikmiş qıza baxıb əsəbi halda dedim, - niyə yalan danışırsan, bunun sənə nə xeyri var? Əgər doğru deyirsənsə, niyə gözlərimə baxmırsan? Mən ki sənə heç bir pislik etməmişəm, mən sadəcə bizim dost olmağımızı istəyirdim, ancaq sən mənə böhtan atırsan. Bununla heç nəyə nail ola bilməyəcəksən, çünki mən sənə barmağımın ucuyla belə toxunmamışam, onsuz da ekspertiza (doğrusu, tibbi ekspertizanın iki gün öncə baş verdiyi iddia olunan zorlama hadisəsinin baş verib-vermədiyini müəyyənləşdirmək iqtidarında olub-olmadığını bilmirdim, ancaq o heç cür inana bilmirdim ki, eləmədiyim bir cinayətə görə, özü də ağır cinayətə görə məni həbsə atsınlar, başıma min oyun açıb həbsxanada çürütsünlər. Belə bir şey ola bilməzdi, çünki mən buna layiq deyildim, bəyəm dünya dərəbəylikdir?!) hər şeyi göstərəcək… Əsəbi və coşqun nitqimi Oksananın qəfil hönkürtüsü yarıda kəsdi; o, üzünü əlləriylə qapayaraq hönkürüb ağlayırdı.
- Oksana xanım, - qızın peşmanladığını duyan Ehtiyat dilləndi, - bu çox ciddi ittahımdır, ona görə də düzgün ifadə verməlisiniz, əks təqdirdə, yalan ifadə verməkdə ittiham oluna bilərsiniz.
Oksana birdən sakitləşdi, plaşının cibini eşələyib dəsmalını çıxartdı, gözlərini və burnunu sildi, sonra başını qaldırıb qıpqırmızı gızarmış gözləriylə mənə baxdı. Beləcə, bir neçə saniyə baxışdıq.
- Bunu o etməyib, - Oksana gözlərini məndən ayırmadan dedi və başını yenidən aşağı dikdi.
- Bəs kim edib? – Ehtiyat soruşdu və qətiyyən təəccüblənmədi, sanki hər şey əvvəlcədən planlaşdırılmışdı.
- Sərdar.
- Sərdar kimdir?
- Tamillanın bacısının əridir.
Bunu eşidən Ehtiyatın qara və piyli sifəti əyildi, dəli kimi qəfil yerindən sıçrayıb qapıya cumdu, qapını aralayıb əsəbi tərzdə:
- Nəzərov, o qancığı tez bura gətirin, - çığırdı və qayıdıb yerində oturaraq səbirsizcə yoğun və tüklü barmaqlarıyla masanı tıqqıldatmağa başladı, bu halıyla o çalmağa yenicə başlayan naşı toyxana ifaçılarını xatırladırdı. – Deməli, belə, deməli, belə, - o, təkrarlamağa başladı. – Onun evində nə vaxtdan qalırsan?
- Bir aya yaxındır.
- Niyə orda qalırdın?
- Evdən qaçmışdım.
- Niyə?
- …
- Nəylə məşğul idin orda?
- O məni iranlılara və türklərə təklif edirdi.
- Sən də buna razı olurdun?
- …
Bu zaman «qancığı» gətirdilər. Bu tezlikdə gətirilməsindən, üstəlik yorğun və yuxusuz görkəmindən onun da gecəni burada qaldığı bəlli olurdu. Yavaşca içəri girib qapının kandarında dayandı. Ehtiyat onu görən kimi yerindən qalxdı, sağ əlinin şəhadət barmağıyla qadını hədələdi.
- Aaz, cındır qızı cındır, evində qəhbəxana açıb xalxın uşağını ona-buna satdığın bəs deyil, hələ bacının ərinə də təklif edirsən?
- Vallah, mənim heç nədən xəbərim yoxdur, yoldaş rəis, - Tamilla qorxudan titrədi.
- Harda yaşayır bacıngil?
- Xutorda kirayədə qalırlar?
- Adresi bilirsən?
- Yox, belə tanıyıram, lazım olsa göstərə bilərəm, - Tamilla günahlarını yumaq üçün hər şeyə hazır olduğunu nümayiş etdirməyə çalışdı.
- Gedək göstər, - Ehtiyat dedi və dərhal ayağa qalxdı. – Siz də hələlik çıxa bilərsiniz, - o, Oksanayla mənə müraciətlə dedi, - lazım olsanız, çağırarıq.
Birlikdə dəhlizə çıxdıq. Ehtiyat Oksananın anasının hələ də davam edən alovlu nitqinə qulaq kəsilmiş Sabirə yaxınlaşıb onun qulağına tərəf əyilərək guya yavaşdan, ancaq hamının eşidə biləcəyi tonda dedi:
- Mən sənə dedim axı, bu oğlan belə hərəkət etməz, - sonra növbətçiyə əmr etdi: - Tez hamıya xəbər elə, əməliyyata gedirik. – Və qapıdan bayıra çıxdı.
Sabir heç bir söz demədən lal-mat onun ardınca baxdı. Bu zaman Oksananın anası koridorla asta-asta qapıya doğru getdiyimi görüb mənə sarı cumdu və qışqıraraq məzəmmət etdi:
- Utanmırsınız, o sizin qızınız yaşdadır. – Hiss olunurdu ki, onun dərdi heç də qızı deyil, şüvən salıb özünü göstərməkdir.
- Mən ona heç nə etməmişəm, özü hər şeyi etiraf etdi, - sakitcə cavab verdim və üzümü çevirib qapıya doğru addımlamaq istəyirdim ki, birdən dəhşətli bağırtı eşitdim.
- Nenaviju! Nenaviju!
Başımı döndərib geri baxdım; bu, Oksana idi. O durmadan var gücüylə «nenaviju, nenaviju» - bağıraraq mənə sarı şığıyırdı, Sabirlə anası isə ona mane olmaq üçün hərəsi bir qolundan tutub saxladıqlarından mənə doğru can atan qəşəng ayaqları havanı təpikləyirdi. İstər-istəməz onun üzünə, gözlərinə zənnlə baxdım, sanki bu bağırtının həqiqətən onun ağzından çıxdığına, bu nifrətin həqiqətən onun gözlərində əks olunduğuna əmin olmaq istəyirdim. O, birdən susdu, ayaqları boşaldı, üzü yazıqlaşdı, gözlərində ilıq təbəssüm işardı, lap Mona Lizanın təbəssümü kimi…
2007