Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Nadir Qocabəyli : Siqrid Undset

  Sayta qoyulub: 20:13 14.06.2009 (612 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz ədəbiyyatsevərlər!

Artıq Nobelçi yazarlar – Knut Hamsun, Orxan Pamuk, Uinston Çörçilin yaradıcılıqları haqqında müəyyən məlumatlarla tanış olubsunuz. Bu dəfə sizə isveçli Selma Lagerlef (1926) və italiyalı Qrasiya Deleddadan (1926) sonra ən nüfuzlu ədəbiyyat ödülünü qazanmış üçüncü qadın yazıçı, norveçli Siqrid Undsetlə (1928) tanış olacaqsınız.
Norveç yazıçısı Siqrid Undset 1882-ci il mayın 20-də Danimarkanın Kallunborq şəhərində anadan olmuşdur. Onun atası tanınmış Norveç arxeoloqu İnqvald Martin Undset, anası isə danimarkalı Anna Şarlotta Giv idi. Siqrid ailənin üç qız övladının ən böyüyü idi. Siqrid iki yaşında ikən onun ailəsi Norveçin paytaxtı Xristianiyaya (indiki Oslo) köçdü. Burada İnqvald Undset maddi mədəniyyət abidələri muzeyinin direktoru vəzifəsinə təyin olundu. Sonralar Siqrid Undset balaca qızcığaz olarkən muzeyin eksponatlarıyla oynadığını, daha sonra isə muzey işlərində atasına kömək etdiyini öz yazılarında xatırlamışdır.
Siqridin elmlə məşğul olmasını istəyən valideynləri onu ümumtəhsil formalı məktəbə göndərirlər, lakin orada hökm sürən liberalizm yeniyetmə qızın ürəyincə olmur, odur ki, 1893-ci ldə atasının vəfatından sonra təhsilini kommersiya təhsili verən peşə məktəbində davam etdirir.
Ailənin maddi durumunun ağır olması və bacılarının təhsil alması üçün 17 yaşlı Siqrid elektrotexnika şirkətinə klerk (Qərbi Avropanın bəzi ölkələrində kantor xidmətçisi) vəzifəsinə düzəlir. Undset boş vaxtlarında çoxlu mütaliə edir, xüsusən də atasının məsləhət bildiyi və sonralar yaradıcılığına ciddi təsir göstəmiş Norveç saqalarını (qədim Skandinaviya əfsanələri və dastanları) oxuyur, eyni zamanda botanika və rəssamlıqla məşğul olurdu.
1905-ci ildə Undsetin ilk tarixi romanının əlyazmasıni nəşriyyat aşağıdakı qeydlə geri qaytarıı: «Bir daha tarixi romanlar yazmayın… Müasir bir şey yazmağı sınayın». Məsləhətə qulaq asan Undset «Fru Marta Ouli» ("Fru Marta Oulie", 1907) romanında müasir Oslodakı nikah, analıq, insanlar arasındakı qarşılıqlı münasibət mövzularıa müraciət edir. Növbəti il onun «Xoşbəxt yaş» ("Den lykkelige alder") novellalar toplusu işıq üzü görür. Bu hekayələrin qəhrəmanları istedadlı, ancaq qeyri-real qəhrəmanlardır. Undset ikinci romanı olan «Viqa Lyot Viqtis» ("Viga-Ljot og Vigdis", 1909) əsərini qədim island saqalarının motivlərit əsasında qəldəmə aldı. Norveç kəndinin mənzərəsini yüksək qiymətləndirən tənqidçilər eyni zamanda yazıçının ilk qələm təcrübəsinə olduqca ehtiyatlı yanaşdılar.
İkinci romanı işıq üzü gördükdən sonra Undset dövlət təqaüdü alır, on il işlədiyi kantordan ayrılaraq Almaniya və İtaliyaya səfərə çıxır. Romada özündən on üç yaş böyük və evli olan norveçli rəssam Anders Kastes Svarsta vurulur. Bu hadisəylə bağlı duyğularını Siqrid Undset gənc aktrisa qadının yaşlı bir kişiyə və onun oğluna faciəli məhəbətindən bəhs edən «Yenni» ("Jenny", 1911) adlı növbəti romanında təsvir etmişdir. Hadisələrin Norveçdə və İtaliyada cərəyan etdiyi bu avtobioqrafik roman yazıçılığa yeni başlayan müəllifin ilk uğuru oldu.
1912-ci ildə Undset arvadıyla ayrılan Svarstada ərə gedir, ilk oğul övladları dünyaya gələndən sonra onlar Norveçə qayıdıb Lillihammer şəhərciyinin ətrafındakı fermada yaşamağa başlayırlar. Burada onların ikinci oğlu və psixi xəstə olan bir qızları dünyaya gəlir. 1912 və 1920-ci illərdə yazıçının iki hekayə toplusu, «Bahar» ("Vaaren", 1914) romanı və «Güzgüdəki əkslər» ("Splinten av troldspeilet", 1917) povestlər toplusu çap olunur. «Bahar» romanında nikahda güzəştə getməyin böyük bədbəxtliklərə səbəb olması ideyası irəli sürülür ki, müəllifə görə, bundansa nikahdankənar məhəbbət daha düzgün yoldur. Novellalarında və povestlərində güclü xarakterə malik qadınların obrazını yaradan Undset, onların bir qayda olaraq, müsibətlərə və çağdaş həyatın çətinliklərinə dəyanətlə sinə gərdiklərini təsvir edir.
Birinci dünya müharibəsi illərində Undset feminizm, liberalizm, pasifizm kimi populyar ideyaları və Norveç ictimai həyatının axarını şübhə altına alır. Ruhani axtarışlardan sonra o öz mühafizəkar baxışlarına uyğun olaraq 1924-cü ildə katolikliyi qəbul edir. 1925-ci ildə isə katolik kilsəsinin ərinin hələ də sağ olan birinci arvadıyla ayrılmasını qəbul etmədiyini əsas gətirərək Svarstdan boşanır.
«İnsanın xoşbəxtliyə, sülhə, ədalətə və mərhəmətə can atmasını yalnız müqəddəslərin izah edə biləcəyini» düşünən Undset tarixlə məşğul olmaqda davam edir. Yazıçının qatı dindarlığı daha çox onun «Çələng» ("Kransen", 1920), «Sahibə» ("Husfrue", 1922) və «Xaç» ("Korset", 1922) romanlarından ibarət «Lavransın qızı Kristin» ("Knstm Lavransdatter") məşhur trilogiyasında özünü göstərir. Hadisələrin XVI əsr Norveçində baş verdiyi trilogiyanın qəhrəmanı varlı mülkədar qızıdır. O, ləyaqətsiz bir adama ərə gedərək məhrumiyyətlər və fəlakətlərlə üzləşir, axırda isə taun xəstəliyinə düçar olaraq məhv olur.
Trilogiyada heç bir tarixi personaj işıqlandırılmasa da, orta əsrlərin ab-havası olduqca dəqiq canlandırılmışdır. Tənqidçi Edvin Byerkman 1923-cü ildə yazdığı resenziyasında qeyd etmişdir ki, «əsərdə XVI əsrin Norveçi o qədər ustalıqla təsvir olunmuşdur ki, sanki hadisələr altı yüz il bundan öncə deyil, bu gün səhər bizim həyətdə baş verib». Byerkman yazırdı ki, Kristin obrazı, bəlkə də «bədii təxəyyülün məhsuludur», buna rəğmən romanda patetika və sentimentalizm xətaları yoxdur. Undset müasir psixoloji analiz metodu ilə Norveç saqalarının təhkiyə manerasını bir-birinə uyğunlaşdırmış, onları müəllifin düşüncələri şəklində verməyərək, süjetə qarışdırmışdır. Amerikalı tənqidçi Alrik Qustafson 1940-ci ldə yazırdı ki, «yazı üslubunun sadəliyindən, saxtalığın, qərəzliliyin olmamasından…» dəhşətə gəlib.
Undsetin növbəti tarixi romanının əsasını Eudyunun oğlu Ulaf haqqında saqa təşkil edir; o zaman bu roman paytaxt naşirləri tərəfindən rədd edilmişdi. İki kitabdan ibarət roman («Hestvikenin sahibi» ("Olav Audunsson i Hestvi-ken", 1925) və «Ulaf və onun uşaqları» ("Olav Audunss0n og hans born", 1927)) «Lavransın qızı Kristin» trilogiyası kimi uzun orta əsr tarixindən bəhs edir. Əsərin personajlarının ifrat məğrurluğu tez-tez onların bədbəxliyi ilə nəticələnir. Bir çox tənqidçilər kimi, Qustafson da qeyd edirdi ki, Ulaf haqqında epos bir çox cəhətlərinə görə Kristin haqqında eposdan geri qalır. Çünki o, Kristinin hekayətinə nisbətən «daha qaranlıq, daha faciəli və daha didaktikdir».
1928-ci ildə Siqrid Undset «əsas etibarilə orta əsrlər Skandinaviyasının unudulmaz tarixi təsvirini yaratdığına görə» Nobel sülh mükafatına layiq görüldü. Təqdimetmə mərasimində çıxış edən İsveç Akademiyasının nümayəndəsi Peter Halstrem Undsetin yaradıcılığını onun «[müasir qadınların] həyatını həssaslıqla qələmə aldığı, lakin həqiqətləri amansızcasına dediyi… onların taleyi haqqında danılmaz məntiqlə söhbət açdığı» ilk hekayələrindən bəri izlədiyini qeyd etdi. Halstrem onun əsərlərindəki şərəf və namus məfhumları, həmçinin kişilər və qadınlar arasındakı mürəkkəb münasibətlər üzərində daha geniş dayanır. Axırda o, laureatı «öz gücünü ruhunun böyüklüyü və yenilməzliyindən alan poetik dahi» adlandırdı. Undset Nobel nitqi ilə çıxış etmədi, qısaca söylədiyi cavab nitqində isə yalnız bunları deməklə kifayətləndi: «mənimçün yazmaq daha asandır, nəinki danışmaq, xüsusən də özüm haqda».
Nobel ödülünü aldıqdan ikinci dünya müharibəsi başlayanadək Undset müasir mövzulara mömin katolikin baxışlarını əks etdirən yazıb beş roman çap etdirdi. Bu əsərlər ədibin 20-30-cu illərdə yazdığı romanlarından həm koloritinə, həm də dərinliyinə görə geri qalırdı. Bu illərdə Undset çoxsaylı məqalələr, o cümlədən «Pillələr» ("Etapper: Ny rcekke", 1933).məcmuəsinə daxil olan yazılar yazır.
1939-cu ildə yazıçının anası və qızı vəfat edirlər. 1940-cı ildə Norveç alman qoşunları tərəfindən işğal olunanda Undset Müqavimət hərəkatına daxil olur, lakin az sonra İsveçə qaçmağa məcbur olur. Nasistlər Norveçdə və Almaniyada onun irqi ayrıseçkiliyi ifşa, dini görüşləri isə müdafiə edən məqalələrinə qadağa qoyurlar. 1940-cı ilin sentyabrında o, oğlu Hansla birlikdə Birləşmiş Ştatlara yollanır. Müharibənin sonuna kimi Nyu-Yorkda yaşayan yazıçı mühazirələr oxumaqla yanaşı Londondakı Norveç mühacirət hökuməti ilə əlaqə saxlayır. Undsetin böyük oğlu Anders 1940-cı ildə Norveçdə həlak olur. Müharibədən sonra vətənə dönən Undset «ədəbiyyat və vətən yolunda göstərdiyi böyük xidmətlərinə görə» Müqəddəs Ulaf Böyük Xaç Ordeni ilə təltif olunur. Undset 1949-cu ildə Lillehammerdə insultdan vəfat etmişdir.
Undsetin istər ilk, istərsə də sonrakı dövr yaradıcılığının məhsulu olan əsərləri az oxunsa da, tənqidçilər onun 20-ci illərdən başlayaraq Norveçdə və ABŞ-da dəfələrlə nəşr olunan «Lavransın qızı Kristin» trilogiyasını əvvəlki tək yüksək qiymətləndirirlər. Alrik Qustafson 1940-cı ildə yazırdı: «Undset çağdaş nasirlər arasında yalnız Tomas Manndan geri qalır. Qustafson onu eyni zamanda Corc Eliot və Valter Skotla da müqayisə edirdi. 1985-ci ildə amerikalı tədqiqatçı A.Medlikott Undsetin əsərlərinin müasirliyini önə çəkərək onlara yüksək qiymət vermiş və «Lavransın qızı Kristin» trilogiyasını «böyük roman… şübhəsiz, əsrimizin gözəl əsərlərindən biri» adlandırmışdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829