Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müstəqil İnformasiya Agentliyinə (MİA) maraqlı açıqlama verib. Bir qrup deputat, QHT rəhbəri və jurnalistin iştirakı ilə qərb bölgəsində yerləşən hərbi hissələrə baş çəkən Novella xanım deyib ki, dünyanın ən xoşbəxt əsgərləri Azərbaycan Ordusunda xidmət edirlər.
Gəlin, Novella Cəfəroğlunun MİA-nın əməkdaşı ilə söhbətindən bir abzası bərabər oxuyaq: "Gədəbəy, Şəmkir, Qazax və Tovuz rayonlarında yerləşən hərbi hissələrdə olduq. Burda əsgərlər üçün hər cür şərait yaradılıb. Əsgər yeməkxanaları təmiz və səliqəlidir. Yeməklərin keyfiyyəti də bizi qane etdi. Kazarmalara da baş çəkdik. Əsgərlərimiz qar kimi bəyaz mələfələrdə yatırlar".
Mən, Novella xanımı çoxdan tanıyıram. Onun prinsipiallığına heç vaxt şübhə etməmişəm. Ќovella Cəfəroğlu vicdanlı bir hüquq müdafiəçisi kimi həmişə öz vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Ќovella xanımın müxalifətin keçirdiyi kütləvi aksiyalarda həbs olunan sadə vətəndaşları necə canıyananlıqla müdafiə etdiyini də öz gözlərimlə görmüşəm. Hüqüq müdafiəçisinin yuxarıda sitat gətirdiyim fikirlərinin həqiqət olduğuna da şübhə etmirəm. Yüz faiz əminəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi deputatların, hüquq müdafiəçilərinin və jurnalistlərin qərb bölgəsinə təşkil olunan səfərinə ən azı bir həftə əvvəldən hazırlıq görüb. Dağlıq ərazilərdə yerləşən hərbi hissələrdə əsgərləri eşşək yerinə minən harınlamış komandirlər süfrəyə düzmək üçün Şəmkir bazarından alma, Qazaxdan banan, Tovuzdan armud alıb gətiriblər. Yəqin ki, Novella xanımı heyrətləndirən qar kimi bəyaz mələfələri də üç gün əvvəl Bakıdan gətirdiblər. Yeməklərin keyfiyyətli olmasına da inanıram. Milli Ordunun qida rasionuna daxil olan ərzağı qazana tökməklə, nəinki ac-yalavac əsgərləri, hətta müftə yeməyə öyrənmiş deputatları da doyuzdurmaq mümkündür.
Bu yerdə kiçik bir haşiyə çıxmaq istəyirəm. Xidmət etdiyim hərbi hissəyə Bakıdan yoxlama gələcəyini eşidəndə əsgərləri heç vaxt adam yerinə qoymayan komandirlər əl-ayağa düşürdülər. Vaxtilə mal tövləsi olmuş kazarmamızı bir-iki saatın içində bəy otağına çevirdilər. Ərzağın bölünməsinə şəxsən komandir özü nəzarət edirdi. Nahar yeməyi üçün nəzərdə tutulan yağın hamısını "katyol"a tökdülər. İnanın ki, plovun dadı uşaq ikən kənd toylarında yediyim xörəklərdən geri qalmırdı. Sonra nə baş verdiyini təsəvvür edə bilərsinizmi? Uzun müddətdən bəri dadsız-dudsuz yeməklər yeyən əsgərlər axşam qarınağrısına düşdü. Böyük bir bölük gecə səhərə kimi kazarma ilə hərbi hissənin tualeti arasında əsir-yesir qaldı.
Gərək Novella xanımı görəndə soruşum: onlar niyə dörd əsgərin qətlə yetirildiyi Seyfəli poliqonuna baş çəkməyiblər? Axı, cəmi bir neçə gün əvvəl bu poliqonda dörd əsgərin cəsədini qar kimi bəyaz kəfənlərə büküb, valideynlərinin üstünə göndərmişdilər?
Ah, Novella xanım, kaş ki, Milli Orduya bir əsgər də siz göndərəydiniz! Onda bilərdiniz ki, zavalı valideynlər hansı məşəqqətlərə qatlaşırlar?