Bu həftə mətbuatın əsas mövzularından biri eşşəklər oldu. Bəzi həmkarlarım xarici ölkələrdən alınıb Azərbaycana gətirilən əcnəbi eşşəklərdən və onlar üçün sərf edilən maliyyə vəsatindən yazdı. Statistikaya görə, bu il xaricdən ölkəmizə 34 baş safqanlı, təkdırnaqlı eşşək gətirilib. Hətta bu məqsədlə 179 min 700 dollar xərclənib. Yəni, hər heyvan 5 min 285 dollar 29 sentə başa gəlib.
Eşşək ölkə mətbuatında müzakirə mövsuzuna çevrilsədə, nədənsə bu biznesin başında kimin durmasına aydınlıq gətirilmədi. Amma həmkarlarımdan biri bu şəxsin məhz nəqliyyat naziri Ziya Məmmədovun olduğunu vurğuladı. Məncə, hörmətli həmkarım bu ehtimalında bir qədər yanılır. Əgər Ziya Məmmədovun bu biznesdə əli olsaydı, o zaman əcnəbi eşşəklərdən biri Zərdab rayonunda görünməsə də, mütləq Ucarda gözə dəyərdi. Zarafat deyil, Ucar, Zərdab, Göyçay kimi rayonların "kurator"u olasan, amma ora bir əcnəbi eşşək göndərməyəsən. Ucarı deyə bilmərəm, amma ona bitişik Zərdab rayonunda sözün həqiqi mənasında əcnəbi eşşəklərə təlabat daha çoxdur. Bu barədə bir qədər sonra...
Bu hay-küyü eşidən Kənd Təsərrüfatı Ќazirliyinin Heyvandarlıq İdarəsinin rəisi Çingiz Fərəcov da xarici ölkələrdən Azərbaycana gətirilən eşşəklərə münasibət bildirdi: "Azərbaycanda o qədər eşşək var ki, xaricdən bahalısını gətirməyə ehtiyac yoxdur. Ötən əsrin ortalarına kimi Azərbaycanda eşşəklərdən geniş istifadə olunub. Ќəqliyyat olmadığından insanlar eşşəklərdə yük daşıyırdılar. Ona görə də eşşəyin qiyməti çox baha idi. Hazırda isə dünyada elə inkişaf var ki, eşşəklərdən nəqliyyat vasitəsi kimi istifadə olunmasına lüzum qalmayıb. Ona görə də kimsənin Avropadan bahalı eşşək alıb Azərbaycana yük daşımaq üçün gətirməsinə inanmaq olumur. Öz eşşəklərimiz özümüzə bəsdir. Azərbaycanda 46 min 431 baş eşşək var".
Bu da nazirliyin rəsmi nümayəndəsi cənab Fərəcov. Buna nə deyəsən? Sən sözə bir bax - "Öz eşşəklərimiz özümüzə bəsdir". Hardan bəsdir? Azərbaycanı qoyaq bir yana, cənab Fərəcov! Sizin dediyiniz rəqəmdən iki dəfə artıq eşşək təkcə Zərdab rayonuna yetməz. Vallah düz deyirəm. Əgər mən əcnəbi eşşəkləri Azərbaycana gətirən məmuru tanısaydım işimi-gücümü buraxıb onun qəbuluna can atardım. Ondan bir deyil, min dəfə xahiş edərdim ki, imkanı çatan səviyyədə dövlət büdcəsindən bar az da pul qoparıb eşşək biznesinə xərcləsin. Bayaq qeyd elədim axı, Zərdab rayonunda eşşəklərə təlabat çoxdur. Çünki asfalt zavodu olan bu rayonun dizdən aşağı palçıqlı yollarında nəinki insan, hətta eşşək də güclə yeriyir. Yazıq, biçarə sakinlərin gününə. Zarafat deyil, rayonun bir kəndindən o biri kəndinə getmək. Vay o günə ki, axşamdan azca yağış yağa. Bir metr dərinliyində, "mament" kley kimi yapışdığın palçıqdan qop görüm, necə qopursan. Ayağının birini palçıqdan qoparmağınla, o birinin batması bir olur. Məcbur olub at, eşşək arabasına minirsən ki, bəlkə səni palçıqdan çıxara. Sonra da cənab Fərəcov deyir ki, bizdə eşşəklər minik vasitəsi kimi istifadə olunmur. Bu boyda da yalan olar?
Qışda yolum doğulduğum Zərdab rayonuna düşmüşdü. Axşamdan isə azca yağmışdı. "4 yol" deyilən ərazidə düşüb 4-5 taksi sürücüsünə yaxınlaşdlım ki, ay qardaş, məni Əlibəyli kəndinə apararsan? Aldığım cavab bu oldu: "Bu palçıqda o kəndə eşşək də getməz. İndi bir metr palçıq var o yolda. Maşın çörək ağacımdı, tökülüb-sökülüb almışam. Bir gün pul gəlməsə, acından ölərik. İndi deyirsən ki, 5 manat puldan ötrü gündəlik "çörək ağacımı" palçığın içinə atım? Azca gözlə, at aravası-zadı gələr, ona minib gedərsən".
Ќə isə gecəyə qalmamaq üçün birayaq-birayaq irəlilədim. Bir də baxdım ki, Türkiyə istehsalı olan sabaşkimin daban hissəsi palçıqda, yuxarı hissəsi isə ayağımdan asılı qalıb. Sən Zərdabın xam palçığının gücünə bir bax. O, hətta mıxı da yeməyə qadirdi. Öz-özümə dedim ki, Allah atana rəhmət eləsin, necə də düz demisən - "Zərdabın yolunda heç eşşək də yeriməz".
Cənab Fərəcov! Sizə məsləhət vermək mənə yaraşmaz, amma yenə də xatırladıram. Belə bəyanatlar verməzdən əvvəl yolunu Azərbaycanın rayonlarından birindən sal. Ən azı Zərdab rayonuna. Fərli-başlı bir kənd tapmazsan ki, onun yağış yağanda yolunda Rusiyanın "07", "06" maşını yerisin. Çox təəssüflər olsun ki, yolları pis vəziyyətdə olan rayonun İca Hakimiyyətinin başçısı qətiyyən narahat deyil. Çünki bu rayona kim icra başçısı gəlibsə, büdcə ilə yanaşı sakinləri də darayıb-talayıb, sonra da "yeməyənin pulunu yeyərlər",- deyərək, vidalaşıb. Onlar dar günləri üçün pul yığır, amma bizim kimi insanlar yanında bir qonaqla xəcalətindən doğulduğu kəndinə üz tuta bilmir. "Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər",- deyib qonaqların yanında üzümüzə üz qarağı çəkirik. Axı, niyə məhz biz? Olmaz ki, bu üz qarağını vəzifəyə təyin olunan icra başçıları çəksin!?
İndi hansı zəmanədir? Camaat internetdən kosmosa keçid alır. Zərdabda isə nə yol, nə qaz, nə də su var. Əcəbdir, Kür çayının qırağında olasan, amma suyu həyətinə maşınla gətirəsən. Özü də 10 manata. Deyəndə niyə belə baha? Deyir "başına dönüm, neyləyim, 5 manatı mənim, 5 manatı da polis rəisinin. Hər ay haqq istəyir". Daha bundan da böyük dərd olar? Buna da şükür, elə kəndlər var ki, ora suyu eşşəklə daşıyırlar. Bir sözlə, qədimliyi, milliliyi, kökü axtaran Zərdaba getsin.
Yerli eşşəklərin yetərli olduğundan danışan cənab Fərəcovun diqqətindən nədənsə erməni əsirliyində olan eşşəklərimiz yayınıb. İndi balaca uşaq da ağzını açanda Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasından danışır. Amma bu camaat hələ anlaya bilmir ki, erməninin əsarətində olan təcə torpaqlarımız deyil, həmdə eşşəklər, atlar, itlər də işğal olunub. Hamının ümidi isə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovadır. Gərək ondan xahiş edək ki, Avropa Şurasının növbəti iclasında mütləq bu məsələni qaldırsın. Əsirlikdə olan eşşəklərin azadlığa buraxılması məsələsini də iclasın gündəliyinə salsın.
Bundan başqa, iyulun 6-8-də Moskvada "beşlər"in: Amerika, Fransa, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Cənab Obamadan xahiş edək ki, eşşək biznesini gündəmin müzakirə mövzusuna gətirsin. Axı, Fərəcovun yük daşımağa layiqli bilmədiyi eşşək cənab Obamının rəhbərlik etdiyi partiyanın emblemini bəzəyir. Deyilənə görə, alimlər sübut edib ki, eşşəklər bir çox heyvanlardan ağılca üstündü. Bəlkə də elə buna görə, eşşək Amerikanın Demokratlar Partiyasının emblemində yer alıb? Onlar eşşəyin şəklini partiyalarının embleminə yerləşdirir, bizdə isə "eşşək" sözünün üstündə 6 aydan 2 ilə kimi həbs cazısı ala bilərsən.
İndi gördünüz Azərbaycanla Avropanın fərqini?! Məncə, eşşək mövsuzuna son qoysaq yaxşıdı. Çünki eşşək gündəmə gələndən at yaddan çıxıb.