Bu günlərdə «Azadlıq” radiosunun saytında bir məqalə diqqətimi çəkdiyi üçün maraqla oxudum. Yəqin ki, aktiv oxucular da bu məqalədən xəbərdardırlar, oxumayanlara isə qısaca məlumat verə bilərəm.
Deməli, yazıda Satınalmalar üzrə Dövlət Komitəsinin ötən il keçirilmiş tenderləri haqqında məlumatlar əks olunur. Məlumatda müxəlif dövlət orqanlarının saxladıqları heyvanlara görə, 2011-ci ildə çəkdikləri xərclər də əksini tapıb. Sən demə, ayrı-ayrı dövlət orqanlarının 2011-ci ildə saxladıqları xidməti heyvanlarına qulluq etmək və onların tələbatını ödəmək üçün tender keçirilib.
Aydın olub ki, Dövlət Sərhəd Xidməti 62 min 200, Dövlət Gömrük Komitəsi 20 min 86, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı 9 min 148, Fövqəladə Hallar Nazirliyinin Maddi texniki təchizat idarəsi 92 min 295 manatlıq yem və tibb ləvazimatları alıb. Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzindəki heyvanlar üçün 69 min 580, Qala Dövlət Tarix Etnoqrafiya qoruğundakı heyvanlar üçün 10 min 610,
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi 305 900,
Gənclər və İdman Nazirliyi Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlarının Uşaq-Gənclər İdman Məktəbi 155 min 953 manat manat xərcləyib. Bundan başqa, bir sıra digər dövlət sturukturları heyvanlara qulluq və qayğıya görə, xeyli xərc çəkiblər. Ümumi hesablamalara görə, təkcə ötən il 1 milyon manata yaxın dövlət vəsaiti heyvanlara sərf olunub.
Əslində, Azərbaycanda dövlət vəsaitinin bölüşdürülməsinə nəzər yetirəndə burda elə də təəccüblü bir şey görünmür. Bir müddət öncə Baş nazir Artur Rəsizadənin 359 c saylı sərəncamı ilə dövlət büdcəsinin Ehtiyyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon 601 min manat vəsait ayrılması və bu vəsaitin balet ustası xoreoqraf Blanka Guteerres Li tərəfində hazırlanmış xoreoqrafiq muğam tamaşası layihəsinin həyata keçirilməsinə xərclənməsidən yazmışdım. Bu mənada xidməti heyvanlara da 1 milyon manat ayrılması faciə deyil.
Ümumiyyətlə, mənim dövlət strukturlarının balansında olan heyvanlara qarşı şəxsi qərəzim yoxdur. Amma heyvandan əvvəl insanı düşünmək lazımdır. Milyardlarla neft pulu olan, analoqu olmayan inkişafdan dəm vuran bir ölkəyə 10 sm qar yağır, hər yerdə həyat iflic olur. Fövqəladə Hallar Nazirliyinin qüdrətindən danışan hökumət nümayəndələri, görəsən, qarlı, çovğunlu günlərdə insanların hayına niyə yetmədilər? FHN, BDYPİ, ETSN əhaliyə xəbərdarlıq etməkdən başqa bir işə yaramadılar. Çovğun günüBakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əhaliyə müraciəti isə biabırçılığın son həddi idi. Az qala, camaata yalvarırdılar ki, “Siz Allah, bizi çağırmayın, amanın günüdür”. Ortaya sual çıxır: bu idarələrin maddi-texniki bazasının gücləndirilməsi üçün xərclənən milyonlar necə oldub ki, 10 sm-lik qarın qarşısında aciz qaldılar?
İndi də itə, ata milyonlarla pul xərcləyirlər. Həm də qarda, çovğunda çalışıb dövlətə vergi verən insanların pulunu. Ən acınacaqlısı odur ki, həmin itlər sabah meydanlarda üstümüzə cumacaq. İndiyə kimi ruzimizi yeyənlər, bu dəfə özümüzü yeyəcək. Axı, itlər öz sahiblərinə sadiq olurlar...