Ölkə rəhbərliyinin paytaxtımız Bakı şəhərinə və onun ətraf qəsəbələrinə olan diqqət və qayğısı nəticəsində son vaxtlar Səbail rayonunda, həmçinin rayonun inkişaf edən Badamdar qəsəbəsində bir sıra işlər görülüb.
Badamdar qəsəbə Mədəniyyət evində Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2012-ci il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, qəsəbədə hazırda 23 500 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşmışdır. 2011-ci il aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtsadi inkişayı ilə bağlı qəsəbədə görülən işlərlə tanış olmuş, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, onların təkliflərini dinləmiş, bu görüşdən dərhal sonra ölkə başçısının müvafiq sərəncamı ilə Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb tikintisinə başlamaq üçün Səbail rayon İcra Hakimiyyətinə maliyyə vəsait ayrılmışdır.
Qısa müddət ərzində rayon İcra Hakimiyyəti tərəfindən layihə sənədləri hazırlanmış, məktəb və uşaq bağçasının tikintisi üçün yer müəyyənləşdirilmiş və lazımi sənədləşdirmə işləri aparılmışdır. 2011-ci ilin sentyabr ayında tikintiyə başlanmış və artıq burada xeyli iş görülmüşdür.
May ayının 5-də ölkə Prezidentinin «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi barədə sərəncam ında Badamdar qəsəbəsinə də böyük yer ayrılmış, qəsəbənin qaz, elektrik enerjisi, su təchizatı və kanalizasiya, rabitə, yol, təhsil və səhiyyə, gənclər sahələri üzrə 17 bənd tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yay aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəsəbədəki 239 saylı orta məktəbdə cari təmir işləri aparılmış, eləcə də Dövlət Neft Şirkətinin köməyi ilə «Könül» körpələr evi də əsaslı təmir olunmuşdur.
İlin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qəsəbədəki Heydər Əliyev parkında əsaslı təmir işlərinə başlanmış və artıq burada xeyli iş görülmüşdür. Parkda ümummilli liderimiz Heydər Əliyevin qranitdən hazırlanmış əzəmətli büstü qoyulacaq, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış «Abad həyət» layihəsi əsasında Tofiq Məmmədov küçəsi 14 ünvandakı həyətdə əsaslı təmir-abadlıq işləri aparılmış, görülmüş işlər və onların keyfiyyəti sakinlərin sevincinə səbəb olmuşdur.
Ötən il icra nümayəndəliyi tərəfindən Tofiq Məmmədov küçəsi 3 və Məktəbli küçələrində yerləşən boş sahələr təmir olunaraq burada sakinlər üçün istirahət guşələri yaradılmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısının qəsəbədə keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Badamdar qəsəbəsində tikilmiş yeni xeyir-şər yerinə bitişik 250 nəfərlik yeni əlavə zal da inşa olunmuş, hər cür avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır.
2011-ci il ərzində qəsəbədə abadlıq, qəsəbədaxili yolların təmiri və asfaltlaşdırılmasına böyük fikir verilmişdir. Badamdar şossesində 2 və 3-cü yaşayış massivlərində, Seyran Məmmədov, Bağlar, Nurəddin Paşayev, 9, 10, 11, 12 və 13-cü Badamdar, Tofiq Məmmədov, İqor Ağayev, Rafiq İsgəndərov, Sahib İbrahimxəlilov, Əziz Nəzərov küçələrinə, bir neçə ünvandakı həyətlərə, qəsəbədəki «N» aylı hərbi hissənin həyətinə, ümumilikdə 75.500 kv. metr asfalt örtüyü çəkilmişdir.
Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ə.Ağakişiyev, Nurəddin Paşayev, R.Əliyev küçələri və Badamdar yolunda mövcud kanalizasiya quyuları təmizlənmiş, 15 ünvanda kanalizasiya quyuları təmir olunmuşdur. Köhnə Bağlar küçəsində yararsız kanalizasiya xətti ləğv olunaraq 600 p/m uzunluğunda yeni xətt çəkilmiş, 396 ünvanda qəzalı vəziyyət olan su xətlərində cari təmir işləri aparılımışdır.
Qəsəbə sakinlərinin isməli su ilə təminatında dəyişikliklər baş vermişdir. 3-cü yaşayış massivində tikilmiş 2 ədəd su anbarının istiafdəyə verilməsi ilə əhaliyə su verilməsi qrafiklərində dəyişikliklər edilmiş, gələcəkdə digər anbarların da istifadəyə verilməsindən sonra təminat daha da yaxşılaşacaqdır.
Keçən ilin oktyabr ayından etibarən yol zolağına, səkilərə çıxan və piyadaların hərəkətinə maneçilik yaradan müxtəlif tikili və obyektlərin sökülməsi, qəsəbə də səkilərin üzərində yerləşən tikililərin ləğv olunması və burada abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə qəsəbənin mərkəzindəki küçələrdə aballıq işləri aparılmış, Seyran Məmmədov küçəsində 4 ədəd qeyri-qanuni tikili sökülmüşdür.
2011-ci ilin yanvar ayında «Badamdar» yarımstansiyası istifadəyə verilərək şəbəkəyə qoşulmuş, bu da qəsəbənin fasiləsiz elektrik enerjisi ilə təchizatı yüksəltmişdir. İl ərzində 1-ci və 3-cü yaşayış massivlərində 3 yeni iri tutumlu transformator quraşdırılmış və 18 fərdi transformator isə şəbəkədən açılmışdır. Əhalinin elktrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 4600 metr yeni kabel xətti çəkilmiş, «SİP» xətləri çəkilərək qəsəbədə tam sayğaclama işləri aparılmış, qəsəbənin mərkəzində 400 kVa-lıq transformator daha tutumlu olan 600 kVa-lıqla əvəz olunmuşdur.
3-cü yaşayış massivində 28705 p/m, 1-ci yaşayış massivində 1050 p/m, Bağlar küçəsində isə 22830 p/m uzunluğunda müxtəlif təzyiqli yeni qaz xətləri çəkilmiş, qaz tənzimləyici şkaflar və siyirtmələr quraşdırılmışdır.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. O, bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, tikilən məktəb və uşaq bağçasından əlavə yeni xəstəxana, ATS binaları, elektrik yarımstansiyası və idman kompleksinin tikintisinə başlanacaqdır. Həmçinin RİH tərəfindən qəsəbədəki Heydər Əliyev parkındakı aparılan təmir işləri başa çatdırılacaq, burada ulu öndərin əzəmətli büstü ucaldılacaqdır.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.