Partiya sədri Müdafiə Nazirliyinin rəhbərliyi də daxil olmaqla, Azərbaycan hökumətini istefa verməyə çağırdı«Bu günə qədər müdafiə naziri Səfər Əbiyev həm Azərbaycan prezidentinə, həm xalqına yalan məlumatlar verib. Ordumuzun inkişafından, əsgərlərə göstərilən qayğıdan danışıb. Ancaq Naxçıvandakı, Şəmkirdəki əsgər ölümləri, Bakıdakı əsgərlərin zəhərlənmə hadisəsi onun yalan danışdığını göstərir. Hesab edirəm ki, Səfər Əbiyevin istefası gündəmdə olmalıdır. Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar da onu göstərir ki, Ermənistan tərəfi heç bir güzəştə getmək istəmir. Bu səbəbdən də məsələnin yeganə həll yolu müharibədir. Amma Səfər Əbiyev kimi satqın generallarla torpaqlarımızı geri ala bilmərik. Ona görə də Səfər Əbiyev başda olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyi istefaya göndərilməlidir». Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müstəqil İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib.
- Hafiz müəllim, kənd təsərrüfatı naziri İsmət Abbasovun evinin önündə etiraz aksiyası keçirəcəyinizi bildirmişdiniz. Bu məsələ nə yerdə qaldı?- Mənim çıxışlarımdan sonra Kənd Təsərrüfatı Nazirliyindən bizə arayış təqdim olundu. Bildiriblər ki, lazım olan bütün tədbirlər görüləcək və çatışmazlıqlar aradan qaldırılacaq. Bu gün ölkədəki sahibkarların bir hissəsi ilə görüş keçirmişəm. Onların da qarşılaşdıqları problemləri ümumiləşdirib kənd təsərrüfatı nazirinə ünvanlamışıq. Əgər Kənd Təsərrüfatı Nazirliyi prezidentin onların qarşısına qoyduğu məsələləri yerinə yetirməsə, nazirlikdə olan süründürməçilik halları aradan qaldırılmasa, əlbəttə ki, partiyanın qərarı qüvvədə qalacaq və aksiyamızı keçirəcəyik.
- Hökumətin digər nümayəndələri ilə bağlı da analoji addım atıla bilərmi? - Əlbəttə, hökumətdə bircə işləməyən nazir İsmət Abbasov deyil ki. Ondan da betərləri var. Ölkəni talan edən, əlində olan bütün imkanlardan istifadə edərək, yalnız öz ciblərini dolduran digər nazirlər də var. Biz çalışırıq ki, müxalifət partiyası kimi talançı nazirlərin fəaliyyətini araşdıraq və prezidentə məlumat verək. Davamlı olaraq, onları tənqid edəndə, evlərinin önündə aksiya keçirəndə, maşınından düşürüb biabır edəndə, qoy camaat deməsin ki, bunlar ədalətsizlik edirlər. Əgər bunlar əməllərinə son qoymasalar, Azərbaycan xalqı şahidi olacaq ki, onları necə biabır edirik.
- Konkret olaraq, hansı nazirləri nəzərdə tutursunuz? - Bu gün cəmiyyəti ən çox narahat edən müdafiə naziri Səfər Əbiyevin fəaliyyətidir. Səfər Əbiyev ordudakı anarxiyanı, özbaşınalığı, qanunsuzluqları var qüvvəsi ilə ört-basdır etməyə çalışır. Fikir verin, 200-ə yaxın əsgər zəhərlənir, deyirlər ki, onlara soyuq dəyib. Yəni Səfər Əbiyevin xarici kəşfiyyat orqanlarına işləməsi Azərbaycan Ordusunu bu vəziyyətə salıb.
Dövlət başçısı milyonlarla vəsaitin orduya ayrılmasını təmin edir, amma ortada heç nə yoxdur. Ona görə də mən, Səfər Əbiyevin vəzifədə qalmasının əleyhinəyəm. Onun mənliyi olsa və düşünsə ki, vaxtiylə verdiyi torpaqlar ermənilərin əlindədir, istefa verib gedər.
Bundan əlavə, Müdafiə Nazirliyində baş qərargah rəisi Nəcməddin Sadıqov da yerində deyil. Bizdə onun çox yararsız və keyfiyyətsiz kadr olması ilə bağlı məlumatlar var.
Hesab edirəm ki, bu qocalmış hökumət tam tərkibdə istefaya getməlidir. Prezident özünə layiq hökumət formalaşdırmalıdır. Bu gün hökumət qocalıb, əldən gedib. Əksəriyyəti kommunist təfəkkürlü insanlardır, Azərbaycanın problemlərinin həlli ilə bağlı heç bir iş görə bilmirlər. Deyərdim ki, hökumət üzvlərinin əksəriyyəti gözükölgəli, rüşvətxor, dövlət işindən başqa hər şeylə məşğul olan insanlardır. Düşünürəm ki, prezident yaxın müddət ərzində geniş müşavirə keçirib hökuməti tam tərkibdə istefaya göndərməlidir.
Bir də ki, prezidentin vəzifədən kənarlaşdırdığı korrupsioner məmurları müxalifət müdafiə etməməli, əksinə, prezidentə dəstək olamılıdır ki, millətin qanını soran, var-dövlətini talan edən məmurları hakimiyyətdən uzaqlaşdırsın və normal hökumət qurulsun.
Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bu baxımdan, ölkədə hər an qarışıqlıq yarana bilər. Biz isə hər an prezidentin yanında olub, onun müdafiəsini təşkil edəcəyik. Amma onun ətrafındakılara qarşı mübarizə paracağıq. Düşünürəm ki, nə qədər bu qocalmış hökumət var, ölkədə heç bir problem həll olunmayacaq, əksinə, vəziyyət daha da pisləşəcək. Ona görə də hökumət istefaya getməlidir.
- Deyirsiniz ki, İsmət Abbasovun evinin önündə aksiya keçirəcəyinizi bəyan etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyi Sizə hesabat verib. Səfər Əbiyevlə bağlı hansı adımlar atmağı planlaşdırırsınız?- Səfər Əbiyevlə bağlı atacağımız addımları gələn həftə müzakirə edəcəyik. Bizim bir çox planlarımız var. Bilirsiniz ki, ordu məsələləri ilə bağlı hər şeyi açıqlamaq olmur. Düşünürəm ki, bir neçə müxalifət partiyasının nümayəndəsi Səfər Əbiyevin maşınını tıxaca salsa və onu maşından düşürüb papağını əlində alsalar, onun üçün kifayətdir.
Azərbaycandakı belə vəziyyətin düzəlməsi üçün mən, İsa Qəmbərlə də, Əli Kərimli ilə də bir yerdə ola bilərəm. Hesab edirəm ki, bu cür rüşvətxor məmurlara qarşı müxalifət də bir yerdə olub, vahid mövqe sərgiləməlidir.