Neçə gündür ki, bu mövzuda yazı yazmaq istəyirdim, amma bu ağır mövzu barədə xeyli düşünməli oldum. Söhbət hazırda incəsənət aləmində ən çox müzakirə olunan, musiqiləri dillər əzbəri olan, səsi taksilərdən gələn, ölkənin bəlkə də 80 faizinin zövqlə dinlədiyi gənc müğənni-bəstəkar-meyxanaçı Üzeyir Mehdizadədən gedir.
Həqiqətən də bu gün Azərbaycan televiziyalarında ölkədəki sosial-iqtisadi problemlər, insan haqları, demokratik cəmiyyət və bu kimi problemlərdən on dəfə çox müzakirə olunan məsələ Üzeyir Mehdizadədir. Ona görə də düşünüb-daşındıqdan sonra mən də bu “ağır” mövzudan yazmağı qərarlaşdırdım. Bu günlərdə kasıb və optimist təbəqənin həvəslə izlədiyi "Gün keçir" verilişində qalmaqal baş verdi. Prodüser Tolik, müğənnilər Vasif Məhərrəmli, Əli Mirəliyev, bəstəkar Natiq və həyat yoldaşı, Rəqsanənin iştirak etdiyi verilişdə gənc müğənni-bəstəkar-meyxanaçı Üzeyir Mehdizadə də var idi. Mövzu dərin idi - "Üzeyir nə üçün sevilir?". Bu sual ətrafında qızğın müzakirə oldu. Verilişin qonaqları Rəqsanəni çıxmaq şərtilə, 21 yaşlı meyxanaçı-müğənninin janrını səviyyəsiz, aşağı təbəqə üçün nəzərdə tutulduğunu dönə-dönə vurğuladılar. Əgər Tolik olmasaydı, bəlkə də Üzeyiri yıxıb sürüyəcəkdilər.
Son illər şou-biznes əhlinin ünvanına sərt, amma bir qədər səliqəsiz, bəzən də qeyri-obyektiv ittihamlar səsləndirən Əli Mirəliyev gənc müğənni-bəstəkar-meyxanaçı Üzeyiri biabır elədi. Sonra mövzudan çıxaraq 21 yaşlı müğənnini dahi sənətkarlarımızla müqayisə etməyə başladı. Hətta iş o yerə çatdı ki, gənc müğənni-bəstəkar-meyxanaçının özü də dilə gəlib dedi ki, onun adını Üzeyir Hacıbəyov, Qara Qarayev və bu kimi dahi sənətkarlarla bir çəkmək düzgün deyil. Çünki bu, ən azı o sənətkarların sənətinə və ruhuna hörmətsizlikdir. Amma bu, müqayisəni aparan aqressiv Əli Mirəliyevin ağlına belə gəlmədi. Bəyənmədiyi 21 yaşlı gəncin bu sözləri isə onu verilişi suyu süzülmüş şəkildə tərk etməyə məcbur elədi. Sözüm bunda deyil.
Bu Üzeyir kimdir ki, bu qədər müzakirə obyekti olub? Necə olur ki, ölkənin yarısının baxdığı telekanalda onun sevilməsinin səbəbləri müzakirə olunur. Deməli. ortada nəsə var. Bəli, Üzeyirin biri-birindən düşük, səviyyəsiz, mənasız, bir sözlə, avaraqulu mahnıları var. Amma bu mahnıları Azərbaycan gəncliyinin bəlkə də 90 faizi dinləyir. Azərbaycanda internetdə ən çox tıklanan musiqi, ən çox baxılan videolar məhz, gənc müğənni-bəstəkar-meyxanaçı Üzeyir Mehdizadənindir. Özündən deyən xalq artistləri bugünkü gənclik tərəfindən Üzeyir qədər izlənilmir. Özü də Üzeyir bunu hansısa sponsorun dəstəyi ilə deyil, öz zəhməti ilə qazanıb. Bu cavan oğlan səviyyəsiz, düşük musiqilər bəstələyib oxuya bilər və burda elə bir problem yoxdur. Fakt odur ki, onun yüz minlərlə fanatı var. Hansıki lazım gəlsə, Əli Mirəliyevi Mərdəkana qədər qovarlar. Amma nə yazıq ki, bütün bu göstəricilər Üzeyir Mehdizadənin hansısa sənəti nümayiş etdirdiyinə sübut deyil. Bu cavan oğlanın elədiyi bir şey var ki, onun böyük sosial qruplar, araşdırma mərkəzləri hələm-hələm edə bilmir. Belə ki, bu adam 5-10 mahnı oxuyub ölkənin 70-80 faizinin zövqünün nə gündə olduğunu üzə çıxarıb. İndi tam aydın olur ki, bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti Üzeyir Mehdizadəni Üzeyir Hacıbəyovdan (Dahi səstkarın adını belə bir müstəvidə hallandırdığıma görə üzr istəyirəm-Z.Ə.) daha yaxşı tanıyır və sevir. Bax bu, Üzeyir Mehdizadənin əldə etdiyi yeganə uğurdur.
Onsuz da bu xalq torpağını, haqqını, hüququnu itirib. Axırda olan-qalan zövqünü, sənətə və sənətkara qiymət vermək qabiliyyətini də itirdi. Bunu da növbəti bir faciəmiz saymaq olar.